ÜMİDLƏR GÖYƏRMƏDİ
Mühasirədə qalmış Naxçıvan əhalisinin Azərbaycanının başqa bölgələri ilə əlaqəsi yalnız təyyarə vasitəsilədir. Ondan da kim istifadə edə bilsə... Naxçıvan — Bakı reysinə biletin qiyməti 12 min rublu haqlasa da, yenə də sıxlıqdı. Bilet almaq hələ işin cüzi bir hissəsidir. Əsas hünər bileti qeydiyyatdan keçirib təyyarəyə minməkdir. Bunun üçün mütləq kiminsə “saqqalının altından” keçməlisən. Yoxsa abır-həya, qayda-qanun gözləyəsi olsan, bayırdan yalnız zir-zibilinin çoxluğu ilə fərqlənən aeroport binasında 3-4 gün, bəlkə də çox gözləməlisən.
Bütün bunlara səbəb aeroportun binasının kiçikliyi, reyslərin azlğı, bir də bu qarmaqarışıqlıqdan gəlir mənbəyi kimi istifadə edən işçilərin insafsızlığıdır... Ötən illə müqayisədə biletin qiyməti yeddi dəfədən çox artıb, reyslərin sayı az qala iki dəfəyə yaxın azalıb, qarmaqarışıqlıq da ki...
Bütün bunlar Azərbaycanın müharibəyə sürüklənməsi, iqtisadi böhranın dərinləşməsi və s. izah etmək olar. Amma izah edilməsi mümkün olmayan tamam başqa şeylərdir.
Televiziya və radio ilə, qəzet və jurnallarla rəsmi məclislərdə söylənilən nitqlərlə belə bir fikir formalaşdırılırdı ki, Azərbaycanın rəhbərliyi Muxtar Respublika əhalisinin güzəranını bilərəkdən pisləşdirir. Yəni, Bakı—Naxçıvan marşrutu ilə işləyən təyyarələrin reysini azaldır, biletlərin qiymətlərini bahalaşdırır, yanacaq, ərzaq gətirilməsinə şərait yaratmır və s. və i.a. Hətta açıq-aşkar bildirilirdi ki, dəmir yolunda qatarların işləməsi haqqında Ermənistan rəhbərliyi ilə danışıq aparılıb, bu işə razılıq alınıb. Mane olan isə AXC və onun timsalında Azərbaycan rəhbərliyidir. Ali Məclis sədri İran İslam Respublikasından, Türkiyə Respublikasından, dünyanın başqa ölkələrindən gələn yardımı, ərzağı, yanacağı da şəxsi nüfuzu hesabına aldığını söyləmişdi.
Hər yerdə söhbət gəzirdi ki, ermənilərə atəş açan da, Muxtar Respublikaya gələn benzini, solyarkanı xaricə satan da, xarici ölkələrdən gəlmiş yardımı bazarlarda, komissiyonlarda satdıran da Xalq Cəbhəsinin toruna düşənlərdir. Bu sözləri tutuquşu kimi təkrarlayanlara: “Əgər belədirsə, onda niyə tədbir görülmür?” sualı ilə müraciət etdikdə belə, bir cavab almaq olmurdu.
Naxçıvanın sadə əmək adamlarının (təbliğat maşınının quruluşundan yaxşı xəbərdar olan kiçik bir qrup ziyalı vəziyyəti aydın başa düşsə də, nadanların təhqir və tənəsindən çəkinərək susmağı üstün tuturdu, bir qrup ziyalı isə öz güzəranı
naminə düşündüklərini yox, lazım olanı söyləyirdi. Mafioz qruplar isə həqiqəti hamıdan yaxşı bilsələr də, onların qaz vurub qazan doldurmasına şərait yaradanı hər vasitə ilə təbliğ və müdafiə edirdilər) gözlədiklərinin əksinə oldu. MDB-yə daxil olsaq da Rusiya ilə iqtisadi əlaqələr bərpa olunmadı. Çünki Rusiyanın özünün daxilində bu əlaqələr pozulub. Hələlik bərpa etməkdən də söz gedə bilməz. Çörəyin, yağın, qəndin və s. ərzaq məhsullarının qiymətinin enəcəyini böyük ümidlərlə gözləyənlər az sonra qiymətlərin belə sürətlə qalxmasına hələ də inana bilmirlər.
Qonşu ölkələrdən gələn yardımın miqdarı artmaq əvəzinə azalır. Yardım adı ilə göndərilən məhsullar ötən ilkindən də baha qiymətə bazarlarda satılır. Naxçıvan isə kiçik yerdi. Adamların əksəriyyəti bir-birini yaxşı tanıyır. Yardım adı ilə gələn ərzağı satdıranı da, satanı da yaxşı tanıyırlar.
Bilirlər ki, yardım nə Xalq Cəbhəsinə gəlir, nə də onun anbarlarına yığılır, nə də oradan bazara ötürülür. Xalq Cəbhəsinə şəxsi maraqları naminə daxil olanlar da burada xalq malını yeyib dağıtmağa bir şey olmadığını görüb mafioz qruplaşmalara qoşuldular. Vəd olunmuş evlərin, xəstəxanaların, məktəblərin qızdırılmasından, fabrik-zavodların işə salınmasından əsər-əlamət yoxdu. Qırıb yandırmağa daha ağac da qalmayıb. Vədlər elə vəd olaraq qaldıqca xalqın ümidi puça çıxır.
Müharibədən qurtarmağın yeganə yolunu MDB-yə daxil olmaqda gördülər. Nəticədə Naxçıvanın vəziyyəti daha da ağırlaşdı. Muxtar respublikaya ərzaq və yanacaq daşınan Horadiz stansiyası Xudafərin körpüsü ermənilərin əlinə keçdi.
Kiçik yerin böyük “bəlalarından” biri də odur ki, hər bir sözü diqqətlə yadda saxlayır, hər addımı müşahidə edirlər.
“Müxalifət” qəzeti, 1993, 28 dekabr, №131 (281), s.5.
Dostları ilə paylaş: |