Firəngiz: (pulu cibinə qoyub)
İş-zad bəhanədi. Yaxşı kişilər hər şeyə vaxt tapır. Məsələn, üzümüzə gələn cümə nə işin var?
Vəzir: (fikirləşir)
Hə, cümə..., cümə... deyəsən boşluqdu.
Firəngiz:
Gördün? Mənə də yox də! Mən axı bilirəm kimin nə zaman, nə işi olur. Bu xarabada boş-boşuna oturmuruq ki?
Vəzir:
Deyirsən görüşək? Nolar, cümə günü günorta o dəfəki yerə çıx, fayton göndərərəm.
Firəngiz: (naz-qəmzə ilə)
Ay sənin! Bu kişilər belədi də! Bunlardan yaxa qurtarmaq olmur. (gülür) Ancaq layiqli hədiyyən olmasa, qayıdıb gedərəm ha!... Qalarsan yana-yana! (hi...hi...gülür).
Vəzir:
Ay qız! Sən mənim birdən-ikiyə layiqsiz iş gördüyümü görmüsən məgər? Lap arxayın ol! (keçir öz otağına)
Firəngiz: (zala)
Bu yazıq çox ipə-sapa yatan, yola yaxın, ifallı bir adamdı. Zalım şah kimi xəsis deyil. Elə ona görə də Zalım şah bununla yola gedir də, neçə illərdi. Bundan əvvəl hər üç aydan bir vəzir dəyişirdi.
Zalım şah: (daxil olur)
Ay qız nə var, dəli kimi öz-özünə danışırsan? (əli ilə onun başına sığal çəkir). Xarab olub?
Firəngiz: (ağlamsınmış)
Xarab olar də! Adamın əziz adamı ona diqqət verməyəndə başı da xarab olar, hələ başqa yeri də!
Zalım şah: (gülür)
Yox, sənin başqa yerin xarab olmaz. Problem olsa, elə başında olar!
Firəngiz:
Problem elə məhz başqa yerdədi! Heç soruşursan ki, dərdimizi deyək?
Zalım şah:
Yenə şüvən salma, de görək nə olub?
Firəngiz: (ağlamsınmış gəlib başını onun sinəsinə qoyur)
O, olub ki,.... o olub ki,... Hamiləyəm!
Zalım şah:
Çox yaxşı, day burda pis olmalı nə var?
Firəngiz:
Bəs bilmirsən ki, uşaq sənnəndi? Mən indi ərimə nə cavab verim, hə? Məni öldürəcək axı!
Zalım şah:
Boş danışma! Niyə öldürür? Birinci uşağındı məgər?
Firəngiz:
Məsələ bundadır ki, kişiynən küsülü kimiyik. Heç iki aydı mənə yaxın gəlmir. Bəs deməz ki, bu hardan çıxdı? (ağlayır)
Zalım şah:
Boş yerə gözünün qorasını sıxma! Al bu bir dinarı, get axşam kişiynən barış! Sən ilanı da yuvadan çıxararsan! Keçən dəfə də belə deyirdin. Nə oldu? Uşağın indi üç yaşı var.
Firəngiz:
Bəs onda deməz ki, niyə tez oldu?
Zalım şah:
Eey...y! Sən lap özünü qoymusan avamlığa! Əvvəla, onda baş hardadı ki, oturub günləri sanaya, ikincisi də bəd ayaqda vaxtına az qalmış özünü vurarsan xəstəliyə, deyərsən ki, yarımçıq olub. (keçir öz otağına)
Firəngiz: (dinarı o üz-bu üzünə çevirib baxaraq istehza ilə)
Bu boyda məmləkətin sahibinin verdiyi pula bax! Simic köpəy oğlu iki quruş artıq vermək əvəzinə bir saat mənə biclik dərsi keçir. Özün köpəsən ha! Uşağım sənnən niyə olur, lap halalca öz ərimdəndi! Nə isə, çıxım pəncərəni silim, it oğlu it, indi çıxıb görsə ki, pəncərələri toz basıb itin başın alar ağzına. (ayağının altına kətil qoyub çıxır pəncərəni silməyə)
Zalım şah: (kabinetdən çıxıb gəlir)
Ay qız hardasan? Bayaqdan çağırıram, eşitmirsən? (başını qaldırıb pəncərədə Firəngizi görür). Hə? Nə hündürə çıxmısan? (yaxınlaşıb onun baldırına əl vurmaq istərkən)
Firəngiz: (diksinir)
Ay...! (pəncərədən yıxılır)
(İşıqlar oynaşır, səhnə qaranlıqlaşır, şəkil dəyişir).
Dostları ilə paylaş: |