MƏNƏVİ DAYAQ LAZIMDIR
Hörmətli oxucu, ötən il nəşrə başlayan “Ağrıdağ” qəzetinin səhifələrində yəqin ki, bir neçə dəfə “Şərq qapısı” qəzetində çap edilmədiyi üçün biz bu yazıya öz səhifələrimizdə yer veririk” sözləri ilə rastlaşmısınız. Demokratik mətbuatımızın fidanlarından olan “Ağrıdağ” həqiqətən də cəsarətli yazıları ilə oxucuların diqqətini cəlb etmişdir. Bununla yanaşı qeyd etmək lazımdır ki, “Ağrıdağ” qəzeti də yuxarıda göstərdiyimiz “xəstəlik”dən kənara çəkilə bilməmişdir. Bu qəzetin kollektivi də müəyyən mülahizələr üzündən bəzi yazıları çap etməkdən imtina etmişdir. Həmin yazılardan birini aşağıda sizə təqdim edirik. Keçən ilin sentyabr ayında bu məqaləni qələmə alarkən nəzərdə tutmuşduq ki, onu “Ağrıdağ” qəzetində çap etdirək. Məqalə iki aya yaxın redaksiyanın qovluğunda qaldıqdan sonra, geri qaytarıldı. İndi qeyd etdiyim kimi həmin məqaləni sizə təqdim edirik.
Böyük Oktyabr Sosialist İnqilabından sonra nəinki din xadimləri, hətta dindarlar belə təqib olunmuşlar. Mən onları görməmişəm. Lakin kitablarda, qəzet və jurnallarda bu barədə oxumuşam, bir də yaşlı nəslin nümayəndələrindən eşitmişəm.
Dindarların 60-70-ci illərdə təqibi isə gözlərim qarşısında baş verirdi. Onlara nəinki dini mərasimləri icra etməyə imkan vermirdilər, hətta dinə meyl göstərənləri müxtəlif üsullarla sıxışdırırdılar. Əslində bu sıxışdırılan, təqib olunan adamların din haqqında bilikləri orta məktəb şagirdinin məlumatından da az idi. Yaxşı yadımdadır ki, fransız şərqşünası A.Massenin “İslam” kitabı Azərbaycan dilində çapdan çıxanda dindarlar necə sevinirdilər. Kitab əl-əl gəzirdi.
Əslində, bu adamlar ömrünün qürub çağını yaşayan, heç kimə pislik etməyən, əksinə hamını haqqa, ədalətə, düzlüyə doğru çağıran ağsaqqallar, ağbirçəklər idi. Onlar dini məişət ayini kimi qəbul və icra edirdilər.
Belələrinin təqib olunduğunu görəndə narahat olurdum. “Bəsdirin, dayanın!” — deyə bağırmaq istəyirdim. Başa düşə bilmirdim ki, ömrünün son illərini yaşayan el ağsaqqallarına, ağbirçəklərinə niyə mənəvi rahatlıq vermirlər.
Bu günlərdə yenə də həmin hissləri keçirirəm. Yaşlı kommunistləri, azsavadlı Sov. İKP üzvlərini, yəni marksizm-leninizm nəzəriyyəsinə yox, ciblərində gəzdirdikləri bir parça kağıza, üzvlük biletinə sadiq insanların taleyini düşünürəm.
Həmin insanların ki, onları qorxaqlıqda, cəsarətsizlikdə təqsirləndirmək olmur. Çünki ağır ömür yolu keçiblər. Əksəriyyəti İkinci Dünya Müharibəsində iştirak edib, ölümün gözünə dik baxıb. Hansısa yaxşı vəzifə tutmaq, özünə, ailəsinə güzəran qazanmaq üçün Sov. İKP sıralarına keçməyiblər. Marksizm-leninizm nəzəriyyəsi haqqında təsəvvürləri çox dumanlı olub. Amma daxil olduqları partiyaya sadiq olublar. Bu sədaqətdirmi, qorxu hissidirmi, kortəbii inamdırmı?
Ölümün gözünə dik baxmış, bu məğrur insanların ömür yolları, davranışları anlaşılmazlıqlarla doludur. Güllədən qorxmayan bu adamlar rüşvətxor, dələduz bir raykom katibinin nöqsanlarını gözünün içinə deməkdən qorxublar. Rəhbər vəzifələri (istər böyük olsun, istər kiçik) ələ keçirən hər bir şəxs onların adından danışır, qərarlar qəbul edir, göstərişlər verirdilər. Marksizm-leninizm nəzəriyyəsinə deyil, ciblərindəki “qırmızı biletə” sadiq olan bu adamlar isə susurdular. Yuxarının göstəriş və əmrlərini kor-koranə yerinə yetirirdilər.
Sıravi üzvlərin bu mütiliyindən istifadə edən rəhbər kommunistlər isə xalqın başına istədikləri oyunu açır. Qanuna hörmət etmirdilər. Hamının gözü qarşısında rüşvət verə-verə, yaltaqlana-yaltaqlana, ən yaxşı halda belə susa-susa vəzifə nərdivanları ilə yuxarılara qalxırdılar.
Ölkəni siyasi böhranın girdabına salandan sonra isə onlar yaxalarını məsuliyyətdən qurtarmaq üçün Sov. İKP-nin strukturlarını ləğv ediblər. Necə deyərlər, batmaqda olan gəmidən ilk qaçanlar kapitan və onun köməkçiləri olub.
Sov. İKP-yə inam, əqidə ilə deyil, adi məişət ayini kimi sədaqətlə xidmət edən sıravi kommunistlər yenə də susurlar. Onları bu günə salıb qaçanların yaxasından yapışmırlar ki, bizi qoyub hara gedirsiniz? Yuxarıda əyləşənlər isə əslində qaçmayıblar, bir yüksək kreslonu başqa bir kreslo ilə əvəz ediblər. Cəmi bir neçə ay bundan əvvələdək çoxminli kommunistlər ordusu adından alovlu nitqlər söyləyənlər bu gün kommunist partiyasının, kommunizmin ən barışmaz tənqidçisinə çevriliblər.
Azsavadlı, partiyaya deyil, ciblərində gəzdirdikləri “qırmızı biletə” sədaqətli, mən deyərdim ki, əksəriyyəti də yaşlı nəslin nümayəndəsi olan yüzlərlə insan isə mənəvi əzaba, əziyyətə düçar olub. Onları təqib edən, təhqir edən olmasa da başsız qalıblar. Çıxış yolunu isə tapa bilmirlər.
Yaşlı nəslə hörmət və ehtiram hamımızın borcudur. Odur ki, bu adamların taleyi ilə maraqlanmaq, ömrünün qürub çağını yaşayan həmin insanların mənəvi rahatlığını təmin etmək lazımdır.
25 sentyabr 1991-ci il.
“Şərq qapısı” qəzeti, 1992,
Dostları ilə paylaş: |