Elm sahəsi: filologiya – dilçilik



Yüklə 0,84 Mb.
səhifə24/54
tarix10.01.2022
ölçüsü0,84 Mb.
#108639
1   ...   20   21   22   23   24   25   26   27   ...   54
Əkbər İmranın atasıdır. İmran Əkbərin uşağıdır.

Əkbər İmranın atasıdır. İmran Əkbərin övladıdır.

Əkbər İmranın valideynidir. İmran Əkbərin övladıdır.

Əkbər İmranın valideynidir. İmran Əkbərin oğludur.

Qeyd edilən cümlə cütlərinin sayını artırmaq mümkündür. Belə olan halda ata-oğul, valideyn-uşaq, ata-övlad, valideyn-övlad, valideyn –uşaq və s. bu kimi söz cütlərini qeydə almaq olur. Konversivliyə cümlə səviyyəsində baxdıqda bu cütlərin qarşılıqlı olaraq bir-birinin konversivləri olması faktını təsdiqləmək lazım gəlir. Həmin sözlərə antonimlik müstəvisində baxdıqda ata-oğul, ata-uşaq antonim cütlərini qəbul etmək lazım gəlir. Halbuki ata-uşaq antonim sözlər deyildir. Əgər ata-övlad cütlüyündə qütbləşmə aşkar nəzərə çarpırsa, ata-uşaq qütbləşməsi aşkar deyildir.

Əgər ata-uşaq konversivi qəbul olunarsa, onda ana-uşaq konversivi də qəbul edilməlidir. “Lətafət İmranın anasıdır”. “İmran Lətafətin uşağıdır”. “Lətafət İmranın valideynidir”. “İmran Lətafətin uşağıdır”. Bu cür cümlələrin hər birində konversiv korrelyatlar vardır. Valideyn sözü iki şəxsi əhatə edir. Valideyn həm ata, həm də ana ola bilər. Övladlar cinsə görə də fərqləndirilir. Cinsə görə övlad münasibətində oğul – qız qarşılaşdırması mümkündür. Qeyd edək ki, irəli sürülən konversiv cütlər qohumluq münasibətlərini ifadə edir. Qohumluq terminləri isə kifayət qədər çoxdur.

Qohumluq münasibəti ifadə edən və ayrı-ayrı cinsləri bildirən cütlər vardır. Bioloji cinsə görə fərqlənmə olmasaydı, simmetrik sayıla biləcək qardaş – bacı cütündən danışmaq mümkün idi. Əgər Con Semin qardaşıdırsa, bu, o demək deyil ki, Sem Conun qardaşıdır. Çünki Sem Conun bacısı da ola bilər. Məhz belə faktlara əsaslanan L.Sancayeva şəxs adlarında cins əlamətinin yer aldığını göstərir [179, s.12]. Məsələn, Sem kişi adıdır. Ancaq elə adlar vardır ki, onlar həm kişi, həm qadın adı ola bilər. Şəxs adlarının hansı cinsdən olan şəxsi bildirməsi dilin daşıyıcılarına məlum olur. Bu dili bilməyən isə hər hansı şəxs adının qadın və ya kişi cinsindən şəxsi bildirməsi ilə bağlı məlumata malik olmur.

Q.M.Belova qohumluq münasibətləri ilə yanaşı, bəzi sözlərin müxtəlif cinsdən olan uşaqların adlarını bildirməsini əsas götürərək onları da konvesivlərlə bağlı tədqiqatında ön plana çəkir. Şəxs adları və ya fərdlər konvesivlikdə subyekt funksiyasını yerinə yetirir. Onlar konversivləri təyin etmir və konversiv olmur. Yəni biz Sem – qız, Sem – oğlan konversiv cütlərini yaratmırıq. Bununla belə, onu da qeyd etməliyik ki, predikatla subyekti əvəz etməklə də konversiya hadisəsi baş verə bilər. Sem qızdır. Qız Semdir. Bu cümlələrdə eyni mənalıdır və onlarda Sem-qız qarşılaşdırması vardır. Ümumiyyətlə, qohumluq terminləri arasında kifayət qədər termin tapmaq olar ki, onlar konversivliyi təyin edən cümlələrdə oppozit kimi çıxış edəcəkdir. Gəlin – qaynana, kürəkən –qayınana, gəlin –qayınata, kürəkən-qayınata kimi cütlər düzəltmək və onları konversivlər cərgəsinə daxil etmək olar. Müxtəlifsistemli dillərdə qohumluq terminləri fərqlidir. Bəzi dillərdə olan qohumluq terminləri başqa dillərdə yoxdur. Məsələn, rus dilində əmidayı eyni terminlə ifadə olunur – дядя. Azərbaycan dilində isə ana və ata tərəfdən qardaşlar fərqli terminlərlə ifadə olunur. Nəticədə, Azərbaycan dilində əmiqızı, dayıqızı, əmioğlu, dayoğlu qohumluq terminləri yaranmışdır ki, bu terminlər də konversiv cütlərin tərkibində iştirak edə bilər.

Göründyü kimi, konversivlik nəzərdə tutulduğundan da sadə məsələ deyildir. Konversivlərlə antonimlər arasında paralellər kifayət qədər çoxdur. Bu paralellik bütün konversivlərin antonimlər olmasını təsdiq etmir. Konversivlərin asimmetrik münasibətləri ifadə etməsi haqqında fikirlər vardır. Doğrudan da konversivlərdə belə bir asimmetriklik müşahidə olunur.

Konversiv kimi dəyərləndirilən söz cütlərinin antonimlik hadisəsi prizmasından təhlili prosesində onların az olmayan qisminin antonim cütlər olması faktı təsdiqlənir. Bu isə konversiv-antonim paralelliyini doğurur. Nəticədə konversivlərin antonimlərin bir növü və ya fərqli vahidlər olması kimi mübahisəli bir məsələ ortaya çıxır.

Konversilik probleminə sintaktik və leksik səviyyələrdə yanaşma, şübhəsiz ki, fərqli nəticələrə aparıb çıxarır. Konversivlik üçün sintaktik səviyyə vacibdir. İki sözün konversiv olmasını yoxlamaq onların denotativ eyni mənalı cümlələr yaratması əsasında aparılır. Bu cəhət konversivliyin sintaktik səviyyədə təzahür etməsini təsdiqləyir.

Konversiv münasibətlər dildə subyekt-obyekt münasibətlərinin müxtəlif formalarını əhatə edir. Buna təsirlilik və təsirsizlik, qayıdış, qarşılıqlılıq, fəallıq-passsivlik aid edilə bilər. Konversivlik hadisəsi qrammatik (sintaktik) və leksik səviyyələrdə baş verir. Sintaktik konversivlik sintaktik konstruk­siyaların bir-birini qarşılıqlı əvəz etməsidir. Sintaktik səviyyədə bu konstruksiyalar bir-birini əvəz etdikdə ümumi məzmun dəyişmir. Yəni məzmun planında deyil, məna planında dəyişmə baş verir.

Leksik konversivlər söz cütləridir. Bu sözlər funksiyanın dəyişməsi və quruluş aktantının dəyişməsi, əvəzələnməsində özünü göstərir Bu zaman feilin valentliyində parçalanma baş verir. Leksik konversivliyin feillərdə, isimlərdə və sifətlərdə ifadəsini tapması qeyd olunur. Feildən düzəlmiş sözlərdə, xüsusən feildən düzəlmiş isimlərdə belə xüsusiyyət aşkar üzə çıxır. Doğrudur, feildən düzələn isimlər səviyyəsində müxtəlifsistemli dillərdə fərqli hallar da müşahidə olunur. Yəni bəzi dillərdə konversiv cütün hər iki tərəfi feildən düzəlmiş isim olursa, başqa dillərdə bu hal aşkara çıxmaya da bilər.

Konversivlər antonimlər kimi əks qütblərdə duran sözlər kimi təzahür edir. Lakin əkslik növündən asılı olaraq qradasiya olunan antonimlərdən fərqli olaraq konversivlərdə qradasiya özünü göstərmir. Konversivlərdə ortaya aralıq mənalı və ya neytral mənalı söz girmir. Bunun müqabilində konversivlərdə qütblərdə duran sözlərin başqa sözlə əvəz olunması mümkündür. Konversivlər prinsipial assimetrikdir. Onların mənaları bir-birinə yaxınlaşdırılsa da, konversivlər təsadüfən semantik cəhətdən bərabərhüquqlu olurlar. Rus dilçiliyində semantik bərabərhüquqlu konversivlərə aid nümunələrə rast gəlinir. Oxşar formalar Azərbaycan dilində də qeydə alınır. Məsələn, borc vermək – borc almaq, almaq –satmaq, vermək – almaq və s. Belə hallarda konversivlərin semantik bərabərhüquqluğu ayrıca izah tələb edir.

Konversivlər və antonimlər əks semli sözlər cütünü əhatə etdiyindən bir-birini şərtləndirən sözlər olmaq baxımından yaxın anlayışlardır. Bununla belə, onlar eyni deyil, fərqli anlayışlardır. Müxtəlifsistemli dillər əsasında aparılmış tədqiqatlar da bunu təsdiq edir.

Konversivlər eyni funksiyaya malik olduğu halda, antonimlərdə struktur funksionallıq fərqlidir. Konversivlərin mənalarını bir-birinin üzərinə köçürmək olur. Onlardan heç biri semantik cəhətdən mürəkkəb deyildir. Ona görə də konversivlərin hər biri üzrə şəraitin təsvirini vermək mümkündür. “Akif Əhməddən kitab alır. Əhməd Akifə kitab satır”. Antonimlər semantik baxımdan bərabərhüquqlu deyildir. Fəaliyyəti yerinə yetirənlərin adlarının konversivlərlə müqayisədə antonimlərlə növ bağlılığı zəifdir.

Növ cütlərinin hər biri antonim olmur. Onlar çox zaman əkslik deyil, tamamlama münasibətində olurlar. Əgər konversivlərlə antonimlərin valentliyi tez-tez üst-üstə düşürsə, agens və pasiensin sağ valentləri eyni olur. Beləliklə, konversiya və növ semantik münasibətin xüsusi növünü təşkil edir. Onlar antonimliklə ekvivalent (müştərək, kəsişən) münasibət yaradırlar.

Konversivlər iki əsas şərtin ödənilməsini təmin etməlidir: 1) eyni bir hərəkəti, halı ifadə etmək; 2) əks istiqamətliliyə malik olmaq.

Müxtəlifsistemli dillərin materialları əsasında aparılan tədqiqat göstərir ki, antonimlərlə konversivlər arasında paralellik və oxşarlıq çox olsa da, onlar fərqli anlayışlardır. Təhlildən aydın olur ki, konversivlərin əsas ifadə vasitələri fellərdir. Antonimlərdə isə sifətlərin daha fəal olması və əksliyi daha aydın göstərməsi müşahidə olunur. Konversiv eyni şəraiti fərqli iştirakçıların mövqeyindən ifadə edən sözlərdir.




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin