2. Azərbaycan Respublikası Ali Sovetindən respublika prezidenti seçkilərinin daha sonrakı müddətə keçirilməsi xahiş edilsin.
3. Həmin qərar barədə SSRİ xalq deputatlarının qurultayına bildirilsin.
Naxçıvan MR Ali Məclisinin sədri
H.ƏLİYEV
Naxçıvan şəhəri,
04 sentyabr 1991-ci il.
“Varlıq” qəzeti, 1991, 8 sentyabr, № 10, s. 3.
NAXÇIVAN MR ALİ MƏCLİSİ SƏDRİNİN
B Ə Y A N A T I
Naxçıvan MR Respublikası Ali Məclisi 1991-ci il sentyabrın 1-də sentyabr ayının 8-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin Muxtar Respublika ərazisində dayandırılması haqqında qərar qəbul etmişdir.
Belə bir qərarın qəbul edilməsi üçün aşağıdakılar əsas olmuşdur:
A.Mütəllibov ölkədə hərbi çevriliş etmiş Dövlət Fövqəladə Vəziyyət Komitəsinin fəaliyyətini bəyənmişdir.
Prezidentlik vəzifəsinə namizədliyə yalnız Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi A.Mütəllibov alternativsiz əsasda irəli sürülmüşdür.
Yeganə müxalifət qüvvəsi olan xalq cəbhəsi təzyiq və qanunsuzluq şəraitində prezident seçkilərində iştirakdan imtina etmişdir. Seçki komissiyaları və məntəqələrinin üzvləri Kommunist Partiyası orqanlarının birbaşa göstərişi ilə təyin olunmuşdur.
Avqustun 19-da ölkədə hərbi çevriliş etmiş, Dövlət Fövqəladə Vəziyyət Komitəsinin fəaliyyəti ilə bağlı olaraq dövlət çevrilişində iştirakına və cinayət etdiyinə görə Sov. İKP MK-nın siyasi bürosu və Sov. İKP Mərkəzi Komitəsi buraxılmışdır. Sov. İKP MK siyasi bürosunun üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Ayaz Mütəllibov mənsub olduğu təşkilatla birlikdə bu cinayətlə bağlıdır və hər hansı bir seçkilərdə onun iştirak etmək hüququ yoxdur. Azərbaycanda Kommunist Partiyasının fəaliyyəti onun Mərkəzi Komitəsinin diktator rejimi davam etməkdədir.
1990-cı il yanvarın 19-da Bakıya qoşun yeridilərkən insan tələfatına səbəb olmuş hərbi təcavüzdə A.Mütəllibovun iştirakına dair təkzibedilməz mə’lumatlar vardır.
Azərbaycan Respublikasının Kommunist rəhbərliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Muxtar Respublika sakinlərinin iradəsinə hər cür təzyiqlər göstərilir. Ali Məclisin 1991-ci il sentyabrın 3-də keçiriləcək sessiyasının işinin pozulması məqsədilə Azərbaycan Kommunist rəhbərliyi heç bir əsas olmadan Ali Məclisin 40-dək deputatını, şəhər və rayon sovetləri icraiyyət komitələrinin sədrlərinin Bakı şəhərinə çağırılmasını təşkil etmişdir.
Sentyabrın 2-də Naxçıvan şəhərinə doqquz Azərbaycan Xalq deputatı, o cümlədən iki general və hüquq-mühafizə orqanlarının rəhbər işçiləri gəlmişdir. Bu deputatlar qrupu özünü Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim etməmiş, öz fikrini açıq şəkildə bildirməmiş və anlaşılmayan bir fəaliyyətlə məşğul olmuşdur.
Elə bu günlərdə məlum olmayan səbəblərə görə Azərbaycan Daxili İşlər Nazirinin müavini başda olmaqla Azərbaycan Daxili İşlər Nazirliyi işçilərinin böyük bir qrupu Naxçıvana gəlmişdir. Bütün bunlar bir daha inandırıcı şəkildə ona dəlalət edir ki, Azərbaycan Kommunist rəhbərliyi Respublikanın ali qanunvericilik orqanının fəaliyyətinə, onun əhalisinə təzyiq göstərməyə can atır və Naxçıvan Muxtar Respublikasında baş verən demokratik prosesləri boğmağa çalışır.
Bütün bu qeyri-qanuni hərəkətlərə etiraz edərək Sovet İttifaqının bütün demokratik təşkilatlarına, bütün demokratik beynəlxalq təşkilatlara, müstəqil jurnalistlərə müraciət edərək Naxçıvan Muxtar Respublikasındakı vəziyyətin obyektiv şəkildə öyrənilməsi üçün, xüsusən Azərbaycan prezidenti seçkilərinin keçirilməsi nəzərdə tutulmuş gün — sentyabrın 8-də öz nümayəndələrini Muxtar Respublikaya göndərmələrini xahiş edirəm.
Dostları ilə paylaş: |