IV fraqment
Çiynindən çanta asırlar. İçində bir kitab, dəftər və qələm var.
Məktəb deyilən bir yerə aparırlar. Orada sifəti gah mülayim, gah da sərt görünən bir qadın (ona “müəllimə” deyirlər) divardan asılmış qara taxtaya ağ tabaşir ilə bir şəkil çəkib, adam şəklinə oxşayır, ancaq başı yoxdu, yalnız ayaqları var və özü də deyəsən qaçır. Qəribədi, bəs niyə başsız qaçır? Başını götürüb qaçmalı idi axı, deyilənə görə.
Müəllimə əlindəki çubuğun ucunu şəkilin üstünə qoyub soruşur:
...Barmağını ağzına soxur.
Çıxart əlini ağzından! – Səs olduqca sərt və zəhmlidir. İstədi ağlasın, amma özünü saxladı. Başını aşağı salır.
Bu, A-dı. “A” hərfi.- deyə, müəllimə çubuğun ucunu şəkilin başına döyür. (Bəlkə də elə buna görə şəkilin başı yox idi!)
Çətinliklər artır. Elə borclar da, - müəllimə, dərsə, məktəbə, daha kimlərə və nələrə...
V fraqment
Ətindən ət kəsdilər. Çığırda-çığırda.
Müsəlman olmalısan, – dedilər.
Başına illərlə ağıl qoydular danlaya-danlaya.
Ağıllı olmalısan, – dedilər.
Çərçivəyə saldılar, qayda-qanun çərçivəsinə.
Nizam-intizamlı olmalısan – dedilər.
Daha neyləmədilər ona. Borc isə getdikcə artırdı: dövlətə, cəmiyyətə, ətraf mühitə, həyata, hər şeyə, hər kəsə...
İndi o mücərrəd sual daha real gəlirdi ona.
Doğulmaq sərfəliymiş, yoxsa doğulmamaq?
Adamlar nədənsə doğum gününü qeyd edirdilər. Həmin gün sevinir, şadlanırdılar. Sevincin səbəbini soruşanda hər kəs gülürdü ona. Axırda biri cavab da verdi:
Çünki, mən doğulmasaydım, mənim yerimə başqası doğula bilərdi!
Nə olsun ki, heç dəxli var? Adamda paxıllığa bax ha!
Ancaq özü hələ də şübhəli idi.
Doğulmaq, ya doğulmamaq? Hansı?
VI fraqment
Yaxasından yapışıb tələb edirdilər:
Borcunu qaytarmalısan!
Nə borc? Mən haçan sizdən borc almışam axı? Yadıma gəlmir.
Yadına gəlməz də..ə. Yadın vardı ki, borc alanda?
Dəli idim?
Yox. Amma ağıllı da deyildin. Ona görə də yadından çıxıb.
Borc yiyəsi çox idi, lap çox. Dövlət, vətən, ailə, cəmiyyət, özündən böyüklər və özündən kiçiklər, hamısı, ətrafdakılar və hətta ətrafda olmayanlar da.
Bu qədər borcu verib qurtarmaq olardımı?
Ağlına bir fikir gəldi və dərhal onu dilinə gətirdi:
Axı ağlım olmayanda dilim də olmayıb. İstəməyə-istəməyə heç borc almaq olar?
İstəməsən də vermişik və sən də almısan.
Öz xoşunuzla verdiyinizi niyə üstümə borc yazmısınız? Bu ədalətli deyil axı.
Onun izahına heç kim fikir vermir. Hamı birdən ağız-ağıza verib bağırır:
Qaytar bizə borcunu!! Allahı arada gör!
Yadına düşdü ki, hələ Tanrıya da nə qədər borcu var.
Başı gicəlləndi, gözləri qaraldı. Beynində yalnız bir sual dolaşırdı:
Doğulmaq, yoxsa doğulmamaq? Olmaq , ya olmamaq?
Cavab tapa bilmirdi. Doğulmazdan əvvəlki vəziyyəti yadında olsaydı, bəlkə də bir qərara gələrdi.
Dostları ilə paylaş: |