Bəxtiyar Tuncay
Xalq Hərəkatı Cəbhəsinin 14 və 16 noyabr mitinqləri və «Meydan epopeyası»na aparan yol
Hatəminin bilavasitə başçılığı ilə «Çənlibel»in bazasında ərsəyə gətirdiyimiz Xalq Hərəkatı Cəbhəsinin bütün sənədlərini Hatəmi özü tərtib edib hazırlamışdı. Buna paralel olaraq paralel olaraqda Araz və Əlizadə qardaşları Bakı şəhər Partiya Komitəsinin katibi Fuad Musayevin birbaşa rəhbərliyi altında Xalq Cəbhəsinin ilkin sənədlərini hazırlamışdılar və onlar 1988-ci ilin oktyabr ayının 15-də Üzeyir Hacıbəyovun ev muzeyində bu mövzuda toplantı təşkil etmişdilər. Toplantıya Məhəmməd Hatəmi və məni də dəvət etmişdilər. Məhəmməd bəy xatirələrində yazır: «Mən Xalq Hərəkatı Cəbhəsinin sənədini yazıb tamamlamışdım. Zərdüşt Əlizadə Azərbaycan Xalq Cəbhəsinin proqramını müzakirə etmək üçün 15 oktyabr 1988-də Ü. Hacıbəyovun ev muzeyində yığıncaq çağırdı. Burada mən və tərəfdarlarım iştirak edirdik. Zərdüştə təklif etdim ki, xalq hərəkatını birlikdə yaradaq. O, mənimlə həmkarlıq etməkdən boyun qaçırtdı. Qabağımda oturmuş Xudu Məmmədov ürək səktəsindən keçindiyindən, yığıncaq yarımçıq qaldı» (Hatəmi).
Üzeyir Hacıbəylinin ev muzeyi
Xalq Cəbhəsini yaradanlar üçün hər cür şərait yaradılmışdı. Bu da təbii idi. Çünki bu təşkilatı yaratmaqda məqsəd onu hərəkatın başına keçirərək istədikləri istiqamətdə yönləndirmək idi. Bizim Hatəmi ilə birlikdə əl-ələ verərək yaratdığımız Xalq Hərəkatı Cəbhəsinin isə yığışmağa yeri, təbii ki, yox idi. Belə olan halda, Xudu Məmmədovun rəhmətə getməsindən istifadə edərək hər cümə axşamı, sanki, təziyəyə yığışırıqmış kimi, «Təzə-Pir» məscidinə toplanmağa və iclaslarımızı orada keçirməyə başladıq. Artıq bir dəfə bu metoddan istifadə etmiş və «Şəhriyarın cümə axşamısı» adı altında məsvidə toplanmış, sonra da oradan dənizkənarı park istiqamətinə yürüş etmişdik.
Təzə-Pir məscidi
Məscidə yığışıb, oranı siyasət meydanına çevirməyimiz, xüsusən də mənim Kommunist Partiyasının əleyhinə söylədiyim nitqlər, eləcə də müstəqillik barədə çağırışlarım təkcə hakimiyyət dairələrini deyil, şəxsən şeyxülislam Allahşükür Paşazadəni ciddi narahat edirdi. Amma heç nə edə bilmirdilər. Allahın evindən bizi kim qova bilərdi ki?
Hatəmi həmin günləri xatırlayaraq yazır: «24 oktyabr 1988-də tikinti materialları naziri Arif Mənsurov məni və Mənsuru yanına dəvət etdi. O, bizi öz maşınında Şeyxülislam Allahşükür Paşazadənin yanına gətirdi. Söhbət zamanı Paşazadə dedi ki, bəzi bədxah adamlar xalq içərisində məni DTK-nın polkovniki kimi qələmə verirlər. Ona dedim: "Siz buna öz hərəkətinizlə əsas verirsiniz. Ermənilər vətənimizə təcavüzə başlamışlar. Katalikos Vazgen xalqını bu təcavüzkarlığa təhrik edir. Siz isə dini rəhbər kimi xalqı erməni təcavüzünə qarşı cihada səsləmək əvəzinə, ermənilərə qardaşlıq elan edirsiniz, xalq sizin haqqınızda başqa nə düşünə bilər?"
Təzəpir mollaları həmişə çalışırdılar ki, buradakı yığıncaqlarımızı pozsunlar. Çənlibelçilər də onlara qarşı "Lənət olsun mollalara" kimi şüarlar verirdilər. Paşazadə xahiş etdi ki, məscidi siyasət meydanına çevirməyək. Onunla razılaşmayıb dedim: "Peyğəmbərimizin vaxtında məscid əsil siyasət meydanı olmuşdur".
Çənlibel Təşkilatının, sonra yaradılacaq Xalq Hərəkatı Cəbhəsinin hesabına Təzəpir məscidinə insanların ayağı açıldı. Aşura günündən başqa, yoxsa, burada adam görünməzdi» (Hatəmi).
Çox təəssüflər olsun ki, Xalq Hərəkatı Cəbhəsinin sənədləri qalmayıb. Qalan yalnız aşağıdakı bildirişdir:
AZƏRBAYCAN XALQINA BİLDİRİŞ
Qayaüstü rəsm-yazılar, arxeoloji-kurqan materialları, Qərb-Şərq qaynaqlı əski yazılı mənbələr açıq-aşkar nişan verir ki, eradan əvvəl ən azı 10 mininci illərdən "Azərbaycan" deyilən bu doğma torpağın doğma övladlarıyıq. Ara-sıra əcnəbi yürüşlərinə, ağalığına məruz qalsaq da, şərəfli bir tarixi həyatla yaşadıq bu torpaqda. Sonda vətənimizin şimal hissəsi 1813-1828 tarixlərində çar Rusiyası tərəfindən istila edilir.
Birinci dünya müharibəsi və 1917-ci ildə baş vermiş Oktyabr inqilabı nəticəsində Rusiya imperiyası keçici olaraq dağılır. Bundan faydalanan Azərbaycan xalqı müsavat partiyasının başçılığı ilə 1918-ci il may ayının 28-də özünün azad, suveren dövlətini yaradır. 17.03. 1920-ci il tarixində V. İ. Lenin Qafqaz Cəbhəsinin Hərbi İnqilab Şurasına, Orcenikidzenin üstünə belə bir teleqram göndərir: "Bakını almaq bizə olduqca və olduqca zəruridir. Bütün səyinizi buna verin...". Bu teleqramdan sonra 1920-ci il aprelin 27-də Azərbaycan bu dəfə XI Qızıl Ordu tərəfindən tutulur. Xalqın 76% səs çoxluğu ilə yara-dılmış milli dövləti məhv edilir. Bu tarixdən başlayaraq 1953-cü ilə qədər, milli mənliyini itirmiş bir yığın yaramaz xaricində, siyasi, elmi, ədəbi, dini görkəmli bütün şəxsiyyətlərimiz kütləvi şəkildə tutulub, öldürülüb, qətliam edilib, xaricə qaçaq salınıb, "sosializm, kommunizm quruculuğu" adına sovet Rusiyası üçün köləlik edən Azərbaycanda ancaq qara işçi qüvvəsi saxlanmışdır. Milli adamlara müxtəlif formalarda divan tutmaq siyasəti sonrakı durğunluq dövründə davam etdirilmişdir.
SSRİ ərazisində yaşayan və soyğunçu, şovinist rus hakimiyyətindən əzab çəkən xalqlarda hazırkı yenidən-qurma, aşkarlıq, demokratiya dövründə milli ruh yüksəlməyə başlamışdır. Qafqazda ermənilər xüsusilə fəallıq göstərirlər. Onlar bir tərəfdən SSRİ-dən ayrılmaq istəyir, digər tərəfdən Moskvanın yardımı ilə Dağlıq Qarabağı Azərbaycandan qopartmağa çalışırlar. Ermənistanı SSRİ-dən ayrılmaq fikrindən uzaqlaşdırmaq üçün, Moskva vətənimizin bu gözəl guşəsini Ermənistana güzəştə hazır olmuşdur. Heç şübhəsiz Azərbaycanın müthi dövlət başçıları da buna razı olacaqdı. Lakin Azərbaycan xalqının hesaba alınmamış gözlənilməz birlik və müqaviməti bu planı alt-üst etdi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 iyul 1988-ci il tarixli qərarına rəğmən, Dağlıq Qarabağ məsələsi əvvəlki şiddətilə sürüb gedir. Azərbaycan oğulları Moskvada qanunsuz olaraq mühakimə edilir, azərbaycanlıları Ermənistandan, Dağlıq Qarabağdan faciəli bir şəkildə sıxışdırırlar. Azərbaycan xalqı rus və erməni təzyiqi, zülmü, zorakılığı qarşısında qalmışdır.
Belə bir ictimai-siyasi şəraitdə "Çənlibel Elmi-Ədəbi Birliyi"nin təsirilə yenidənqurma dövründə Bakıda yaranmış bəzi xalqpərəst birliklərin başçıları və ayrı-ayrı müəssisələrin nümayəndələri bir araya toplaşıb Xalq Hərəkatı Cəbhəsini təsis etmiş və onun Keçici Mərkəzini yaratmışlar. Xalq Hərəkatı Cəbhəsi milli, leqal, demokratik, ictimai təşkilat olub, Konstitusiya və Sov. İKP-nin yenidənqurma, aşkarlıq, demokratiya siyasəti çərçivəsində Azərbaycan xalqının iradəsini təmsil edəcək, onun istəklərinə cavab verəcəkdir.
Xalq Hərəkatı Cəbhəsi SSRİ-dən ayrılmağı hələlik gözdə tutmur. Lakin aşağıda haqqında danışacağımız milli istismar, zülm davam edərsə, Konstitusiyaya əsasən SSRİ-dən ayrılıb müstəqil dövlət təşkil etməyi qarşısına məqsəd qoyacaqdır.
Bu təşkilat marksizmin obyektiv sosializm nəzəriyyəsini, obyektiv sosializm iqtisadi sistemini, sovet quruluşunu qəbul edir, lakin onun, rus xalqının özü də daxil olmaqla, SSRİ xalqlarına hərtərəfli fəlakət gətirmiş mövcud variantını qəti şəkildə rədd edir. Dövlət həqiqətən xalq dövləti, dövlət mülkiyyəti həqiqətən xalq mülkiyyəti olmalıdır.
Bu təşkilat marksizmi, həmçinin beynəlmiləlçilik ideyasını qəbul edir və onu alqışlayır. Lakin sözdə bu ideyadan bol-bol danışıb, əməldə qatı şovinist mövqe tutanlara, başqa xalqlara yuxarıdan aşağı baxanlara, onlara maddi və mənəvi hər cür milli zülmü rəva görənlərə qarşı barışmaz mübarizə aparacaqdır. SSRİ daxilində bütün xalqlar eyni imtiyazlara, hüquqlara sahib olmalı, Moskvada mərkəzi dövlətdə bərabər şəkildə təmsil olunmalıdırlar.
Sov.İKP insanın insan tərəfindən istismarını ortadan qaldırmış, əvəzində bəşər tarixinin üzünü görmədiyi, insanın dövlət tərəfindən istismarı kimi rəhimsiz, qansız bir istismarı cəmiyyətə tətbiq etmişdir. Xalq Hərəkatı Cəbhəsi bu yeni istismar formasına qarşı çıxacaqdır.
Azərbaycanın illik milli gəliri 327 milyard manatdır. Bu gəliri vətənimizin əhalisinin 7 950 000 sayına bölsək, bələkdəki körpəsindən tutmuş 90-100 yaşlı qocasına qədər adambaşına gündə 161, ayda 4830, ildə isə 41312 manat gəlir düşür. Lakin bu milli gəlir Azərbaycanın əlindən alınır, ildə ona, yuvarlaq şəkildə götürsək, 3 milyard manat büdcə müəyyənləşdirilir. Üç milyard manat büdcə hesabı ilə, yenə bələkdəki körpəsindən tutmuş 90-100 yaşlı qocasına qədər, Azərbaycanda adambaşına gündə 1 manat 10 qəp., ayda 32 manat 50 qəp., il-də 390 manat gəlir düşür. Adambaşına gündə 161, ayda 4830, ildə 41312 manat gəlir hara, gündə 1 manat 10 qəp., ayda 32 manat 50 qəp., ildə 390 manat gəlir hara ! Yaxud bir xalqın illik 327 milyard manat milli gəlirini əlindən alıb, ildə ona 3 milyard manat büdcə müəyyənləşdirmək nə deməkdir? Sosializm cəmiyyətində insanın istismar olunmaması bumudur? Sosializmin "hər kəsdən qabiliyyətinə görə, hər kəsə əməyinə görə" prinsipinə beləmi əməl edərlər? Bəs deyirlər SSRİ-də milli istismar, haqsızlıq ortadan qaldırılmışdır, bu ki, lap soyğunçuluqdur, talançılıqdır, dünyada tayı-bərabəri görünməyən milli zülmdür. Yeməyə çörək, geyməyə paltar, yaşamağa ev, insan kimi istirahət etməyə yer tapa bilməməyimizin, respublikanı bürokratizm, rüşvətxorluq, süründürməçilik, qohumbazlıq, dostbazlıq, yerlibazlıq, oğurluq, cinayətkarlıq bürüməsinin, cəmiyyət əxlaqının pozulmasının, insanların biri-birinə qarşı bədxaha, mərdimazara çevrilməsinin, Azərbaycanın bərbad halda olmasının və s. hamısının kökü buradan gəlir. Bəyənmədiyimiz çar Rusiyasında belə milli istismar, soyğunçuluq, vəziyyət görünməmişdir.
Sov.İKP-nin rəhbərliyi altında Azərbaycan KP bu qədər milli gəlirlə vəd etdiyi kommunizmi 68 ilə Azərbaycanda nəinki gerçəkləşdirə bilməmiş, əksinə respublikanı maddi və mənəvi hər cür çirkabın xilasolunmaz bataqlığına soxmuşdur. Kommunizm deyilən şey Küveyt və Yaponiyadakı, Qərbi Almaniya, Amerika, Fransa və İngiltərədəki yaşayışdan da gözəl, firəvan yaşayış deməkdirsə, Xalq Hərəkatı Cəbhəsi onu uzaqbaşı 3-4 il müddətinə Azərbaycanda gerçəkləşdirməyi xalqımıza namusla söz verir. Xalq Hərəkatı Cəbhəsi bunun üçün SSRİ daxilində müstəqil iqtisadi siyasət yeridəcəkdir.
Azərbaycanda fəhlələrin, sənətkarların, dövlət qulluqçularının, tələbələrin, təqaüdçülərin aylıq gəliri 500-lə 2000 manat arasından az olmamalıdır. Adamlardan alınan məcburi və könüllü bütün vergilər ləğv ediləcəkdir. Adamların gəlirinin belə ədalətli şəkildə qaydaya salınması, onların maddi-rifah halının yaxşılaşdırılması, elə sanırıq ki, rüşvətxorluq, oğurluq, cinayətkarlıq, əxlaq pozğunluğu və s. kimi bir çox ictimai xəstəliklərdən yaxa qurtarılmasına yol açacaqdır. Cəmiyyəti aclığa, yoxsulluğa məhkum edib, bu şeylərlə mübarizə aparmaq və onun kötüyünü kəsmək olası iş deyildir.
Sovet cəmiyyəti qadınları azadlığa çıxartmış, kişilərlə eyni hüquqlu etmiş, lakin onların vəziyyətini ağlagəlməz dərəcədə ağırlaşdırmışdır. Qadınlar əvvəlki formasiyalarda iş bölgüsünə görə əsasən ailə işlərilə uğraşmışlar. Lakin indi həm evdə ailə yükünü çiyinlərində daşıyır, həm də istehsalatda, ictimai işlərdə kişilərlə bərabər çalışırlar. Bu səbəbdən bu nəcib, incə varlıq qadınlıqdan çıxaraq, əsəbi, kobud və kişi cinsindən çox-çox fəal olmuşdur. Bununla yanaşı, onun öz körpələrini böyütməyə, tərbiyə etməyə, onlara, ərinə lazımi qayğı göstərməyə, bir qadın kimi özünə fikir verməyə nə gücü, nə vaxtı vardır. Xalq Hərəkatı Cəbhəsi qadını, qadınlığı bu durumdan qurtarmaq üçün bütün tədbirləri görəcəkdir.
Azərbaycanda sovet hakimiyyəti qurulana qədər Bakı neft sənayesinin və bəzi başqa sənaye sahələrinin inkişafına görə dünyanın öndə gedən şəhərlərindən biri olmuşdur. Sənayenin inkişafı ilə əlaqədar olaraq Bakı hərəsi bir şedevr olan gözəl binalarla dolur və möcüzəli bir sürətlə böyüyürdü. Vəziyyət belə getsəydi, hərbi və mülki sənayesinə, texniki inkişafına, tikinti sahəsindəki nailiyyətlərinə görə Bakı və ümumiyyətlə Azərbaycan Amerika, Yaponiya, İngiltərə, Fransa, Qərbi Almaniya, Kanada, İtaliya kimi yüksək inkişaf etmiş ölkələrlə indi bir sırada dururdu. Bir vaxtlar ABŞ-ın məşhur Çikaqo şəhəri ilə rəqabət aparan Bakı, bugünkü durumunda onun yanında misgin haldadır. Azərbaycanın sənayesi Rusiya üçün xammal hazırlayan müstəmləkə sənayesindən irəli gedə bilməmişdir. Xalq Hərəkatı Cəbhəsi milli gəlirə istinad edib bu faciəli geriliyi ortadan qaldıracaqdır. Azərbaycan başdan-başa yüksək inkişaf etmiş sənaye, texnika, memari tikinti ölkəsinə çevrilməlidir. Burada "evim yoxdur" deyən bir insan tapılmamalıdır.
Sovet dövründə pambıqçılıq, üzümçülük, bağçılıq, tütünçülük, tərəvəzçilik və s. Azərbaycanda kaloniya təsərrüfatına çevrilmişdir. Bu təsərrüfat otlaqların, meşələrin, dənli və paxlalı əkin sahələrinin demək olar ki, axırına çıxmış, maldarlığa zərbə vurmuş və Azərbaycanda min illərdən sürüb gələn gələnəksəl kənd təsərrüfatı həyatını kökündən məzara gömmüşdür. Torpaqlarımız şoranlaşmış, erroziyaya uğramış, ekologiya pozulmuşdur. Xüsusi mülkiyyət deyilən çox şeydən məhrum olub quru yerdə qalmış Azərbaycan kəndlisi, ailəsi ilə birlikdə, bu təsərrüfatda miskin gəlirli muzdura, köləyə çevrilmişdir. Bir vaxtlar firavanlıq içərisində yaşayan, günlərlə, həftələrlə sürən toy-yasında onlarla mal-heyvan kəsən, nehrə yağını su yerinə işlədən, ayranı itə tökən bu kəndli gör nə kökə qalmışdır ki, indi bazarda yumurta-şor axtarır. Kənd təsərrüfatımıza, kəndlimizə üz vermiş bu tarixi bədbəxtçiliyin bir tək çarəsi vardır: texniki bitkilərin əkin sahəsini ən azı 60% azaltmaq, otlaq sahələri genişləndirmək, taxılçılığı, maldarlığı inkişaf etdirmək, kəndliyə yetəri qədər xüsusi torpaq sahəsi və istehsal etdiyi məhsulların gəlirinə müvafiq olaraq ləyaqətli əmək haqqı vermək. Xalq Hərəkatı Cəbhəsi bu işi görməyə qəti qərarlıdır.
Azərbaycan Sovet İttifaqının öndə gələn ərzaq və kənd təsərrüfatı məhsulları bazalarından biridir. Ancaq Azərbaycan şəhərləri bu məhsulların qıtlıq və yoxluğundan əzab çəkir. Səbəb odur ki, bu məhsullar SSRİ-nin başqa şəhərlərinə və xaricə axıdılır. Xalq Hərəkatı Cəbhəsi bu axıntının qarşısını alacaqdır. Əvvəl evin içi, sonra çölü. Azərbaycanın ərzaq və kənd təsərrüfatı məhsul-ları ilə birinci növbədə respublikanın əhalisi təmin edilməlidir.
Dünyanın hər yerində böyük, basdırıqlı, səs-küylü şəhərlərin əhalisində təbiətin qoynuna sığınıb orada yaşamaq yanğısı baş qaldırmışdır. Bizdə əksinə, gənclərimiz cənnət təbiətin qoynunda yerləşən kəndlərini tərk edib şəhərlərə sığınır və burada acınacaqlı hala düşürlər. Bunun bir səbəbi olmalıdır. Səbəb odur ki, kənddə yaşayış, həyat pozulmuşdur. Gənclərin şəhərlərə axmasının qarşısı alınarsa, bundan həm həmin gənclərin özləri, həm kəndlərdə ərsiz qalıb çürüyən qızlarımız, həm əhali artımımız, həm də kənd təsərrüfatımız qazanar. Bu vəziyyətə çarə qılmaq üçün, Xalq Hərəkatı Cəbhəsi gənclərə kəndlərdə iş şəraiti yaratmağa, torpaq sahəsi verməyə, ev tikib evlənmələrinə yardımçı olmağa hazırdır.
Arizm nəzəriyyəsinə görə farslar, əfqanlar, hindlilər, avropalılar, ruslar eyni mənşəli xalqlardır. Bu nəzəriyyədən çıxış edərək, güneydə fars, qüzeydə hakim rus elmi bizim bu torpaqlardakı çox qədim tarix və mədəniyyətimizi danır, özləri gəlmə olduqları halda, bizə gəlmə adı qoyurlar. Gəlmə adı qoyurlar ki, bizi əridib sıradan çıxartmağa, vətənimiz Azərbaycana sahib çıxmağa özlərinə elmi-ideoloyi hüquqi əsas hazırlasınlar (Təsadüfi deyildir ki, Avropa və SSRİ-nin hakim dairələri farslarla əl-ələ verib Güney Azərbaycanda gedən milli hərəkatları qanlar içərisində basdırmış və 1925-ci ildə bir türk sülaləsi olan Qacarları İranda hakimiyyətdən salmışlar). Azərbaycanın ictimai elmləri, kütləvi təbliğat vasitələri, ali və orta məktəb dərslikləri uzun illər bu saxtakarlığın məhvərində fırlanmışlar. Ona görə tariximiz, mədəniyyətimiz haqqında kimsədə aydın təsəvvür tapılmaz. Qədim və orta yüzil dünya miqyaslı iftixarlı tarixi keçmişimizlə, Türkiyə və Güney Azərbaycan türklərilə mənəvi bağlılığımızı kəsə bilmək üçün, xalqımızın "türk" adını zorla dəyişdirib, bizə millət adı yox, yerlilik bildirən "azərbaycanlı" adı qoymuşlar. Orta yüzillər və Güney Azərbaycan mədəniyyətilə əlaqəmiz birkülli qırılsın, mənən yoxsullaşaq, miskinləşək deyə, ərəb əlifbasını əlimizdən alıb, bizə əvvəlcə latın, sonra kiril əlifbasını sırımışlar. Bir tərəfdən bizi dinimizdən, novruz və dini bayramlarımızdan, başqa adət-ənənələrimizdən ayırmağa çalışmış, digər tərəfdən İsanın anadan olduğu 1 yanvarı əziz yeni il bayramı kimi təntənə ilə bizə tutdurmuşlar ki, bir millət kimi özümüzdən uzaqlaşıb yadlaşaq.
Konstitusiyanı pozaraq, dilimizin dövlət dili olmasına mane olmuşlar. Radio-televiziya, dövrü mətbuat rus dilini öyrənməyi gecə-gündüz xalqımıza təbliğ edir. Bağçayaslıdan başlamış qəbir evinə qədər müxtəlif vasitələrlə azərbaycanlılara hər yerdə xüsusi bir səylə rus dilini öyrətməyə çalışırlar. Azərbaycanda rus təmayüllü məktəblərin sayı, Azərbaycan təmayüllü məktəblərin sayını üstələməyə başlamışdır. Rus-Azərbaycan təmayüllü qarışıq məktəblərdən hələ danışmırıq. Radio-televiziyada azərbaycanca verilişlərin saatı getdikcə sıxışdırılır. Burada azərbaycanlılardan müsahibələri də indi rusca götürürlər. Bir vaxtlar Azərbaycan dilində çıxan qəzet-jurnallarımız indi qarışıq dildə çıxır, heç şübhəsiz bir azdan tam rusca çap olunacaqlar. Dəqiq elmlər sahəsində çalışan bilginlərimiz öz əsərlərini çoxdan rusca yazırlar. Bu hal humanitar elmlər sahəsinə də siraət etmiş və getdikcə güclənir. Bütün bunların mənası odur ki, Azərbaycan xalqı assimilyasiya uçurumuna sürüklənmişdir.
Xalq Hərəkatı Cəbhəsi xalqımızı əritmək siysətinin qarşısına tikiləcək, Azərbaycan dilinin dövlət dili olması uğrunda mübarizə aparacaq, tariximizin, mədəniyyətimizin saxtalaşdırılmasının qarşısını alacaq, xalqımızın "türk" adının, ərəb əlifbasının bərpasına çaba göstərəcəkdir. İslam dininin fəaliyyətinə sərbəstlik veriləcək, Novruz və dini bayramlarımız dövlət səviyyəsində qeyd ediləcəkdir.
Azərbaycan sovet ədəbiyyatı xalqdan uzaq düşmüş, onun ağır dərdlərinə, fəlakətli problemlərinə biganəliklə dal çevirmiş, kölə əməyini tərənnüm və kütlələri bu əməyə təşviq edən, milli-mənəvi təxribatçılıqla məş-ğul olan zərərli bir ədəbiyyat olmuşdur. Elə buna görə xalqdan rəğbət görməyərək yaşarkən ölmüşdür. Cəllad Stalin və onun əlaltısı tat Mircəfər Bağırov dövründə adları vətənsevər sənətkarlarımızın qanına qarışmış bu ədəbiyyatın nümayəndələri, ümumiyyətlə onun özü ədəbiyyat tariximizə qara ləkədən başqa bir şey deyildir. Sovet dövründə ədəbiyyatın partiya boyunduruğu altına girməsi buna səbəb olmuşdur. Xalq Hərəkatı Cəbhəsi xalqımıza, dünyaca məşhur klassik ədəbiyyatımıza layiq bir ədəbiyyatın yarana bilməsi üçün ədəbiyyat üzərindən partiya nəzarətini qaldıracaqdır. Ədəbi şəxsiyyətlərə yaradıcılıq azadlığı təmin ediləcəkdir. Bu sözlər, ədəbiyyatla eyni vəziyyətdə olan, musiqiyə, rəssamlığa, başqa sənət sahələrinə, dövrü mətbuata, radio-televiziyaya da aiddir.
Xalq Hərəkatı Cəbhəsi respublikada maarifi, təhsil sistemini milliləşdirəcəkdir. Orta və ali məktəblərdə, texnikumlarda şagirdlərin, tələbələrin milli ruhda böyüdülməsi, tərbiyə edilməsi üçün vətən dərslikləri çap edilməsinə sərəncam verəcəkdir. Respublikamızda Rusiyaya sadiq çinovniklər yox, milli kadrlar hazırlanmalıdır. Azərbaycan xalqını bu kadrlar da idarə etməlidirlər.
Azərbaycan xalqı istər hakim, istər məhkum vəziyyətdə olsun, etniklərə vətənində yer vermiş, onlarla həmişə sülh şəraitində yaşamış, özü ilə birlikdə bu torpaqda onları da yaşatmışdır. Xalq Hərəkatı Cəbhəsi yerli və gəlmə bütün etniklərə xalqımızın bu nəcib, insani, humanist münasibətini davam etdirməyi özünə borc bilir. Hamının bu gözəl, nazənin, sərvətli ölkədə siyasi və mülki hüquq bərabərliyi şəraitində azad, qayğısız, xoşbəxt yaşamağa haqqı vardır. Bizim dilimizə, dinimizə, adət-ənənələrimizə edilmiş təcavüz onlara rəva görülməyəcəkdir.
Bu milli, xəlqi arzuları həyata keçirə bilmək üçün Xalq Hərəkatı Cəbhəsinə daxil olan milli, mübariz, təmiz, yüksək siyasi təfəkkürə malik şəxsiyyətlərin partiya, dövlət orqanlarında iş başına gəlməsi lazımdır. Xalq Hərəkatı Cəbhəsi xalq kütlələrinə söykənib bu uğurda mübarizə aparacaqdır.
Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Naxçıvan şəhərlərində, rayon mərkəzlərində, qəsəbələrdə, sovxoz-kolxozlarda, zavod-fabriklərdə, ali və orta məktəblərdə, texnikumlarda, texniki peşə məktəblərində, ayrı-ayrı idarə, təşkilat və komitələrdə, Akademiya sistemində, nazirliklərdə, Azərbaycan KP MK-nın özündə Xalq Hərəkatı Cəbhəsinin özəklərini yaradın və kütlələri bu özəklər ətrafında birləşdirməyə çalışın. Azərbaycan xalqının bir nəfər kimi birləşib mübarizə aparmaqdan başqa çarəsi qalmamışdır.
Cinsindən, milliyyətindən, dinindən, sənətindən, partiyalı-partiyasız olmasından, hansı idarədə nə vəzifəsində işləməsindən asılı olmayaraq, Xalq Hərəkatı Cəbhəsinin ideyalarını qəbul edən, bu ideyalar uğrunda mübarizə aparmağa hazır olan 15 yaşından yuxarı hər bir kəs bu təşkilata daxil ola bilər. Bu təşkilata daxil olanlar onun iclaslarında müntəzəm iştirak etməli, ayda bir manat üzvlük haqqı verməli, imkanı olarsa ona əlavə maddi yardım göstərməlidir.
Hamını, hamını - Azərbaycan xalqını Xalq Hərəkatı Cəbhəsində birləşməyə səsləyirik!
Xalq Hərəkatı Cəbhəsinin Keçici Mərkəzi, 30 oktyabr 1988-ci il.
Azərbaycan Xalq Hərəkatı Cəbhəsini «Çənlibel»in «liberal»lardan təmizlənmiş, daha da genişlənmiş və gücünə güc qatmış forması və davamı da hesab etmək olar. Və bu təşkilat artıq gücü tükənən və kütləvi aksiyalar təşkil etmək imkanında olmayan sələfindən, yəni «Çənlibel»dən fərqli olaraq milli mübarizəyə yeni nəfəs və ruh gətirdi. Bu yeni nəfəs və ruh 14 və 16 noyabr mitinqləri idi.
1988-ci il noyabr-dekabr meydan olayını milli azadlıq hərəkatımızın şah nöqtəsi hesab edən M. H. Tantəkin özünün «Acı həqiqətlər» kitabının «Meydan epopeyası» başqlıqlı III fəslinin tam əvvəlində Yaşar Türkazərin «Əbdürrəhman Vəzirov cənablarına Açıq Məktub» adlı yazısına (4), eləcə də sovet dövrünün ən məşhur siyasi təhlilçilərindən hesab olunan Vil Dorofeyevə (5) istinadən yazır ki, «1988-ci il noyabr-dekabr meydan mitinqi Hatəminin Sabir bağında təşkil etdiyi 14, 16 noyabr mitinqləri ilə başlamışdır» (2).
Nəzərə alsaq ki, sözügedən mitinqlərin hər üçünün əsas mövzusunu məlum «Topxana meşəsi olayı» təşkil edirdi, bu fikirlə razılaşmaq olar. Hadisələrin xronoloji baxımdan eyni günlərə təsadüf etməsi də belə söyləməyə əsas verir. Fəqət bu mitinqlərdən ilk ikisini M. Hatəmi başda olmaqla, Azərbaycan Xalq Hərəkatı Cəbhəsi, üçüncüsünü isə tamam başqa bir qüvvə təşkil etmişdi.
Qeyd etmək lazımdır ki, həmin dövrdə baş verən hadisələri Azərbaycandakı radikal milliyyətçiliyin təzahürü kimi qələmə verən Vil Dorofeyev ölkəmizdə baş qaldıran milliyyətçiliyin üç aparıcı simasının adını çəkir: «Nizami adına Ədəbiyyat Muzeyinin böyük elmi işçisi, filologiya elmləri namizədi Məhəmməd Hatəmi, Leytenat Şmidt adına maşınqayırma zavodunun fəhləsi Nemət Pənahov və Yuru Qaqarin adına Pioner və Məktəblilər Sarayının metodisti Bəxtiyar Şahveriyev (Bəxtiyar Tuncay – B. T.)» (5). Onun məqaləsi Sov. İKP-nın orqanı olan «Dialoq» jurnalında çıxdığından bu nöqteyi-nəzəri imperiya mərkəzinin, yəni Moskvanın həmin dövrdəki nəzəri hesab etmək olar.
M. Hatəmi yazır: «14 noyabr Sabir bağı mitinqini ermənilərin Şuşada Topxana meşəsini dağıdıb, orada sənaye obyekti tikmələrinə etiraz olaraq təşkil etmişdim.
16 noyabr Sabir bağı mitinqinə xalqla yanaşı, milis qüvvələri də az toplaşmamışdı. Əbülfəz Əliyev, İsmayıl Təriqpeyma, Bəhmən Sultanov milislərin mitinqi ha indi, ha bayaq dağıdacaqları, bizi də tutacaqları intizarı ilə özlərini Dommonolitin (Monolit adlı binanın –B. T) tinində gizləmişdilər. Milis zabitləri istəyirdilər məni mitinqçilərin içərisindən kənara çəkib tutsunlar, adamlar qoymadılar, mitinq başladı.
Sabir bağı
Mitinqin iki məqsədi vardı. Birinci, eynilə 14 noyabr mitinqində olduğu kimi, Topxana meşəsinin ermənilər tərəfindən dağıdılmasına etiraz etmək. Onun daha mühüm olan ikinci məqsədindən danışmazdan öncə bir məsələni hörmətli oxucunun diqqətinə çatdırmaq istərdim. Bildiyimiz kimi, Konstitusiyaya əsasən respublikaların SSRİ-dən ayrılıb müstəqil dövlət təşkil etmək hüquqları vardı. Bunun qarşısını almaq üçün SSRİ Ali Soveti Konstitusiyaya dəyişiklik etmək fikrinə düşmüş, Estoniya Respublikası da bunun əleyhinə baş qaldırmışdı. 16 noyabr mitinqinin 2-ci məqsədi Azadlıq meydanına ayın 20-nə mitinq elan edib, Estoniyanı müdafiə etmək idi. Söhbət Estoniyadan getmirdi. Məni maraqlandıran SSRİ Ali Sovetinin qəbul edəcəyi qanun maneəsinin qarşısını alıb, imperiya əsarətində olan bütün sovet xalqlarının, o sıradan xalqımızın azadlığa çıxmasına yol açmaq idi.
Zərdüşt Əlizadə 16 noyabr mitinqinin xəbərsiz olduğu bu ikinci məqsədi barəsində məndən bir dəfə bilgi alaraq, onu qəzetdə özlərinə belə mal etmişdir: "Oktyabr və noyabr aylarında biz SSRİ Konstitusiyasına əlavələr və düzəlişlər edilməsi ilə bağlı respublikada gedən moskvapərəst kompaniyaya qarşı etirazlar təşkil etməklə məşğul idik. Ali məktəblərdə, fabrik və zavodlarda, əmək kollektivlərində müzakirələr keçirir, yeni layihənin təhlükəsini camaata başa salırdıq... Noyabrda bir neçə dəfə Bakı Sovetinə və 26-lar RİK-ə müraciət edib Konstitusiyaya əlavələr layihəsini müzakirə etmək üçün mitinq keçirtməyə icazə istədik. Vermədilər. Onda biz noyabr nümayişlərini Konstitusiyaya əlavələr və düzəlişlər əleyhinə çevirməyə cəhd göstərdik. Bu cəhdimiz də baş tutmadı" (1).
Xalq Hərəkatı Cəbhəsinin fikrini, iradəsini ifadə edərək, 16 noyabr Sabir bağı mitinqindəki çıxışımda Azadlıq meydanına 20 noyabra mitinq elan etdim. Dövlət məhz bu mitinqi pozmaq məqsədi ilə Ənvər Əliyevin, universitetin «Yurd» Cəmiyyətinin əli ilə 17 noyabr Gənclər Meydanı mitinqini təşkil etdi.
Biz mitinqlər təşkil edən vaxt xalqın tələbi ilə dövlətdən güclə mikrafon ala bilirdik. 17 noyabr mitinqinin dövlət tərəfindən təşkil edildiyinə məndə şübhə yeri qoymayan fakt, sübut budur ki, mitinqçilər Gənclər Meydanına gəlməmişdən qabaq onlar üçün burada mikrofonlar çoxdan hazır idi. Mitinq iştirakçıları Gənclər Meydanından Azadlıq meydanına getmək fikrinə düşməsinlər, ya gedə bilməsinlər deyə, dövlət hər ehtimala qarşı burada başqa hazırlıq da görmüşdü: Həmkarlar İttifaqının binası ilə Nizami Muzeyinin arasını əsgəri qüvvələrlə kəsdirmişdi. Mənim başçılığımla Xalq Hərəkatı Cəbhəsinin üzvləri və başqa gənclər əsgərlərin müqavimətini, sırasını pozaraq, qaçış halında Azadlıq meydanına götürüldük. Beləliklə, dövlətin təşkil etdiyi 17 noyabr mitinqinin noxtası onun əlindən çıxdı və nəinki Azərbaycan tarixində, dünyada eşi-bərabəri bulunmayan əzəmətli meydan epopeyası başladı» (2).
14 və 16 noyabr mitinqləri barədə heç bir məlumat verməyən Ə. Tahirzadə 17 noyabr mitinqinin başlanğıcını belə təsvir edir:
«17 noyabr 1988.
Bir dәstәnin (2-3 minlik) qarşısını B. Sәrdarov küçәsindә milislәr aldılar. Sonra Baksovetin qarşısından bir dәstә gәldi, onlara qoşuldu. İran konsullutunun qarşısında qabağını kәsdilәr.
Axın milisi itәlәdi, "Kommunist küçәsinә yönәldi. Xalq Tәsәrrüfatı İnstitutunun uşaqları da onlaraqoşuldular. Sabirin heykәli qarşısında milislәr avtobusla yolu kәsdilәr. Nümayişçilәr oturdular. ADU-nun rektoru Yәhya Mәmmәdov Әnvәr Әliyevlә danışmaq istәdi, boşa çıxdı. Rektorun yanında Çәlil Nağıyev, Tofiq Rüstәmov (Sonralar "Xalq qəzetinin redaktoru) da vardı.
Cәlil müәllim tәlәbә başçılarını "bişirmәyә" çalışdı, bir şey alınmadı. MK-nın şöbә müdiri Rafiq Әliyev gәlmişdi. Universitetin tәlәbәlәrinә başqa institutunkular (Politexnikin) da qoşulmuşdu. Akademiyanın (İsmailiyyәnin) qapısı aqzında dayanan milislәr çamaatı qabaqa buraxırdılar. Sabir meydanının Hüsü Haçıyev küçәsi ilә kәsişmәsindә әli dәyәnәkli, dәbilqәli әskәrlәr düzülmüşdü (yәqin başta yerlәrdә dә vardı). Düzülmüş avtobusların birindәn kamera ilә çamaatı çәkirdilәr. Oturanlar "A-zər-bay-çan!", "A-zad-lıq!" şüarları deyirdilәr.
Saat 11-in yarısında Söhrabla birgә meydanı gәzişdik. Dәyәnәkli әskәrlәri avtobuslara doldurmuşdular. Küçәni kәsәn avtobusların arxasında dikinә dә avtobus qoymuşdular ki, çamaat onları aşıra bilmәsin.Bir qadın bir kişivin üstünә qışqırıb dedi ki, bu, ermәnidir, keçәn defә ermәnini müdafiә edirdi. O çıxarıb sәnәdini, pasportuvu göstәrdi. Familiyası Haçıyev idi, adı da bizimki. (Qadın ensiklopediyada işlәyirdi). Hәimin kişi ilә söhbәt edәndә MK-da tәlimatçı işlәyәn Yaşar Әlәskәrov mәni çaqırdı. Çamaatın yığışmasının sәbәbini soruşdu. Dedim ki. Topxananın qırılmasına etiraz edirlәr.
Dedi ki, Vәzirov işlәyir dә, bununla nә etmәk olar?
Dedim ki, Vәzirov açizdir. Elә bununla hәr şey etmәk olar. Aeroporta gedәçәyini söylәyib aralandı.
Saat 11-ә qalmış BK-nın I katibi Fuad Musayev, 26-lar rayonunun I katibi Vәli Mәmmәdov vә başqaları gәldilәr. Şüar: "Tələbələri buraxın!".
Saat 11.05-dә avtobusları götürdülәr. Camaat AHİŞ-in binasının qarşısına toplaşdı. Nizami muzeyinin yaninda yenә avtobuslarla yolu kәsmişdilәr İçәrişәhәr darvazalarınin, Sabir döngәsinin qarşısını isә milis cәrgәlәri tutmuşdu. Qışqırdılar: "Yol verin!”.
11.20-dә Vәli Mәmmәdov danışmaqa başladı: Sәrhәddәn o taya qonşu respublikada istәyirlər ki, aramıza çaxnaşma düşsün. Gәlin hәrәkәtimizlә sübut edәk ki, biz tәşkil oluna bilirik. Bayraqı ortaya kәtirin. Çamaat (tәlәbәlәr) mikrofon tәrәfә gәlmәdi.
Saat 11.30-da məçbur olub Lenin meydanına getmәyә razılır verdi (V.Mәimәdov). Camaat artıq muzeyin qarşısındakı sәddi yarıb Lenin meydanına axışmışdı...» (3).
Qaynaqça
-
"Azadlıq" qəzeti, 29 noyabr, 1990.
-
Hatəmi M. T. Acı həqiqətlər. Bakı, Şirvannəşr, 2006.
-
Tahirzadə Ə. Meydan hərəkat: 4 il, 4 ay (https://ru.scribd.com/doc/61649371 /Meydan-gundeliyi).
-
Yaşar Türkazər. Əbdürrəhman Vəzirov cənablarına Açıq Məktub. Kustar üsulla nəşr edilmiş Broşüra. M. Hatəminin şəxsi arxivi.
-
Дорофеев В. …… "Диалог", 1990, № 3. Март.
Dostları ilə paylaş: |