Əli Kərim üslubu, yaxud



Yüklə 207,54 Kb.
səhifə1/22
tarix03.01.2022
ölçüsü207,54 Kb.
#36098
  1   2   3   4   5   6   7   8   9   ...   22

Cavanşir YUSİFLİ

Əli Kərim üslubu, yaxud

fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış

Giriş əvəzi

Böyük Azərbaycan alimi Əhməd Cəfəroğlunun “Seçilmiş əcərlər”ində maraqlı bir məqalə var: “Qaraxanlılar dövrü türk ədəbiyyatı”. Bu məqalədə X əsrin sonlarına doğru müstəqil dövlət quran Qaraxanlı türklərinin Orta Asiya türk qövmlərinin bəzilərini öz idarələri altına aldıqdan sonra bu dövlətin banisi kimi tanınan Satuk Buğra xanın 950-ci ildə islamiyyəti qəbul etməsi nəticəsində onun hakimiyyəti altındakı ərazilərdə həm də islam-türk dövlətinin yaranmasından danışılır. “Coğrafi baxımdan Şərqi Türküstan və Mavərinnəhri də öz idarəçiliyinə tabe edən bu dövlət etnik tərkibi etibarı ilə olduqca fərqli və müxtəlif türk uruq və boylarını öz içərisinə almışdı. ....Bu baxımdan türk Qaraxanlı dövləti həmin dövrdə Orta Şərq türklüyünün ən yüksək və oturuşmuş dövlətinə çevrilmişdi. Bu dövlət təəssübkeşlik hissinə qapılmadan sahibi olduğu çöl mədəniyyəti ilə yerli mədəniyyəti qarşılıqlı şəkildə tamamlayaraq qonşu uyğur və türk-İran mədəniyyətindən də kənarda qalmamışdır. Nəticədə türklər də öz mədəniyyətlərini və dillərini başqalarına aşılamaq baxımından qonşularından geri qalmamışdılar. Belə ki, ortaq mədəniyyətin meydana çıxması və formalaşması Balasaqun və Qaşqarla bərabər Qaraxanlı türk ölkəsinin tərkib hissələrindən olan Sır-Dərya boyunda özünü daha aydın şəkildə hiss etdirmişdir”1. Cəfəroğlunun fikrincə, türk dili və ədəbiyyatının bu keçid dövrünün qarışıq mədəniyyəti yeni təşəkkül tapan və yayılmağa başlayan türkdilli klassik ədəbiyyatı tamamilə öz təsiri altına almaqda idi. Müəllif o dövrün şəraitini analiz edərək belə bir nəticəyə gəlir ki, “belə bir vəziyyətdə müsaid siyasi və tarixi səbəblərin də yardımı ilə nüfuzunu daha da genişləndirən islamiyyət istər-istəməz hələ Göytürklər zamanından başlayaraq türklər arasında ənənə halına gətirilən milli tarix yazma, millətə xitab etmə, millətlə dərdləşmə və sair kimi milli ruh özünəməxsusluqlarını aradan qaldırmış, əvəzinə isə yeni inanc və ənənələr yerləşdirməyə başlamışdı”2.

Görkəmli filoloqun təsvir və analizləri göz önünə alınan olduqca mürəkkəb siyasi və ictimai şəraitdə baş verən prosesləri çox dəqiqliklə nəzərə çarpdırır. Məqalənin məntiqi diktə edir ki, bu mürəkkəb formalaşma və ya keçid - mədəniyyətlərin bir-birinə keçdiyi, ortaq dəyərlərin və bunların əsasında sırf milli düşüncənin yarandığı dövrdə əsas ötürücülər - bir millətin mədəniyyət düşüncəsini olduğu kimi gələcəyə ötürən nümunələr yaranır və bunlar tarixi inkişaf boyunca generator rolunu oynayır. Bəzən bir qılınc üzərində, bəzən adicə metal parçada həkk edilən, xalqın sevdiyi, mütləq gələcəkdə oxunmasını istədiyi misralar, adicə didaktik ovqatı ifadə edən anımlar sonradan ən qiymətli məxəzə çevrilir. Və bu gündən tarixə baxdıqda həmin misraların qılınc, yaxud teşt üstünə yazılması anı az qala bütün tarixi əvəz edir. “Yusif Has Hacib, Ədib Əhməd və nəhayət, Əhməd Yəsəvi kimi seçkin şairin didaktik mahiyyətli yaradıcılığı təbii ki, sonrakı ədəbi nəsillərə təsirsiz ötüşə bilməzdi. Xalq ruhunu oxşayan bu hikmətlərdən insanların hiss və düşüncələrinə daha yaxın olanları təkcə kazğız üzərində qalmamış, digər yaradıcılıq sahələrinə də təsirini göstərmişdir. Həmin müəlliflərin əsərlərindən ayrı-ayrı beyt və misralar xəttatlar tərəfindən teşt, tabaq, güyüm, qalxan və məişət əşyaları üzərində həkk edilmiş, bu yolla da həm tətbiqi sənət nümunələri kimi cəmiyyətin zövqünü oxşamış, həm də təsəvvüf fikirlərinin daha geniş dairədə yayılmasına yardımçı olmuşdur. Bir çox araşdırmalarda Saraycıq teşti adı ilə tanınan bir teşt üzərində həkk edilmiş iki beyt klassik ədəbiyyat havasının uzun zaman Orta Asiya insanları arasında yaşamasının qüvvətli dəlili kimi diqqəti çəkir. 1909-cu ildə aparılan arxeoloji qazıntılar zamanı tapılan bu teşt üzərindəki beytlərdən biri “Kutadqu-bilik”dən, digəri isə şəkil və məzmun baxımından ona yaxın olan digər naməlum əsərdən alınmışdır.”3
Əli Kərim üslubu

Əli Kərim Azərbaycan şeirində qəribə və izahı hələ də sürən hadisələr yaratdı. Və zahirən nə Səməd Vurğuna, nə də digər şairlərə bənzəməyən bu poetik sistemdə ənənə özünü tapdı, özünü tam potensiyası ilə ifadə etdi - Azərbaycan poeziyasında yeni mərhələ başladı: söz təkcə deyilmək, insanları həyəcanlandırmaq, onu başqa aləmlərə aparmaq ...üçün yox, həm də dərinliyi göstərmək, zahirən nə qədər gözəl, göz oxşayan, mütəəssir edən olsa da, daxildə dünyanı, necə deyərlər "vurub-çıxmaq", təhlil etmək, onunla oppozisiya yaratmaq üçün idi. Yəni, üfüqi xətt - üfüq nə qədər gözəl və cazibəli olsa da, onu kəsən çarpaz "çağdaş Azərbaycan poeziyası" deyilən mətnin tam təsəvvürə gətirilməsi üçün zəruri idi. Əli Kərim böyük bir nəhrin, mürəkkəb bir vəziyyətin içində aydınlıq yaratmaq, bu vəziyyəti yerbəyer etmək üçün gəldi; o mənada ki, nəhrin içinə süzülən bir damla bəzən hər şeyi yerli-dibli dəyişdirir, onun taleyində müəyyənləşdirici rol oynayır.



Ən yaxşı şeirlərində nə var? – bunu demək və bəlləmək o qədər də asan deyil. Ona görə yox ki, onun təqdim etdiyi mətndə informasiyanın tipi quruluşca mürəkkəbdir, dərhal izaha yatmır, yaxud bir neçə mənbədən gəlməklə, dərhal qiymətləndirmə işini çətinləşdirir. Ona görə ki, bu bədii aləm həm son dərəcə ənənə ilə bağlı, həm də ənənəni çarpaz kəsən işarələrdən hörülmüşdür. Ənənə və ənənəni çarpaz kəsən işarələr Əli Kərim yaradıcılığında xüsusi tənasübdədir, onların bir-birinə nisbəti sözü deməyin, sözün içindəki təlatüm və sükutu göstərməyin əlahiddə mövcudluq formasıdır, yəni, Əli Kərim şeirində obraz, metafora ənənəvi libasını dəyişir, həyatdan, gerçəklikdən, gerçəklik haqqında sözdən yüksək mövqeyə yüksəlir, məhz bu poeziyada, poetik sistemdə “Azərbaycan ədəbiyyatı” adlanan mətn öz-özü ilə mübahisə etməyə başlayır, poetik mətləbi göstərməyin, ifadə etməyin mürəkkəb, eyni zamanda indiyə kimi işlənməmiş üsulları sınanır – yeni ifadələr və obrazlar, sadəcə görüntü, göy qurşağı deyil, bunlar böyük və mürəkkəb bir metaforanın komponentləridir. Bu komponentlərin gücünə bütün ənənə - indiyə kimi deyilən mətləblər bir nöqtəyə, bir iynənin ucuna cəm olur – hər şey bu nöqtənin içində yenidən mənalanır. Dünya poeziyasında bu tipli hadisə adətən istənilən milli ədəbiyyatda poetik ənənənin yüz illər boyu bir arealda konsentrasiyası zamanı baş verir, yığılma, toplanma, poetik informasiyanın iç-içə, lay-lay toplanması bədii mətni mahiyyətcə gerçəklikdən ayırır, onların – bu iki səviyyənin arasında qəribə bir nüfuzetmə olayı yaranır. Məhz bu zaman adı çəkilən sıx konsentrasiyanı “səpələmək”, hər şeyi qaydaya salmaq baxımından indiyə kimi olub-keçmiş bütün təcrübə bir daha yeni obraz və metafora bazasında təbəddülatdan keçir – bir şairin, bir yazıçının poetik sistemi daxilində. Diqqət edilərsə, Əli Kərimdə, onun ortaya qoyduğu obrazlarda sanki başqa bir dinamika var, bu hərəkət tərzi həm keçmişdən, həm də gələcəkdən qəti şəkildə fərqlənir və məncə bu fərq hələ uzun müddət toxunulmaz qalacaqdır. Hansı mənada? Ona görə ki, bu poetik sistem milli ədəbiyyatda suqovuşandır, bütün meyl və tendensiyaların baş-başa gəldiyi, öz-özünü təhlil və təhdid etdiyi bir yerdir. Əli Kərimin əksər şeirlərində Azərbaycan poeziyasının müxtəlif mətnləri arasında həm açıq-aşkar, həm də virtual-daxili səsləşmələr, bir-birini tamamlama, çağırma və bir-birini dəf etmə nüansları eşidilir. Həm ən yaxın müasirləri, həm də uzaq sələfləri, ənənədaşları arasında. Bu mənada onun Füzuli və Nəsimi haqqında şeirləri sadəcə ithaf yazıları, onların obrazlarını şeirə gətirməkdən ibarət deyildir. Diqqət edilərsə, bu şeirlərdə hər iki məqam – milli ənənənin mətnləri arasında qovuşma və dəfetmə məqamları daha qabarıqdır. “...Dünya səni qocaltdı, yaşıdın olsun deyə”, - bir az müasir formada üslub, deyiliş tərzi elə bil ki, Füzuliyə aiddir, ancaq diqqətlə baxıldığında məhz bu məqamda Füzuli qəlibinin dağıldığını görərik, yəni, bu artıq “...fələklər yandı ahimdən” deyimi deyil – Füzuli bütün divanın məğzini bir deyimin içinə cəmləyir və praktiki olaraq bütün qəzəllərində məhz buna cəhd edir, bu işi reallaşdırmaq istəyir, kapsam, əhatə dairəsi geniş, sonsuz götürüldüyündən hər bir qəzəlin hər bir beyti müstəqil şeir kimi yazılır. Hər bir bəndə böyük bir tikili kimi yanaşma, onu bir neçə sözlə inşa etmə və həm də kənardan baxış bucağı saxlama – bütün bu niyyətlər və perspektivlər qəzəlin özü-özünə keçidini, mətnə başqa sözlüyün və münasibətin daxil olmasının qarşısını alır. Burada başlanğıcla son arasında məsafə o qədər kiçilir ki, onları bir-birindən fərqləndirməyə lüzum qalmır, - nəticədə bütün qəzəlin mətni hər bir beytdə həm başlayır, həm də başa çatır, bu mənada “fələklər yandı ahimdən” deyimi bütün bu hərəkətlərin cəmidir, onlardan hasil olan nəticədir – qəzəli bütövlükdə əvəz edən ifadədir. Hər bir qəzəlin içində onu əvəz edə bilən bir deyim-poetik struktur var və bunsuz qəzəl tam, bütöv mətn sayıla bilməz. Əli Kərim adı çəkilən şeirində həm bu mənzərəni verir (...Dərdə şərik dərd özü, sükut suala cavab // qranit dağlar belə gətirməzdi buna tab, Füzuli o, nə dövran! Gördülər yanır insan, yanana od verdilər // Füzuli, o, nə kədər!- gördülər donur insan // donana buz verdilər), həm də bu “mətnin” bətninə yad münasibəti yeridir, onun daxilində müxtəlif münasibətlərin baş-başa gəlməsini təşkil edir.

Yüklə 207,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin