VII fraqment (epiloq əvəzinə)
Sakitcə uzanmışdı. Rahat idi. Heç bir yeri ağrımırdı, ağrıya da bilməzdi.
Nədənsə onu içində gic bir gülmək tutmuşdu. Səsi çıxmasa da için-için gülür, uğunub gedirdi.
Ətrafına toplaşan adamlar isə ağlayırdılar. Görəsən onlar niyə belə yanıqlı-yanıqlı ağlayırlar?
Yadına köhnə bir fraqment düşdü.
....İşsiz idi. Çoxdan idi ki, iş axtarırdı. Axır ki, münasib iş yeri olan bir kantor tapmışdı. Müdir onu qəbul edəndə stolun üstündəki kağızlardan birini qaldırıb soruşdu:
- Bunun rəngi nədi?
- Ağ.
- Necə?
- Ağdı də, düm ağ.
- Yox, bilmədin. Ağlını başına yığ, əməlli- başlı fikirləş.
- Deyirsiz, qaradı?
- Demirik, minnət qoyma.
- Bəlkə də qaradı, nə deyim vallah, lap çaşmışam.
Müdirin üzü güldü:
- Hə, gəlirsən mətləb üstə.
Sonra boynunu qaşıyıb:
- Doğrusu heç özüm də bilmirəm ki, bu nə rəngdədi.
- Bəs onda nə olsun?
- O olsun ki, gözün mənim ağzımda olsun, mən də bizdən böyüklərin çənəsinin yanını kəsdirib öyrənərəm. Ondan sonra necə məsləhət olsa, elə də deyərik, qaradı qara, ağdı ağ.
- Hmm!....Nə deyim vallah.
- Heç nə, get əmrin surətini götür, işə başla.
O vaxt öz-özünə çox sual vermişdi ki, əgər ağın ağlığını, qaranın qaralığını qana bilmirəmsə, bəs onda illərlə mənim başıma yetirdikləri ağıl əvəzinə nə imiş görəsən?
İndi həmin o əhvalata gülürdü. O vaxt gülməmişdi. Təəccüblənmiş, sonra da əsəbiləşmişdi.
Ətrafdakılar hələ də ağlayırdılar.
Bəlkə borclarını axıra kimi ala bilmədiklərinə görə gözlərinin qorasını sıxırdılar? Axı borclarını halal etdilər onlar. Xahişsiz, minnətsiz. Necə ki, mən istəməyə-istəməyə vermişdilər, eləcə də xahiş etməyə-etməyə özləri bağışladılar verdiklərini. Qəribə adamlardı.
Sonra hamı dağılışıb getdi.
O da getdi.... Adamların çiynində. Rahat, ağrısız-acısız, borcsuz, minnətsiz.
Qəribədi. O doğulanda ağlayır, adamlar isə gülürdülər. İndi isə o gülür, adamlar ağlayırlar.
Doğulmaq, yoxsa doğulmamaq?....
Heyif ki, illərlə beynini deşən bir suala cavab tapa bilməmiş gedirdi.
Cild-cild kitablar yazmışdı. Neçə-neçə qəliz sualları cavablandırmışdı, təkcə bu şeytan sualından başqa.
İndi isə bu suala da cavab verərdi. Bəli, verərdi! Səsi çıxsaydı, başını qaldırıb bağırardı:
- Əlbəttə, do.....!
Və sonra şaqqanaq çəkib gülər və son sualını da verərdi:
- Niyə ağlayırsınız, ey dünyadan bixəbər avamlar?
Ancaq ehtiyatlandı. Qorxdu ki, birdən doğrudan da səsi çıxar. Adamlar diskinib tabutu yerə salar və hərə bir tərəfə qaçar. O da qalar yolun ortasında. Bəs sonrası nə olar? Sonra da onu götürüb geri qaytara bilərdilər.
Bu fikir onu dəhşətə gətirdi.
- Yox, susmaq məsləhətdi, – düşündü, – canımı güclə qurtarıb rahatlıq tapmışam.
Susdu...Ölüm sükutu ilə susdu...
Hansı kitabdasa oxuduğu bir cümlə yadına düşdü: Bu dünyaya bir gələn sevinir, bir də qaçıb ondan canını qurtaran.....
Dostları ilə paylaş: |