Bəxtiyar Tuncay
Bakıda komendant saatının elan edilməsi və Meydanın rus tankları ilə mühasirəyə alınması
Nemət Pənahlı yazır: «Noyabrın 23-dən 24-nə keçən gecə mitinq iştirakçılarına dağılışmaq barədə müraciət etdim və gözlədiyim oldu. Kütlə məni eşitmədi, hətta məni fitə basanlar da tapıldı. Amma çaşqın halda meydanı tərk edənlər də. Yolda fitnə-fəsad, iğtişaş-filan olmasın deyə, dağılışan izdihamlı bir qrupun önünə düşmək istədim, insanlar gözlənilmədən məni qolları üstünə aldılar, nə qədər inad etsəm də, yerə qoymadılar. «Sahil» metrosuna çatana qədər ayaqlarım yerə dəymədi.
Nəhayət ki, yerə endirildim və endirildiyimdə plaşımın da, köynəyimin də, şalvarımın da cırıldığını gördüm. Yataqxanaya gedib üst-başımı qaydaya salmaq istəsəm də, nigaran idim, dözmədim, meydana qayıtdım və gəlib gördüm ki, dağılışmayan insanlar arasında haqqımda «onu da ələ aldılar», «o da xain çıxdı», «o da satıldı» kimi söz-söhbətlər gəzir.
Meydanda 5-6 min adam qalmışdı. Bu beş-altı mini də dağıtmaq üçün deyirdilər ki, şəhərə rus tankları yeridiləcək, fövqaladə hal elan ediləcəkdir. Mənim çıxışımın mənasını da bu cür yozurdular.
Doğrusu, çıxışımı edəndə mənə elə gəlmişdi ki, son çıxışımdır, məni həbs edəcəklər. Odur ki, ürəyimi boşaltmış, rus imperiyasının, sovet sisteminin astarını üzünə çevirmişdim. Sonda da hamını tətilə çağırmışdım. Bu da gurultulu alqışlara səbəb olmuşdu. Bununla belə, qulağım xoşagəlməz dedi-qodular çalırdı: «Nemətin də iç üzü açıldı», «O da xain çıxdı» və s.
Bilmirəm, bundan təsirləndim, ya nədəndir, yenə də tribunaya qalxdım, mikrofona yaxınlaşdın və dedim:
- Mən sizinləyəm, meydanda sonuncu adam qalana qədər sizinləyəm.
Plaş, köynək və hətta şalvarımın cırıldığını hamı görürdü. Bir də gördüm ki, haradansa, kim tərəfindənsə bir dəst kostyum gətirdilər. Kim almışdı, elə də bilmədim.
Ürək sözlərimi kütləyə çatdırdıqdan sonra onu da qeyd etdim ki, bir az sonra, çox güman ki, meydana tanklar yeridiləcək. Kim qorxursa, indidən getsin. Amma bu sözlərim meydanın seyrəlməsinə zərrə qədər də səbəb olmadı. Əksinə, bir vaxt Əfqanıstanda savşmış gənclər meydanı müdafiə etmək üçün mövqe tutdular. Onlara müqavimət göstərməyin mənasız olduğunu söylədim. Bildirdim ki, çalışıb ordu ilə dil tapmaq lazımdır.
Orduya müraciət yazdıq. Müraciəti sonralar səsini bir daha eşitmədiyim bir qız oxudu. Müracət meydanın yaxınlığında mövqe tutan orduya təsir eləmədi, amma, deyəsən, onlara hələ «hücum» əmri verilməmişdi. Yadımdadır ki, tanklardan birinin üstünə ilk olaraq elə həmin o qız çıxdı və bu da tankların motorlarını söndürməsinə səbəb oldu» (2, s. 167-168).
Nemət Pənahlının «Əbədiyyət yolçusu» kitabı hələlik əlyazma şəklində olduğundan və təbii ki, hələ redaktə edilmədiyindən kitabda təsvir edilən hadisələrin dəqiq xronologiyasını anlamaq bir qədər çətindir. Nə yaxşı ki, əlimizin altında Ədalət Tahirzadənin həmin dövrdə hadisələrin günbəgün və saatbasaat qeyd edilmiş salnaməsi var və məhz bu salnamə daha geniş və ətraflı məlumat almağımıza yardımçı olur. Ədalət bəylə birlikdə hadisələri daha yaxından izləyək:
«23 NOYABR 1988.
Feyzi, Mətləb və mən meydana çatanda (saat 01.30 dəq.) burada 50 mindən çox adamvardı; bu mehmanxanadan o mehmanxanaya qədər uzanan tonqalların ətrafında böyük dəstələrlə toplaşıblar. Əllərində bayraq olan azərbaycanlı əsgərlər də var burada. Öyrəndik ki, televiziyada deyilən mühüm xəbər" odur ki, sabah Bakıda komendant saatı elan ediləçək. "Molodyoj Azerbadjana" qəzetinin redaktoru Nəcəf Nəcəfov fəhlə Nemətlə söhbət edir. Deyəsən, komendant saatını müzakirə edirlər. Sonra eşitdim ki, Nemət deyib ki, əsgərlər gəlsə də heç yerə tərpənməyəcəyik: öldü var, döndü yox!
Nemət artıq xalq başçısı sayılır. Onu nümayişçilər sıx əhatə edirlər və beləcə də meydanı gəzir, adamlar arasında təbliğat aparır ki, mətin olun, dözümlü olun, bizə heç kəs bata bilməz.
Meydanda bir neçə yerdə odun, taxta dağ kimi qalanmışdır. Hamı özü gəlib, aparıb tonqal qalayır. İki oğlan tonqallara bir-bir baş çəkir, deyir ki, Ermənikəndin adı bu gündən "Azərkənd" olur, Ermənikənd bazarı isə "Nəsimi bazarı" adlandırılır. Hər tonqalın fədailəri “A-zər-kənd” çığırırlar. “Azərbaycan musiqiçilərinin Xalq Cəbhəsi” yazılmış çadırda camaata çay-çörək paylayırlar. Tələbələr çox sayıqdırlar. Hər kəsə çox diqətlə yanaşır, erməni olub-olmadığını bilmək üçün sənəd tələb edirlər. Məni dünən 5-6 dəfə (qeydlər etdiyim üçün şübhələnirdilər) saxlayıb sənəd soruşdular.
Deyilənə görə, Sov.İKP Siyasi Bürosunun üzvü, Sov. İKP MK katibi Medvedev Bakıya gəlib. Nizami qəzet üçün mətbəəyə getdi. Bir azdan qayıdıb gəldi ki, yolda tanışımla görüşdüm, dedi ki, nəşriyyatı da, telestudiyanı da əli avtomatlılar əhatə edib. Heç kəsi içəri buraxmırlar. Burada vərəqələr nəşr edirlər. Səhər 8-də komendant saatı elan olunacaq.
04.40. Bir yoldaş söylədi ki, komendant saatı haqqında xəbər şayiədir və onu camaatı dağıtmaq üçün Nüsrət Kəsəmənli ilə Aydın Məmmədov buraxıblar. Yəqin ki, gələcək bunun doğru-yalanlığını göstərəcək. Dedilər ki, Naxçıvanda bu gündən (daha doğrusu, dünəndən) hərbi vəziyyətdir. Sədərəklilər dəmir yolunu söküb Yerevan qatarını saxlayıblar.
05.11. Maştağalı Kazım Arif tribunadan meyxana deyir. Vətənpərvər şerlərdir.
05.20. T 38-69 AQ nömrəli “Jiquli” gəldi. Yiyəsi ağdamlı Şahin adlı rəssam oğlandır (Bakıda yaşayır). Camaata ərzaq gətirib. Maşını yenicə rənglədib. Qabaq kapotunun üstündə “Bakı”, qabaq şüşəsində “Qarabağ”, arxa şüşəsində “Ağdam”, arxa kapotda “Şuşa”, kənarlarda “Azərbaycan” sözləri yazılıb, Azərbaycanın bayraqları çəkilib. Maşın gəlinə bənzəyir. Əlvan rənglərlə bəzənmiş maşın vətənpərvərlik mücəssəməsidi.
06.00. Komendant saat haqqında hərə bir söz danışır. Yeni fikir odur ki, saat 9-da olacaq. Meydanda 30 minə qədər adam qalıb. Komendant saatına əslində heç bir əsas yoxdur. Zərdüşt Əlizadə dedi ki, ermənilər kütləvi şəkildə Moskvaya şikayət ediblər ki, həyatımız təhlükə altındadır. Sonra, bayraqlı maşınlar sürətlə gedəndə 2 adam vurub. Deyirlər ki, Vəzirov dünən bu hadisələrlə bağlı Moskvaya gedib və qayıdıb. Konstitusiya layihəsinin 119-uncu maddəsini dəyişdirmək üçün imza yığırlar. Mən 800-üncü adam oldum.Heç kəsin meydandan dağılmaq fikri yoxdur. Deyilənə görə, dünən Moskvada Puşkin meydanında 11 min azərbaycanlı nümayiş edib. Təbrizdə Səttar xan xiyabanında dünən 600 mindən artıq adam bizimlə həmrəylik nümayişi keçirib.
“Ağaclarımızı kəsənin sol qulağını kəsərik!” (Andranikin də sol qulağını kəsiblər).
07.16. Xor: “Harda gördün erməni, vur başına şilləni”.
Söhbət komendant saatı olanda nə etməkdən gedir. Əsas fikir odur ki, əsgərlər gəlsə müqavimət göstərməyib dağılışmaq, evdə tətil etmək gərəkdir.
1 №-li internat məktəbin şagirdləri bugünkü yığıncağın ilk qaranquşları oldu. Onlar böyük ruh yüksəkliyi yaratdı, çünki komendant saatının olmamasına inamı artırdı.
Xor: “Öldü var, döndü yox”, “Biz ölərik, Qarabağı vermərik”.
08.10. Nemət ucadandanışnla tribunadan camaatı (tələbələri) nizam-intizama çağırdı.
10.30. İşə gedib gəldim. Maqnitafonda “Qarabağ şikəstəsi” oxudurlar, “Sumqayıt” sözünü də lentə artırmışlar. Əliheydər Qarayev adına neftayırma zavodu də bu gün tətil edib. Ölən milis serjanti Fazil İsmayılovun da böyüdülmüş fotosunu gül-çiçəklə bəzəyib tribunadan asmışlar. (1 milyona yaxın adam var. Azərbaycanın çox yerindən gəliblər).
11.11. “Mikrofonfon” tələbi başlandı.
Şüarlar:
“Xalq hökumət üçün deyil, hökumət xalq üçündür”.
“Axdın ciblərinə yadın, özgənin! Adın Odlar yurdu, odun özgənin!”,
“Azərbaycan dili - dövlət dili”,
“Babək, Koroğlu qeyrətli oğullar, ayağa qalxın!”,
“Bizim dilənçilərə veriləsi torpağımız yoxdur!”,
“Topxanadan əlinizi çəkin!”,
“Dağlıq Qarabağdan əlinizi çəkin!”,
“Dağlıq Qarabağın muxtariyyəti ləğv edilsin!”,
“Mətbuata ar olsun!”,
“Balaxanı neftçiləri sizinlədir”.
Müsavatın və Türkiyənin bayraqları, Atatürkün fotosu da var nümayişçilərin əllərində. Divara karikatura yapışdırmışlar: “Al!!!” (Keçəl Vazgenə qarşı bir yumruq uzanmış, baş barmaq iki barmağın arasından qabağa çıxmışdır. Biləyə Azərbaycan SSR-in bayrağı lent kimi bağlanıb). Şəkililər kəsib-paylamaq üçün bir maşın qoyun gətirib.
13.22. Nemət:
- Mən yalnız özümə cavabdehəm. Mən sizinləyəm. Qoy bunlar (rəsmi adamlar) iclası aparsınlar. Əgər siz onlarla razılaşsanız mən də razıyam, olmasanız mən də sizinləyəm. Çox ehtiyatlı olun. Yeməyi ancaq mərkəzdən götürün. Heç kəs şayiələrə uymasın. İclası Vəli Məmmədov aparacaq (26-ların birinci katibi). Xalqın taleyi məsələsi var burda. Ayrı-ayrı adamlar öz taleyini düşünməməlidir. Ar olsun xalqa qarşı çıxanlara! Bu gün xalqın taleyi sizin - xalqın özündən asılıdır. Xalq yoxdursa mən kiməm? Mən xalqın oğluyam!
13.35-də vertolyot gəldi-keçdi.
13.35. Vəli Məmmədov:
- Bir qayda danışaq, işimiz yaxşı getsin. Fit çalınmasın. (Sonra nəsə dedi, fit çalındı). Bəs biz demədik fit çalmaq qadağan olundu? (Yenə güclü fit çalındı). (Çoxlu ürəyi gedənlər olur, uşaqlar itir. 670 min məktub alınıb camaatdan tribunaya).
13.51. Dəmir Gədəbəyli:
- Mənim böyük xalqım! Bu gün sənin taleyin həll olunur. Bizim başçılarımız 7 gündür ki, sizinlə maraqlanmır. Moskva Vəzirovu pis vəziyyətdə qoyub, o sizing üzünüzə çıxmağa utanır. Moskva bilməlidir ki, Azərbaycan xalqı oyuncaq deyil.
Eşq olsun Nemətə! Onun çıxışlarını alqışlayıram! And içirəm ki, bu yoldan dönməcəyik! (Alqışlar).
14.00. Şeyxülislamın müavini Sabir Həsənov:
Hacı Sabir Həsənli
- Peyğəmbərimiz deyib ki, Vətəni sevmək imandandır. Bura toplaşmağımız böyük imanla bağlıdır. Elə bilməyin ki, bizim idarə dərdlərinizdən kənarda qalmışdır. Mən milyonluq dindarlar adından, buradakı ağsaqqallar adından sizi əmin edirəm ki, tələbləriniz haqlıdır. Allah-taaladan arzu edirəm ki, qədəmləriniz yorulmasın. Arzu edirəm ki, arzularınız yerinə yetsin. Peyğəmbər buyurub ki, şeytanın ardınca getməyin, çünki o sizin aşkar düşməninizdir. Bu gün qəlbində, ürəyində islam məhəbbəti olan hamını səbrə çağırıram. Allah-taala buyurub: Allah-taala səbrlidir. Fitnəkarlıqdan özünüzü qoruyun! Sizin bu meydanda qalanlara can sağlığı, işə qayıdanlara iş avandlığı arzu edirəm. Vəssalamuəleykum və rəhmətullahu və bərəkatuhu. (Sürəkli alqışlar).
14.06. V. Məmmədov: Söz verilir Dövlət Aqrar-Sənaye Komitəsinin taxılçılıq şöbəsinin rəisi Matvey Radayevə.
14.09. M. Radayev (azca danışdı): Siz yaxşı bilirsiniz ki, mən rusam. Dərdinizə, sərinizə şərik olmağa gəlmişəm. İsmayıllının İvanovka kəndində doğulmuşam. Ata-babalarım İvanovkada 200 ildən artıq yaşayıb. Biz hamımız Azərbaycan xalqını ürəkdən sevirik, çünki o, qonaqpərvərdir. Mən də öz səsimi sizin səsinizə qatıb deyirəm: Dağlıq Qarabağda sovet qayda-qanunları yaratmağın vaxtı çoxdan çatıbdır. Bizə işləmək lazımdır. Bu gün axırıncı gün olsun. (Fit).
14.13. Hatəmi:
- Səsim batıb. Bu günlər ərzində... sizi həyəcanlandırmışlar. Əlinizdə böyük silah var, ondan möhkəm yapışın! (Tətili nəzərdə tutur).
V.Babanlı:
- Sizə eşq olsun!
Yazıçı Vidadi Babanlı
14.25. Həkim:
- Bizdə orada ərzağı qəbul etmək üçün yer ayrılıb. Camaata qutularda yemək paylansa, heç nə götürməyin. “Qardaş” sözünü aradan götürək. Bəsdi daha sevgi (ermənilərə aiddir)!
14.26. …İsfəndiyar Coşğun:
- Azəri türklərinin bu birliyini alqışlayıram! Neçə gündür ki, tətil elan etmişik. Poğosyanın quldur dəstəsi məhkəməyə verilsin! Əhmədova azadlıq verilsin! DağlıqQarabağda Azərbaycan hökumətinin suveren hüququ bərpa edilsin!
14.30. Mövlud Yarəhmədov:
- 20 ildir ki, Azərbaycan-Dağıstan ədəbi əlaqələrini öyrənirəm. Dağıstan xalqları Azərbaycan xalqını sevdiklərindən onu özündən ayırmayıblar. Ədalətli tələblərinizə tərəfdar çıxıram.
14.37. Vəkillik edən Məmmədov (Əzim?):
- Ali Sovet sessiya çağırıb DQMV-ni ləğv etsin. Poğosyan həbs edilsin. Ermənistandan didərgin düşənlər Dağlıq Qarabağda yerləşdirilsin. Azərbaycan KP qurultayı, plenumları Azərbaycan dilində aparılsın. Bakıda Azərbaycan məktəblərinin sayı artırılsın. Sumqayıt işləri geri qaytarılsın. Əhmədovun işinə yenidən baxılması SSRİ Ali Soveti RH-dən xahiş edilsin. Qorbaçovun Bakıya gəlməsi xahiş edilsin. Bir bəndlik şer söylədi. (Alqışlar).
14.45. Rəfiq Zəka:
- Bu gün bütün Azərbaycan xalqının imtahan günüdür. Biz Azərbaycan türkləriyik. O türklər ki dünyaya Füzuli verib, Nizami verib. İndi bizdən torpaq istəyirlər. Əsrlər boyu erməni daşnakları iftira yayıblar. 1915-də genosid olmayıb. Sumqayıt “genosid”i kimi. Kirovabad “Gəncə”, Stepanakert “Natəvan” olsun. Daşnaklar Hadini, Firidun bəy Köçərlini öldürdülər, Cavidi öldürdülər. Ü. Hacıbəyovu öldürəcəkdilər Nərimanovun məktubu olmasaydı. Bir neçə gün qabaq Ağanbeqyanın Qorbaçova, yenidənqurmaya qarşı çıxışını “Amerikanın səsi”radiosu verdi. (Sonra “Lənət” şerini oxudu: “bir sürü daşnaklara lənət!”. Hər dəfə “lənət” sözünə çatanda camaat “lənət”i xorla təkrar edir). (Alqışlar).
Şair Rəfiq Zəka Xəndan
14.49. Cəbrayıl Əhmədov (veteran):
- Siz bura toplaşıb öz arzunuzu bildirirsiniz. Mənim 85 yaşım var. 18-inci il əhvalatının şahidiyəm. Bu hadisələrdən hər iki millət əziyyət çəkdi. (Boş-boş sözlər danışdı, fitə basdılar).
15.00. Fərman Kərimzadə:
- Bu gün də dərdimizdən danışmır mərkəzi mətbuat. Kim ki xalq uğrunda ölüb, onlar Azərbaycan müqəddəslərinin siyahısına salınsın. İliçin katibi Tahir Əliyev, Şuşada Niyaz Hacıyev xalq uğrunda çalışıblar, onlar işlərinə qaytarılsın.
15.04. Bir dəstə oğlan əllərindəki uzun ağaca bağlanmış meymun kuklasını camaatın içində gəzdirir. Meymunun ağzında siqaret var, əllərinin arasına “Vazgen” yazılmış kağız qoyulub.
15.06. V. Məmmədov:
- Ermənistanda AS-nin sessiyası keçirilib. Yəqin ki, bizə hörmətlə bir şey deyilməyib. Bu oyunlarla bizi əsəbiləşdirmək istəyirlər. Gərək təmkinli olaq. Respublikanın bir çox yerlərində həyəcanlar, gərgin vəziyyət var. Bu vəziyyət müəssisələrdə müzakirə olunsun.
15.10. Aqronom Alıpaşayev:
-İntizamlı olaq. (Fitə basdılar. Meydanın 19 günündə intizamsızlıq adına bir ciddi şey baş verməmişdi!)
15.12. V. Məmmədov. (Danışmaq istəyir, fitə basırlar):
- On dəqiqə tənəffüs.
15.19. Nemət:
- Mən öz qərarımı oxuyuram. Vəziyyət ağırdır. Gəncədə, Naxçıvanda vəziyyət gərgindir; ölüm olub, komendant saatı elan edilib. İndi bizdə də etmək istəyirlər. (Sənəd oxuyur). “Bakı şəhəri əhalisinə müraciət (Bunu gizli şəkildə çıxarıb gətiriblər). Bakı şəhərində qadağan saatı qoyulur. Tətillərin keçirilməsi..., 21- dən 6-ya dək nəqliyyat vasitələrinin gediş-gəlişi..., qoşunlara müqavimət göstərilməsi qadağandır. Bakı şəhərinin komendantı”.
İndi qulaq asın. Mən yalnız özümə cavabdehəm. Yeddi gündür ki, öz MK-mızı birliyə dəvət etmişik. Dinc nümayişdə heç vaxt komendantski ças (komendant saatı – B. T.) tətbiq olunmur. 10 ayda niyə Yerevanda komendantski ças elan etmədilər? Bizdə öldürülən İsmayılovun qatili niyə tapılmadı? Dinc nümayişdə komendant saatı tətbiq edilsə, bunu işğalçılıq siyasəti adlandıracağıq. Heç kəs onlara müqavimət göstərməsin. Belə olsa, bütün Azərbaycanı ölü elan edirik.
Rədd olsun xalqın tələbini nəzərə almayanlar! Əliyalın xalq tankla vuruşa hazır deyil. Əgər xalqın bu gün bu mütəşəkilliyi pozulsa, bizim üçün sonra çətin olar. Rədd olsun işğalçı qoşunlar!
Necə olur ki, Qazaxıstanı bir günə sakitləşdirən Rusiya imperiyası doqquz aydır bizi qırğına çəkmək istəyir? Bu tələblər həyata keçirilməyincə vicdanı olan bir nəfər evdən çölə çıxmasın, işə çıxmasın! (“Tətil”, “tətil!”). Bizim silahımız yoxdur. Qeyrəti olan Bakının küçələrinə çıxmasın. Yaşasın Azərbaycan xalqının birliyi! (Alqışlar. “Tətil”,“tətil!”).
And içirik: heç bir fitnəkarlığa yol verməyəcəyik! (“And içirik!”) .And içirik: mübarizəmizi davam etdirəcəyik. (“And içirik!”). (Tofiq Fikrətin həmişə söylədiyi şerini əzbər söylədi). (Alqışlar).
Biz başa düşməliyik ki, xalqı havayı yerə qırğına apara bilmərik. Bu gün dünyanın 32 milyon azərbaycanlısının gözü bu meydana dikilib. Lazım gəlsə, BMT-yə müraciət edəcəyik. “Vətən” cəmiyyəti qardaşlarımızı tora çəkməyə çalışır. Qoy birbaşa Cənubla əlaqə yaransın. Qoy dünya miqyasında cavab verilsin görək niyə bu xalq parçalanıb? “Qayğı” cəmiyyətini də tənqid etmişdim. Bu gün “Qayğı” cəmiyyəti Ermənistandan gələnlərə yardım etməyib. Bu cəmiyyət Çernobıla yardım etmək üçündürmü? Azərbaycan, 200 milliard manat sərvəti olan Azərbaycan xalqı niyə bu gündədir? Niyə nazirliklərimiz Moskvadan asılıdır? Biz suverən dövlətiksə, niyə 200 nəfərlik komissiya, Özbəkistanı dağıdan komissiya indi respublikamıza yönəlib?
Xalq özü öz taleyini həll etməlidir. Ağanbeqyan çıxış edəndə 5.000 imza toplayıb Moskvaya məktub göndərdim ki, bu iki xalqı vuruşdurmayın. Moskva niyə susdu? Z. Balayanın kitabına İ.Qəmbərovun cavabını dərc etməyə niyə qoymadılar? Qoy indi dövlət adamları gəlib sizə cavab versinlər görək komendantski ças elan edirlər, yoxsa xalqın tələblərini yerinə yetirirlər. Aclıq elan edənlərdən xahiş edək ki, yalvaraq ki, saxlasınlar. Bizə sağlam adamlar gərəkdir. (“Nemət!”, “Nemət!”)…» (4).
Bu çıxış Nemətin ən təsirli çıxışlarından biri idi. İlk dəfə idi ki, rus - sovet qoşunları işğalçı adlandırılırdı.
Ədalət Tahirzadə davam edir:
«…15.46. Əhmədovun xalası oğlu:
- Əhmədovun atası 28 il fəhlə işləyib, əmək veteranıdır. Anası da zəhmətkeşdir. Əsas cinayəti fevralın 29-unda olub. İşdən gələndə olub. Onu “təşkilatçı” adlandırıblar. Axı işdə olan adam necə təşkilatçı ola bilər? Vəkil Yaşin dünən Əhmədovdan tam əlini üzüb, Bakıya qayıdıb. Məhkəmədə təkcə vəkil olub. Atası, anası, bacısı, qardaşı iştirak etməyib. Əhmədovla birgə Azərbaycan xalqının mənafeyi də tapdalanıb. Guya bu, Azərbaycan xalqının qabaqcadan hazırladığı cinayətin tərkib hissəsidir. Əgər hökumət vaxtında tədbir görsəydi, Sumqayıt qırğını da olmazdı. Qoy ədalət zəfər çalsın! (Sürəkli alqışlar).
15.55. Nemət: Xutorda öldürülən milis işçisi İsmayılovun ata-anası çıxıb desin görək qatil tapılıbmı? İkincisi, qoy oğulları Əfqanıstanda vuruşan valideynlər toplaşsın. Komendant saatı elan olunsa, qoy qoşunları rədd etsinlər.
16.00. V. Məmmədov:
- Biz həqiqətən komendant saatı istəmiriksə mütəşəkkil toplaşa bildiyimiz kimi yığıncağımızı mütəşəkkil də sona verməliyik. Nemət bəzi ağıllı sözlər dedi, ancaq bəzi atmaca sözlərlə özünü rəhbərliyə qarşı qoydu. (Fit, etiraz, “rədd ol!, “rədd ol!”).
16.02. Nemət: Havayı söz lazım deyil. Qəti söz deyin. Qoy bizə qəti söz desinlər. Belə şaiyə yayılır ki, mən naxçıvanlıyam, Əliyevin adamları mənə pul veriblər . (Nemət “Əliyevin adamları” ilə əlaqəsi olduğunu sonralar etiraf edti: “91-ci ilə qədər mənim Heydər Əliyevlə heç bir əlagəm olmayıb (...). Sadaca olaraq , 88-ci ilin meydan hərəkatında nöncə Bakının indiki meru R.Allahverdiyev gəlib mənə onun düşdüyu vəziyyətdən danışdi...”[3]).
Biz artıq hərəkətə yol versək, Vətəni bakılı, şəkili, naxçıvanlıya bölənlərə haqq qazandırarıq. Qoy gəlib bizə cavab versinlər görək tələblərimizlə bağlı nə ediblər. Hissə qapılmaya yol verməyək. Xalqın taleyi ilə oynamayaq. Yaşasın Azərbaycan xalqının birliyi! Ura! (“Ura”). Düşmən fitnəsinə uymayacağıq! And içirik! (“And içirik!”). Bu xalq hərəkatı xalqın sözüdür. Qoşulan qoşulsun, qoşulmayanlara ar olsun! (“Ar olsun!”). Bununla mən yorulmuşam, istirahətə gedirəm.
16.07. V. Məmmədov. Danışmaq istədi. (Fit. Camaat əyləşdi. Yenə fit).
16.12. Camaat hamısı oturdu. Aclıq elan edənlər tribunaya qalxıblar. Ancaq mikrofon kəsilib.(“Mik-ro-fon!”). Dünən şəhərdə hər yerdə BTR olub, bu gün isə tank (təkərini deşmək olmasın deyə).
16.18. Aclıq elan edən oğlan (XTİ-nin tələbəsi):
- Mən sizin simanızda Qaçaq Nəbinin qaçaqlarını görürəm. 1905-cı ildə erməni... Biz yalnız və yalnız Nemətə inanırıq. And içirik ki, yalnız onun ardınca gedəcəyik. Eşitdik ki, Bakıda komendant saatı elan etmək istəyirlər. Təqsirimiz nədir? Şəhriyar demişkən, ya tamam yanıb kül olacağıq, ya da ayağa qalxacağıq. Mən Nemətə ilk və son dəfə yalan dediyim üçün üzr istəyirəm: mən ona demişdim ki, mikrofon gələn kimi aclığı kəsəcəyəm. Ancaq deyirəm: biz aclığı davam etdirəcəyik. Rədd olsun işğalçı qoşunlar! (Bir az fasilə). Yoldaşlar, qoşunlar saat 8-də Bakıdan çıxarılsa, saat 9-da aclığı kəsəcəyik - yalnız sizin xatirinizə, xalqımızın birliyinin xatirinə! Ancaq stoldan qorxan hökumət bilsin ki, biz mübarizəmizi davam etdirəcəyik. (Alqışlar).
Dostları ilə paylaş: |