Elmi diskussiyaları və nəzəriyyə yürütmək məsələsini davam etdirməyin zəruriliyi
Əziz övladlar və qardaşlar! Sizdən, hövzə və universitetdə çalışan həmfikirlərinizdən istəyirəm ki, bu ideyaların həyata keçməsinə və səmərə verməsinə qədər uzun müddət keçsə də, bununla məşğul olun; nə məyus olun, nə tələsin, ancaq çiçəklənmə və yaradıcılıq yolu olan bu işi nəyin bahasına olursa-olsun görmək lazımdır. Bu inqilab qalmalı, özünün tarixi və qlobal proqramını nəticəyə çatdırmalıdır. Hövzə və universitetin ikinci nəslində bu əzmkarlıq, oyanış və özünütanıma hissi oyanmışdır. Bu nəsil ifrat və təfritdən əziyyət çəkir, tərəqqi və təkamül yolunu nə ehkamçılıqda, nə də özünü unudub təqlidçilik etməkdə, əksinə, ictihad həvəsində və elmi-dini düşüncə istehsalında görür, əxlaq və məntiq qaydalarına sadiqliklə yanaşı, hövzə və universitetdə nəzəriyyə yürütmək və diskussiya cəsarətinin oyanmasını istəyir, sual və şübhələri cavabsız qoymamaq qərarına gəlmişdir. Bunun özü bir qələbə və nailiyyətdir və bunu uca tutmaq lazımdır. Bizim elmi nümunələrimiz hərc-mərclik və diktatorluq arasındakı normal nöqtəni tapa bilmişlərsə, deməli, yeni dövr başlanmışdır.
Bəli, azadlıqdan qorxmaq, diskussiyadan qaçmaq, tənqidi qaçaq məhsula, yaxud zahiri bir işə çevirmək olmaz. Necə ki, diskussiya yerinə mücadilə etmək, azadlıq yerinə nalayiq sözlər işlətmək və məsuliyyətdən qaçmaq olmaz.714
Dostları ilə paylaş: |