19. Əsirlikdə
Fərhad aldığı qoyunları qabağına qatıb fermadan çıxanda artıq gün batmaq üzrəydi. Arasbara qədər piyada iki saatlıq yol vardı. Düşündü ki, yol boyu qoyunları otara–otara arxayın gedib axşam saat 10-a qədər evə çata bilər. Ergi dərəsindən keçəndə hiss etdi ki, bura qobu qırağı xam otlaqdı. Qoyunlar da ac olduqlarından tez-tez yoldan çıxıb yaşıl ota cumurdular. Qərara gəldi ki, yarım saat qoyunları otarıb sonra yoluna davam eləsin.
Qoyunları yolun kənarına buraxıb bir köbənin üstundə oturdu. Artıq göydə tək-tək ulduzlar görünürdü. Əlini cibinə salıb siqarət qutusunu çıxartdı. Kibriti çəkib siqaretini yandıranda arxadan səs gəldi:
Çevrilib yerindən sıçradı. Qarşısında iki nəfər tüfəngin lüləsini ona tuşlamışdı. Hava qaranlıq olsa da, Fərhad bunun avtomat silah olduğunu gördü. Daha tərpənmək gec idi. Kənardan daha bir nəfər yaxınlaşdı və erməni dilində onlara nəsə dedi.
Fərhad başa düşdü ki, onu ermənilər tutub.
A yoldaş, mənnən nə istiyirsiniz? Niyə öz yolunuznan çıxıb getmirsiniz?- dedi.
Uzun danışma! Əllərini qaldır, özün də sus, əgər salamat qalmaq istəyirsənsə.- Onlardan biri Azərbaycan dilində aksentsiz danışırdı.
Ermənilər onun əllərini və ağzını bağlayıb qoyunlarla birlikdə qatdılar qabaqlarına və qobu yuxarı getdilər. Onlar Xocavənd (Ermənilər bura Hadrut deyirdilər və o vaxt buranın adı rəsmi yazılarda ermənicə adlandıılırdı) postuna qədər piyada gəldikdən sonra Fərhadın gözlərini bağlayıb UAZ maşınına oturtdular və yarım saat harasa apardılar.
Onu gecəyarı bir evin zirzəmisinə saldıqdan sonra gözlərini açdılar. Qarşısında iki nəfər saqqallı erməni dayanmışdı. Onlardan biri hündürboy, bir qədər də sarıbəniz , 28-30 yaşlarında olan cavan erməni dığası, digəri orta boylu, 44-45 yaşlı bir kişiydi. Fərhadı ilkin sorğu-suala tutub adını, soyadını və hansı kənddən olduğunu yazıb götürdükdən sonra, (Ciblərini hələ yolda ikən axtarıb pulunu, bıçağını götürmüşdülər) həmin o hündürboy erməni (onun bura ermənisi olmadığını Fərhad o saat müəyyən etmişdi) soruşdu:
Karabax çey, svolıç turok?
Fərhad rus dilini bilməsə də, onun söyüşlə danışdığını anladı. Bir istədi cavab versin, sonra vəziyyətin çıxılmaz olduğunu nəzərə alıb danışmadı.
Digər erməni dilləndi:
Ara, başa düşmürsən nə deyir? Soruşur ki, Qarabağ kimindi, cavab ver.
Qarabağ qarabağlılarındı. Başqasının olsaydı adı Qarabağ olmazdı ki.
Kişi onun dediyini tərcümə edən kimi hər ikisi onun qarnına, belinə təpikləməyə başladılar. Fərhad əlləri arxasında bağlı, üzü üstə yıxılmışdı. Ermənilər nədənsə onun üzünə-başına vurmurdular. Nəhayət onlar Fərhadı döyməkdən əl çəkib öz aralarında danışdılar və çıxıb qapını arxadan bağladılar.
Dostları ilə paylaş: |