Gəzirəm, seyr edirəm elə daşı, torpağı// İllərlə dəyməmişdir ora insan ayağı// Gəzirəm elə məyus, dərdli xərabələri // ora heç kim getməmiş düşmən qaçandan bəri... Mən də hərdən bir insan kimi, tənhalıqdan, nədən, daha nələrdən bezib və darıxıb da illərlə ayaq dəyməyən «xam torpaqlarda» azmaq istəyirəm. Heç bir tanış adam görməyim, şəhərdə gördüyüm yad adamların bir yerə yığışıb nə etmək istədikləri heç assosiativ şəkildə də mənə bəlli olmasın. Toporov bu söhbətimizə dəxli olmayan bir yazısında20 (...Aptekarskiy ostrov kak qorodskoe uroçihe) doğru buyurur ki, bəzən ... fizika metafizika ilə toqquşur, baş-başa gəlir və bu zaman irreal aləmə vəhşi meyllə torpağa, yerə məhəbbət arasında uçurum yaranır. Ayrılıq şırımı getdikcə artır, dərinləşir. Toporovun sözlərinə görə, bəzən təbiətin mədəniyyət üçün qida mənbəyi olduğu məqamlar da tükənir. Ruhumuza tanış olan bütün duyum və deyimlər duman içindən çıxırmış kimi yeni rəng və çalar kəsb edir. Bu məqam – ruhda gedən təbəddülatlar içində, bu son dərəcə qızğın və amansız qovğanın ağuşundaca ... sözün, qəribə gəlməsin, öz libasını dəyişməsi hadisəsi baş verir. Ruhumuza çilənən hava dəyişən kimi sözlər də yenidən doğulurmuş kimi, insanı dərindən dərinə sarsıdır, yerindən oynadır. Toporovun adını çəkdiyimiz məqaləsində Blokun bir neçə şairlə söhbətlərindən fraqmentlər verilmişdir. Söhbətdə iştirak edən şəxslərdən biri bu məqamları izləyir və yazır. Onun mətndə işlətdiyi «qlubokiy» sözünü qəribə deyil ki, elə həmin münasibətlə Blokun özünün gündəliyində həmin görüşlə əlaqədar işlətdiyinin şahidi oluruq. Ancaq birinci mətnin müəllifi bu sözlə vurğunluğu, insanın insana birdən bağlanmasını ifadə etsə də, Blok qəribədir ki, bu sözlə daha çox yorğunluğu, dünyadan bezməyi və s. göstərmişdir. Sözün öz içindəki «məna, semantika uçurumları», burada doğma və yad sahillərin olması... ruhumuzun bizdən aralı düşüb, bizimlə kosmik əlaqədə olan ərazisidir. Bu şerdə (Əli Kərimin şeirlərində) sözlərin və əşyaların eyni andaca bayaq təsvir etmək istədiyim dumanın (səhər çağı) içindən süzərək birdən aydınlığa çıxması, xüsusi bir varlıq kimi görünməsi hər bir misrada obrazın qətrə-qətrə yaranma prosesini nümayiş etdirir. Bu şer görüntüdür, irreal nəsnələrin vizuallığın dilinə köçürülməsi (daşınması-!), nəticədə isə dürlü-dürlü bənzətmələrə varmayıb hərəkətin özünün canlandırılmasıdır. Şeirdə obrazın «hərəkəti» çox şeydir, böyük mətləbdir, bizə bəlli olmayan nəsnələrin əhəmiyyətli bir hissəsinin aşkarlanmasıdır.
Vaxtilə böyük şair Rəsul Rza o zaman gənc olan Vahid Əziz haqqında yazısında sözün yaxşı mənasında qəribə ifadələr işlətmişdi. Məqalə qarşısıalınmaz bir heyranlıqdan ibarətdi. Gənc şairin doğrudan da dipdiri obrazlarını, könül yaralayan misralarını (şeir həmişə yaralayır və yara üstünə gəlir, yaranın qaysağını qoparır...- Jak Derrida) misal çəkir və gözlənilmədən deyir: bu mənim yurdumun övladıdır! Əli Kərimin şeirlərini oxuduqdan sonra da insanda belə bir təəssürat yaranır. Əli Kərim fərdi üslubu, belə demək olarsa, maqnit sahəsi kimi yaratdı – hər şeyi mistik dərinliyin əngilliyinə çəkdi, poeziyada, ədəbiyyatda uzandıqca uzanan imitasiyalara son qoyuldu, qafiyəpərdazlığın, əl havasına şeir yazmağın yolunun üstünə şlaqbaum qoyuldu, çağdaş Azərbaycan poeziyasının müasir dünya prosesinə inteqrasiyasında Əli Kərimin böyük rolu oldu – nəzərəçarpacaq dərəcədə. Müşfiqdən, Səməd Vurğundan və Rəsul Rzadan sonra (həm də Rəsul Rza ilə bərabər) milli poeziyanın öz kontekstinə qayıtması həm də Əli Kərimin hünəri sayəsində baş tutdu. Təsəvvür edin: Babək, Nəsimi, Füzuli, Xətai... haqqında nə qədər qiymətli əsərlər, az qala dünyanın ən ağıllı, ən işıqlı nəsnələrini içinə yığan əsərlər yaranmışdı. Obrazlar, müqayisələr, təşbehlər... uzandıqca uzanırdı, bu şəkildə, bu qaydada ədəbiyyatın özü sanki yadda qalmaq üçün deyilən parlaq sözlərə çevrilirdi. Bu hal ən parlaq şəkildə Ə.Məmmədxanlının «Babək» romanında hiss olunur. Hər şey axıb-axıb bir ibrətli kəlamın içinə yüyürmək istəyir, qarşısıalınmaz şəkildə – bu tendensiyalar nə qədər gözəl olsa da, üslub hərc-mərcliyi yaradır. Əli Kərim, yuxarıda dediyimiz kimi, üslubu maqnit sahəsi kimi yaratdı, hər şeyi dərinə çəkdi, sözlə usandırıcı oyuna son qoydu. Üslub mistikası – hamını cazibə sahəsində saxlayıb, var gücü ilə hamını onun kimi yazmaqdan uzaqlaşdıran üslub, ədəbi prosesə kənardan təsir göstərmək modeli ilk dəfə Əli Kərim poeziyası ilə doğuldu və faktlaşdı.
Əli Kərim ən hikmətli, görk olacaq nəsnələri də şerin diliylə elə söyləyirdi ki, heç bir təsadüfdə didaktika təsiri bağışlamırdı, didaktikaya çəkmirdi, insanı düşüncələrə daldıran hikmətli söyləmələrin apardığı mənzildən də uzaqlara çatdırırdı, belə olduğu üçündür ki, uyğun hikmətli söyləmələr də can atıb bu şerin nüvəsinə, görünməyən materiyasına qovuşmaq arzusuyla çırpınırdı. Ancaq bu şerin dayanıb, ayaq saxlayıb gözləyəsi bir şey yoxdu – onun bağrının başında göynəyən arzusu üfüqlərdən o yana yetişməkdir. Bu mənada Əli Kərim gələcəyin şairidir.
Əli Kərim üslubunun ən mühüm xüsusiyyəti polifoniyadır, çoxsəslilikdir, insanın tanıdığı dünyanın sınırlarını onun gözündə böyütmək, genişləndirməkdir. Adətən hər bir istedadlı şair obrazıyla tanınır, intonasiyası ilə seçilir - bax, bu ifadəni bu biçimdə məhz o işlədə bilərdi və sair və ilaxır. Seçilmədən, tanınmadan sonra qəlibləşmə gəlir, - bu, o deməkdir ki, məhz bu obrazı, bu intonasiya modelləri ilə tanınan şair gec-tez bu obrazlara uyğun dairənin içinə düşür. O anlamda ki, başqalarından seçilsin, başqalarının yaratdığı dairəni “kəssin”, dünya ilə münasibətlərin bu şəkildə qurulması dairəni alınmaz qalaya çevirir, qələm anidən hərəkət nöqtəsinə qayıdır, illər keçəndən sonra məlum olur ki, o, əslində yüz illərdir bir əşyanın konturlarını cızırmış. Ən istedadlı qələm sahibləri də bu dairənin içinə düşən kimi primitivləşir, yazan adamın özünün özündən fərqi qalmır. Bunun, bu vəziyyətin özü üslubi keyfiyyətdir, insan xarakterinin yazını, yazı tərzini idarə etməsidir.
Əli Kərim yaradıcılığında yazı tərzini diktə edən xarakter yoxdur, çoxsəslilik var, bu üslub məkanı təkcə dairələrdən yox, düz, əyri və bir-birini kəsən xətlərdən ibarətdir, həm də bu formada: üfüqi xətt varsa, onu şaquli istiqamətdə kəsən mətləblər, nüanslar, adi gözlə sezilməyən cizgilər var, həm də: heç bir manifest, poetik qayə açıqlamadan yeni poetik sistemi açıqlayan komponentlər sırası var və bütün bunlar zaman keçdikcə açılır, şaxələnir, yeni mənalar qazanır.
Biz artıq bir dəfə digər Azərbaycan sənətkarlarında olduğu kimi, Əli Kərim yaradıcılığında da barokko üslubunun ifadəsindən bəhs etmişdik. XVII əsr ispan ədəbiyyatında yaranan Barokko üslubunun fəlsəfi əsasını sonsuz dəyişiklik və dünyanın daimi dəyişməsi ideyası təşkil edir. Adi nəzərlə baxdıqda bu ideya hər hansı poetik sistemi izah etməyə heç bir açar vermir. Bu ideya nəzəri baxımdan Blez Paskal, Benedikt Spinoza və digər mütəfəkkirlərin yaradıcılığında formalaşıb. Doğrudan da yer üzündə daimi heç nə mövcud deyildirsə, hər şey hərəkət girdabındadırsa, demək gözəllik də nisbidir. Yəni, gözəllik haqqında anlayış da dəyişkəndir, hətta: gözəllə gözəl olmayan arasındakı fərq çox adi bir detalda ehtiva edilib. Paskal yazırdı ki, Kleopatranın burnu bir balaca nazik olsaydı, bütün yer kürəsi başqa formada olardı. Doğrudan da, “bu kimi xırda, diqqət cəlb etməyən şeylər belə mövqeyə malikdirsə, demək, onlara diqqət qanunauyğun şəkildə artacaq, onlar bədii obrazın içini dolduracaqlar – barokko üslubu da elə belə yaranır. Bu üslub əvvəlcə XVII əsr rəngkarlığı, heykəltəraşlığı və memarlığında yarandı. Ədəbiyyatda barokko xarakterli üslubi hadisəyə emosionallığı, dinamizmi, ziddiyyətliliyi, metaforikliyi, baxış plüralizmini, əşyaların qarışdırılmasını aid etmək olar, yəni intibahın asan və aydın üslubundan fərqli olaraq barokko “çətinliyi və mübhəmliyi” ilə seçilir”21 (P.F. Podkovırkin. “XVII əsr İspan ədəbiyyatında mübhəm və çətin üslub”). Müəllif daha sonra fikrinə davam edərək yazır ki, dünyanın dəyişkənliyi ideyası müxtəlif şəkildə ifadə edilə bilər. Əgər dünya belə daimi deyildirsə, insan baş verənlərin mahiyyətini qaçılmaz şəkildə anlamayacaq, əli həqiqətə çatmayacaq, insan yalnız pərakəndə halda dağılan hadisə, əşya, səs və rənglərin sonsuz məcmusunu görür, Başqa sözlə, bu baxışla dünya dərk edilən olmur. ədəbiyyatda belə bir dünya duyumu mürəkkəb metaforalarda, ziddiyyətli məntiqdə, paradokslarda, perifrazlarda əks edilir. Ancaq dəyişikliklə bağlı bu ideyanı başqa formada da ifadə etmək olar: həyatın sürətlə axması pessimist şəkildə dərk edilməməlidir, həqiqəti dərk etmək mümkündür, ancaq bu qədər kiçik, əhəmiyyətsiz və təsadüfi hadisələrin içiylə onu tapmaq son dərəcə çətindir. Dünyanın mahiyyətinə bu baxış ədəbiyyatda mürəkkəb obrazların, iti müşahidəyə əsaslanan müqayisələrin, tapmaca, dərin mənalı paradoksların yaranmasına rəvac verir.
*** Bir anlığa Əli Kərimin poemalarını, balladalarını, xüsusən «Şəhidliyin zirvəsi» və «Üçüncü atlı» poemalarını yada salın. Əli Kərimdə metafora hərəkətin ötürülməsinin, tamlıq, prosessuallıq effektinin yaradılmasının vasitəsinə çevrilir. Şübhəsiz ki, Əli Kərimlə Ramiz Rövşənin bədii dünyagörüşləri və poetik təfəkkürləri arasında obraz strukturu və metafora quruluşu, metaforanın hərəkəti təcəssüm etdirmə mexanizmi baxımından prinsipial fərqlər mövcuddur. Əli Kərimin obrazlarında metaforik düşüncənin açılması sona qədər, bir düz xətt boyunca davam edir, o məqama qədər ki, təsvir obyekti son hüceyrəsinə kimi işıqlansın, işıq düşən yerdə görünməyən, vizual təsir bağışlamayan bir nöqtə qalmasın. Əli Kərimdə məkan görüntüsü çox aydın vizuallıqla şərtlənir, Əli Kərim bütün poetik əməliyyatları, necə deyərlər, vizual görüntüsü olan məkan üzərində aparır, Ramiz Rövşəndə isə yuxarıda gördüyümüz kimi obrazın görünmə, vizuallaşma sxemi tam fərqlidir, bu fərqi uyğun şəkildə aşkarlamaq üçün bu poetik sistemdə ritm-metafora münasibətlərinin anatomiyasını öyrənmək vacibdir.
Meşələrdən üzü bəri
Nə yürüyür bu yalquzaq?
Görən kimi deyib gəlir?
Səndən uzaq!
Məndən uzaq!
...Onu kim saxlar yolundan?
Yerin-göyün yiyəsidi.
Dəstəyi Allah əlində
Bir bıçağın tiyəsidi.
Nə yarı var, nə yoldaşı,
Görən-görən uzaq qaçır.
Dünyanın bəyi-bayquşu
Bir tənha yalquzaq qaçır22.
Əli Kərimlə Ramiz Rövşən arasında poetik dünyagörüşü fərqləri poemaların kompozisiya tiplərində də üzə çıxır: Əli Kərimdə «müəllif obrazı» Ramizdə olduğu qədər «oyaq», istənilən məqamda hadisə axarında olmaq, daim nəbz kimi çırpınma (...döyünmə-!) xüsusiyyətinə malik deyildir, Əli Kərimdə bu obraz, belə demək olarsa, məqamında, çox nadir hallarda qalxıb-enən civə sütununa bənzəyir, Əli Kərimdə məkan – metonimik ayrıntılar hər şeyi özünə çəkir, Ramiz Rövşəndə metaforanın açılması və müəyyən takt daxilində, bu taktlar bitdikdən sonra içinə yığılması hər şeyi üzə çıxarır, səthdə, müstəvinin üzərində görsətmək istəyir. Diqqət yetirin:
Hara qaçır?
Kimdən qaçır?
Ayaq açan gündən qaçır.
Nə dini var, nə məzhəbi,
Hər məzhəbdən, dindən qaçır.
Sürü-sürü canavarlar
Dolaşır dərəni-dağı.
Onun da qisməti budu:
Azadlığın tənhalığı.
Bu cəhətlər o qədər üzdə, ən çox görünən səthdə cərəyan edir ki, adama elə gəlir ki, məzmun da ritmin, metafora şərtiliyini qazanmış ritmin içindən çıxır. Bu məqamda Alfons Dodenin «Ağrı» hekayəsində belə bir misalı çəkmək yerinə düşərdi: həyat və ölüm içimizdə əbədi qovğadadır, onların gücü təqribən eynidir. Alfons Dodenin hekayəsi ilə «Canavar ovu» arasında süjet eyniliyi, semantik çalarların uyğunluğu olmasa da, janrları fərqlənsə də, içimizdə əbədi qovğada olan həyat eşqi və ölümün gücünün təqribən eyni olması fikri hər iki əsərin bətnindən çıxan mahiyyəti açıqlayır; belə ki «Canavar ovu»nda bütün obraz və metaforalar – bütövlükdə metaforik düşüncə qatı hər şeyin əvvəl-axır bir bətnə yığışması, bir canda olması perspektivini qabarıqlaşdırır; dağda-dərədə sürü-sürü gəzən canavarlardan ayrılan YALQUZAQ
Dostları ilə paylaş: |