Çilənəndə yağış,
ələnəndə qar
Gah yerə baxıram,
Gah da ki, göyə
Yağır qəlbimdəki bir xatirəyə
O zaman gözündən tökdüyün yaşlar.
Ağlatdım səni mən! Nəyə gərəkdir!
Demirəm bağışla, ya gül üzümə.
Onsuz da çəkdiyim bəsdir özümə,
Bağışlamağımsa yersiz bəzəkdir.
Sanıram göz yaşın sularla birgə
Hər il qanadlanıb uçur göylərə
Gah yağışla birgə, gah qarla birgə
Qayıdır üstümə, qayıdır yerə.
Göylərə baxıram. Artır qubarım;
Baxıram canlı bir intizar kimi.
Yağar gözlərimə o göz yaşların
Bəzən yağış kimi, bəzən qar kimi18.
Bu – Əli Kərimin yağışıdır, kəsmək bilmir...
Bu görüntü şeirdə sözsüz ifadə edilmişdir, metaforanın dünyanı əl içinə yığıb-yığışdıran gücüylə metonimiyanın məkan keçidləri, bu ikisinin kəsişmə məqamında sözə gəlməyən, sözü yaddan çıxaran, məkanın və zamanın iç-içə geydirilmiş qatlarını bir-bir açıb göstərən, bu ardıcıl hərəkətlərlə sözün içindən çıxıb hər şeyi sükutun, dinməzliyin diliylə ifadə edən laylar, rənglər, rəng qatışıqları – bitib-tükənməyən duyğular... Qədim poeziya aləmində sözlə oynamaq, sözün min bir rəngini göstərmək təzə şey deyil, ən çətini bu şəkildə sözsüz yazmaqdır, sözü «dəf edərək» predmetə çatmaq, onunla oynamaqdır.
Sözsüz şeir yazmaq auditoriyasız, çölləmə oxumağa bənzəyir. Hansı mənbədən oxuduğumu unutsam da, böyük bir əsərin mahiyyəti yadımda bu şəkildə qalıb və mən elə bilərəm ki, indi oxuyacağınız cümlələr Əli Kərimin şeirlərinin fəlsəfəsini yaxşı ifadə edir: onlar oxuyurdular, nə üçün oxuduqlarını bilmədən oxuyur, zümzümə edirdilər, ancaq hərdən bu səsin içindən oxumağın və oxuyaraq xoşbəxt olmağın mənbəyi görsənirdi...
Bu mənada, Əli Kərimin şeirdəki «nitqi» onun yaşını müəyyənləşdirməyə qəti imkan vermir, bu nitq gah sadəlövh uşağın dünya haqqında kamil təsəvvürlərinə, gah da ixtiyar və müdrik bir qocanın uşaq sadəlövhlüyünü andıran sözlərinə bənzəyirdi. (Psixoanaliz hansı böyük nailiyyəti əldə edir-etsin, onun bir mühiti var: pasientin nitqi. (Jak Lakan). Bəlkə bu ona görə belədir ki, Əli Kərimin nitqi həmişə pıçıltı şəkilində, özü də kadr arxasından gəlir. Nəyisə nişan verir, getdikcə «süzülür», şərtiləşir, ən alçaq tonla eşidilməyi kifayət edir ki, Kürə yağan yağışın min bir rəngi görünsün, bu mənada Əli Kərim həmişə «dərində» - sözün, nitqin – öz nitqinin, sintaksisin dərin qatlarında gizlənmiş şair təsəvvürü oyadır. Bu nitq həm də «görüntü aparatıdır», bir predmeti, nəsnəni, hadisəni görükdürmək üçün bu nitq hadisəsi həmin əşyaları hökmən əşyaların sərhədi üzərinə gətirir, o yerə, o məkana ki, burada bilinənlə bildirənin yeri apaydın görünmür, güc həmişə kadr arxasında dayanan nitqin üstünə düşür, bu qədər şeylər «qaralandan» sonra mətləb bütün parlaqlığı ilə görünür, canlanan mənzərə insanı sarsıdır:
Dostları ilə paylaş: |