Müttəhim:
Yalandı, mən heç kəsin haqqını yeməmişəm! Nə çərənləyirsən?
Hakim:
Yaxşı, səs salmayın! Buyursun Vicdan!
Vicdan: (ağır-ağır, utana-utana ayağa durub irəli gəlir)
Möhtərəm hakim! Mən xəcalət çəkirəm. Düzünə qalsa, məni burada danışdırmağın heç yeri də deyil. A kişilər, ay sizin başınıza dönüm! Bu adam özü dünən ölüb, bu gün gətirib burada mühakimə edirsiniz. Mən yazıq düz 30 il bundan əvvəl ölmüşəm! Bir-iki dəfə ona dedim ki, millət acından batır, sən niyə hakimiyyətindən sui-istifadə eliyib bu qədər acgözlüklə pul, var-dövlət yığırsan. Qoy bu yazıq millət də dolansın da! Onda o, mənim başıma elə bir qapaz vurdu ki, gözlərim tutuldu, daha heç nəyi görə bilmədim. Nə qədər qışqırmağa çalışdım, səsim çıxmadı. Bax elə o vaxtdan da mən ölüyəm. (oturur)
Hakim: (müttəhimə)
Hə, nə deyirsən? Sözün var yenə də?
Müttəhim:
Böhtandı, uydurmadı! Hamısını inkar eliyirəm!
Məhkəmə katibi:
Möhtərəm hakim, icazə verin ədalət maşınını işə salaq. Hər şey orada lentə alınıb saxlanılır.
Məşvərətçilər:
Düzdü, doğrudu, qoy işə salsın!
Hakim:
Birinci şikayət üzrə maşının düyməsini bas görək nə göstərir. (Məhkəmə katibi düyməni basır, müxtəlif səslər, işıqlar oynaşır, səhnə qaranlıqlaşır. Şəkil dəyişir)
II Şəkil
Zalım şahin qəbul otağı. Şaha layiq bəzədilmiş otaqda Zalım şah taxtda əyləşib. İki nəfər qaravaş onu yelpikləyir. Zalım şah əlini əlinə vurub katibəni çağırır.
Dostları ilə paylaş: |