Hövzə mütəxəssislərinin əməkdaşlığı ilə antidin düşüncələrinə qarşı elmi mübarizə
Bəzi insanlar lazımi səlahiyyətlərə yiyələnmədən elə sahəyə girir və fikir bildirirlər ki, qərəzli olmasa da, ən azı cahilanə fikirlərdir. Əgər onda siyasi qərəzlər, cinah maraqları, maraq güdən və xəyanətkar məqsədlər varsa, daha pisdir. Cəmiyyətimizdə mövcud olan bu hal çox pis haldır. Düzdür, təkcə bu günə məxsus deyil, həmişə olmuşdur. Lakin bu günün keçmişə nisbətən bir özəlliyi var. Keçmişdə cahillər din haqqında fikir bildirirdilər, lakin məhdud avam çevrələrində. Kimsə təbliğatçı, yaxud hər hansı bir adla dinə dair danışırdı və məhdud bir avam çevrə onun sözünü qəbul edirdi.
Bu günün həmin zamanla fərqi budur ki, İslamın əsaslarına və dini elmin təməllərinə dair səhv sözlər avamcasına, lakin bəzəkli qəliblərdə, yeni fikir və elm qəlibində deyilir, halbuki elm deyil, səhvdir. Buna qarşı elmi tədbir görməyə ehtiyac var. Hökumətin tədbiri ayrıdır. Hökumətlər hər yerdə bu sahələrə girə bilməzlər və girmirlər. Düzgün və təsirli də deyil. Lakin elm adamları bu işdə aktiv olmalıdırlar.
Dinin özünə, fəlsəfəsinə, etiqadi əsaslarına, İslam Respublikasının atributları olan İslam təlimlərinə - misal üçün, konstitusiyada və digər yerlərdə göstərilən məsələlərə, İslam fiqhinə, Peyğəmbər və imamların davranışına dair elə söhbətlər edilir ki, nə tarixə əsaslanır, nə hədisə, nə Qurana, nə fiqh metodikasına, nə bəlli dini əsaslara, nə də çox dərin və zərif bir fənn olan fiqh üslubuna. Heç bir şeyə əsaslanmadan alimnüma şəkildə, gözəl və səlis ifadələrlə bəyan olunur. Bu işi görənlər təəssüf ki, cəmiyyətin aparıcı və görkəmli şəxslərinin bir qismidir. Keçmişlə fərqi budur. Onlar elmli insanlara zərbə vurur, onların yolunu kəsirlər. Odur ki, buna qarşı tədbir görülməlidir. Qeyd etdim ki, belə yerlərdə tədbir düşüncə, elm tədbiri, mübahisə sahəsində cəsarətli tədbirdir. Bu işlərin arxasında siyasi maraqların, Allah eləməmiş, xain və fəsadçı məqsədlərin durduğunu qəbul etsək, o zaman siz elmi cavab verərkən qalmaqal yaratmalarını, rüsvayçılıq etmələrini, qara yaxmalarını gözləmək lazımdır.
Din alimləri dinin təhrifi qarşısında sakit oturmamalıdırlar. Bu məsələlərə qarşı qeyri-elmi tədbir görmək, təkfir etmək səhvdir; fəryad qoparmaq ki, bu, küfr etdi və sair. Bunun faydası yoxdur. Çoxlarının bundan xoşu gəlir; ona görə ki, bu zaman elmi tənqiddən kənar qalırlar. Əgər elmi tənqid olsa, söz diqqətlə araşdırılar, söz və onun sahibi rüsvay olar. Bu iş görülməlidir.
Elm adamları, din başçıları və dinin bayraqdarları bu hadisələrdə elmi işlər görməli, sözü müzakirə etməli, araşdırmalı və eybini aydınlaşdırmalıdırlar ki, ardınca söz sahibinin eybi aşkara çıxsın: “Hidayət yalnız sapqınlığın yayıldığı cəhətdən yayılır”. Bu, mərhum Seyid Şərəfüddinin sözlərindəndir. Onlar sapqınlığı hansı yolla yayırlarsa, hidayəti də həmin yolla yaymaq lazımdır. Həmin cahil, yaxud qərəzli şəxsin - biz indi mühakimə yürütmürük, hər ikisi mümkündür – müxtəlif adlarla insanlara yanlış, zəif, köksüz və qeyri-peşəkar bilgilər verdiyi kimi, elm və din adamları da köklü, xalis bilgilər verib o fikrin səhv olduğunu bəyan etsinlər.
Elm hövzələrində bu işləri görəcək alimlərin olmadığını düşünmək yanlışdır. Allaha şükür ki, bizim gənclərimiz, alimlərimiz arasında belələri çoxdur. Düzdür, ola bilsin birinin tədqiqat bacarığı yüksək olsun, nitq qabiliyyəti zəif. Bir nəfər araşdırma adamı olub o tədqiqatçıya vacib qeydləri götürsün. Bir nəfər dil bilsin, fərz edin, bir sözün kökünü hansısa qərbli hüquqşünasın, yaxud filosofun yazısında tapsın, tədqiqatçı isə o dili bilməsin və bunu bacarmasın. Bunlar bir-birinə birləşdirilməli, bir-birini təkmil etməli, bir-birinə kömək edib düzgün fikri gözəl, güclü və möhkəm şəkildə açıqlaya bilən şəxsin ixtiyarına qoyulmalıdır. Bu gün sizin vəzifələrinizdən, elm hövzələrinin və din alimlərinin vəzifələrindən biri budur. Bunu yaddan çıxarmaq olmaz. Bu çox əhəmiyyətlidir.455
Dostları ilə paylaş: |