7. Bazarda
Sentyabr ayının əvvəlində bostançıların əl-ayağı Ergidən demək olar ki, yığışmışdı. Tək-tük adamlar gözə dəyə bilərdi ki, onlar da axırıncı ura məhsullarını yığışdırır, çardaqlarını söküb kəndlərinə aparmaqla məşğul idilər.
Çingizlə Nazər avqustun 25-də bostanda axırıncı dəfə oldular və çardaqlarını söküb Hidayətin lafetinə yüklədilər.
Bu yay Çingiz üçün uğurlu olmuşdu. Həm yaxşı məhsul götürülmüş, həm də rahatlıqla satılmışdı. Bundan əlavə, o, Bəşirdən aldığı malları da üç gün əvvəl Bərdə bazarında yaxşı qiymətə sata bilmişdi. İndi əlindəki pulla anasına və bacı-qardaşlarına əyin-baş, ən əsası Ağcabədi bazarından qapılarına sağmal inək almaq olardı. Hesablamışdı ki, bütün bunlardan sonra gələn yaya qədər evdə pul da qalacaqdı.
Ölkədə vəziyyət get-gedə pisləşirdi. Həm Bakıdan, həm də Yuxarı Qarabağdan gələn xəbərlər ürəkaçan deyildi və vaxt ötdükcə də ağırlaşırdı.
Ermənilər Dağlıq Qarabağda açıq-aşkar bir neçə kəndi yandırmışdılar. Ölkədə hökumətsizlik baş alıb gedirdi. Xəbər gəlirdi ki, Bakıda xalq bütün günü mitinqlərə toplaşır, azğın erməniləri cilovlamaq üçün hökumətdən iradə və hərəkət tələb edir. Respublika hökumətində nə qətiyyət vardı, nə də hərəkət. Moskva isə açıqdan-açığa Azərbaycanla düşmənçilik mövqeyində idi. Doğrudur, üzdə, adi rəsmi danışıqlarda ruslar bunu büruzə verməsələr də, quduzlaşmış erməni millətçilərinin və separatçılarının qarşısını almağa hər cür mane olurdular.
Söz yayılmışdı ki, daha hökumətdən heç nə gözləmək olmaz, camaat özü könüllü batalyonlar yaradıb Qarabağda döyüşə getməli olacaq.
Gülbahar arvad axşam xörəyini stola gətirib mətbəx bıçağı ilə təndir çörəyini doğraya-doğraya soruşdu:
Uşaqlar, bazar günü havaxtdı?
Sabah yox, o biri gün, – Çingiz cavab verib dərhal maraqlandı:
Neynirsən? Bazarlıq işin var?
Deyirəm, ay bala, irəlidən qış gəlir, bu tərəfdən də dava gedir. Bahalaşma-zad ola bilər. Bəlkə qapımıza bir sağmal inək alaq, hə..ə? – Gülbahar yarı qərarlı, yarı məsləhət formasında danışırdı.
Çingiz tez dilləndi:
Onsuz da almalıyıq. Üzümüzə gələn bazar Ağcabədidən alarıq. Ləngitməyə dəyməz. Çünki, məni də bilmək olmaz, bir də gördün getdim müharibəyə.
Çingiz axırıncı sözü deyəndə arvad mətbəxə keçdiyindən “müharibə” sözünü eşitmədi. Qayıdıb gələndə dedi:
Gərək mən də gedim bazara. Nə qədər olmasa inək seçməkdə sizdən çox bilərəm.
Nazər anasının sözünə qüvvət verdi:
Düz deyir. Gedər, sağıb baxar. Bəlkə əmcəyi kordu, yaxud bərkəmcəkdi, ya da südü yağsızdı. Bunu arvad xeylağı yaxşı bilər.
Çingiz başını buladı:
Gedir, getsin də. İstiyirsiz hamınızı yığım lafetə, aparım töküm bazara, nə xeyri var? Mal bazarı çox qatmaqarış, axmaq bir yerdi. Ağız deyəni qulaq eşitmir. Arvad xeylağının orda nə işi var?
Çingizin etirazına baxmayaraq, bazar günü Gülbahar arvad səhər tezdən durub oğlanları ilə mal bazarına getdi.
Bazar doğrudan da çox qələbəlık idi. Saat on birə kimi axtardıqdan sonra, nəhayət, xoşlarına gələn bir körpəli inək tapdılar. İnəksatanla razılaşıb pulunu vermək məqamında məlum oldu ki, Çingizdə Amerika dollarıdı və inəksatan dollar götürmür. Onda Çingiz kişiyə beh verib getdi ki, bazarın o biri başında dolları məzənnə ilə manata dəyişib qayıtsın. Bu vaxt hündür boylu, qırmızı sifət bir kişi inəksatana yaxınlaşıb ona ovcunda pul uzadaraq:
Əyə, al pulu, inəyi bəri ver – deyib, inəyin kəndirindən yapışdı.
İnəksatan:
Yox, qardaş, satdım getdi – deyib, kəndiri kişinin əlindən çəkmək istəsə də qırmızısifət açıq-aşkar həyasızlığına salıb kəndiri buraxmaq istəmirdi.
Əyə, niyə satmısan? Bayaqdan mənnən çənə döymürdün?
Əşi, nə olsun döyürdüm. Qiymətini verib alaydın də..ə.
Əyə, verrəm də! Al bu pulu! – deyib, alıcı miqdarı bilinməyən bir dəstə pulu zorla inəksatanın əlinə dürtmək istədi.
Bütün bunlar Nazərlə Gülbaharın gözü qarşısında baş verirdi. Gülbahar arvad bu həyasız alıcının ləhcəsindən onun Avşar kəndindən olduğunu başa düşmüşdü. Ona görə də Nazər işə qarışmaq istəsə də, ətəyini çəkib gözağartması vermişdi ki, baş qoşmasın.
İnəksatan:
Ə, qardaş, belə, inəyi budu ey, bax bu arvada satmışam, Behini verib, indi də pulunun hamısını gətirməyə gediblər.
Qəflətən alıcı:
Əyə, arvad qələt eliyir, arvad kimdi? – deyib, inəyin ipindən dartdı. – Mənim pulum pul döyül?
Söz kişinin ağzından çıxar-çıxmaz Nazər yerindən qopub onun ağzının üstünə elə bir kəllə zərbəsi ilişdirdi ki, şaqqıltısı bazarın o biri başında eşidildi:
Kişi:
Vay, məni vurdular.. Öldüm!-deyəndə artıq, almaq istədiyi inəyin ayaqları altında idi və ağzından qan axırdı.
Bir anda bazarda böyük bir dava düşdü.
Artıq Çingiz də özünü yetirmişdi. Bazarda Avşar kəndindən olan iyirmidən artıq kişi iki qardaşı dövrələmə aralığa salıb əllərindəki dəyənək və şallaqla vurmağa çalışır, üst-üstə zərbələr endirirdilər. Bu zaman bir neçə polis nəfəri də haya gəldi. Ancaq davanı yatırtmaq mümkün deyildi. Qardaşlar arxa-arxaya verib özlərini qoruyur, zərbələrdən yayınmağa çalışırdılar. Qəfildən Çingiz onun başına dəyənək endirənlərdən birinin ağacını alıb başı üzərindən geriyə- Nazərə atdı və qışqırdı:
Ə, ehtiyatlı ol! Arxadan vurmasınlar!
Nazər dəyənəyi havada tutan kimi üstünə şığıyanlardan birinin elə birinci zərbədə vurub başını yardı.
Qarışıqlıqda ikinci bir nəfərin də başı yarıldı.
Çingiz əlinə başqa bir dəyənək də keçirmişdi və o saat da qarşısındakılardan birinin boynuna zərbə endirib onu çökdürdü.
Qara-qışqırıq, hay-küy və dava dalbadal açılan iki güllə səsindən sonra səngidi. Polislər havaya tapançadan atəş açmışdılar.
Birinci dəfə dava salan alıcını və Nazəri tutub polis maşınına basaraq polis idarəsinə apardılar. Çingiz aradan çıxmışdı.
İdarənin həyəti bazar adamları ilə dolu idi.
Nazəri və inək almaq üstə dava salmış kişini idarənin dəhlizində saxlamışdılar. Kişi ağzı-burnu qanamış halda kətilin üstünə oturub hıqqıldayır, Nazər isə iki polis nəfərinin arasında ayaq üstə dayanmışdı və polislərdən biri onun qolundan tutmuşdu.
Hündürboy, səliqəli geyimli bir kişi otaqların birindən çıxıb onlara yaxınlaşdı:
Kimdi, ə, o qoçu? – deyə, soruşub onların hər ikisinə başdan ayağa nəzər saldı.
Rəis, bu köpəy oğlu on gün də olsa yatmalıdı,- deyib, inəkalan ayağa qalxdı.
Nazər söyüşü eşidən kimi qolunu qəflətən polis nəfərinin əlindən çəkib kişiyə sifətindən qüvvətli bir yumruq ilişdirdi. Kişi səndələyib polis rəisinin düz ayağına yıxıldı.
Polislər Nazərin qollarını burub üzünü divara çevirərək saxladılar. Bir polis nəfəri də kişinin qolundan tutub qaldırdı və yenidən kətilin üstündə oturtdu.
Rəis dodaqaltı qımışıb döyülmuş kişiyə müraciətlə:
Ə, yekə kişisən, uşaq-muşağa qoşulub niyə dava salırsan?- dedi. Sonra əlavə etdi:
Nə vaxta qədər sizin kəndin dava-dalaşıynan məşğul olacayıq? Bu mal bazarı bəyəm sizindi ki, orada ağalıq etmək istəyirsiniz?
Rəis, görmürsən günah məndə deyil?
Yaxşı görürəm! Yoxsa elə bilirsən səni tanımıram? – deyib, rəis xeyli ciddiləşdi və növbətçi polis kapitanına göstəriş verdi:
Bu həyətdəki adamları dağıdın getsin. Sonra bu oğlanı (Nazəri göstərdi) kabinetə gətirin.
Nazəri kabinetə gətirəndə rəis çay içirdi. Stəkanı yerə qoyub:
Ə, qoçuluq eliyirsən? Bu avşar camaatını niyə döyüb qırırsan, oğul? Bəs bilmirsən səni tutub basarlar, əlli-ayaqlı gedərsən?
Nazər başını qaldırıb rəisin üzünə baxanda onun sifətindəki xoş ifadəni dərhal sezdi.
Rəis, məcbur elədi. Mənim atam rəhmətə gedib. O da ağzını söyüşnən açdı.
Polis rəisi dava barədə bir söz deməyib soruşdu:
Neçə yaşın var?
On altı.
Ə, yalan demə. Bicliyinə bax ha bunun! – deyib, rəis kapitana baxdı. Növbətçi kapitan başı ilə təsdiq işarəsi verdi.
Rəis olduqca mülayim bir tərzdə:
Bilirəm, - dedi, - məlumat almışam ki, o kişi təhrikçi olub davada. Amma sən də təqsirkarsan. Kim sənə ixtiyar verib ki, qarşına çıxana kəllə atasan?
Rəis, əgər yanınızda ananızı təhqir etsələr neylərdiz?
Tutub basaram dama.
Düzdü. Allah sizə vəzifə, paqon verib, onunla da hayıfınızı çıxa bilərsiz. Mənə də zəhmət yazıb, qol verib. Məcburam qollarımı işə salıb hayıfımı alım.
Rəis yerindən qalxıb Nazərə yaxınlaşdı və barmağı ilə onun çənəsindən qaldırıb üzünə baxaraq:
Mərd uşaqsan, xoşum gəldi səndən, - dedi. Sonra üzünü kapitana tutub:
Bunu arxa qapıdan çıxarıb mindirin bir maşına, yolluyun evlərinə. Lazım olsa, çağırarıq, gələr. Bizə belə ürəkli cavanlar çox lazım olacaq.
Kapitan Nazəri kabinetdən çıxararkən rəisin səsi eşidildi:
Bir həftədən sonra Çingiz özü tək gedib Bərdə bazarından təzə doğmuş bir inək alıb gətirdi. İnək iki gün yaxşı süd verməsə də (deyirdilər ki, sağılan heyvan bir gün əziyyət çəkəndə, yaxud yerini dəyişəndə iki-üç gün südü az verir), üçüncü gündən öynədə 7-8 litr süd verməyə başladı.
Dostları ilə paylaş: |