17. Fərhad
Fərhadın ermənilər tərəfindən girov götürülməsi ildırım sürətilə bütün qonşu kəndlərə yayılılaraq gəlib Nazərgilə də çatdı.
Bu, Nazərlə Səbinənin nişan günündən üç gün əvvəl baş vermişdi. Xəbər çatan kimi, Gülbahar Nazəri də yanına alıb Kəhrizliyə - gələcək qudası gilə getdi. Həyət adamla dolu idi. Qonşular, qohumlar tökülüb gəlmişdilər. Arvadlardan ağlayanı da, Güllüyə təsəlli verəni də vardı. Kişilər həyətdəki tut ağacının kölgəsində qoyulmuş köhnə stolun ətrafında əyləşib tədbir fikirləşir, müxtəlif variantları götür-qoy edirdilər.
Gülbahar keçdi evə, Nazər isə kişilərin yanında qalmalı oldu.
Hərə bir fikir söyləyirdi:
Yəqin Xankəndinə aparıblar.
Əşi, bəlkə də qorxutmaq üçün ediblər. Beş-on gün saxlayıb buraxarlar. İki ay bunnan qabaq əfətli Novruzu da tutmuşdular, bir həftədən sonra buraxdılar.
Əvvəla, Novruzu havayı buraxmadılar, on min manat pulunu alıb, sonra buraxdılar. İkincisi də, indi vaxt o vaxt deyil. İndi girovu girova dəyişirlər.
Hə, gərək erməni tutub dəyişəsən.
Elə bilirsən erməni tumaq asandı? Onlar həm hiyləgər, həm də hazırlıqlıdılar.
Nazər fürsət tapıb nisbətən cavan – 40-45 yaşlarında olan bir kişidən soruşdu:
Bu hadisə hecə olub? Kişini harda girov götürüblər?
Yazıq xeyir işə hazırlaşırdı. Qarqar Muğanlısının yuxarı tərəfində fermalar var. Ora qoyun almağa gedibmiş.
Tək?
Yox, tək deyilmiş. Yetim Allahverdiynən getmişdilər. Allahverdi fermada qalası olub, bu isə axşam aldığı 3 baş qoyunu qabağına qatıb geri qayıdarkən ermənilərin pusqusuna düşüb.
Bəs Abbas dayı hardadı?
Abbas yazıq neyləsin? Özünü oda-közə vurur. Əmisi uşaqlarıynan Ağdam tərəfə gedib, bəlkə oralardan bir məlumat öyrəndi. Heç olmasa sağ olduğunu və harada saxlandığını bilsəydi, nəsə bir şey fikirləşmək olardı.
Nazər danışığa qoşulsa da, bir gözü evin qapısında idi. İndi bu vəziyyətdə o, Səbinəni görmək istəmirdi. Çünki, görsə nə edəcəyini kəsdirə bilmirdi.
Təxminən 15-20 dəqiqədən sonra həyətə bir “Jiquli” daxil oldu.
Gəldilər! – deyib, hamı ayağa qalxdı.
Maşından Abbas və daha üç nəfər düşdü.
Nooldu?
Nə xəbərlə qayıtmısız?
Neyləyə bildiniz?
Suallar dalbadal yağırdı. Nazər Abbasın qırımından hiss edi ki, yaxşı bir şey yoxdu. Nəhayət Abbas dilləndi:
Hələlik heç nə. Ağdamda Allahverdini də, Yaqubu da gördüm. Ad-familiyasını yazıb götürdülər. Dedilər iki gündən sonra gəl, görək ona qədər nə öyrənə bilirik.
Heç olmasa, sağ olduğunu bilsəydik.- kimsə dilləndi.
Hamı dedi ki, əgər onu doğrudan da ermənilər tutubsa, tezliklə öldürməzlər. Ya pul tələb edəcəklər, ya da əsir düşmüş erməniyə dəyişmək təklif edəcəklər.- deyə, Abbas cavab verdi.
Əsir düşmüş erməni varmı?- nisbətən yaşlı bir kişi soruşdu.
Var, niyə yoxdu?- Abbasla gələnlərdən biri sözə qarışdı - Müharibə deyil? Cəbhə xəttində hər gün ya girov dəyişirlər, ya da meyit.
Abbas evə keçəndə gördü ki, içəri doludu. Hamı bir həfər kimi ayağa qalxıb cınqırını çıxarmadan gözünü zillədi ona.
Hələlik nə yaxşıya , nə pisə bir məlumat yoxdu. Deyirlər bir-iki gün gözləmək lazımdı. Sağ olmağına sağdı.- Abbas son cümləni necə dediyini özü də bilmədi.
Allaha şükür! – arvadlardan kimsə dilləndi – Hələlik bu da pis döyül.
A bajı, erməniyə pul lazımdi ey, ona görə də öldürməzlər. Meyiti neyniyəcəklər? – başqa birisi də öz versiyasını söylədi.
Təki heylə olsun! Pul lazım olsa hamımız köməkləşib düzəldərik. El-oba döyülükmü?- bunu da deyən yəqin ki, qonşu idi.
Gülbahar lap axırda dilləndi:
Abbas qardaş, imkan olsaydı, bir Ergiyə də dəyərdiniz, Hüseynə. Hər halda batalyon komandiridi. Belə işlərdə o daha yaxşı məsləhət verə bilər.
Abbas sanki yuxudan ayıldı:
Nə təhər başımızı itirmişiksə, heç gör bu boyda adam yadımıza düşübmü?- Sonra ağlamaqdan gözləri qıpqırmızı qızarmış Səbinəyə:
Bala, bir qurtum su ver, - dedi, -ciyərim yanır. İçib elə indi çıxıram Ergiyə.
Nazər həyətdədi, onu da özünlə götür- deyən Gülbahar oğlunun da haya gəldiyini bəlkə də içəridəki arvadlara, xüsusən də Güllüyə və gələcək gəlininə eşitdirmək istədi. Və ani sükutdan sonra əlavə etdi:
Nə qədər olmasa qohumdu, əlindən gələni əsirgəməz.
Abbas su dolçasını başına çəkib çıxdı.
Onlar (Abbas, onun iki əmisi oğlanları və Nazər) artıq yarım saatdan sonra batalyonun ərazisində idilər. Burada məlum oldu ki, mayor Hüseynovla görüşmək asan olmayacaq. Batalyonun bütün rotaları Ağdam ətrafından tutmuş Xocavənd rayonuna qədər səpələnmişdi və kombatı tezliklə tapıb üzbəsurət söhbət etmək müşgül məsələydi. Fərhadın əsir düşdüyü ərazi də bu batalyonun nəzarət zolağına daxil idi. Bunu da orada öyrəndilər.
Yarım saatdan artıq qərargahda vurnuxan kiçik zabitlərlə çənə-boğaz etdikdən sonra Nazər dedi:
Abbas dayı, sən qayıt get, mən qalıb Hüseyni gözləyəcəm. Gecə yatmağa da olsa axır gəlib çıxacaq.
Yox, ay bala, səni tək buraxıb hara gedirəm? Gözləməkdisə, elə hamımız gözləyək.
Onlar danışa-danışa darvazadan bayıra çıxdılar. Hava qaralmaq üzrəydi. Bu zaman uzaqdan bir UAZ maşınının hərbi hissəyə tərəf gəldiyini gördülər.
Nazər:
Deyəsən gəlir, - dedi,- bu, onun maşınına oxşayır.
Maşın gəlib hərbi hissənin darvazasının yanında saxladı və mayor rütbəli bir zabit düşərək onlara baxıb salam vermək istəyəndə Nazərı tanıdı:
Xeyir ola, geroy? Yenə dava eləmisən?
Bu, batalyon komandirinin müavini mayor Muxtar Həsənov idi.
Yox, Muxtar dayı, bu dəfə davalıq deyil.
Millət xarici düşmənlə vuruşur,- Muxtar Abbasa göz vurdu,- Hüseynovun qohumları da daxili ünsürlərlə.
Sonra darvazadan içəri addımlayaraq:
Gəlin , görək nə məsələdi – dedi.
Mayor Həsənov məsələnin nə yerdə olduğunu öyrəndikdən sonra bir qədər fikirləşib soruşdu:
Hardan bilirsiz ki, onu ermənilər tutub?
Başqa cür ola bilməz!-Abbas cavab verdi.
Olar, olar. Müharibədə hər şey ola bilər. - Həsənov bir az duruxub əlavə etdi:
Hə, böyük ehtimalla onlardadı. Bu, onların partizan müharibəsinin tərkib hissələrindən biridi.
Siz bilən öldürməzlər ki?- Abbas soruşdu.
Məncə yox. Onlar bəzən girov tutub ehtiyatda saxlayırlar ki, özlərindən əsir düşən olsa dəyişsinlər, ya da pul lazım gəlsə satsınlar. Bu, ermənilərin köhnə taktikasıdı.
Bəs Hüseyn dayını necə görə bilərik? – soruşan Nazər idi.
Sənin Hüseyn dayın Bakıya gedib. Bəzi silah-sursat məsələlərini həll etməyə. Tez gəlsə sabah axşam gəlib çıxar. Qaldı da ki, Hüseyn, ya mən, nə fərqi?
Nə məsləhət görürsünüz?- Abbas ümidini itirmiş bir formada dilləndi.
Hələlik gözləmək. Mən indi bizim kəşfiyyat qrupuna da lazımi göstəriş verəcəm. İndi ilk növbədə gərək dəqiqləşdirək ki, o adam doğrudan da girovdadı. Bundan sonra qalır məsələnin həlli tərəfi. Bir nəfər erməni tutub dəyişmək ən sərfəli yoldu. Pula qalsa, onlar ayaqlarını çox yuxarı qoyarlar.
Daha orada qalmağın mənası yox idi. Onlar qayıtdılar.
Maşın həyətə girəndə axşam saat 9 idi. Qonşular demək olar ki, dağılışıb getmişdilər. Gündüz kişilər ətrafında oturduqları stolun başına indi ev adamları və ən yaxın qohumlar toplaşmışdı. Abbasgil maşından düşən kimi, yenə hamı ayağa qalxıb sualedici nəzərlərlə onlara tərəf döndü.
Abbas qardaş, tapa bildinizmi? – ilk soruşan Gülbahar idi.
Hüseyn Bakıdadı, müavini ilə görüşə bildik. Söz verdi ki, əlindən gələni eliyəcək.
Yəni neyniyəcək? – bunu da soruşan deyəsən Abbasın bacısı idi. Nazər bunu qadının Abbasa oxşarlığına görə təxmin etdi.
Əşi, nə bilim vallah. Çox şey! Hərbi hissədi, kəşfiyyatçıları var. Hava telefonuynan ermənilərnən əlaqəyə girə bilərlər. Dəqiqləşdirərlər ki, girovdadı, yoxsa yox. Fərhad elə onların qoruduğu ərazidə tutulub.
Bala, demədilərmi Hüseyn nə vaxt qayıdajax? – Gülbahar bu dəfə oğlundan soruşdu.
Sabah axşama qayıtmalıdı.- Nazər cavab verdi.
Sabah mən də siznən gedəjəm Hüseynin yanına. Genə neyləsə o eliyə bilər.
Gülbahar bajı, müharibədi. İşi bilmək olmaz. Hüseyn ləngiyə də bilər. Nazərlə özümüz gedib dəyərik. Sağ olsun, müavin də yaxşı qarşıladı bizi. Nazəri də tanıdı.
Söhbətin bu yerində Gülşənlə Səbinə də gəlib onların yanında dayanmışdılar. Daima başını aşağı dikib duran Nazər arada bir anlığa gözünü qaldırıb Səbinəyə baxdı və az qala qızı tanımadı. Əmisi qızının qolundan tutub az qala asılmış vəziyyətdə dayanan Səbinənin rəngi solmuş, sifətində aylarla əzab çəkmiş adamlar kimi məhzun bir görüntü vardı. Elektrik lampasının işığında bir anlığa parıltısı gözə çarpan bir damla yaş qızın yanağından çənəsinə doğru ehmalca sürüşərək sanki ox kimi Nazərin ürəyinə sancıldı. Azdan-çoxdan bərkə-boşa düşmüş bu gənc oğlan özünü heç vaxt indiki qədər gücsüz və aciz hiss etməmişdi. Bəlkə də gizli bir yer olsaydı bərkdən hönkürüb ağlayar, içini didib yeyən hirsi, hikkəni bayıra atardı. Elə indinin indisində özünü güclə saxlayırdı. Yaxşı ki, Gülşən atasına sual verməklə diqqəti bir qədər yayındırdı:
Ata, neyniyə bildiniz? Bir işıq ucu varmı?
Çalışırıq, bala, Allaha pənah, görək nə olur.
Ata, bayaq Səbinəyə də danışdım. Yuxusunu görmüşəm, darıxmıyın, yaxşı olar, inşallah!
Necə görmüsən, bala?- Gülbahar soruşdu.
Gördüm ki, harasa gedirdik. Birdən yol uçdu. Hamımız töküldük quyu kimi dərin bir yarğana. Əmim də lap dərinə düşdü. Nə qədər ora-bura əl atsaq da çıxa bilmədik. Birdən yarğanın başında bir nəfər peyda oldu. Cavan adam idi, bir suyumu elə bizim bu Nazərə oxşayırdı. Bir göz qırpımında əlini uzadıb hamımızı çıxartdı.
Allah çin eləsin yuxunu, qızım.- Gülbahar alqış elədi,- Yaxşı yuxudu. Allah ermənilərin cəzasını özü versin. Yazıq kişi heç kəsə bir yamanlığı keçməyən adam olub. İnşallah, bu dardan da qurtarar.
Dostları ilə paylaş: |