Bəxtiyar Tuncay
KOROĞLU – MİFİK QƏHRƏMAN, YOXSA REAL TARİXİ ŞƏXSİYYƏT?
Araşdırmaçıların bir çoxu «Koroğlu» dastanını Cəlalilər hərəkatını öyrənmək baxımından əvəzedilməz mənbə hesab edirlər Bu da, təbii ki, XVI–XVII əsrlərdə baş vermiş siyasi olayların dastanda təsvir edilən hadisələrlə bu və ya digər dərəcədə səsləşməsindən qaynaqlanır. Belə hesab edilir ki, «Koroğlu» dastanını ümumi kontekstdən – XVI–XVII əsrlərdəki Osmanlı–Səfəvi düşmənciliyi prizmasından öyrənmək özunu doğruldur. Dastanda Koroğlunun və onun dəlilərinin hakimiyyətə qarşı mübarizəsi XVI əsrin tarixi hadisələri ilə səsləşir. Məsələn tarixçi alim F. Namazova qeyd edir ki, XVI əsrin ictimai-siyasi vəziyyətinə nəzər saldıqda aydın olur ki, bu dövrdə xalqın vəziyyəti həddindən artıq pis idi. Onun fikrincə həmin dövrdə Şah Abbas dovləti və ordunu möhkəmlətmək üçün islahatlar kecirməyə başlamışdı. Yerli kiçik xanlıqlar mərkəzə tabe olmağa məcbur edilirdi. 44 min nəfərlik daimi ordu yaradılmışdı. Bu orduda tüfəngcilər və topçular üstünluk təşkil edirdi. Şah Abbasın siyasəti Azərbaycanda və Anadoluda kəndli usyanlarının baş verməsinə səbəb olurdu. Bu üsyanlardan biri Сəlalilər üsyanı idi ki, Osmanlı imperiyasından başlamış butun Azərbaycanı əhatə edirdi və XVII əsrin 30-cu illərinə qədər davam etmişdir. Alimin fikrincə, Osmanlılar və müharibələr əleyhinə üsyanlar «Koroğlu» dastanının formalaşmasında əsas amil hesab edilir (Namazova F., 2012, s.72).
Bu fikir Azərbaycan tarixşünaslığında geniş yayılmışdır. Qəbul olunmuş yekdil rəyə görə, «Osmanlılar əleyhinə üsyanlar hər yerdə elə səs salmışdı ki, əfsanəyə bənzər epik və qəhrəmanlıq dastanları xalqın dilindən düşmürdü. Bunlardan biri də məşhur «Koroğlu» dastanıdır» (Azərbaycan tarixi, 1958, s.104).
Həmin fikri folklorçu alimlər də paylaşırlar. Məsələn, F. Bayat da özünün «Koroğlu. Şamandan aşığa, alpdan erene» adlı kitabında «Koroğlu» dastanını Cəlalilər üsyanına, xüsusən cəlalilərin Təbriz üsyanına bağlayır. O yazır ki, «Gercəkdən də Anadolu və Azərbaycan variantlarında Koroğlunun tarixi qatı bariz bir şəkildə gürünməkdədir. Cəlali Koroğlusu ile mifoloji Koroğlu dastanda bir bütün oluşdurmaq yoluyla yeni epik qəhrəman tipini şəkilləndirmişdir» (Bayat F., 2003, s.10).
M. H. Təhmasib də dastanın süjetinə və tarixi faktlara əsaslanaraq, Azərbaycanda Koroğlu hərəkatının olması haqqında məlumat verir. Onun fikrincə, Cəlalilər hərəkatının genişlənməsi ilə Anadolu, Konya və Ankarada Koroğlu adlı başçının cəsarət və igidliyi böyük bir ərazidə Osmanlı və Səfəvi hakimlərinə qarşı mübarizə aparan üsyançı dəstələrin rəhbərlərinin diqqətini özunə cəlb edə bilmişdi. Alim qeyd edir ki, «yüz minlərlə kəndlinin iştirak etdiyi bu əzəmətli üsyan Azərbaycan ərazisində də yayılmışdı» (Təhmasib M.H., 1972, s.167).
Bir sözlə, həm tarixçi, həm də folklorşünas alimlərin çoxu Koroğlunun Cəlalilər hərəkatında iştirak etdiyini, yaxud Cəlali olduğunu qəbul edirlər. Bu dastanın mətnindən də açıq aydın görünməkdədir. Koroğlunun Matenadaranda saxlanılan və İlyas Muşeqyanın 1721-ci ildə Təbrizdə nəşr etdirdiyi müstəqil bir qoşmasında da eyni şey təsdiq edilir:
Bağdaddan gələn beş durnam,
Yoluna qurban olum, broy!
Əyricələr burma-burma,
Yar telinə qurban olum.
Rəqib bundan keçməsin,
Namərd mətləbə yetməsin, broy!
Altın kəmər incitməsin,
Yar belinə qurban olum.
Sevdim üç gözəlin birini,
Kimsəyə demənəm sirin, broy!
Ləblərin şirindir şirin,
Yar dilinə qurban olum.
Eyvazın rüxsarı güldür,
Siyah kəkilin sümbüldür, broy!
Koroğlunu öldürərsən öldür,
Yar gözünə qurban olum.
İnci demişəm dişinə,
Qüdrət qələmi qaşına, broy!
Sövgənlər bulaq başına,
Yar gözünə qurban olum.
Koroğlu alır salam,
Nə bulur halal-haramı, broy!
Yeddi yüz yetmiş Cəlali
Yar dilinə qurban olum (Namazova F., 2012, s.75-76; Uzun E., 1997, s. 184).
Arakel Təbrizlinin dediklərindən belə məlum olur ki, Səfəvi-Osmanlı müharibəsinin gedişində Osmanlı və Səfəvi ordularının yürüşlərindən sonra Cənubi Qafqazda Cəlalilər hərəkatı daha da fəallaşırdı. Bu hərəkatda qarət olunmuş ərazilərdə yaşayan yerli kəndlilər və şəhər yoxsulları yaxından iştirak edirdilər. Onlar yerli feodallara və varlılara hücum edərək onların əmlakını müsadirə edirdilər (Аракел Даврижеци., 1973, s. 54; Nəcəfli T., 2012, s. 189).
F. Namazova yazır ki, dastanda paşa və xanların Koroğluya qarşı olan düşmənçiliyi tarixi hadisələrə tam uyğun gəlir. «Məsələn, «Düratın itməyi» qolunda təsvir olunan Qara xan özünü Şah Abbasın qohumu kimi hiss edir, Koroğluya düşmən munasibəti bəsləyir, Koroğlunun dəlilərinin Ələmqulu xanın qoşunu ilə vuruşub qalib gəlməsi Şah Abbasın cəlalilərə birinci məğlubiyyətini göstərir. Məhz bu döyüşdən sonra Əmirgünə xanın proobrazı sayılan Ələmqulu xan isə Koroğlu ilə qohumluğu özünə şərəf bilir. Bu hadisələr «Qulun qacması» qolunda əks olunur. Bu qohumluqdan sonra paşalar Koroğlunu məhv etmək üçün yığıb məşvərət edirlər. Bundan sonrakı hadisələr «Koroğlu ilə Bolu bəy» qolunda izlənilir. Bu qolda Hasan paşa Toqatdan, Bolu bəy Ərzincandan, Ərəb Reyhan Qarsdan gəlib məşvərət eləyirlər ki, Koroğlu hərəkatını yatırmaq üçün onun üzərinə birlikdə yürüş etsinlər. Bu müharibə Hasan paşa ilə Mehmet paşanın birlikdə Qara Yazıcının uzərinə hucumunu xatırladır. Cəlalilərin yuksək təbəqəsinin Şah Abbas tərəfə keçməsindən, onun xidmətinə keçəndən sonra şah ordusu cəlalilərin üsyançı dəstələrini məhv edə bilmişdi. «Koroğlu» dastanını Cəlalilər hərəkatı ilə bağlamaq cəhdi bir cox alimlərin tədqiqatında üstünluk təşkil etmişdir» (Namazova F., 2012, s.75-76).
Bununla belə, bu konsepsiyanı qəbul etməyən, ona qarşı çıxan tədqiqatçılar da var. Onlardan biri olan İ. Sadıq hesab edir ki, «Azərbaycan tarixşunaslığında bir cox hallarda epik tarix real tarixə qarşı qoyulur, saxtalaşdırılmış yazılı tarix kitabları gerçəkçi epik tarixdən daha üstün tutulur, yüksək qiymətləndirilir. Onlardakı saxta tarixi məlumatlara istinad etməklə tarix yenidən saxtalaşdırılır. Burada yalnız Arakel Təbrizlinin “Tarix” kitabının adını cəkmək istəyirəm. Tarixi gerçəkliklərin kobud şəkildə təhrif edildiyi bu kitabı Azərbaycan alimlərinin “birinci dərəcəli qaynaq”, “nadir mənbə” adlandırmaları yalnız təəssüf doğurur. “Koroğlu”nun XVII əsrlə və Cəlalilər üsyanı ilə bağlanması məhz A.Təbrizlinin “Tarix” kitabına istinaddan irəli gələn bir yanlışlıqdır ki, hələ də onu düzəltmək mümkün olmur. Tədqiqatlar göstərir ki, Koroğlunun Cəlalilər üsyanı ilə heç bir bağlılığı yoxdur. Dastanın öz mətnində verilmiş elə tutarlı faktlar var ki, onlar Koroğlunun XIII-XIV əsrlərdə yaşadığını göstərir. Tüfəng, Bolu bəyin 1335-1336-cı illərdə Anadolu bəylərindən olması, dastanda ümumiyyətlə üsyan elementlərinin olmaması, XIII-XIV və XVI-XVII əsrlərin siyasi coğrafiyasının müqayisəsi belə nəzərə alınmalı faktlardır (Sadıq İ., 1998, s.10-38). Ona görə də epik tarixi real tarixə qarşı qoyub onların arasında kəskin sərhəd cəkmək yox, real tarixin epic düşüncənin süzgəcindən keçmiş daha saf, daha aydın izlərini görmək, yaxud duymaq lazımdır. Bununla elmə daha böyuk fayda vermək olar» (Sadıq İ., 2012, s. 109).
İ. Sadığın fikirlərində müəyyən qədər həqiqət olsa da, onun bu fikirləri ilə razılaşmaq qətiyyən mümkün deyil, çünki tədqiqatçılar gerçəkdən də «Koroğlu»da tarixi hadisələrlə səsləşən cox sayda epizod və obraz üzə çıxarmışlar. Məsələn, «M.H.Təhmasib nəinki Koroğlunu, eləcə də Eyvaz, Dəmirçioğlu, Dəli Həsən, Kosa Səfər, Bəlli Əhməd, Tanrıtanımaz və b. dəliləri, həmçinin Həsən xan, Hasan paşa, Ələmqulu xan, Bolu bəy və b. müxənnət obrazlarını tarixi hadisə və tarixi şəxsiyyətlərlə əlaqələndirir. M. H. Təhmasib hətta bəzi obrazların konkret prototiplərini də müəyyənləşdirməyə çalışır. ”Dastanı el sənətkarı yaradır” qənaətinə əsaslanan M. H.Təhmasib Koroğlunun özünü Koroğlu adlı el sənətkarı ilə əlaqələndirir» (Kazımoğlu M., 2012, s. 149-150).
Bununla belə, Koroğlunun Cəlalilər hərəkatının başçısı olduğu fikri ilə ilk baxışdan razılaşmamaq da olar. Çünki, «dəqiq məlumdur ki, «Cəlalilər hərəkatının başcısı Qara Yazıçı olmuşdur. Onun əsl adı Əbdülhəlim idi. O, səgban–bölükbaşı olaraq minlərlə özünün tərəfdarlarını başına yığaraq üsyan qaldırır. Cəlalilər üsyanında iştirak edən əsas rəhbərlərdən 14-nün adı cəkilir – Dəli Həsən, Zulfuqar, Qaraqaş Əhməd, Qələndər oğlu Mehmet, Gavur Murad, Mehmet, Ağacan Piri, Qara Səid, Huseyn oğlu İshaq, Sundək, Uzun Xəlil, Qalındodaq Mahmud, Sarı Şaban. A. Tveritinovanın verdiyi məlumata görə, bu başçılar əvvəlcə hərəsinin 3–5 min dəstəsi olmaqla ayrıca vuruşurdular. Sonra Əbdülhəlim onları öz bayrağı altına yığdı, baş komandanlığı üzərinə götürdü (Тверитинова А., 1946, s. 60). Bu üsyanı yatırmaq üçün Sinan Paşazadə Mehmet paşa göndərilir. O, Qabesin bəylərbəyisi olan Hüseyn paşanın usyanını yatırtmışdı, Hüseyn paşa Qara Yazıçının muttəfiqi olmuşdu. Sinan Paşazadə Mehmet paşa ilə döyuşdə Qara Yazıcı məğlub olur və Sivasda gizlənir. Qışı orada keçirir, yazda Sivasın bəylərbəyisi Mahmud paşanın köməyi ilə Çorum sancağına gəlir və qardaşı Dəli Həsəni də bu üsyana cəlb edir. Onlar, iki qardaş 20000 atlıya başçılıq edərək Anadolunun hakiminə çevrildilər. Onların qüdrətlənməsini görən hakimiyyət böyük vəzir İbrahim paşanı və Bağdad paşası Hasan paşanı üsyanı yatırmağa göndərdi (Лор-Меликова-Сайяр., 1985, s. 23). Kayseri ətrafında döyüş oldu, Sultan III Mehmetin qoşunları məğlub oldu və İbrahim paşa Kayseri qalasında gizləndi. Bu döyüş Qara Yazıçını möhkəmləndirdi, onun dəstəsi artaraq 30000 nəfərə çatdı. İbrahim paşanın məğlubiyyətini görən Hasan paşa öz qoşunlarını Anadoludan çəkdi, Diyarbəkirə gələrək quvvətləndi. Burada Qara Yazıçı ilə döyüşə girdi. Bu döyüşdə Qara Yazıçı məğlub olub Caniq dağlarına çəkildi, onu dağlarda izləyən Hasan paşa Tokat yolunda Qara Yazıçını öldürdü (Лор-Меликова-Сайяр., 1985, s. 24). Bu hadisə Qara Yazıçının qardaşı Dəli Həsənə pis təsir etdi. Qardaşının məğlubiyyətinin əvəzini çıxaraq Tokatda Hasan paşanın qoşununu darmadağın etdi, Hasan Paşa Tokat qalasında gizləndi. İstanbul Dəli Həsənin qarşısında gücsüz idi. Hasan paşanın adamları da bu döyüşdən bezmişdilər. Odur ki, onlar da Dəli Həsənin tərəfinə keçdilər. Dəli Həsən özünü Qaramandan Kutağa qədər ərazinin paşası elan etdi (Лор-Меликова-Сайяр., 1985, s. 24). 1602-ci ildən etibarən o, Cəlalilər hərəkatına rəhbərlik etməyə başladı» (Namazova F., 2012, s.76).
Tarixçi alim T. Nəcəfli Koroğlunun yaxın silahdaşları arasında Dəli Həsənin də önəmli yer tutduğunu vurğulayaraq, onun tarixi şəxsiyyət olduğunu dövrün arxiv sənədlərinin və digər qaynaqlarının təsdiq etdiyini söyləyir: «Qardaşı Qara Yazıçının əməlini davam etdirən Dəli Həsən 1602-ci ilin fevralında Şərqi Anadoluda Cəlalilər hərəkatına rəhbərlik etməyə başlayır. Dəli Həsən qardaşının qisasını almaq üçün Sokolluzadə Həsən paşa üzərinə yürüş etdi. Tokat yaxınlığında
Cəlalilərə məğlub olan Həsən Paşa Tokat qalasına sığındı. O, Dəli Həsənin adamları tərəfindən öldürüldü. Diyarbəkr bəylərbəyi Xosrov paşa vəzir təyin edilərək Cəlalilər üzərinə göndərildi. Tokata göndərilən Hafiz Əhməd paşa da Dəli
Həsənlə bacarmadı (Öztuna Y., 1965, s. 102). Lakin Dəli Həsən 1603-cu ilin iyulunda Osmanlı sultanının tərəfinə keçərək Bosniya bəylərbəyi təyin olundu. O, sərdar Lələ Mehmed paşanın qüvvələri ilə birləşmək üçün on min nəfər Cəlaliləri ilə Mcarıstana hərəkət etdi (Тверитинова А., 1946, s. 75-77; Öztuna Y., 1965, s. 104). Mustafa Ağdağ yazır ki, Peçt yaxınlığında Avstriyalılarla döyüşdə Dəli Həsənin Anadolunun başına bəla olan 6 min silahdaşı öldürüldü. Dəli Həsən Bosniya bəylərbəyi olarkən xalqla yola getmədiyi üçün sultanın əmri ilə edam edildi» (Nəcəfli T., 2012, s. 194).
F. Fərhadov Q. Daranaxsiyə istinasən Canpoladoğlu Dəli Həsənin Ərzincanda məğlub olduğunu, Giziroğlunun (Mustafa bəy) III Sultan Muradın əmri ilə 1591-ci ildə tutularaq İstanbulda üzərinə neft tökülüb yandırıldığını bildirir (Fərhadov F., 1968, s.10-15).
Q. Namazov da qeyd edir ki, Cəlalilər hərəkatı Koroğludan çox-çox əvvəl Orta Asiyada törəmiş dini bir təriqət kimi Osmanlı dövlətinin içərisində yuva qurmuş, dövlət əleyhinə yönəldilmişdir. Koroğlunun Cəlalilərlə adı cəkilsə də, bu hərəkatın bilavasitə iştirakcısı olmamışdır» (Namazov Q., 2012, s. 168).
Əlbəttə ki, bu və bənzər fikirlər gerçəyi əks etdirmir. Bəli, həqiqətən də Cəlalilər hərəkatı Koroğludan çox-çox əvvəl başlamışdır. Həqiqətən də Cəlalilər hərəkatının əsas başcısı Qara Yazıçı olmuşdur və onun əsil adı gerçəkdən də Əbdülhəlim idi. O, edam edildikdən sonra hərəkatın aparıcı simalarından biri həqiqətən də Dəli Həsən olmuşdur. Lakin Cəlalilər hərəkatı uzun bir dövrü və geniş coğrafiyanı əhatə etmişdir və bu müddət və geniş coğrafiya içərisində bir çox üsyanlar baş qaldırmış və onların konkret başçıları olmuşdur. Koroğlu da onlardan biri ola bilərdi və biri idi də. Bunu Osmanlı arxiv sənədləri birmənalı şəkildə təsdiq edir.
Məlum olduğu kimi, Osmanlı dövləti 1550-1603-cü illər arasındakı dövrdə daxili sarsıntılarla çalxalanmaqda idi. Həmin dövrdə özlərinə «dəli», «ləvənd» adını verən insanlar tarixə «Cəlalilər üsyanı» adı ilə düşən hərəkat yaratmışdılar. Üsyan başçılarından biri də Koroğlu ləqəbi ilə tanınan və adı eyniadlı dastanda əbədiləşən şəxs idi. Onun tarixi şəxsiyyət olduğunu ilk dəfə sənədlərlə sübut edən P. H. Boratav olmuşdur. O, Koroğlu ilə bağlı 4 mühüm arxiv sənədi aşkarlamışdır (Boratav P.N., 1948). Həmin sənədlərə istinad edən M. Akdağ özünün «Türk Halkının Dirilik ve Düzenlik Kavğası» adlı kitabında «Mühimme defteri»nin 42 və 75-ci səhifələrindəki qeydlərdən söz açır və yazır ki, «Gerede kazasında Koroğlu maruf eşkiya başkaldırıp». Həmin qeydlərdə onun Cəlalilərdən olduğunun bildirildiyi söyləyən M. Akdağ daha sonra 51 saylı «Mihimme defteri»nin 67-ci səhifəsindəki məktubu misal çəkir və yazır ki, Çorum bəyi olaraq Bolu bölgəsinin mühafizəsi ilə məşğul olan Bəhram bəyin məktubunda bölgədə qarışıqlıq salan Koroğlu və Çakal adlı haramilərdən (quldurlardan) söz açılır (Akdağ M., 1975, s. 299). 51 saylı «Mihimme defteri»ndə Koroğlu eynən dastandakı kimi Rövşən adı ilə təqdim olunur. Dəftərlərdə yer alan 3 iyun 1581, 29 noyabr 1581 və 29 yanvar 1582- ci il tarixli sənədlərdə Koroğlu Rovşənin və Kıbrus mahalından olan silahdaşı Çakal oğlu Qara Mustafanın hələ ələ keçmədikləri, beş-altı mahalı qorxu içərisində saxladıqları, yaratdıqları qorxu nəticəsində heç kimin şikayət etməyə cürət etmədiyi bildirilirdi (Sümer F., 1987, s. 14-15).
Sözügedən arxiv sənədləri içərisində yer alan 20 iyul 1583 və 16 avqust 1584-cu il tarixli sənədlərdən aydın olur ki, Koroğlu dörd ildən artıq Bolu bolgəsində fəaliyyət göstərmişdir (Sümer F., 1987, s. 15).
Rus tarixçilərindən İ.P.Petruşevski də Koroğlunun tarixi şəxsiyyət olduğunu təsdiqləməkdədir (Петрушевский И.П., 1949, s. 326; Рахмани А.А., 1981, s. 58). O da bir çox Türkiyəli tarixçi həmkarı kimi Arakel Təbrizlinin Koroğlu barədə yazdığı “bu o Koroğludur ki, hazırda aşıqlar tərəfindən oxunan coxlu nəğmələr bəstələmişdir” (Аракел Даврижеци., 1973, s. 94; Рахмани А.А., 1981, s. 61) sözlərinin həqiqət olduğunu təsdiqləmişdir. Arakel Təbrizli baş vermiş Cəlalilər hərəkatına duşmən mövqeyindən yanaşsa da, Cəlalilərin “əsilzadə, hər şeyə qalib döyüşçü, əyilməz cəngavər olduqlarını” etiraf edirdi (Аракел Даврижеци., 1973, s. 93-94; Рахмани А.А., 1981, s. 55).
Beləliklə, Koroğlunun Cəlali üsyanının rəhbərlərindən biri olduğu, yəni gerçək tarixi şəxsiyyət olduğu arxiv sənədləri ilə birmənalı şəkildə təsdiqlənir.
M. H. Təhmasib yazır ki, «“Koroğlu”nun bünövrəsi XVI əsrin sonu, XVII əsrin əvvəllərindəki əzəmətli kəndli hərəkatı illərində qoyulmuşdur. Özu də ilk yarandığı zaman, heç şubhəsiz ki, indikindən cox kiçik bir dastan imiş. Əlimizdə sənədlə təsbit ediləcək əsas olmasa da, biz bu fikirdəyik ki, həmin ilk «müəllif» – şair – aşıq – dastancının adı Rovşən, mənsub olduğu qəbilə ilə bağlı ləqəbi, ayaması isə Koroğlu imiş. Bizim ümumi dastan yaradıcılığı ənənəmizə sadiq qalaraq o da yüzlərcə başqaları kimi özünü öz dastanına qəhrəman etmişdir. Çox ehtimal ki, 1610-1630-cu illər hərəkatı iştirakcılarından, bəlkə də, hətta başçılarından biri imiş… Bizcə, qəhrəmanlığı, igidliyi, şairlik və aşıqlığı öz simasında birləşdirmiş bu nadir istedad həm də biliyindən istifadə edərək öz epik surətini yaratmış, real tarixi hadisələrə əfsanəvi boyalar, əsatiri naxışlar vurmuş, öz adına dastan bağlamışdır» (Koroğlu., 1982, s. 151).
Biz də “Koroğlu” dastanının bünövrəsinin XVI əsrin sonu, XVII əsrin əvvəllərindəki Cəlali hərəkatı illərində qoyulduğu, dastanın məhz həmin dövrdə indiki şəklə salındığına şübhə etmirik. Dastanın yarandığı ilk zamanlarda indikindən cox kiçik bir dastan, hətta rəvayət olduğu fikri ilə də razıyıq və bunu dəqiq bilirik. Özü də həmin dastanın ən azı 2500-2600 il yaşı olduğunu söyləmək üçün də əlimizdə təkzibolunmaz dəlil var. Dastanı indiki şəkildə düzüb-qoşanın əsil adının Rövşən, ləqəbinin isə Koroğlu olduğu fikri də bizə inandırıcı görünür. Bu, arxiv sənədləri ilə birmənalı şəkildə təsdiqlənir.
Əldə olan təkzibedilməz dəlilə əsasən, «Koroğlu» dastanının Azərbaycan versiyası ən azı 2500-2600 il öncə bir rəvayər kimi yaranmış və həmin rəvayət «tarixin atası» hesab edilən Herodot tərəfindən qeydə alınaraq yazıya köçürülmüşdür:
«…Əvvəl qeyd etdiyim kimi, iskitlər Üst Asiyada 28 il hakim olmuşdular. Kimmerlərin ardınca onlar Asiyaya daxil olub, midiyalıların səltənətini darmadağın etdilər (iskitlərə qədər Asiyada midiyalılar hakimlik etmişdilər). 28 illik fasilədən sonra iskitlər öz ölkələrinə döndükdə, onları midiyalılarla savaşdan daha böyük fəlakət gözləyirdi. Axı, İskitlərin qadınları ərlərinin uzun müddət olmadıqları səbəbindən qulları ilə yaxınlıq etmişdilər» (Herodot, IV, 1).
«İskitlər bütün qullarını kor edirlər (içdikləri madyan südünə görə onlar belə edirlər). Südü isə iskitlər belə əldə edirlər: tütəyə oxşar sümük borucuqları götürür və madyanın cinsiyyət orqanına yeridirlər, sonra ağızla ora hava üfürürlər. Bu zaman onlardan biri havanı üfürür, o biri isə madyanları sağır. İskitlər özləri bunu belə izah edirlər: damarlar hava ilə dolduqda madyanların yelənləri sallanır. Südü sağdıqdan sonra yastı taxta çənlərə doldururlar. Sonra çənlərin ətrafına kor qulları düzərək, iskitlər onlara südü çalxalamağı əmr edirlər. Durulmuş südün üzü çox qiymətli sayılır, üzü götürülmüş südün özünə isə elə də əhəmiyyət vermirlər. Bax, buna görə də ələ keçirdikləri bütün əsirləri kor edirlər. Axı, iskitlər əkinçi deyil, köçəridirlər» (Herodot, IV, 2).
«İskitlərin həmin bu qulları və qadınlarından gənc nəsil törəmişdi. Öz mənşələrindən xəbər tutub gənclər Midiyadan qayıtmış iskitlərə müqavimət göstərməyə başladılar. Hər şeydən öncə onlar Tabr dağlarından Meoti gölünün (dənizinin) ən gen hissəsindən enli bir xəndək qazaraq öz torpaqlarını ayırdılar. Sonralar iskitlər göldən keçməyə cəhd edəndə, gənc qullar onların qarşısına çıxıb döyüşə girdilər. Çox döyüşlər oldu, amma iskitlər düşməni heç cür üstələyə bilmədilər; onda onlardan biri belə dedi: «İskit döyüşçüləri, biz nə edirik? Biz öz qullarımızla döyüşürük! Axı, onlar bizi öldürəndə, zəifləyirik; əgər biz onları qırsaq, onda bundan sonra qullarımız olmayacaq. Buna görə də mən belə düşünürəm ki, nizələri və yayları kənaraq qoymalıyıq, qoy, hər kəs onların üstünə öz qırmancı ilə getsin. Axı, onlar bizi silahlı görəndə, özlərini bizə tay, yəni azaddoğulmuşlar hesab edirlər. Əgər bizi silah əvəzinə əldə qamçı görsələr, qullarımız olduqlarını anlarlar və bunu bilib bizə qarşı çıxmağa cürət etməzlər»» (Herodot, IV, 3).
«Bu sözləri eşidib, iskitlər dərhal onun məsləhətinə əməl etdilər. Qullar isə qorxuya düşüb, döyüşü unutdular və qaçıb dağılışdılar…» (Herodot, IV, 4).
Fikrimizcə, «Koroğlu» dastanının yaradıcısı olan el ozanı Koroğlu bu rəvayətin süjetini məqsədyönlü şəkildə dəyişərək, onu əlavə mifoloji süjetlərlə, eləcə də öz zamanəsində baş vermiş Cəlalilər hərəkatından dərlədiyi bəzi hadisələrlə bəzəmiş və M. H. Təhmasibin haqlı olaraq qeyd etdiyi kimi, «qəhrəmanlığı, igidliyi, şairlik və aşıqlığı öz simasında birləşdirmiş..., həm də biliyindən istifadə edərək öz epik surətini yaratmış, real tarixi hadisələrə əfsanəvi boyalar, əsatiri naxışlar vurmuş, öz adına dastan bağlamışdır» (Koroğlu., 1982, s. 151).
Belə görünür ki, Herodotun 2500 il öncə qələmə aldığı rəvayət XVI əsrə qədər ağızdan-ağıza keçərək yaşamışdır. Əlbəttə, o yəqin ki, keçən 2100 il ərzində nəzərəçarpacaq dərəcədə dəyişmiş, islami çalarlar da qazanmışdı. Çünki ilkin şəkildə rəvayətdəki qullardan, çətin ki, kimsə ilham ala və özünü bic doğulmuşlara, özü də sonda məğlub olaraq qaçmağa üz tutan qullara bənzətmək istərdi. Amma fakt faktlığında qalır və süjetlər arasındakı bənzəyiş və yaxınlıq göz qabağındadır.
Bu süjetin «Koroğlu» dastanı ilə birbaşa bağlı olduğunu söyləyənlərlə yanaşı, onlar arasında heç bir əlaqənin olmadığını söyləyənlər də var. Məsələn, birincilərdən söhbət açarkən ilk növbədə Z. Həsənovun, ikincilərdən danışarkən isə İ. Sadığın adlarını çəkmək lazımdır.
«Koroğlu» dastanındakı konkret surətlərə gəlincə onların bir çoxunun tarixi şəxsiyyət olduğu, Koroğlu ilə eyni dövrdə yaşadaəğə artıq təsbit edilmişdir. Doğrudur, bəzən bu təsbitlərdə müəyyən yanlışlıqlarla da üzləşirik. Məsələn, M. H. Təhmasib dastandakı Eyvaz surətini «1610-1630-cü illər hərəkatı ilə yox, 1571-1573-cü illər Təbriz üsyanı ilə əlaqələndirir. Məlumdur ki, həmin üsyan sənətkarların və şəhər yoxsullarının üsyanı kimi başlayıb. Üsyanın iki başçısından biri Pəhləvan Yarı, digəri isə Eyvaz olub. M. H. Təhmasibin qənaətinə gorə, eposdakı Eyvazın tarixi prototipi Eyvaz adlı həmin üsyançıdır. Təbriz usyanının baş verməsində ət qəhətliyinin bir səbəbə çevrilməsini, üsyanda qəssabların mühüm rol oynamasını əldə əsas tutan M. H. Təhmasib qəssab oğlu Eyvazın qeyd olunan “prototipi” üzərində daha israrla dayanmalı olur (Koroğlu., 1982, s. 131; Kazımoğlu M., 2012, s. 150).
M. Kazımoğlu bununla əlaqədar yazır ki, «M. H. Təhmasibin qeyd etdiyi və qeyd etmədiyi bir çox tarixi hadisələrin «Koroğlu» dastanında müəyyən iz buraxdığını, əlbəttə, inkar etmək olmaz. Amma hər hansı tarixi şəxsiyyəti «Koroğlu»dakı (eləcə də digər dastanlarımızdakı) hər hansı obrazın prototipi saymaq çətindir (Kazımoğlu M., 2012, s. 150). Bu da təbiidir, çünki o, salnamə yox, dastandır.
Əlbətdə ki, Təbriz üsyanının qəhrəmanı olan Eyvaz dastandakı Eyvaz ola bilməz. Onun fəaliyyət göstərdiyi məkan və zaman Koroğlunun fəaliyyət göstərfiyi məkan və zamanla üst-üstə düşmür. Əsil Eyvaz Koroğlunun, şübhəsiz ki, həmdövrü olmuşdur. Belə düşünmək üçün əlimizdə müəyyən məntiqi əsaslar da var. Belə ki, Koroğlunun dövrümüzədək yetişmiş bəzi müstəqil şerlərində də Eyvazın adı çəkilməkdə və həmin əsərlərdən onun Koroğlunun müasiri olduğu təsəvvürü yaranmaqdadır. Sözügedən qoşmalardan biri Gürcüstan Dövlət Muzeyində qorunmaqdadır:
Bağdaddan gələn beş durna,
Yoluna qurban olaydım…
Qanadların burma-burma,
Əllər nə əcəb, nə əcəb, gözəlsən nə şirin
Telinə qurban olaydım…
Dağlar aşarlar, çöllər keçərlər, sən belə gözəllərə.
Aradan rəqib ötməsin!
Namərd mətləbə yetməsin!
Altın kəmər incitməsin!
Ay liqa bellər nə əcəb, nə əcəb, nə gözəl, nə şirin
Elinə qurban olaydım!
Dağlar aşarlar, çöllər keçərlər, sən ilə belə gəzərlər.
Dağların başıyla çiçək,
Sənsən hamısından göyçək,
Doldur badələri içək.
Əllər nə əcəb, nə əcəb, nə şirin, nə gözəl,
Əlinə qurban olaydım!
Dağlar aşarlar, çöllər keçərlər, sən ilə belə gəzərlər.
Eyvazın üzünü güldür,
Siyak kəkilin sünbüldür
Öldürərsən Koroğlunu öldür!
Qollar nə əcəb, nə əcəb, nə şirin, nə gözəl
Qoluna qurban olaydım!
Dağlar aşarlar, çöllər keçərlər, sən ilə belə gəzərlər (Uzun E., 1997, s. 174).
Eyvazın, eləcə də Hasan Paşanın adına İlyas Muşeqyanın 1721-ci ildə Təbrizdə daşbasma yolu ilə nəşr etdirdiyi kitabındakıı bir şerində də rast gəlinməkdədir (Uzun E., 1997, s. 175):
Canım Qlrat, gözüm Qırat,
Ya Rəbb, bizdə gəlirmi ola?
Hasan Paşa mehtərləri
Arpa suyu verirmi ola?
Qıratımız üzüdür saf,
Mahannatdan çəkmənəm haf,
Köynək mahmur, çulu zərbaf,
Torbası atlasmı ola?
Qıratın çulunu biçdim,
Üstündə dolular içdim,
Ərəb atıyla dəyişdim,
Sərxoş-sərxoş yürürmü ola?
Bülbül uçdu dalımızdan,
Heç baş çəkməz halımızdan,
Qırat getdi əlimizdən,
Ya Rəbb, bir də gələrmi ola?
Koroğlum çağırır geni!
Arifan, qanımı tanı!
Eyvazi ilə Qırat səni
Mövlam bizə verirmi ola?
Eyni şəxslərin adına eyni kitaba daxil edilmiş başqa bir qoşmada da rast gəlirik (Uzun E., 1997, s. 176):
Nə hərbə gəlirsən, ey Hasan Paşa!
Mənim ad eşitməz yollarım vardır.
Atını uğratma qayadan daşa,
Mənim səndən qorxmaz bəylərim vardır.
Yazmısan namərdə hay, ismarışı,
Görmüşük baharı, seyr etdik qışı,
Bir igidəm, min igidin qarşısı,
Çıxınca zərurlu qullarım vardır.
Ala gözlüm badə içmiş ayılar,
Söz uzansa çayır kimi yayılar,
Hər guşədə min igidim sayılar,
Mənim ağır-ağır ellərim vardır.
Çıxarsan qayaya seyr eylə göyə,
Endik, seyr eylədik cami hörmüzi,
Eyvaz yetincə qıraram sizi,
Yezirqan düzündə çöllərim vardır.
Koroğlu der, gizli sirrlər açmanam,
Çox qanım pozmuşam, dönüb qovmanam,
Sərfəm etməz, qarlı dağlar aşmanam,
Mənim yardımıma gələnim vardır.
Ərəbistan çöllərində gəzərdim,
Nagah yerdə irast gəldi dörd gedi,
Biri ərəb, biri türkmən, biri tat,
Birisindən xəbər aldım qart idi?
İlyas Muşeqyanın kitabında yer alan başqa bir şerdə Eyvazın adı bir daha xatırlanır (Uzun E., 1997, s. 179):
Salam verdim, salam almaz,
Görüm tutsun salam səni!
Sən mənim qədrim bilmədin
Var Allaha salam səni.
Mən bu dünyada aşığam,
Aşiq deyilən aşığam,
Axçasız, pulsuz aşığam
Malım yoxdur alam səni.
Tər geyərsən, tər gəzərsən,
Aşığın bağrın əzərsən,
Yuxa kağıza bənzərsən,
Yazmaz qələm səni.
Bir qulaq ver gələn dəmə,
Məni faş etmə aləmə,
Nahaqq and içmə qələmə,
Yoxsa tutar qələm səni.
Yüksək dağların qarısan,
Külli-cahan varısan
Eyvaz, Koroğlu yarısan,
Məgər bilməz aləm səni.
Şərqi Anadolu və Azərbaycan rəvayətlərində Koroğlunun aqibəti barədə deyilir ki, “Səfəvi hökmdarı Şah Abbas Koroğlunun igidliyindən xəbər tutaraq ondan komandanları arasında yer almasını istəyir. Ancaq Koroğlu “şahlar insan dəyərini bilməzlər” söyləyərək şahın təklifini qəbul etmir. Səfəvi hökmdarı təklifinin mənfi qarşılanmasına qəzəblənərək Koroğlunun başını gətirənə “sərdarlıq” verəcəyini elan etdirir. Şah Abbasın bu qərarından xəbərdar olmayan Koroğlu yaşlandığını anlamış, buna görə Şaha hörmətini catdırdıqdan sonra Məkkə ziyarətinə getməyə qərar verir. O, dəlilərini cağıraraq qərarını onlara bildirir, Eyvazı yerinə xələf təyin edir. Dəliləri Qazlı gölə kimi gələrək onu yola salırlar. Onlardan ayrılmadan öncə Koroğlu üzünü Çənlibelə çevirərək dağlara xitabən bir misra oxuyaraq həyatında ilk dəfə ağlamışdı. Sonra Şahın hüzuruna yollanan Koroğlu yolda İlyas və Bəhram xana rast gəlir. Onlar şahın gözündən düşərək vəzifədən uzaqlaşdırılmışdılar. Buna görə də, şahın diqqətini cəlb etmək üçün Koroğlunu öldürməyə qərar verdilər. Onlar öncə Qıratı öldürürlər. Koroğlu bu iki adamın hücumu qarşısında Qıratsız heç nə edə bilməyəcəyini bilərək boynunu vurmaları üçün onlara uzadır. Onlar Koroğlunun başını Şaha aparırlar. Şah Abbas qəhrəmanın başına baxan zaman ətəyinə bir damcı qan damır. Buna gorə o, “bu məsum qanıdır, siz onu igidcəsinə öldürmədiniz” deyir və Cənlibeldən gətirtdiyi üç “dəli”nin sözlərindən həqiqəti öyrənir. Dəlilər və onu sevən insanlar Koroğlunun ölümünə ağlayırlar. Şah Abbas İlyas və Bəhram xanı İsfahan xalqına parcalatdırır və Eyvazın Çənlibeldəki hakimiyyətini təsdiq edir” (Boratav P.N., 1948, s. 15-16; Sümer F., 1987, 17-18).
Dastanda adına rast gəldiyimiz və tarixi şəxs olduğu heç bir şübhə oyatmayan personajlardan biri Giziroğlu Mustafa bəydir. Onun adına ancaq «Durna teli səfəri»ndə rast gəlinir, o, həmin qolda bir epizod kimi iştirak edir. «Koroğlu dəlilərinin (Eyvaz, Dəmirmioğlu, Bəlli Əhməd) Hasan paşa tərəfindən dara çəkildiyi məqamda Giziroğlu Mustafa bəy olayın necə qurtaracağını gözləyir və düşünür ki, əgər Koroğlu özünü yetirməsə, gərək mən dəliləri xilas edim, Koroğlu ilə ədavətim qalsın sonraya. Koroğlu, əlbəttə, dəstəsilə gəlib dəliləri xilas edir. Giziroğlu ancaq şeşpər atır. Koroğlu şeşpərdən Giziroğlunu tanıyır. Və yolda Giziroğlu fürsət tapıb qəfildən Koroğlunu vurub Qıratdan caya salır. Beləcə, ayrılırlar. Koroğlu Cənlibeldə məclis qurur. Nigarın “Koroğlu, hec sənin bir igid qarşısında yenildiyin olubmu?” sualına Koroğlu “Giziroğlu Mustafa bəy” türküsünü oxuyur. Bu məqamda pusquda duran Giziroğlu çııxıb Koroğlunu qucaqlayır və əbədi dost olurlar. Vəssalam. Bundan başqa Giziroğlu Mustafa bəy haqqında heç bir məlumata rast gəlmirik» (Namazov Q., 2012, s. 168).
Q. Namazovun yazdığına görə, Turkiyə qaynaqlarında Giziroğlu Mustafa bəyin kimliyi haqqında müəyyən məlumatlar qorunub saxlanmışdır. «Bu da bizim “Koroğlu”muzdakı həmən olayın başqa, bir qədər fərqli iki variantıdır. Ancaq burada daha maraqlısı odur ki, Giziroğlunun doğulduğu, yaşadığı yurd və soyu bəllidir. Giziroğlu Mustafa bəy Kars bolgəsinin Kısır kəndində Gizirin ailəsində doğulub. Gizir III Sultan Muradın zamanında həmin kəndin muxtarı vəzifəsini daşımışdır. Atası dünyasını dəyişdikdən sonra Mustafa Kısır və ona yaxın olan ətraf kəndləri və dağları idarə etmişdir. Uşaqlıqdan Kars dağlarında boya-başa çatan gənc Mustafa Alapaca atı ilə ovculuq etmiş, günlərini dağlarda keçirmiş, cəngavər, yenilməz bir qəhrəman kimi yetişmişdir. Doğulduğu bolgənin kəndlərini incitməyə kimsəyə imkan verməmiş, onların əmin-amanlığını qorumuş, elin hörmət və nüfuzunu qazanmışdır. Kars bölgələrində sonralar Giziroğlu Mustafa bəy haqqında çeşid-çeşid rəvayətlər yaranmışdır. Bu rəvayətlərin ikisi də Giziroğlu ilə Koroğlu arasında baş vermişdir. Bu rəvayətləri ozanlar həm də dastanlaşdırıb el arasında yaymışlar (Namazov Q., 2012, s. 168).
Tarixçi alim T. Nəcəfli yazır ki, «Giziroğlu Mustafa bəy dastanda Koroğlunun ən yaxın silahdaşı kimi təqdim olunur. Arakel Təbrizli müstəqil surətdə fəaliyyət göstərən Cəlali dəstələrinin 25 rəhbəri arasında Koroğludan sonra onun adını ehtiramla yad edir. F.Sümerin Mühimmə dəftərindən onunla bağlı əldə etdiyi 4 sənəd onun tarixi şəxsiyyət olduğunu bir daha təsdiq edir (Sümer F., 1987, s. 21-22, 36-40). Giziroğlu Mustafa bəylə bağlı arxiv sənədləri 1588-1591-ci illərdə onun fəaliyyətinə aydınlıq gətirir» (Nəcəfli T., 2012, s. 193).
Alimin sözlərinə görə, «1588-ci il 25 may tarixli ilk sənəd Ərəbgir sancaqbəyi Ömərə ünvanlanmış hökmdə sancaqbəyi, alay bəyləri və sipahilər səfərə getdikləri üçün Giziroğlu Mustafa bəyin ətrafına topladığı 250 nəfərlik dəstə ilə Diyarbəkr, Ərzurum, Sivas, Hələb və Maraş yollarından kecən karvanları qarət etdiyi, bölgədə üç-dörd ildir fəaliyyət göstərdiyi üçün onun cəzalandırılması tələb edilirdi (Sümer F., 1987, s. 21-22, 36-37). Sənəddə Giziroğlu Mustafa bəyin 3-4 ildir fəaliyyət göstərdiyinin qeyd edilməsi onun 1584-cü ildən fəaliyyətdə olduğunu söyləməyə imkan verir. F. Sümer yazır ki, Ömər bəy əmr edilən işi bacarmadığı üçün 1588-ci il sentyabrın 22-də Sivas bəylərbəyinə göndərilən hökmdə Giziroğlu Mustafa bəyin öz fəaliyyətini durmadan genişləndirdiyini xəbər verilməklə yanaşı, onun mütləq ələ keçirilməsi üçün lazımi tədbir görulməsi tələb olunurdu (Sümer F., 1987, s. 22, 37-38). 1589-cu il 27 yanvar tarixli sənəddə Giziroğlu Mustafa bəyin on nəfər silahdaşı ilə ələ keçirildiyi və İstanbula sultanın sarayına göndərilməsi əmr edilir» (Nəcəfli T., 2012, s. 193).
T. Nəcəfli F. Sümərə istinadən bildirir ki, «1591- ci il 6 dekabr tarixli növbəti sənəddə Giziroğlu Mustafa bəyin həyatına son qoyulduğunun bildirilməsi göstərir ki, o, İstanbula gətirildiyi zaman edam edilmişdir» (Sümer F., 1987, s. 39-40; Nəcəfli T., 2012, s. 193).
Alimin yazdığına görə, Koroğlunun yaxın silahdaşlarından biri də Kosa Səfər olmuşdu. Onun tarixi şəxsiyyət olduğunu İsgəndər bəy Munşi də təsdiq edir. Onun məlumatından aydın olur ki, öncə Cəlalilər hərəkatında iştirak edən, sonralar Ərzurum hakimi olan Kosa Səfər Osmanlı ordusunun Azərbaycana yürüşündə iştirak etmiş, osmanlıların 1605-ci il noyabrın 7-də Süfiyan yaxınlığındakı ağır məğlubiyyətindən sonra əsir alınmış və edam olunmuşdur (Nəcəfli T., 2012, s. 194).
Koroğlunun Gürcüstanın Dövlət Muzeyində qorunan müstəqil şerlərindən birindən belə aydın olur ki, Ərəb Reyhan da tarixi şəxsiyyət olub və Koroğlu ilə eyni dövrdə yaşayıb:
İki dərya arasında gəmim var,
Çıxarmadı bir kənara yel məni.
Mənim yüz min möhnətim var, qəmim var,
Götürdü girdaba saldı sel məni.
Bahar oldu, baxçamız bar gətirməz,
Mənim könlüm qəribliyi götürməz,
İndi Ərəb Reyhan atı gətirməz,
Aşa bilməz qarlı dağları, yol məni.
Vara-vara dost köyündə yad oldum,
Qəhbə fələk, haçan səndən şad oldum?
Vətənimdən ulusumdan yad oldum.
Yada salmaz, qohum-qardaş, el məni.
Koroğluyam, onu-bunu bilməzəm,
Hər yetən ləkəyə boyun əyməzəm,
Yaradandan qeyri kimsə bilməzəm,
İstər yaxşı, istər pis bil məni (Uzun E., 1997, s. 170).
Dəmirçioğlunun adı yad edilən aşağıdakı qoşma Matedaranda «3055 saylı İnv.» kimi qeyd edilmiş əlyazmanın 19-b səhifəsində yer almaqdadır və Koroğlunun müstəqil qoşmalarındandır. Qoşmadan Dəmirçioğlunun da real tarixi şəxsiyyət və Koroğlunun müsiri olduğu aydın olur (Uzun E., 1997, s. 181):
Alıcı quş tək qanım üstə varanda,
Ala qarğa təki salgilən gündə.
Qoşun yerbəyəndə, at oynadanda,
Baxıb, küsüb yatmağın gərək.
Əzəl gözlə o meydanın sərhəddi!
Bulud tək gözlə onun pərkəri!
Bala gündə tökər onun ləşkəri
Sağa-sola qaçırmağın gərək.
Meydanımız olsun Ərzurum düzü,
Mərd igidlər saymaq əlliyi, yüzü,
Dəmirçioğlu budur Koroğlu sözü,
Telli xanımı almağın gərək.
Konkret olaraq şair və aşıq Koroğluya gəlicə, onun tarixi bir şəxsiyyət olduğunu, şerlər qoşduğunu tam əminliklə söyləyə bilərik. Bunu onun dövrümüzədək yetişən qoşmaları birmənalı şəkildə sübut edir. Sözügedən şer nümunələrinin böyük əksəriyyəti vaxtilə M. H. Təhmasib tərəfindən dərc edilmiş və alim məhz onlar əsasında Koroğlunun real tarixi şəxsiyyət və el aşığı olduğunu bildirmişdir. Biz də onun bu fikri ilə tam razıyıq.
Qoşmalardan bir qismi Gürcüstan Dövlət Muzeyində mühafizə olunur (Uzun E., 1997, s. 171-173):
1.
Bəylər, biz səhra qurduyuq,
Quzu qapmaq işimiz.
Qapan aslanlar yatağı,
Sərp qayadır daşlarımız.
Qurdumuz quduzdur, dalar,
Şahinimiz durna ovlar.
Daşa çalsam iki bölər,
Kəskindi qılınclarımız.
Koroğlu der, aləm gəlsin,
Dağı-daşı tapan gəlsin,
Çövqan alıb çalan gəlsin,
Meydandır başlarımız.
2.
Getmə, dağlar, səndən xəbər alayım,
Sinəndə yaylayan ellər necə oldu?
Ala-civan çadır, ortaq quranlar
….. olan qullar necə oldu?
Bir adam göndərin gəlsin yanıma,
Yetişmədim qoşununa, xanına,
İltimas eyləyin Nəzər xanıma,
…..sədəf qollar necə oldu?
Koroğlu der, al şərabın içərsən,
Dost yolunda canu-başdan keçərsən,
Telli durnam neyçin məlul uçarsan,
Eldən elə düşən tellər necə oldu?
3.
İllər ilə arzumanın çəkərəm,
Əfqanımdan zara gəldi el, sonam!
Aşiq oldum mən, günahkar olmadım
Gözüm yaşı ümman oldu, sel, sonam!
Səhər-səhər çəmənlərdə gəzərsən,
Soylu bəylər məclisində məzəsən,
Mislin yoxdur, qızıl güldən təzəsən,
Sənə xoyrat əli dəydi, sol sonam
Səhər-səhər nə xoş gəlir avazın,
Gedibdir baharın, qalıbdır yazın,
Səni alıb qaçar tülək şahbazın,
Sizin göldən bizim gölə gəl, sonam!
Daha bir neçə şer İlyas Muşeqyanın 1721-ci ildə Təbrizdə basdırdığı «Nəğmələr kitabı»nda dərc edilib (Uzun E., 1997, s. 182, 183,185, 187, 189):
1.
Qarşu yatan qarlı dağlar,
Baxar qanına gümrənər,
İgid hicran çəkər ölməz,
Baxar yarına gümrənər.
İki külək, biri davar,
Biri qaçar, biri qovar.
Babur aslan sərp canavar,
Almış avına gümrənər.
Şahin, şunqar alıcı olur,
Qaraquş çəkici olur.
Bəylər aslan yırtıcı olur,
Qurt yerişinə gümrənir.
İki tərlan bir yuvadan,
Könül düşməz havadan,
Ala qaplan sərp qyadan,
Bahar buluda gümrənər.
Koroğlum der: Dəm bu dəmdir,
İmam ləşkəri möhkəmdir,
Hər nə desən, adamdandır,
Tutduğu işə gümrənər.
2.
Sarığın əyri saranlar
Sabah bundan iqrar olur,
Sarığı başdan gedincək
Dağılır, tarumar olar.
Məfər carçı olur, çalar,
Şad acular aləm parlar,
Ər hayqırır, köhlən xorlar
Bir əcayib rüzgar olar.
Cübbə-cılğava geyənlər,
Ağır ölkələr yeyənlər,
Kölgədə mənim deyənlər,
Meydan başına dar olar.
Koroğlum bunu bilməsə,
Xaniman tərkin etməsə,
İgid meydanda ölməsə,
Yararsız qalsa, ar olar.
Tüfəkçi çaxmağın çaxar,
Ləkə gec qayıdan baxar,
Geyim gözündən qan axar,
Cəsəd bir ixtiyar olar.
3.
Bir bəzilən bir şahinin bəhsi var,
İkisinin uda düşmən arası,
Şahin der ki, mənə Haqqdan verilmiş,
Qüdrətdəndir gözlərimin qarası.
Bəz də der ki, məni bəylər götürər,
Üstümüzə ola seyvan örtdürər,
Sənin bağun bir atmaca götürər,
Yürü var get hey quşların cürəsi.
Şahin der ki, yüksəklərdə tünərəm,
Enər alçaqlara kəndim sürərəm,
İsmim kiçik, illah qan-tər tökərəm,
Yeyən bilir dırnağımın yarası.
Bəz də der ki, bu dağ mənim dağımdır,
Ara yerdə, mədh olacaq çağımdır,
Kəklik, ördək, turac mənim avımdır,
İnşaallah, durnaya gəlir sırası.
Koroğlum der şahin təki çurası,
Ancaq quşlar yüksək qoymuş yuvası,
Növbəti gələndə savar sırası,
Qanda qalır gözlərinin durası.
4.
Pirim şahi O – Əli əl-Baqir,
Mənzilə yetir mən tək düşkünü,
Muradlar verici, ya gəni-sübhan,
Duman mənim yolum, alma qış günü.
Fələyin ardınca yetim deyərdim,
Məhəbbət gülünü tək tutum deyərdim,
Yengidən bir saray yapdım deyərdim,
Fələk bərbad etdi könül köşkünü.
Fələyin bu imiş insana bəxşi,
Günümüz keçirdik, hey yaman yaxşı.
İgidlikdə artar igidin eşqi,
Qocaldıqca əksik olur eşq günü.
Mən tanıram sultanımı, xanımı,
Yaş yerinə nə tökərsən qanımı?
Vədəm tamam olsun, gəl al canımı,
Fələk mənə minnət etmə beş günü!
Koroğlum der, qələm gəldi dilimə,
Çox gəzindim, çarə bulmam ölümə,
Versə dünya malın, gəlməz əlimə,
İgidliklə keçirdiyim xoş günü.
5.
Hov-hov deyib bu meydana gələndə,
Qoç igidlər bəlli olur meydanda,
Çəkər qılınc yoldaş üstə budanar,
Tökülər qoçağın qanı meydanda.
Əsli dəmir olan əysən bükülər,
Dəblügə oynalar, geyim sökülər,
Baş kəsilər axtamalar çəkilər,
Qoç igid qazanar namı meydanda.
İyilik eyləsən hahi-say itməz,
Namərdin göynünün qarası getməz,
Parça-parça olar qənımdən dönməz,
Düşsə qoç igidin qanı meydanda.
Qoç igid bəllidir, kəndi zatından,
Dönməz qənimindən, kəssən ətindən,
Ərəb at səsindən, ər heybətindən,
Çıxar müxənnətin canı meydanda.
Əsli yabı olan bədöv ar olmaz,
Müxənnətin ürəyində zat olmaz,
Koroğlum der: Yalğut igid atılmaz,
Məgər mədət olsa qanı meydanda.
Matedaranda saxlanılan «8540 saylı inv.» şifrəli ermənidilli əlyazmadan daha iki qoşma. Onlardan birincisi əlyazmanın 53-g, ikincisi isə 46-b səhifəsində yer alır (Uzun E., 1997, s. 177-178):
1.
Əzəlki görəndə bənizim qaçdı,
Dilimmi dolaşdı, ağlımmı qaçdı?
Birisi qılıncım, qalxanım açdı,
Çəkdi şeşpərini, atdan düş gidi!
Kafir ərəb məni candan eylədi,
Yaxdı kabab bağrım büryan eylədi,
Əsbabımı soydu, üryan eylədi,
Tez ol dedi, ədəblərin ört gidi!
Hanı bu yerlərin aslanı, qurdu?
Köçübdür elləri, boş qalıb yurdu.
Ərəb dili yoldaşına buyurdu:
Al mizrağı, qoltuğuna dürt gidi!
Yalvardım, yaxardım, başını basdım,
Zərəfşan qalxana uzatdım dəstim.
Çəkdim zülfüqarı dördünə kəsdim,
Ərəbistan qaldı mənə yurd gidi!
Tanımasam Koroğlunu, soyunu,
İndi tutar sözləriylə oyunu,
Allah yaratmışdır, bulur lək qoyunu,
Tutar, ovlar mənim kimi mərd gidi!
2.
Şah buyurdu sultanlara, xanlara,
Baba Süleymanı tutub gətirin!
Yıxın qalasını bərbad eyləyin,
Axıdın dəryaya, atın gətirin!
Bir eldə oturun, yaxınan yaxın!
Köşk-Sarayını yerindən sökün!
Əsiri gətirin Təbrizə tökün!
Dəyərin-dəyməzin satın gətirin!
Yüz min tümən versə, baxmayın baca,
İnanmayın desə gedirəm hacca,
Zəkəriyya tək qazsa, girsə ağaca,
Mişarı gətirin, kəsin gətirin!
Hər birində qırar alsun üzünü,
Atlan donunu, davulbazını,
Yanında bəslənmiş quşun gətirin,
Tutun, soyun, qəza eyləyin özünü.
Qoç Koroğlum der inanmam daha,
Qala-qala düşmən olur əjdaha,
Bir igid ki qulaq asmasa şaha,
Çarbölük eyləyin, başın gətirin!
Koroğluya aid olduğu bilinən aşağıdakı qoşma 1799-cu il tarixli bir ermənidilli əlyazmada yer almaqdadır. Onu dərc etmiş Ə. Uzun saxlanılma yeri barədə əlavə məlumat vermir. Ehtimal ki, Matedaranda saxlanılan «8540 saylı inv.» şifrəli əlyazmadandır (Uzun E., 1997, s. 180):
Qoç quzudan törəyən quzu qoç olur,
Qoçaqlardan qoçaq olur, sultanım!
Qovğa günü qoç igidlər şad olur,
Müxənnətlər naçak olur, sultanım!
Uca dağlar qoç igidə daldadır,
İndi düşmən ya sağda, ya soldadır,
Qaçar-qaçar düşmənini aldadar,
Qayıdanda ac qurd olur, sultanım!
Çağırın qoçlar gəlsin yaxınən,
Qaçar-qaçar düşməni aldadar,
Qoç igidlər xəbər alır beyindən,
Haçan olur bir tər döyüş, sultanım!
Əzəl qoç igidin atı vurulur,
Car tərəfdən tər döyüşün qurulur.
Açıqlanır qalxan üzə bürünür,
Yeriş çəkər, sivri qılınc, sultanım!
Qoç Koroğlum oxun çəkər girişə,
Müxənnətin nə haqqı var girişə?
Mərd igidin əli varsa bir işə,
Min igidə yardım olur, sultanım!
Aşağıdakı qoşma da hansısa ermənidilli əlyazmadandır. Ə. Uzun onun dəqiq ünvanını və tarixini göstərməyib (Uzun E., 1997, s. 186):
Meydana girərəm canlan,
Rüxsət almışam xandan,
Qıraram, tökərəm yannan,
Dərə-təpələr leş olsun!
Qoç Koroğlum dəyər dövlət,
Gün düşər aləmə şöhrət.
Mən öləndə yerim cənnət,
Qıl körpü taxtapuş olsun!
F.Sümer yazır ki, «mən Koroğlunun dastanlarda yazıldığı kimi saz şairi olduğuna inanır və bilavasitə Bolu bəyi, dağlar, Qırat və Eyvaz ilə bağlı mahnıların onun tərəfindən söyləndiyini qəbul edirəm. Mənaları təsirli, həyəcanverici olan bu mahnıları bəstələyən və oxuyan bir insan şübhəsiz cani ruhlu ola bilməz. Müharibə dövründə olsa da, bütün təbəəsini bir anda hərəkətə keçirməyi bacaran mükəmməl bir təşkilata sahib olan dövlətin hökumət mərkəzinə yaxın ərazilərdə fəaliyyət göstərməsi onun cəsur olmaqla yanaşı, tədbirli bir insan olduğunu göstərir. Çətinliklərə carə tapması, təhlukələrdən xilas olması dastan qəhrəmanı olmasında mühüm amil olmuşdur. Koroğlunun ağıllı olduğu qədər mərd ruhlu bir insan olduğunu, silahdaşlarına qarşı şəfqətli hərəkət etdiyini söyləmək olar» (Sümer F., 1987, s. 21).
Azərbaycanın öz sərhədləri olan bir tarixi-coğrafi məkan, vahid vətən kimi dərk və təsvir edilməsinin xalq ədəbiyyatının lirik janrları ilə yanaşı, epik janrları, xüsusən əfsanə və rəvayətlər üçün də səciyyəvi olduğuna diqqət çəkən M. Kazımoğlu yazır ki, «əfsanə və rəvayətlərimizin böyük bir qismi Azərbaycan ərazisindəki yaşayış yerləri (Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Naxçıvan, Gəncə, Lənkəran, Bakı, Şamaxı, Quba, Şəki...) ; dağ, qaya və qalalar (Şah dağı, Qoşqar, Kəpəz, Qırxqız, Yanardağ, Gəmiqaya, Əlincə, Qız qalası...); çaylar və göllər (Araz, Kür, Arpa çayı, Həkəri, Bərgüşad, Göy göl, Maral göl, Göyçə gölü...) və s. kimi konkret coğrafi məkanlarla bağlıdır. Coğrafi məkan kimi Azərbaycanın nişan verilməsi “Koroğlu” dastanı üçün də səciyyəvi sayıla bilər. “Koroğlu”da baş qəhrəman «Qafın o tərəfindənəm» deyib yerini-yurdunu Qafqazla əlaqələndirirsə, bu fakt həmin dastanda vətən anlayışı altında məhz Azərbaycanın nəzərdə tutulduğunu göstərir» (M. Kazımoğlu, 2016, s. 23).
Koroğlu ilə bağlı ilk tədqiqat aparanlardan biri olmuş P. Naili Boratav özünün «Koroğlu dastanı adlı əsərində Koroğlunun istər real bir tarixi şəxsiyyət, gerçək bir bahadır və ya əfsanəvi bir şəxsiyyət olmasından asılı olmayaraq, onun zaman və məkan içində bütün məziyyət və qüsurları özündə cəmləmiş bir qəhrəman olduğunu bildirir (Boratav P.N., 1984, s. 12). C. Oztelliyə görə isə, Koroğlu qanun qaçağı, dövlətə qarşı çıxan dağ adamıdır (Öztelli C., 1984, s. 11). Ü. Kaftançıoğlu da Koroğlunu soyğunçu, qaniçən adlandıranlara etiraz edərək, öz növbəsində bildirir ki, Koroğli xalqın, əzilənlərin, istismar edilənlərin yaratdığı simvoldur və bu simvol sevgi, hörmət, xeyirxahlıq, qayğıkeşlik və igidliyi təmsil edir (Kaftançıoğlu Ü., 1974, s. 5).
Tarixçi alimlərdən fərqli olaraq, dastana sadəcə folklor nümunəsi kimi baxan və daha çox mifoloji qatları üzə çıxarmağa çalışan folklorçu və filoloqların bir qismi diqqətini qəhramanın adının üzərinə yönəltmişlər. Məsələn, M. H. Tantəkin və M. H. Təhmasib adın kökündə bilavasitə «kor», yəni görməyən, gözdən şikəst anlamı daşıyan sözün durmasına rəğmən və adın baş verənlərlə, yəni qəhrəmanın atasının kor edilməsi ilə birbaşa bağlı olmasına rəğmən, onu qəbir anlamı verən «gor», «kur», və «xır» kəlmələri ilə əlaqələndirməyə çalışmış, M. H. Tantəkin daha da irəli gedərək, Dastanın türkmən variantında qəhrəmanın adının Goroğlu olmasından çıxış edərək, onu qədim Şumer dilində işlənən və bir çox mənalar verən «kur» (gor, qəbir, dağ) kəlməsi ilə əlaqələndirməyə çalışmışdır. Onun iddiasına görə, bu motiv Şumerlərdən qaynaqlanmaqdadır. Doğrudur, o bu fikirlərini sadəcə türkmən variantına münasibətdə ifadə etmiş, Azərbaycan variantından söz açarkən isə, adı Alı kişinin gözlərinin kor edilməsi ilə əlaqələndirmişdir (Tantəkin M.H., 1967, s. 63).
Bəzi tədqiqatçıların fikrincə, «Koroğlu» adı əslində «koroğlu» adlı bir qəbilənin adından qaynaqlanır (Кероглу, 1974, s. 11). Bu fikir A. Nəbiyevin ciddi narazılığına səbəb olub və o bildirib ki, bu adda heç bir qəbilə olmayıb və əgər olubsa da, o öz adını Koroğludan alıb. Alimin sözlərinə görə, təkcə Koroğlunun atası deyil, babası da kor olub. O, fikrini əsalandırmaq üçün Koroğlunun dilindən aşağıdakı misalı da gətirib:
Adımı soruşsan, bil, Rövşən oldu,
Atadan-babadan cinsim Koroğlu.
Mənəm bu yerlərdə bir dəli-dolu,
Gün doğandan ta günbatan mənimdi.
Fikrimizcə, bu misal «koroğlu» adlı bir qəbilənin olduğunu və məsələnin kökündə Herodotun koroğullarının üsyanı barədə qələmə aldığı rəvayətin dura biləcəyini ehtimal etməyə də əsas verir. Lakin B. Ögəl hesab edir ki, burada söhbət Koroğlunun babası Yığallı (türkmənlərdə Cığalı) bəyin xan Hunkar tərəfindən kor edilməsi olayına işarə var (Ögel B., 1991, s.423).
Qaynaqça
-
Akdağ M. Turk halkının dirlik ve duzenlik kavkası. “Celali isyanları”. İstanbul, 1975.
-
Azərbaycan tarixi, 3 cilddə, I cild. Bakı, Elm, 1958, 448 s.
-
Bayat F. Koroğlu. Şamandan aşığa, alpdan erene. Ankara. Sayfa Düzeni / Akcağ Dizgi Unitesi, 2003, 176 s.
-
Boratav P.N. Köroğlu Destanı. «Adam yayınçılık», İst., 1984.
-
Boratav P.N. Kör Oğlunun tarihi şahsiyeti. II. Tarih Kongresi (Ankara, 12-20 Kasım, 1943), Ankara, 1948, s. 124-129.
-
Fərhadov F. «Koroğlu» dastanının Zaqafqaziya versiyası. Dokt. diss. avtoref. Bakı, 1968, 74 s.
-
Herodot. Tarix.
-
Kaftançıoğlu Ü. Köroğlu Kolları Halk Destanları. «Böyük Yayın Dağıtım», İst., 1974.
-
Kazımoğlu M. Eposda tarixilik // AMEA Folklor İnstitutu və AMEA A.A.Bakıxanov ad. Tarix İnstitutunun “Folklor və tariximiz” mövzusunda elmi konfransının materialları. Bakı, Elm və təhsil, 2012, s. 145-153.
-
Kazımoğlu M. Dövlətçilik düşüncəsinin əsas istiqamətləri və folklor // Folklor və dövlətçilik düşüncəsi. I kitab. Bakı, Elm və təhsil, 2016, s. 8-46.
-
Koroğlu. Tərtib edəni Təhmasib M.H. Gənclik, Bakı, 1982.
-
Namazov Q. Koroğlu və Giziroğlu Mustafa bəy // AMEA Folklor İnstitutu və AMEA A.A.Bakıxanov ad. Tarix İnstitutunun “Folklor və tariximiz” mövzusunda elmi konfransının materialları. Bakı, Elm və təhsil, 2012, s. 167-170.
-
Namazova F.Cəlalilər hərəkatı və «Koroğlu» dastanı // AMEA Folklor İnstitutu və AMEA A.A.Bakıxanov ad. Tarix İnstitutunun “Folklor və tariximiz” mövzusunda elmi konfransının materialları. Bakı, Elm və təhsil, 2012, s. 71-78.
-
Nəcəfli T. Azərbaycanda Cəlalilər hərəkatı və Koroğlu // AMEA Folklor İnstitutu və AMEA A.A.Bakıxanov ad. Tarix İnstitutunun “Folklor və tariximiz” mövzusunda elmi konfransının materialları. Bakı, Elm və təhsil, 2012, s. 186-194.
-
Öztelli C. Üç kahraman şair Köroğlu – Dadaloğlu – Kuloğlu. «Özgün Yayım Dağıtım» 2 Baskı. İst., 1984.
-
Ögel B. Türk Kültür Tarihine Giriş. Ankara, 1991, IX c.
-
Öztuna Y. Başlangıcından zamanımıza kadar Turkiye tarihi. c. 8. Ankara, 1965.
-
Sadıq İ. Azərbaycan folklorunda tariximizin aydın izləri // AMEA Folklor İnstitutu və AMEA A.A.Bakıxanov ad. Tarix İnstitutunun “Folklor və tariximiz” mövzusunda elmi konfransının materialları. Bakı, Elm və təhsil, 2012, s. 107-116.
-
Sümer F. Kör Oğlu, Kizir Oğlu Mustafa ve Demirçi oğlu ile ilgili vesikalar. Turk Dunyası Araştırmaları. Şubat 1987, s. 9-44.
-
Tantəkin M.H. Koroğlu Odoğlu. «Ulduz», Bakı, 1967.
-
Təhmasib M. H. Azərbaycan xalq dastanları (orta əsrlər). Bakı, Elm, 1972, 398 s.
-
Uzun E. Köroğlu. Trabzon, 1997. 206 s.
-
Аракел Даврижеци. Книга истории. Перевод с армянского, предисловие и комментарий Л.А.Ханларян. М., 1973.
-
Кероглу. Туркменская литература. М., 1974.
-
Лор-Меликова-Сайяр. От легенды к опере: еволюция темы Короглы в Советском Азербайджане. Баку, Йазычы, 1985, 134 с.
-
Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI – XIX вв. Л.. 1949.
-
Рахмани А.А. Азербайджан в конце XVI и в XVII веке. Баку, 1981.
-
Тверитинова А. Восстанийе Кара Йазыджы – Дели Хасана. М.-Л., Изд. АН СССР, 1946.
Dostları ilə paylaş: |