Elm sahəsi: filologiya – dilçilik



Yüklə 0,84 Mb.
səhifə9/54
tarix10.01.2022
ölçüsü0,84 Mb.
#108639
1   ...   5   6   7   8   9   10   11   12   ...   54
C.Layonz ikinci tip kimi antonimliyi ayırır. Onun tədqiqatında antonimlik əksliyin bir növüdür [125, s.273].

Antonimlərin mənalarının müqayisəsi əks əlamətlərin əlaqələrini aşkara çıxır. Antonim olmayan sözlər arasında belə korrelyasiya özünü göstərmir. Deməli, antonimlərin məna strukturu yalnız mənanın əks diferensial komponentləri, semləri ilə deyil, onların semantik ümumiliyinin göstəricisi olan inteqral semlərlə də səciyyələnir. Məhz inteqral semlər müqayisəyə zəmin yaradır.

Leksik vahidlər antonim münasibətə özlərinin tam mənaları ilə daxil olmurlar. Onlar bir məna üzrə semantik münasibətə girirlər. Buradan belə nəticə çıxır ki, sinonim cərgədə, antonim cütlərdəki sözlər deyil, onların, yəni sözlərin leksik-semantik variantları iştirak edir.

Sinonimlik və antonimlik vacib semantik münasibət forması kimi dildə qarşılıqlı əlaqədədir. Müəyyən sözün sinonimləri və antonimləri bir yerdə eyni leksik-semantik söz qrupunun vahidləri kimi çıxış edir. Leksik-semantik qrup müvafiq anlayışlar əsasında sözlərin bir yerə toplanması ilə formalaşdırılır. Müvafiq anlayışların əlaqəsi obyektiv gerçəkliyin hadisələri arasındakı əlaqəni, bu sözləri birləşdirən eynilik və fərqlərin ifadəsi kimi özünü göstərir.

V.Q.Vilyuman sinonim və antonim münasibətlərin yaxınlığı qənaətinə gəlmişdir. Onun fikrinə görə, “sinonim və antonim münasibətlər bir hadisəyə əsaslanır. Semantik yaxınlıq və uzaqlıq bu münasibətləri təyin etmək üçün vacibdir” [89, s.32].

Dilçilikdə sinonim və antonimləri bir qrupda birləşdirməklə bağlı müxtəlif fikirlər vardır. “Sinonimlik-antonimlik paradiqması” [84, s. 47-58], “sinonim-antonim bloklar” [104, s.72], “antonim-sinonim bloklar” [167, s.110], “sinonimlik-antonimlik paradiqması” [91, s. 69] anlayışları belə birləşdirmə nəticəsində yaradılmış terminlərdir.

Sinonim və antonimlərin eyni paradiqmaya daxil edilməsi onların məna strukturunda eyni semin iştirak etməsindən irəli gəlir. Ümumi semantik komponentə invariant mənaya malik olan sinonimlər onlardan birində özünü göstərən, digərində isə olmayan mənaya görə də qarşılaşdırılır. Sinonim cərgəyə daxil olan sözlərin antonimlərini təyin etmək mümkündür. Bəzən bir sinonim cərgəyə daxil olan iki sözün eyni antoniminin qeydə alınması halları müşahidə edilir. Bu cür halları aşkara çıxarmaq üçün sinonimlər lüğəti ilə antonimlər lüğətlərinin müqayisəli təhlilə cəlb edilməsi lazım gəlir. Sinonim-antonim paradiqmasının təşkili prinsiplərini tədqiq edərkən bu məsələni geniş şəkildə müqayisəli aspektdə öyrənməyə çalışacağıq.

Antonimlərin məna əksliyi onların bir-birini istisna etməsini deyil, bir-birini şərtləndirməsinə səbəb olur. Ona görə də antonimlərin məna strukturunda həm ümumi (inteqral), həm antonim (diferensial) semlər vardır. İnteqral semin mövcudluğu müqayisəyə zəmin yaradır. Antonimlərin sinonimlərdən fərqləndirən əsas cəhət invariant mənanın olmamasıdır.

Antonimlik vacib semantik münasibətlərdən biridir. Dilçilikdə sinonimlik və antonimlik fərqli səciyyəli məna münasibəti kimi təyin edilir. Antonimliyə çox zaman sinonimliyi tamamlaya semantik hadisə kimi baxılır. Sinonimlər yaxın mənalı, məna çaları ilə fərqlənən sözlər kimi qəbul edilir. Denotativ sinonimlər eyni denotatı müxtəlif şəkildə adlandıran sözlər, siqnifikativ sinonimlər eyni anlayışı ifadə etmək üçün işlədilən müxtəlif sözlərdir.

Sinonimləri antonimlərlə müqayisə etmək olar. Lakin antonimləri semantik münasibətə görə sinonimlərin əlavəsi, tamamlayıcı saymaq haqqında mülahizə, şübhəsiz ki, doğru deyildir. Qeyd olunduğu kimi, dildə kifayət qədər söz vardır ki, onların antonimləri yoxdur və belə sözlərə antonimlər də axtarmaq lazım gəlmir (məsələn, ulduz, araba, maşın, planet, dərzi, çəkməçi və s.).

Sinonim və antonimlərin başlıca semantik fərqi qarşılaşdırma zamanı üzə çıxır. Bu özünü antonim cütündə və sinonim cərgədə olan üzvlər arasındakı məntiqi münasibətdə də göstərir. Antonim cütlərin və sinonim cərgənin təşkil olunmasında da semantik fərq aşkar hiss edilir. Eyni keyfiyyətin, əlamətin və ya hadisənin əks tərəflərini ifadə edən antonimlər bizim şüurumuzda müəyyən əlamətə görə təzadı inikas etdirən dil vahidləridir. Sinonimlər eyni və ya yaxın predmeti,əşyanı, keyfiyyəti bildirən müxtəlif məna çalarlıqları ilə fərqlənən sözlərdir. Bir sıra hallarda iki sözün sinonim və ya dublet olması mübahisə obyekti olur. Məsələn “ürək” və “qəlb” sözlərinin denotatı eyni predmetdir. Lakin onlar işlənmə situasiyasından asılı olaraq həm dublet, həm də sinonim ola bilirlər. Bu fərq kontekstdə üzə çıxmaqla yanaşı, dildə sözlərin işlənmə məqamlarından da asılı olur. Azərbaycan dilində “qəlb” adlandırılanın poetik ifadə vasitəsidir. “Ürək” isə həm anatomiya termini, həm də maddi olan predmetin adıdır. Ürək sözü poeziyada da işlənir. Lakin həkimə “mənim qəlbim ağrayır”, “qəlbim sıxılır” demək yerinə düşmür. Burada həm terminoloji sistemin, həm də ekstralinqvistik amillərin rolu vardır.

Beləliklə, antonimlik hadisəsi obyektiv gerçəkliyə xasdır. Əksliklər obyektiv gerçəkliyin predmetləri, obyektləri, subyektləri ilə bağlıdır. Əkslik bir predmeti, bir predmetin müəyyən keyfiyyətini, əlamətini, halını fərqli istiqamətlərdən səciyyələndirir. Eyni zamanda, əkslik müxtəlif predmetlər arasında da üzə çıxa bilir. Əksliyin məntiqi, fəlsəfi və riyazi məntiqi müxtəlif tip və formaları vardır. Bütün bunlar ifadəsini dil vasitələrində tapdıqda əksliyin linqvistik statusu yaranır və bu, dilçilikdə antonimlik hadisəsi kimi öyrənilir. Şübhəsiz ki, antonimliyin linqvistik təyini onun fəlsəfi və məntiqi təyinindən fərqlənir.



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin