1-ci məşvərətçi:
Axı bizim bildiyimizə görə sən yaxşı zərgərlik bacarırdın. Bəs niyə qul olmaq fikrinə düşməli oldun?
Əbdüləli: (başını bulayaraq)
Rəhmətliyin oğlu, deməli sizin yuxarıda baş verənlərdən xəbəriniz yoxdu. Bu adam qızılın həndəvərinə öz qohum-əqrabalarından başqa kimi buraxırdı ki? Mən bu barədə 10 ildə 40 ərizə yazmışam. Baxan kimdi? Axırda qul işinə də qəbul etmədilər! Mənə əsgərlərin atları üçün köhnə yəhərləri yamamaq tapşırmışdılar.
2-ci məşvərətçi:
Axır ki, məvacib alırdın!
Əbdüləli:
A kişilər, qırx yamağa bir dinar verirdilər. Mən də üç gün ərzində 38-40 yamaq vura bilirdim. Palan yamayanda da hər 100 palana bir dinar düşürdü ki, bu da bir həftəlik iş idi. Bu pulun da hamısı gedirdi yol xərcinə! Üç gündən bir ailəmə bir girvənkə çörək ala bilirdim. Canımın dərdindən özüm yemirdim ki, körpə uşaq ac qalmasın.
2-ci məşvərətçi:
Ay Əbdüləli, o məmləkətdə elə əksər camaat sənin kimi yaşayır. Bəs sən, belə sağlam adam nə tez öldün?
Əbdüləli:
Bəlkə də hələ mən 4 – 5 il də ac-yalavac dözərdim. Ancaq öləndən bir gün qabaq şəhər meydanında yığıncaq vardı. Bütün işçiləri zornan yığmışdılar meydana. Zalım şahın deyəsən ad günüydü. Mən də ac-acına ağzımı açıb tribunada danışanlara qulaq asırdım. Vəzirlər, vəkillər, vali və qazilər bir-bir çıxış edib Zalım şahı tərifləyirdilər. Onun alicənab, xeyirxah, müdrik bir hökmdar olduğundan danışırdılar.
Zalım şah:
Ə, noolsun ki, heç gör dəxli var? Bundan sənə nə?
Əbdüləli:
Düzdü, bundan mənə heç nə yox idi. Lakin birdən mənim yanımda şəyird işləyən, məndən də beş-betər ac-yalavac gədənin biri olan Qulammirzə qalxdı tribunaya. Zalım şahın səxavət və fəzilətinə elə bir yalan mədhiyyə söylədi ki, heyrətdən gözlərim qaraldı, sanki qulağımda bomba partladı! Ürəyim gupp elədi. Tappıltı elə dəydim yerə. Onda ayıldım ki, cənnət mələklərinin hüzurundayam.
Hakim: (katibə)
Bu hadisə maşında qeydə alınıb?
Katib:
Bəli var. Olduğu kimi danışır. Həmin şəyirdi axşam Zalım şahın göstərişi ilə Vəzir döydürüb səhəri gün mədhiyyə ilə çıxış etməyi boynuna qoydurub. İstəyirsiniz maşını işə salım, özünüz baxın!
Hakim:
Yox! Əhli-cənnətin danışığı yoxlanılmır. Onlar düz danışırlar. Hə, Vicdan, dur görək nə deyirsən?
Vicdan: (ayağa durur)
Düz işə nə deyə bilərəm, hamısı doğrudu. Zalım şah təqsirlidi!
Ağıl: (ayağa durur)
Möhtərəm hakim! Zalım şahın bu işdə günahını mən də təsdiq edirəm.
Cənnət mələyi:
Möhtərəm hakim! Məsələ aydın oldusa, biz gedək. Ləngiyirik.
Firəngiz: (kənara)
Zalım qızı, kişini gözündən qırağa qoymaq istəmir. Amma köpəy oğlu gözəl oğlan imiş!
Hakim: (stola vurur)
Hə! Bu məsələ aydınlaşdırıldı. Müttəhimin təqsirinə əlavə olunub son qərarda öz əksini tapacaq. (cənnət mələyinə) Siz daha onu götürüb apara bilərsiz. (cənnət mələyi Əbdüləlinin əlindən tutub cənnət qapısından keçir)
Nəfs:
Möhtərəm hakim! Bəs bu yazığın işində olan savabları niyə nəzərə almırsız?
Dostları ilə paylaş: |