«Azadlıq» qəzeti, 1992, 11 avqust, № 96 (166), s.1.
Savaş soraqları: Həmin gün Naxçıvanın Sədərək qəsəbəsi də atəşə tutulub. 7 əsgərimiz yaralanıb. Dağıntı var.
“Azadlıq” qəzeti, 1992, 31 oktyabr, № 101 (201).s. 1.
10 gün İran zindanlarında
52 nömrəli Zeyvə (Şərur rayonu) seçki dairəsindən Naxçıvan MR xalq deputatı İlyas Abdullayev 10 gün İran zindanlarında yatdıqdan sonra Naxçıvana qayıtdı. Xalq deputatının zindana düşməsinin səbəbini öyrənmək üçün İ.Abdullayevlə görüşdük. Millət vəkili başına gələnləri belə nəql etdi:
— Kolxoz sədriyəm. Traktorçulara yanacaq aparırdıq. Xəbər verdilər ki, mal-qaranı Arazdan İrana keçirirlər. Maşını çayın sahilinə sürdüm. Nə sərhədçilər gözə dəyirdi, nə milis. O tayda isə İran İslam Respublikasının sərhədçiləri gəzirdilər. Xələc kəndinin yaxınlığında çayın dayaz yerlərindən 5-6 dəstə mal-qara keçiridilər. İranlı sərhədçilərdən xahiş etdim ki, mal-qaranı geri qaytarsınlar. Onlar məni eşitmək belə istəmədilər. Əksinə, mal-qaranın keçirilməsinə şərait yaradırdılar. Dözə bilmədim. Paltarımı soyunub özümü Araza vurdum. O taya keçib İran sərhədçilərinə hirsləndim ki, Muxtar Respublikanın mal-qarasının oğurlanmasına niyə şərait yaradırsınız. Mübahisəyə zabitlər gəldi. Məni zastavaya apardılar. Əvvəl çay verdilər, yaş paltarımı dəyişdilər. Geri qayıtmağımı məsləhət bildilər. Sonra zabit farsca əsgərlərə nəsə dedi. Məni qonşu otağa keçirib sillə ilə vurdu və qoluma qandal taxıb stola bağladı. Biləndə ki, millət vəkiliyəm - döyməkdən vaz keçdilər. Səhəri Poldəşt qəsəbəsinə apardılar. Bu minvalla 10 gün İranın Makı, Culfa zindanlarında yatdım. Naxçıvan MR Ali Məclisinin sədr müavini Asif Kələntərli işə qarışıb İrana müraciət edəndən sonra məni buraxmalı oldular. Sərhədçilərimiz gəlib bizi təhvil almadıqlarına görə iki gün də zindanda qaldıq. Bu tərəfə gətirəndən sonra 4 saat da öz sərhədçilərimizin zirzəmisində saxladılar. Özləri yaxşı bilirdilər ki, mən millət vəkiliyəm...
Dostları ilə paylaş: |