II Pərdə
IV şəkil
1-ci pərdənin məhkəmə zalı
Katib mələk: (gəlir)
Qalxın məhkəmə gəlir! (Hamı ayağa qalxır. Hakim və iki məşvərətçi gəlir.)
Hakim:
Oturun! Məhkəmə davam edir. (adamlar oturur)
Cənnət mələyi: (nəzakətlə irəli çıxır)
Möhtərəm hakim! Cənnət əhlini çox incitməyə icazə verilmir. Ona görə xahiş edirəm, mümkündüsə, Əbdüləlinin məsələsinə tez baxılsın, biz gedək.
Zalım şah: (kənara)
Pah atonnan! Gədənin hörmətinə bax ha! Səni dağılasan dünya!
Firəngiz: (kənara)
Mən başı batmış bilsəydim, o vaxt beləsinə ərə gedərdim. Bilmək olur ki ?!
Hakim: (çəkici vurur)
Sakit! Düzdür, Əhli-cənnəti yormaq olmaz. Buyurun onun ərizəsindən başlayaq.
İttihamçı:
Möhtərəm hakim və məhkəmə iştirakçıları! Hörmətli cənnət sakini Əbdüləli ərizəsində göstərir ki, o, Zalım şahın təqsiri üzündən vaxtıdan əvvəl, yəni cavan ikən vəfat edib. Arvadı dul, 7 yaşlı oğlu yetim qalmışdır. Mən xahiş edirəm Əbdüləli müəllim hadisəni təfsilatı ilə öz diliynən özü izah eləsin.
Zalım şah: (Əbdüləliyə)
Ə, yekə kişisən, cənnətə düşənnən sonra day bu demaqoqluq nə üçündür? Ay sənə verdiyim çörək burnundan gəlsin! Cənnətdən də artıq mərtəbə istəyirsən, qırışmal oğlu, qırışmal?
Hakim: (stola vurur)
Sakit! Əbdüləli, buyur eşidirik!
Əbdüləli:
Hörmətli hakim! Eşitdiniz də bu vicdanını itirmiş mənə nə deyir? Deyir ki, verdiyi çörək burnumdan gəlsin! Məsələ ondadır ki, o, mənə çörək verməyib, mən elə acından ölmüşəm. (hamı içini çəkir...Hı...y) Bəli acından ölmüşəm!..
Nəfs: (hi...hi...gülərək)
O da sənin gicliyin də! Yeyəydin, əlindən alan varıydı?
Hakim: (stola vurur)
Sakit, mane olmayın!
Əbdüləli:
Hə, möhtərəm hakim! Siz ədalət maşınında gördünüz ki, mən onun yanına gedib yalvarırdım ki, məni qul etsin.
Dostları ilə paylaş: |