Burulğandan Çıxmaq
mümkündürmü?
Neçə vaxtdır AXC Naxçıvan Muxtar Respublika şöbəsinin qərargahında bir əsəbi gərginlik hakimdir. Cəbhənin fəalları son vaxtlar tez-tez görüşlər, yığıncaqlar, müzakirələr təşkil edir, vəziyyətdən çıxış yolu axtarırlar. Xalq Cəbhəsinin muxtar respublika şö’bəsinin məclisləri də qızğın diskussiyalar, əsəbilik şəraitində keçir. Belə ki, fevralın 12-də məclis axşam saat 23-də başlayıb, səhər saat 4-5 arasında cəbhəçilər əsəbiliklə dağılışıblar.
Naxçıvan MR Ali Məclisinin sədri ilə Naxçıvan MR Baş naziri arasındakı münaqişə cəbhədaxili ixtilafları alovlandırdı. Vəziyyət elə gərginləşdi ki, təşkilatın qarşısında duran vəzifələrdən söhbət açanı da tərəflərdən hansı birini müdafiə etmək cəhdi kimi qiymətləndirirdilər.
Cəbhədəki bu gərginliyə səbəb nədir? Həmişə mübarizliyi, öncüllüyü ilə fəxr etdiyimiz Naxçıvan şöbəsi mövqelərini niyə əldən verib?
Avqust çevrilişindən sonra ölkədə müxalifətin güclənməsi, kommunist partiyasının fəaliyyətinin dayandırılması Naxçıvan cəbhəçiləri arasında bir arxayınlıq yaratdı. Çünki onlar kiçik həmlə ilə 1991-ci ilin aprelində Azərbaycan KP MK-nın Naxçıvan MR Ali Məclisinə sədr təyin etdiyi Ə. Əliyevi vəzifədən uzaqlaşdırdılar. Ali Məclisdə və Nazirlər Kabinetində yüksək vəzifələrə özlərinin bir neçə nümayəndələrini yerləşdirdilər. Bu, ilk baxışda uğurlu qələbə tə’siri bağışladı. Ali Məclis bir sıra demokratik və cəsarətli qərarlar qəbul etdi. Azərbaycanda kommunist partiyası fəaliyyət göstərdiyi halda Naxçıvanda onun strukturları dayandırıldı. Rayonlarda da bir sıra cəbhəçilər rəhbər vəzifələrə irəli çəkildilər. Odur ki, cəbhəçilərin əksəriyyəti (bu sətirlərin müəllifi də) bütün gücləri ilə rəhbər vəzifə tutmuş məsləkdaşlarının mövqelərini möhkəmlətməyə girişdilər.
İdarə və müəssisələrdə, fabrik və zavodlarda ilk partiya təşkilatları buraxıldığı kimi cəbhənin dayaq dəstələri də buraxılmışdı. Bütün güc ərazi dayaq dəstələrinin bərpasına və yenilərinin yaradılmasına yönəldilməmişdi. Öncüllərin dayaq dəstələrinə diqqəti azaltması təşkilatın onsuz da möhkəm olmayan strukturlarını laxlatdı. Konfransa yüksək səviyyədə hazırlaşmaq mümkün olmadığından bir neçə dəfə vaxtı dəyişdirildi. Sonra keçirilən konfrans aşkarladı ki, dörd illik mübarizə bizə möhkəm strukturlu təşkilat qurmaqdan daha çox mitinq, piket təşkil etməyi öyrədib. Alovlu natiqlərin çıxışları bir daha göstərdi ki, nəinki səravi cəbhəçilərin, hətta konfrans nümayəndələrinin bir çoxunun belə məramnamə və nizamnamə haqqında aydın təsəvvürləri yoxdur.
Təşkilatın nəzarət orqanının yaradılmasına ehtiyac duyulmaması da, mən deyərdim ki, Nizamnamədən xəbərsizliyin və ya nizamnamə ilə hesablaşmamağın nəticəsi idi. Konfransda isə bunu onunla əsaslandırmağa cəhd göstərdilər ki, ötən seçkidə yaradılmış nəzarət orqanı fəaliyyətsiz olub.
Sıravi cəbhəçilər konfransa və başqa seçkili orqanlara nümayəndə seçilməsinə necə laqeyd yanaşırlarsa, həmin nümayəndələr də öz seçicilərinə elə laqeydlik göstərirlər. Bəzi nümayəndələr konfranslarda, yığıncaqlarda axıradək iştirak etmir və yaxud özü çıxış etdikdən sonra salonu tərk edib gedir. Kimlərin çıxış edəcəyi, hansı məsələlərin müzakirə olunacağı, hansı qərarların qəbul edildiyi ilə maraqlanmır. Buna görə də sıravi cəbhəçilər seçdikləri nümayəndələrdən doğru və ətraflı məlumat ala bilmir, dedi-qodulara inanmaq məcburiyyətində qalırlar.
Konfransda öncüllərin hesabat dövründəki fəaliyyətinə obyektiv qiymət vermədən yenidən onları rəhbər orqanlara seçdilər. Bu da ümümi işə öz mənfi təsirini göstərdi.
1991-ci ilin payızında Muxtar Respublikada yaranmış nisbi sakitlikdən öncüllər bacarıqla istifadə edib dayaq dəstələri ilə səmərəli iş apara bilmədilər. Necə deyərlər, müxalifət zəiflədi. Bu hakimiyyət orqanlarına da sərfəli idi. Güclü müxalifətin olmasını kim istəyir ki?!
Cəbhədən və demokratik qüvvələrdən rəhbər vəzifələrə seçilənlərin də vəziyyəti yaxşı olmadı. “Ədalətli şah” ümidi ilə yaşayan kütlələr məhz onların yanına axın-axın şikayətə gəldilər. Demokratlar şikayətçilərdən baş açıb başqa iş görməyə imkan tapmadılar. Beləliklə, bürokratik sovet aparatını yenisilə əvəz etməyə gücləri çatmadığına görə həmin aparatın bir hissəsinə çevrildilər.
Mitinqlərdə, nümayişlərdə bürokratik sovet aparatını alovlu tənqid edənlərin bəziləri vəzifə tutduqdan sonra əsaslı dəyişikliklərə nail ola bilmədiklərinə görə bolşeviklər sayağı çağırışlara başladılar. Təxribatçıların, sabotajçıların, köhnəlik qalıqlarının onlara mane olduqları haqda səs-küy saldılar.
Vəzifələrini və mövqelərini itirmiş və itirməkdə olanlar isə idarəetmə təcrübəsi olmayan demokratlar haqqında şayiələr yaymaqla hədəfi onların mənsub olduqları təşkilata — Xalq Cəbhəsinə yönəltdilər. Xalqda belə bir fikir formalaşdırmağa çalışdılar ki, bütün bu çətinliklərin, iqtisadi böhranın səbəbkarı cəbhəçilər və onların sıralarından rəhbər vəzifələrə irəli çəkilmiş nümayəndələrdir. Şəhər və kəndlərdə möhtəkirlik baş alıb getdikcə, oğurluq, hüquq pozuntuları artdıqca, əliəyrilər vəzifə kreslolarını dəyişdikcə tez-tez bir sual eşidilirdi: “Bəs cəbhə hara baxır?!”
Dayaq dəstələrinin möhkəm olmaması, rəhbər vəzifələrə seçilmiş cəbhəçilərin sıravi cəbhəçilərlə tez-tez görüşməyə imkan tapa bilməməsi sualların cavabsız qalmasına, şayiələrin yaranmasına münbit şərait yaradırdı.
Bütün bunların qarşısını almağa, Xalq Cəbhəsinin strukturlarını möhkəmlətməyə doğru yeni-yeni addımlar atılırdı ki, qəfil zərbə AXC Naxçıvan Muxtar Respublika şöbəsini haqladı. Naxçıvan MR Ali Məclisinin sessiyasında Baş nazirin hesabatının dinlənilməsinin yubadılması, əvəzində Ali Məclisin Rəyasət Heyətinin Baş nazir haqında dalbadal qərarlar verilməsi ictimai fikri formalaşdırdı. Hər yerdə cəbhəçilərə qarşı tənələr başladı: “Bu da Cəbhənin rəhbər vəzifəyə irəli sürdüyü şəxslər!” “Cəbhə-zad boş şeydir!”.
“Hamısı millət”, “xalq”, “vətən” deyə-deyə vəzifə tutmağa, yeyib dağıtmağa can atırlar!” və başqa bu kimi söz-söhbətlər hər yerdə eşiidilməyə başladı.
İcra Aparatının sədri Arif Rəhimoğlunun belə gərgin günlərdə Naxçıvanda olmaması təşkilatın işinə öz mənfi təsirini göstərdi AXC Naxçıvan Muxtar Respublika Şöbəsi məclisinin üzvlərinin və fəallarının AXC Ali Məclisinin qərarlarına laqeyd qalmaları, ayrı-ayrı şəxslərin mənafelərinin təşkilatın mənafeindən üstün tutmaları ümumi işə zərər verdi. Millət vəkili olan Xalq Cəbhəsi öncüllərinin sessiyadakı çıxışlarına cəbhənin məclislərinə münasibət bildirilmədi. Buna görə də onlar mənsub olduğu təşkilatın mövqeyindən çox öz şəxsi mövqelərindən çıxış etdilər.
Dünənə kimi sovet sisteminə, totalitarizmə “cihad” elan edən cəbhə öncüllərinin bəziləri bu gün xitabət kürsülərindən “əliyevçi” olduqlarını fəxrlə söyləyirlər. Təəssüf ki, cəbhənin məclisi “əliyevçi cəbhəçilərə” hələ öz münasibətini bildirməyə tələsmir.
Muxtar Respublikada baş verən bu hadisələr sıravi cəbhəçilərə də sirayət etmiş, onları burulğana salmışdır. AXC Naxçıva MR şö’bəsi də hələlik bu burulğanda fırlanır. Burulğandan çıxmaq, görəsən mümkün olacaqmı?
“Azadlıq” qəzeti, 1992, 3 mart, № 18 (118), s. 4.
Dostları ilə paylaş: |