Elm sahəsi: filologiya – dilçilik



Yüklə 0,84 Mb.
səhifə40/54
tarix10.01.2022
ölçüsü0,84 Mb.
#108639
1   ...   36   37   38   39   40   41   42   43   ...   54

NƏTİCƏ


Dildə antonimlik hadisəsinin ingilis və Azərbaycan dillərinin materialları əsasında təhlili aşağıdakı nəticələri çıxarmağa əsas verir:

1. Antonimlik dilin leksik-semantik sisteminə aid bir kateqoriya olub real gerçəklikdə mövcud olan həm eyni bir predmet, əşya, hadisə və mahiyyətin daxilindəki əkslik, həm də müxtəlif hadisələrə, şeylərə, mahiyyətlərə aid olan və onların arasındakı əkslik münasibətlərinin dildəki ifadəsi ilə bağlıdır. Həmin münasibətlərin dildəki ifadəsində əsas rol real mövcud olan predmet, hadisə, hərəkət, onların münasibətlərini, əlamətlərini və s. bildirən sözlərə – antonimlərə məxsusdur. Deyilənlər onu təsdiq etməyə əsas verir ki, dildə antonimlik hadisəsinin əşyavi-anlayış məzmunu obyektiv gerçəklikdə mövcud olan real əksliklərlə şərtlənir. Başqa sözlə desək, dildə antonimlik hadisəsinin əsasında insanın təfəkkürünün özünün və ətraf aləmin təfəkkür vasitəsilə dərk olunmasının bəzi ümumi qanuanauyğunluqları durur.

2. Dildə antonimlik hadisəsinin tədqiqi ilə əlaqəli elmi-nəzəri mülahizələrin ümumiləşdirilməsi və müxtəlif dillərin materiallarına əsaslanan tədqiqat işlərində irəli sürülən əsas müddəaların müqayisəli təhlili aşağıdakı məsələləri aşkara çıxarır: 1) antonimlər fərqli şəkildə təyin olunur. Bir qisim mənbələrdə antonimə tərif verilir, digər qisim mənbələrdə definitiv, təyinedici izahdan, üçüncü qisim mənbələrdə isə ümumi şərhetmədən istifadə olunur; 2) antonimlərin fərqli və eyniköklü sözlər olması ilə bağlı fikir ayrılığı vardır; 3) antonim sözlər dar, nisbi geniş və geniş semantik sahəyə malikdir; 4) antonimlik əlamətlərinin tam dairəsi müəyyənləşdirilmir.

3. Qarşılaşdırılan dillərdə antonimlərin altı qrupunu fərqləndirmək mümkündür: 1) keyfiyyət bildirən müxtəlif köklü, eyni ölçülü antonimlər; 2) keyfiyyət bildirən, eyni köklü, eyni ölçülü antonimlər; 3) istiqamət bildirən müxtəlif köklü, eyni ölçülü antonimlər; 4) istiqamət bildirən eyni köklü, eyni ölçülü antonimlər; 5) istiqamət bildirən eyni köklü, müxtəlif ölçülü antonimlər; 6) istiqamət bildirən müxtəlif köklü, müxtəlif ölçülü antonimlər.

4. Tədqiqat antonim sözlərin müxtəlif tipli kontekstlərdə əksliyi reallaşdırdığını göstərir. Müxtəlifsistemli dillərdə, o cümlədən Azərbaycan və ingilis dillərində təhlil əsasında 5 belə kontekst tipini təyin eləmək olar: 1) mənanın ümumiliyi ilə səciyyələnən kontekstlər. Bu zaman antonim sözlər kontekstdə həmcins üzvlər kimi işlənir, birləşdirici və ya ayırıcı bağlayıcıların köməyi ilə əlaqələnir; 2) birbaşa qarşıqoyma əsasında formalaşan kontekstlərdə istifadə olunan antonimlər həmcins üzvlər olur və qarşılaşdırma vasitələri ilə əlaqələnir; 3) alternativlik əsasında qurulan kontekstdə həmcins üzv olur, bağlayıcılar vasitəsi ilə əlaqələnirlər; 4) kontekstlər təzad fonunun iştirakı ilə səciyyələnir, qarşılaşdırılan sözlər cümlənin eyni üzvü kimi iki paralel konstruksiyada işlənir; 5) dəqiq struktur quruluşla səciyyələnir. Qarşılaşdırılan sözlər cümlənin fərqli üzvləri kimi ya bir cümlə, ya da iki cümlə daxilində istifadə edilir və mənaya görə bir-birinə bağlanır.

5. Azərbaycan dilçiliyində məntiqi, semantik və struktur prinsiplər əsasında fərqləndirilən müxtəlif tip antonimləri birləşdirən yalnız bir termin – antonim termini mövcuddur. Germanşünaslıqda həmin məqsədlə iki termindən – antonim və oppozit terminlərindən istifadə edilir. Bir sıra tədqiqatçılar onları sinonim kimi işlədir, digərləri isə onların məna tutumunu müxtəlif şəkildə müəyyənləşdirir.

6. Azərbaycan və ingilis dillərində antonimlər kifayət qədər geniş və rəngarəng tərkibə malikdir. Tərkib etibarilə müxtəliflik onları məntiqi-semantik, semantik-tematik, struktur və digər səviyyələrdə təhlil etməyə və sistemləşdirməyə imkan verir. Əksliyin dərəcəsinə görə qarşılaşdırılan dillərdə antonimlər 1) mütləq və 2) nisbi antonimlərə bölmək olur. Mütləq antonimlər məzmunca bir-biri ilə ziddiyyət təşkil edən, nisbi antonimlər isə əkslik kimi deyil, ziddiyyət təşkil edən antonimlərdir. Qarşılaşdırılan dillərdə antonimləri dilin yarusları üzrə fərqlən­dirilən iki qrupu vardır: 1) leksik antonimlər, 2) qrammatik antonimlər.

7. Əksliklərin tipinə görə antonimlərin məntiqi-semantik planda təhlili qarşılaşdırılan dillərdə antonimlərin məntiqi-semantik meyar üzrə təsnifi vektor, dərəcələnən (qradual), komplemantar (tamamlayıcı) və konversiv antonimlərə bölgünü mümkün edir;

8. İngilis və Azərbaycan dillərində vektor antonimlərinin ümumi əlamətləri həmin leksik vahidlərin eyni bir şəxslə əlaqəli olduğunu, simmetrik və asimmetrik əks istiqamətlilik ifadə etdiyini nəzərdə tutur. Yəni vektor antonimlərdə əkslik istiqamətlə bağlıdır. Azərbaycan dilindən fərqli olaraq, ingilis dilində feili vektor antonimlər əks mənalı hissəciklərlə ifadə olunmaq imkanına malikdir.

9. İngilis və Azərbaycan dillərində dərəcələnən (qradual) antonimlərdə oxşar cəhəti istiqamətin olmamasında, qradual qarşılaşdırmaların mövcudluğunda axtarmaq lazımdır. Qarşılaşdırılan dillərdə həmin antonim cütlərin fərqli cəhəti oppozisiyanın strukturu ilə bağlıdır. İngilis dilində oppozisiyanın kənar üzvləri un-, in-, il-, ir- prefiksləri ilə yaranır. “Antonimlik dərəcəsi” anlayışına uyğun olaraq qarşılaşdırılan dillərdə dərəcələnən (qradual) oppozisiyanın orta üzvləri həmin oppozisiyanın kənar üzvlərinə münasibətdə tammənalı antonimlər olmur.

10. Qarşılaşdırılan dillərdə komplementar (tamamlayıcı) antonimlərin səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, bir-birini vahid bir tama qədər qarşılıqlı şəkildə tamamlayır və yalnız binar oppozisiya mümkün olur. Bu cütdə araya başqa bir vahid girə bilmir. Cütlərdən heç birinin intensivliyinin azalması və ya güclənməsi mümkün deyildir. İngilis dilindəki komplementar (tamamlayıcı) antonimlərin spesifik və fərqli cəhəti onların bəzilərinin predikativ funksiyasında işlənə bilməməsidir.

11. Konversiv antonimlər söz cütləridir. Konversiv antonimlər əks qütblərdə polyarlaşan sözlər olaraq təzahür edir. Lakin əkslik növündən asılı olaraq və dərəcələnən və ya qradaual antonimlərdən fərqli olaraq konversiv antonimlərdə dərəcələnmə, yaxud qradasiya özünü göstərmir. Konversiv antonimlərdə ortaya aralıq mənalı və ya neytral mənalı söz girmir. Bunun müqabilində konversivlərdə qütblərdə duran sözlərin başqa sözlə əvəz olunması mümkündür. Konversiv antonimlər əsaslı şəkildə assimetrikdir. Konversiv antonimlər üçün iki əsas şərtin ödənilməsi təmin olunmalıdır: 1) eyni bir hərəkəti, halı ifadə etmək; 2) əks istiqamətliliyə malik olmaq.



12. Qarşılaşdırılan dillərdə antonimlərin struktur müqayisəli təhlili belə qənaətə gəlməyə əsas verir ki, onlar hər iki dildə struktur tərkib etibarilə müxtəlifköklü və eyniköklü ola bilir. Müxtəlifköklü antonimlər hər iki dildə özlərinin leksik birləşmə əmələ gətirməkdə və tipik antonimik kontekstlərdə işlənməkdə ümumilik sərgiləyir.


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin