ƏLİFBA İSLAHATÇISI, FOLKORÇU, PEDAQOQ, DÖVLƏT QURUCUSU AHMET BAYTURSUNOV
A hmet Baytursun oğlu Orta juzun (cuz) Arqun nəslindəndir. Bu nəsil ulu babaları, xalq batırı (pəhlivan, cəngavər – Ə.Ş.) Umbetayla həmişə qürür duymuşdur. Ahmetin babası Şoşak bölgənin nüfuzlu, ötkəm kişilərindən olmuşdur.
Ahmet Baytursunovun doğum tarixi qaynaqlarda fərqli-fərqli göstərilir. Müxtəlif illərdə həbs edilərkən müstəntiqlərin sorğularına verdiyi cavablarda gah 1870-ci ildə, gah 1875-ci ildə, gah 1872-ci il sentyabrın 5-də doğulduğunu söyləsə də, onun doğum tarixi əsasən 1873-cü il yanvarın 15-i (yeni tarixlə yanvarın 28-i) kimi göstərilir.
Qazaxlar onun adı və soyadını Ahmet Baytursun əulu kimi yazsalar da daha çox Ahmet Baytursunov kimi tanınmışdır. Rusiya imperiyasının inzibati ərazi bölgüsünə görə Turqay vilayəti Turqay qəzasının Sartıbek aulunda ortabab kəndli ailəsində doğulmuşdur. Uşaqlıqda molla yanına gedərək orada yazıb-oxumağı, əsasən də Quran oxumağı və şəriət qaydalarını öyrənmişdir. İbtidai təhsil verən bu tipli məktəblər adətən mollaxana kimi tanınır. Ahmet hələ mollaxanada oxuduğu illərdə rus hakim dairələrinin qəddarlığı ilə rastlaşmışdır.
1885-ci il oktyabrın 12-də (bəzi qaynaqlarda bu hadisənin oktyabrın 20-də baş verdiyi göstərilir. – Ə.Ş.) qəza rəisi polkovnik Yakovlev kazak dəstəsilə Şoşak nəslinin Turqay və Jinqildi çaylarının birləşdiyi yerdəki qışlağına gəlir. Burada qocalara, qadınlara, uşaqlara da rəhm etmədən, onları döyüb təhqir etməyə, soyğunçuluğa başlayır. Haqsızlığa dözə bilməyən kəndlilər silahlı kazaklara müqavimət göstərirlər. Ahmetin atası Baytursun polkovnik Yakovlevi vurub atdan salır. Toqquşmada kəndilələrdən bir nəfər ölür və çoxlu yaralanan olur. Ciddi müqavimətə rast gəlmiş, döyülmüş kazaklar başı yarılan və huşunu itirən rəisləri Yakovlevi də alıb, qaçmaq məcburiyyətində qalırlar.
Az sonra İrqız və Turqaydan aula cəza dəstələri göndərilir. Cəza dəstələti üsyançı adlandırdıqları qazaxlara divan tutur, auldakıların hamısı aparılıb Turqay hərbi dairəsinin qaupvaxtına salır, mal-mülklərini də müsadirə edirlər. Bir il sonra Kazan Hərbi Dairəsinin Məhkəməsi şoşakları mühakimə edir. Rus dilini bilməyən qazaxların dediklərini tərcüməçilər olduğu kimi hakimə çatdırmır, əksinə, ifadələri Yakovlev və onun kazak dəstəsinin xeyrinə, təhrif edilmiş şəkildə çevirirlər.
Kazan Hərbi Dairəsinin Məhkəməsi Ahmetin atası Baytursunu, əmiləri Aktası, Sabalakı və b. hökumətə qarşı çıxmaqda ittiham edərək, 15 il həbs cəzası kəsərək Sibirin dərinliklərindəki İtjekkenə, katorqaya yollayır. Auldakı kişilərin çoxu da müxtəlif müddətli həbs cəzasına məhkum edilir. Ahmetin əmisi Erqazıya da dörd il həbs cəzası verirlər. Erqazı həbsdən döndükdən sonra qardaşı uşaqlarını da himayəsinə götürür. Rus dilini bilmədiklərinə görə məhkəmədə çəkdikləri əziyyət Erqazı qardaşı Aktasın oğlu Aspandiyarı rusca oxutmağı qərara alır. Erqazın o biri qardaşı, yəni Baytursunun oğlu Ahmet də əmisinə rus dilində təhsil almaq istədiyini bildirir.
Anası Künşinin razılığı ilə əmisi 1886-cı ildə Ahmeti də Turqay qəsəbəsindəki ikisinifli rus-tuzem (Qafqazda rus-tatar məktəbi adlandırılan bu tip məktəblər Türküstanda və Sibirdə rus-tuzem məktəbi adlanırdı. Bu məktəblər əsasən kiçik məmur, tərçuməçi hazırlamaq üçün nəzərdə tutulsa da, oranı bitirənlər arasından çoxlu məşhur insanlar çıxmışdır. – Ə.Ş.) məktəbinə oxumağa göndərir. Ahmet maddi sıxıntılar içərisində yaşasa da, 1891-ci ildə burdan məzun olub Orenburqdakı müəllimlər seminariyasında oxumağa gedir.
1895-ci ildə müəllimlər seminariyasını bitirən Ahmet Baytursunov Aktyubinsk qəzasının Batpak nahiyyəsindəki Ahmetgeray Katıbakovun açdığı məktəbdə müəllim işləməyə başlayır. Bir müddətdən sonra Ahmet Kustanay vilayətinin Auliekoldakı ikisinifli rus-tuzem məktəbinə dəyişilir. Orada işlərkən evində qaldığı meşəbəyi Aleksandr İvanovun qızı ilə evlənir. Xanımı Aleksandra Ahmetə hörmət əlaməti olaraq islamı qəbul edir və adını, atasının adını dəyişərək Bədirsəfa Muhametsadık qızı kimi qeyd etdirir.
1896-cı ildə qazax çöllərini gəzərək folkor toplayan, qazax xalqının etnoqrafiyasını, dialektlərini öyrənən çuvaş araşdırıcısı Alektorovla tanışlıq gənc müəllimin dünyagörüşündə böyük dəyişiklik yaradır. Ahmet Baytursunova ilk dəfə ondan qazaxların yaşadığı geniş ərazi haqqında, Rusiya hökumətinin işğalçılıq siyasətinin mahiyyəti haqqında, eləcə də rus alimi İlminskinin maarifçilik adı altında missionerlik fəaliyyəti ilə məşğul olduğu haqqında geniş məlumat alır. Gənc vətənsevər xalqının yaşadığı çoğrafiyanı, millətinin yaşam tərzini öyrənir, folklorunu toplayır, uşaqların daha yaxşı təhsil alması, biliklərə tez yiyələnməsi üçün metodlar axtarır. Yeniyetməliyində dombura çalmağa böyük maraq göstərən Ahmet
Dostları ilə paylaş: |