Nazər əhvalatı danışdı. Hüseyn ona qulaq asandan sonra:
Malades! – dedi,- Amma böyük risqə getmisən. Gərək gəlib bizim uşaqlarnan gedəydin. Səninki sadəcə olaraq bu dəfə gətirib. Kəşfiyyat çətin şeydi. Bu, bir sənətdi. Adamınkı həmişə gətirmir. Bir də belə işlərə girişmə.
Hüseynov onlarla birlikdə ratsiya olan otağa girib tapşırıq verdi:
Fərəcov, ermənilər əlaqəyə girsələr, denən ki, bir həftə bunnan əvvəl tutduqları Ağayev Fərhadı dəyişməyə hazırlasınlar, axtardıqları adamlar bizdədi. Daha doğrusu, bizdə yox, Fərhadın qohumlarında. Onu necə qaytarsalar, biz də bunları elə qaytracağıq. Kişinin əlindən beş qoyununu da alıblar. Hamısını geri gətirsinlər.
Beş yox, üç, - Abbas düzəliş vermək istədi.
Beş, beş! – mayor səsini qaldırdı. İki adamı bir adama dəyişirik, deyirsən qoyunlarımızı da onlara verək?