6 sentyabr 1991-ci il. “Varlıq” qəzeti, 1991, 8 sentyabr, № 10, s. 3.
H.Əliyev — L.Petrosyan dialoqu Sentyabrın 10-dan 11-nə keçən gecə ermənilər Muxtar Respublika ərazisindən iki nəfər çoban və 2887 baş qoyun aparıblar. Buna cavab olaraq Ordubadda Yerevan-Qafan qatarı girov götürülüb. Sentyabrın 12-də Ermənistan Respublikası Ali Sovetinin sədri Levon Ter-Petrosyan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə zəng edərək parlamentin başçısı seçilməsi münasibətilə təbrik edib və sərhəd rayonlarında baş verən münaqişələri qarşılıqlı anlaşma və əməli danışıqlarla həll etmək niyyətində olduğunu bildirib. O, həmçinin Ermənistanla Naxçıvan MR arasında iqtisadi əməkdaşlıq məsələlərinə baxılması arzusunda olduğunu bildirib və şəxsi görüş keçirilməsinin mümkünlüyünü də qeyd edib. H.Əliyevdən sərnişin qatarının yola salınmasına kömək göstərməsini xahiş edib və əvəzində çobanların və qoyun sürüsünün qaytarılacağını vəd edib. Sentyabrın 12-də qatarda olan 46 nəfər qadın, uşaq və qoca sağ-salamat Yerevana yola salınıb, kişilər isə təhlükəsizliyi təmin edilməklə girov saxlanılıb. Sentyabrın 14-də Ermənistan Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasındakı danışıqlar nəticəsində 1300 baş davar qaytarılıb. Ter-Petrosyanın verdiyi məlumata görə, quldurluq etmiş dörd Ermənistan sakini həbs edilib və onlar haqqında cinayət işi qaldırılıb.
Ordubad dəmiryol stansiyasında Naxçıvan Muxtar Respublikası rəhbərlərinin Ordubad sakinləri ilə görüşü olub. Ordubadlılarla bir neçə saatlıq danışıqlar, L.T.Petrosyanla H.Əliyev arasında olmuş telefon söhbətləri nəticəsində razılıq əldə edilib.
Yerevan-Qafan qatarı saat 19.47 dəqiqədə Ordubaddan Qafana yola salınıb. Ter-Petrosyan telefonla bildirib ki, çobanlar Ordubad ərazisinə soxulmuş quldur dəstəsi tərəfindən öldürülüb. Ordubad rayon sakinləri və Naxçıvan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan əməliyyat axtarışı nəticəsində öldürülmüş çobanların — Xəlil Xəlilovun və Əşrəf Cəfərovun cəsədləri sentyabrın 14-də axşam Ordubadla Qafan rayonlarının sərhəd zonasından tapılıb.