Xalq cƏbhƏsinƏ rƏğbƏtim var Heydər Əlirza oğlu Əliyev 1990-cı ilin iyul ayının 22-də heç kimə xəbər vermədən ata-baba yurdu Naxçıvana gəlmişdir. Onu aeroportda yalnız yaxın qohumları qarşılayaraq evlərinə gətirmişlər.
Gəlişindən xəbər tutan şəhər sakinləri axın-axın H Əliyevin görüşünə gəlmişlər. Axşamüstü isə camaat Naxçıvan şəhərinin Mərkəzi meydanına — Azadlıq meydanına toplaşaraq H.Əliyevlə görüşmək istədiklərini bildirmişdir.
H.Əliyev görüşə gedərkən yolüstü H.Cavidin məzarını ziyarət etmiş, qəbrin üstünə gül dəstəsi qoymuş və təəsüf hissi ilə bildirmişdi; Biz çox çətinliklə H.Cavidin cənazəsini Sibirdən doğma vətəninə qaytara bildik. Məqsədimiz burada onun üçün əzəmətli bir qəbirüstü abidə ucaltmaq idi”.
Azadlıq meydanına gələrkən H.Əliyev başı üzərində ucaldılan üçrəngli, ay-ulduzlu bayrağı görüb onu öpmüşdür. Görüşdəki çıxışında H.Əliyev xalqı azad, müstəqil, demokratik Azərbaycan uğrunda mübarizəyə səsləmişdir.
Görüşdə 50 min nəfərə yaxın kişi, qadın, məktəbli və hətta kiçik yaşlı uşaqlar iştirak etmişdir.
İyulun 23-də Nehrəm kəndində keçirilən çoxminli görüşdə H.Əliyev Azərbaycan SSR Ali Sovetinə xalq deputatlığına namizəd irəli sürülmüşdür. ***
— Sizdən müsahibə alan AXC Naxçıvan Vilayət Şö’bəsinin orqanı “Varlıq” qəzetinin əməkdaşıdır. Bu həmin qəzetdir ki, gah Sizin müsahibələrinizi verir, gah da Sizə tənqidi mövqedən yanaşır. Siz qəzetin belə mövqeyinə necə baxırsınız?