Əli Aslanoğlu Yovşanlıq şərqiləri Bakı 2009 Redaktoru: Firuz Mustafa Əli Aslanoğlu. Yovşanlıq şərqiləri



Yüklə 1,24 Mb.
səhifə2/67
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#108529
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   67
2. Oğru
Gecə yarıdan keçmiş Nazər hənirtiyə oyandı. Əvvəlcə elə bildi ki, Çingiz qayıdıb. Sonra fikirləşdi ki, əgər qayıtmış olsaydı mütləq gəlib çardağa çıxardı. Bir qədər dinşədikdən sonra yəqin etdi ki, bostanda xışıltı var, amma nə qədər gözlərini zilləyib bax­dısa da bir şey görə bilmədi. O, ehmalca sürüşüb çardaqdan düş­dü və yerə uzanıb bostana tərəf baxdıqda gördü ki, düz bos­tanın ortasında ata oxşar bir qaraltı var.

Nazər qoşalüləni də götürüb arxın içi ilə sürünə-sürünə qaral­tıya yaxınlaşdı və hər şeyi açıq gördü. Bostanın ortasında doğ­ru­dan da at dayanmışdı. Onun yanında isə bir nəfər kişi iri qarpız­ları çırtma ilə vurur, sonra da üzüb, gətirib yerə sərdiyi palazın üstünə yığırdı.



Nazər əvvəlcə istədi qoşalüləni işə salıb oğrunu qovsun, son­ra nədənsə fikrindən keçirtdi ki, onu tuta bilsə, daha yaxşı olar. An­caq oğrunu tutmaq çətin və təhlükəli iş idi. Birdən ağlına gəldi ki, onun atını minib qaça bilsə, elə oğrunu tutmaq kimi bir şeydi, onsuz da səhər açılanda atına görə oğrunu hamı tanıyacaq.

Nazər arxın içi ilə sürünüb oğrunun o biri tərəfinə keçdi. Yavаş-yavaş irəliləyib qəflətən atın yüyənindən tutmağı ilə oğru­nun da onun üstünə atılmağı bir oldu. Yüyən Nazərin qoluna keçmişdi və o, istəsə də yüyəni buraxa bilməzdi. O biri tərəfdən oğru onun üzü­nə, başına, bədəninin hər yerinə yumruqlayır, yüyəni alıb qaç­ma­ğa çalışırdı. Nazərin ağzı-burnu qanasa da, nə tüfəngi, nə də yüyəni əldən buraxırdı. Birdən necə oldusa, oğrunun ayağı büd­rə­di, bundan istifadə edən Nazər tüfəngin qundağı ilə onun sifətinə zərbə endirdi. Oğru səndələyib iki addım geri çəkildi. Elə bu bəs oldu. Nazər qoşalülənin bir gözünü onun ayağının altına boşaldıb qışqırdı:

  • Köpəy oğlu, tərpənmə sinəni odduyajam.

  • Əyə, məni öldürəjsən qarpızdan ötrü?

  • Əllər yuxarı, vurdum! – deyə, Nazər var gücü ilə bağırıb tü­fəngin lüləsini büdrəyəndə arxası bəri düşmüş oğrunun kürəyinə söykədi.

Oğru vəziyyətin ciddi olduğunu anlayıb əllərini qaldırdı.

Oğru təcrübəli idi, qarşısındakının cavan uşaq olduğunu, gülləni havaya yox, onun ayağına atdığını nəzərə alıb, bu uşağın doğrudan da öz canının qorxusundan onu güllə ilə vuracağından ehtiyatlandı.

Oğru arxası Nazərə tərəf, kürəyi qoşalüləyə dirənmiş halda, əlləri yuxarı dayanmışdı. At da Nazərin yedəyində idi.


  • Əyə, gözüü yeyim, oğul, beş-altı qarpız nədi ki, ondan ötrü bu pəstahanı çıxarırsan? – oğru şirin dilini işə saldı.

  • Kəs səsini! İrəli yeri! Başını çevirsən, əllərini aşağı salsan səni vurajam, - deyib, Nazər tüfəngi ayağa verdi.

Oğru irəlilədi. Çardağın yanına gələndən sonra Nazər əmr ver­di:

  • Arxanı söykə çardağın dirəyinə, əllərini dala apar, tut di­rək­dən.

  • Ay bala..., – oğru dillənmək istəsə də xeyri olmadı. Nazər qış­qırdı:

  • Ə, demirəm səni vurajam? Dediyimi elə!

Oğru naəlac qalıb arxasındakı dirəyi ikiəlli tutdu. Nazər tü­fən­gi onun kürəyindən aralamadan öz şalvarının qayışını bir əli ilə çəkib çıxartdı və ondan ilmək düzəldib oğrunun əllərini dirə­yin arxasında çarpazlayaraq möhkəmcə bağladı.

İndi bir qədər arxayınlaşmaq olardı. Oğru çapalayıb əllərini açana kimi o, tüfəngi yenidən doldurub ata bilərdi. Ancaq Nazər ehtiyatı əldən buraxan deyildi. Yerdən uzun kəndiri götürüb qış­qırdı:



  • Ayaqlarını da dirəyə yaxın qoy!

Oğru ayaqlarını dirəyin dibinə yaxınlaşdırdı. Nazər kəndirin bir ucu ilə onun ayaqlarını da möhkəm surətdə dirəyə bağladıq­dan sonra, o biri ucu ilə yenidən qollarını da ikiqat sarıyıb dirəyə bağladı. Artıq onun həyəcanı keçmişdi və üstündən yük götürül­müş kimi özünü yüngül hiss edirdi. Əl fanarını yandırıb onun işı­ğında oğrunun sifətinə baxdı. Bu, 40-42 yaşlarında, ortaboy, dolu bədənli bir kişi idi.

Nazər fanarı söndürüb oğrunun atına mindi ki, çapıb kirvə­gildə gecələmiş qardaşına xəbər versin. Elə iyirmi- otuz addım uzaqlaşmışdı ki, yadına bir şey düşdü – oğrunun ağzı açıq idi, qış­qırıb köməyə adam çağıra bilərdi. Cəld qayıdıb atdan düşdü və çardaqdakı odeyalın kənarından bir şıvrım cırıb oğrunun ağzını da bir neçə qat sarıyıb bağladı. Yalnız bundan sonra atın belinə sıçrayıb dördnala çapdı.



Nazərin qışqırtısına Abbasın bütün ailəsi yuxudan ayıldı. İlk əvvəl çardaxda yatan Abbas:

  • Ə, kimsən? Nə haydı? – deyib, cəld şalvarını əyninə çəkə­rək çardaxdan düşdü. Onun ardınca qardaşı Nazər də çardaxdan tullandı aşağı və o saat da qardaşını tanıdı:

  • Nazər, sənsən? Gecənin bu vaxtı hardan gəlirsən? Kənddə nəsə baş verib?

  • Kənddən gəlmirəm, bostandan gəlirəm. Tez olun gedək, oğru tutmuşam.

  • Ə, boş-boş danışma, oğru nədi? De görüm kim ölüb?- Çingiz qardaşına acıqlandı.

  • Vallah heç kim ölməyib. Özüm də kəndə getməmişəm, çar­daxda yatmışdım.

  • Ə, Çingiz, bu körpə uşağı çölün düzündə gecə tək qalmağa niyə qoyursan? Uşaq yəqin qorxub, – deyə, Abbas atlıya yaxın­laşdı:

  • Bala, atdan düş, bir qurtum su iç, toxta görək nə olub.

  • Abbas dayı, allah haqqı, oğrunu tutub sarımışam çardağın dirəyinə. Bu da onun atıdı.

Çingiz indi fərqinə vardı ki, qardaşı tanımadığı atla gəlib.

  • Geri otur görüm, -deyib, sıçradı atın belinə. Sonra Abbasa tərəf:

  • Deyəsən, sayıqlamır,- dedi,- gedək görək nə məsələdi.

Abbas:

  • Gedin, mən də atı minib gəlirəm.

Çingiz bostan çardağına çatıb atdan düşdü və gördüyü mən­zərəyə mat qaldı. Bir yekəpər kişi dik ayaq üstə dirəyə sarınmışdı. Onun ağzı da sarıqlı idi və güclə nəfəs alırdı.

  • Ə, sən bu yazığı öldürmüsən ki, – deyib, Çingiz oğrunun ağ­­zından şıvrımı aça-aça əlavə etdi:

  • Fanarı bura gətir, görüm bu quldur kimdi.

Fanarı gətirənə kimi Abbas da özünü yetirdi. Atdan düşüb oğur­ya yaxınlaşdı və dərhal onu tanıdı:

  • Ə, Bəşir, bu nə haldı? Utanmırsan? Ağsaqqal oldun, yenə də axmaq əməllərindən əl çəkmirsən, ayıb deyilmi?

Bəşir başını qaldırıb nəsə demək istəyirdi ki, fanarın işığında Çingiz qardaşının ağız-burnunun, sinə aşağı üst paltarının qana bu­laşmış olduğunu gördü.

  • Ədə, səni vurub bu oğraş? Bəs bayaqdan niyə demirsən?

Bəşirin üzündə Çingizin yumruğu elə partladı ki, Abbas elə bildi çardağın dirəyi sındı. Atılıb Çingizi qucaqladı:

  • Vurma, Çingiz, vurma. Bir qələtdi eliyib. Öldürüb düş­mən­çilik törətmə.

Abbas kirvəsi uşaqlarının həm qorxmaz, həm də əldən isti ol­duqlarına yaxşı bələd idi. Bilirdi ki, araya girməsə Çingiz Bəşirin meyidini salar, heç uf da deməz. Yumruq elə tutmuşdu ki, Bəşirin iki qabaq dişi düşmüş, ağzından qan axırdı.

  • Abbas dayı, belə itsifət oğruları biryolluq öldürmək lazım­dı ki, millətin canı qurtarsın. Onsuz da onu sağ buraxmaram ki, sabah üstümə yığma gətirsin.

  • Oğul, səbrini bas, dərə var, divan var, hökumət var. Bunun başına elə ağıl qoyarlar ki, bir də belə qələtdəri eləməz.

Bəşir ağzının qanını tüpürüb səsini çıxartdı:

  • Əyə, beş qotur qarpızdan ötrü məni hökumət əlinə, polisə vermək istəyirsiniz? Nə qədər zərər dəyibsə hamısını ödüyəjəm.

  • Sənin ödənişin başına dəysin! – Çingiz onun üstünə bozar­dı- Sənin kimilərin əl-ayağını kəsib şikəst eləmək lazımdı ki, heç xarabandan bayıra çıxa bilməyəsən. Sonra üzünü Nazərə tutub:

  • Sən də ağız-burnunu yu, əynini dəyiş, atı min çap Hüseynə xəbər ver- dedi, - gəlsin, görək neyniyirik bu əclafı, artıq səhər açılır.

  • Hansı Hüseynə?

  • Bizim Hüseyni deyirəm də, batalyona. Ergi yuxarı atı sür, hərbi hissə qabağına çıxacaq.

Nazər başa düşdü ki, söhbət böyük qardaşı İsrafilin qaynı, ba­talyon komandiri, mayor Hüseynov Hüseyndən gedir.

İki dəqiqədən sonra o, oğrunun atını qobu yuxarı çapırdı.

Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırması nə­ti­cə­sində vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq Ergi dü­zün­də yerləşən islah-əmək koloniyası başqa yerə köçürülmüş və binalar hərbi nazirliyin ixtiyarına verilmişdi. İndi orada hərbi ba­talyon yerləşirdi. Batalyon komandiri Gülbaharın gəlini Mənzu­rə­nin qardaşı idi. İsrafilin özü o qədər də istiqanlı olmasa da, arvad qohumları tərəfdən bəxti gətirmişdi. Yaxşı xasiyyətli, oxuyub təh­sil almış, ən əsası isə qohumcanlı qayınları vardı. Gülbaharın uşaqları bərkə düşəndə onların üstünə gedirdilər və həmişə də la­zı­mi köməyi alırdılar.

Hərbi hissə bostandan 7-8 km. məsafədə idi. Nazərin Hüseyni tapması heç on beş dəqiqə çəkmədi. Hüseyn əhvalatı dinləyəndən sonra:


  • Sən qayıt get, - dedi,- yarım saata gəlirəm.

Nazər atın başını döndərəndə əlavə etdi:

Artıq işıqlaşmışdı. Saat altı radələri idi. Bostana iki maşın de­mək olar ki, eyni vaxtda çatdı. Bunlardan biri batalyonun UAZ-ı idi ki, sürücünün yanında mayor Hüseynov, arxada isə üç nəfər əli avtomatlı əsgər oturmuşdu. Digər maşın köhnə, palçığa bu­laş­mış “Niva” idi. Bu maşında iki nəfər vardı. Görünür, Bəşirin oba­sından idilər və onun gec gəldiyindən şübhələnib dalınca gəlmiş­dilər.

“Niva”dan düşənlərdən biri ağzını açıb hay-küy salmaq istədi:

  • Əyə, noolub burda? Bu kişini kim bura sarıyıb?

O biri yoldaşı əli ilə onun böyrünü dümsükləyib UAZ-dan düşən mayoru və əli avtomatlı əsgərləri göstərərək gözağartması verdi və pıçıldadı:

- Səbr elə, vəziyyət ayrı cürdü.

Avtomatlı əsgərlər üç tərəfdən çardağı və buradakı adamları dövrəyə alıb durdular. Mayor Hüseynov ehmal addımlarla çarda­ğa sarınmış Bəşirə yaxınlaşıb diqqətlə onun gözlərinin içinə bax­dı. Bəşir başını aşağı salanda dilləndi:


  • Ə, oğru Bəşir deyilən o gecə canavarı sənsən? Yaman yer­də axşamlamısan. İndi səni elə quzuya döndərəcəm ki, ömrünün axırına qədər nəinki bütün gecələri, hətta gündüzləri də yatacaq­san. Sonra başını döndərib Cingizə müraciətlə:

  • Hə, şahidlər kimdi? Gəlin aktlaşdırıb aparaq polis şöbəsi­nə, – dedi və sürücüsünü çağırdı:

  • Həsənov, maşından kağız-qələm gətir, yaz.

Həsənov maşına tərəf gedəndə “Niva”da gəlmiş adamlardan biri mayorun qarşısına gəlib diz çökdü. Bu, elə Bəşir yaşda, bəlkə də ondan bir-iki yaş böyük bir kişi idi:

  • Yoldaş mayor, qurbanın olum, gözüyün qadasın alım, belə eləmə, polisə düşsə onun evi yıxılajax. Balalarına yazığın gəlsin, bir çətən külfəti var. Bir qələtdi eliyib. Allah şeytana lənət eləsin.

Hüseynov yarı kinayəli, yarı qəzəbli nəzərlərlə diz çökmüş kişini süzüb:

  • Nə dedin? Allahı və şeytanı vaxtında yada salmaq lazım idi, iş- işdən keçəndən sonra yox! –dedi, və kişinin çiynindən yün­gülcə itələyərək əlavə etdi:

  • A kişi, dur kənara çəkil, işimizə mane olma.

Kişi radikuliti tutmuş adamlar kimi ehtiyatla qalxıb, beli qa­bağa əyilmiş vəziyyətdə iki addım dala çəkildi.

  • Bunun nəyisən? Adın nədi?

  • Dayısıyam bu boynu qırılmışın, bajoğlumdu. Adım da Museyib­di.

Mayor Hüseynov ağaca sarınmış oğrunu və onun yalvarıb-yaxaran dayısını bir daha həqarətli baxışlarla süzdükdən sonra üzünü sualedici bir nəzərlə kirvə Abbasa tərəf döndərdi. Hər hal­da Abbas ahıl kişiydi və buraların adət-ənənələrinə daha yaxşı bə­ləd idi.

Ani sükutdan sonra Abbas dilləndi:



  • Yoldaş mayor, düzdü, Bəşir çox pis iş tutub, yəqin ki, indi özü də peşmandı, amma mənə elə gəlir ki, cəzanı özünüz versəniz daha yaxşıdı. Nə get-gəl olar, nə də süründürməçilik. Hər iki tərəf də (başını əvvəl Çingizə, sonra oğruya tərəf döndərdi) məncə, bun­dan razı qalar.

Çingiz istədi ağzını açıb nəsə desin, kirvə əyilib onun qula­ğına pıçıldadı:

  • Səs salma, sonra səni başa salaram.

  • A kişi, mən hakim deyiləm ki, cəza kəsəm, kiməsə hökm oxuyam. Bu işin öz adamları var. Zəhmət çəkər məhkəmədə ca­vab verər, - deyib, Hüseynov bir qədər duruxdu. Bu vaxt Museyib bir addım qabağa atıb dilləndi:

  • Ay sənin gözüvü yeyim, ay qardaş, burda çətin nə var ki. Dəyən zərər göz qabağında, adamlar burda, biz burda, nə əmr etsəniz, biz sizə tabe.

Hüseynov Nazərdən soruşdu:

  • Çoxmu zərər vurub bostana?

Nazər bir an duruxdu. Hüseynov əlavə etdi:

  • Bilirəm, səni də döyüb, hamısı hesaba alınacaq.

Nazər cavab verdi:

  • Bostanda bostanlıq qoymayıb ki. Hamısını yolub töküb, tağ­ları əzib. Bir söznən, orda bostan yoxdu.

Museyib yenə özünü qabağa verdi:

  • Bala, neynək, yoxdu, yoxdu dəə. Hesabla, malnan, pulnan ödəşdirək, getsin, dünyanın axırı döyül ki. Sən cavansan, bəlkə də birinci dəfədi deyə sənə çöçün gəlir. Amma biz neçə-neçə belə cəhliləri yoluna qoymuşuq. Dünyada bir ölümə çarə yoxdu.

Mayor Hüseynov birdən hiss etdi ki, ağaca sarınmış oğrunun ayaq üstə dayanmağa taqəti yoxdu.

  • Açın bunu dirəkdən- dedi, - onsuz da qaça bilməz.

Nazər oğrunun əl-ayağını elə dolaşıq sarıyıb bağlamışdı ki, açınca xeyli vaxt keçdi. Əlləri, ayaqları açılan Bəşir elə həmin di­rəyin dibində oturub bir əli ilə ağzını tutdu. Bəlkə də nəzərə çat­dırmaq istəyirdi ki, onun özünü də döyüblər.

Hüseynov hər iki tərəfi ani nəzərdən keçirdikdən sonra dedi:



  • Mənim vaxtım yoxdu. Razılaşın, protokollaşdıraq, qurtaraq.

Museyib:

  • Yoldaş mayor, day rəsmiyyət nəyə lazım? Razılaşma olan­dan sonra kağız-kuğuza ehtiyac varmı?

  • Var, əlbəttə var!- danışan Çingiz idi, – sizə hamı bələddi. Bir–iki dana verib, sonra hay salarsan ki, mal-qaramı oğurla­yıb­lar. Gəlib məni şərriyərsən.

  • Ay bala, səninki olmadı. Heç elə şey olar? – Museyib eti­raz etdi.

Birdən Hüseynov “Niva”da gələn ikinci adama tərəf dönüb soruşdu:

  • Sən kimsən? Adın nədi? Heç dillənmirsən. Bu kişinin qo­hu­musan?- oğrunu göstərdi.

  • Hım... –kişinin boğazı çeçədi, - qonşuyuq. Adım Yaqubdu.

  • Qohum deyilsiz? Yalan danışma ha, qohum olmasan bu­nun dalınca gəlməzsən.

  • Qohum deyəndə ki, əminəvəsiyik, uzaqdan-uzağa.

  • Bu ki lap yaxın qohumluqdu – deyə, Hüseynov onun sözü­nü kəsdi:

  • Deməli, bu kişi qarpızı sizinlə böləcəkmiş, həə?

Ortaya ani sükut çökdü. Nəhayət, Museyib kişi dilləndi:

  • Təkbaşına oğurlanan şeyi bölmürlər, yoldaş mayor.

Yarım saata qədər çəkən mübahisədən sonra razılaşdılar ki, oğru tərəf zərərçəkən tərəfə bir yanıbuzovlu sağılan inək və bir baş da ikiillik cöngə verəcək. Bütün bunlar protokola yazıldı. Mayor Hüseynov və əsgərlərdən başqa hamı qol çəkdi. Hər tərəf­də bir nüsxə, Hüseynovda da bir nüsxə qaldı. Ödəniş günortaya kimi yerinə yetirilməli idi. Bəşiri saxladılar, “Niva”da gələnlər isə getdilər ödənişi gətirməyə.

Saat on iki radələrində bir nəfər atlı malları gətirib təhvil verdi və bundan beş dəqiqə keçməmiş Müseyib “Niva” ilə gəlib Bəşiri apardı.

Hamı dağılışıb gedəndən sonra Çingiz hələ onların yanında dayanıb qalmış Abbasdan soruşdu:


  • Abbas dayı, niyə qoymadın o köpəy oğlunu polisə verək? Onun malı nəyimizə lazımdı ?

  • Bala, məsələ malda deyil. Polisə versəydin sənə daha artıq zərər olacaqdı.

  • Niyə?

  • Ona görə ki, indi məhsulun yığılıb satılma vaxtında düşə­cək­din Ağcabədi ilə Ergi arasında get-gələ. Yerdə qalan məhsu­lun da zay olub gedəcəkdi. Axırda da Bəşir sənə verdiyi malları və üstəlik də 10-15 qoyun satıb özünü qurtaracaqdı, sən də qala­caqdın baxa-baxa.

  • Niyə axı? Hökumət yoxdu bəyəm?

  • Var, niyə yoxdu. Amma oğrunu iş vermək üçün tutmur. Tutur ki, pul alıb buraxsın. İndiyə kimi tutulan oğruları damla­say­dılar, day bu ölkədə oğurluq olmazdı ki...




Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin