«Onun (Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər» («ən-Nur» surəsi, 63).
Ümumiyyətlə, Peyğəmbərin (s.ə.s) sünnəsi altı qismdir:
Birinci: səbəbi olan sünnə. Yə‘ni Peyğəmbərin (s.ə.s) hər hansı bir səbəbə görə etdiyi ibadət.
Buna misal: Peyğəmbər (s.ə.s) asqırdıqdan sonra «əl-həmdu lilləh» deyərdi. Deməli, səbəbsiz yerə bunu etmək sünnəyə müxalifdir. Məsələn, əsnədikdə «əl-həmdu lilləh» demək olmaz.
İkinci: keyfiyyəti olan sünnə. Yə‘ni Peyğəmbərin (s.ə.s) hər hansı bir keyfiyyətdə etdiyi ibadət.
Buna misal: Peyğəmbər (s.ə.s) namaz qıldıqda səcdəni rükudan sonra edərdi. Deməli, rükudan qabaq səcdə etmək sünnəyə müxalifdir.
Üçüncü: miqdarı olan sünnə. Yə‘ni Peyğəmbərin (s.ə.s) hər hansı bir miqdarda etdiyi ibadət.
Buna misal: Peyğəmbər (s.ə.s) zöhr namazını 4 rükət qılardı. Deməli, Zöhr namazını 4 rükətdən artıq və ya əskik qılmaq sünnəyə müxalifdir.
Dördüncü: cinsi olan sünnə. Yə‘ni Peyğəmbərin (s.ə.s) hər hansı bir cinsdən etdiyi ibadət.
Buna misal: Peyğəmbər (s.ə.s) qurban bayramında (zi-l-hiccə ayının 10-u, 11-i, 12-i və 13-ü, yə‘ni qurban günləri) üç cinsdən qurban kəsməyi buyurmuşdur. Bu heyvanlar dəvə, öküz, qoçdur. Deməli, qurban bayramında bu heyvanlardan başqa ətinin yeyilməsi halal olan heyvanı (xoruz, at və s.) qurban kəsmək sünnəyə müxalifdir.
Beşinci: zamanı olan sünnə. Yə‘ni Peyğəmbərin (s.ə.s) hər hansı bir zamanda etdiyi ibadət.
Buna misal. Peyğəmbər (s.ə.s) məğrib namazını gün batdıqdan sonra qılardı. Deməli, gün batmamış məğrib namazını qılmaq sünnəyə müxalifdir.
Altıncı: məkanı olan sünnə. Yə‘ni Peyğəmbərin (s.ə.s) hər hansı bir məkanda etdiyi ibadət.
Buna misal: Peyğəmbər (s.ə.s) e‘tikafı (Ramazan ayının axır on gününü müəyyən olunmuş yerdə keçirmək) məsciddə edərdi. Deməli, e‘tikafı məsciddən başqa yerdə keçirmək sünnəyə müxalifdir.
Qeyd: Sünnəyə müxalif olan ibadət qəbul olunmur.
Aişədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Bizim etdiyimiz əməllərə yenilik əlavə edən kimsənin əlavəsi rədd olunur» (Müslim, 4467).
2. Həmçinin onu bütün məxluqatdan çox sevmək onun haqlarındandır. Ənəs bin Malikin (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Sizdən biriniz məni valideynindən, övladından və cəmi insanlardan çox sevməyincə imanı (kamil) olmaz» (Müslim, 167).
Dostları ilə paylaş: |