12 dekabr, 2012
İKİ MİN ON ÜÇÜNCÜ İL
Hələ hazır olmamış
İllik hesabatımız.
Yeni ilə sıçradı
Yel qanadlı atımız.
Planlaşmış işlərin
Çoxu yarımçıq qaldı.
Qeydiyyat dəftərimiz
Bitmədi, açıq qaldı.
İmkan olmadı deyə
Durub düşünmək üçün,
Bilmədik necə keçdi
Üç yüz altmış altı gün.
Ötən ilin dalınca
Biz deyinə - deyinə.
Bir ili də ötürdük
Tarixin arxivinə.
Dünya hər an fırlanır;
Həmişə yol üstəyik.
Minillik xırdalanır –
İki min on üçdəyik.
Nəhs il kimi baxmayaq
Üç üçüncü ilə biz,
Qoy bu ili bəzəsin
Nəcib əməllərimiz.
Fikrimiz təzələnsin,
Qəlbimiz nurla dolsun.
Hər anın qədrin bilək,
İl də uğurlu olsun!
02 yanvar, 2013
QURBAN BAYRAMI
Ən əziz, müqəddəs bayramdır Qurban.
Onu bəxş eyləyib bizə Yaradan.
Bu gün qurbanlıqdan qurtulsaq da biz,
Qoy olsun canımız Vətənə qurban!
25 sentyabr, 2012
OĞULLAR HƏMİŞƏ
ƏSGƏRDİ
Dünyada peşə çoxdur –
hərənin var öz işi,
Ancaq əsgər olmağa
borcludur hər bir kişi!
VƏTƏNƏ XİDMƏTDƏ FASİLƏ OLMAZ
“Müddətli həqiqi əsgəri xidmət!” –
Görən kim düşünüb belə termini?
Vətənə xidmətdə fasilə olmaz.
Hər vaxt bilməliyik biz hərb elmini.
Kimin nə haqqı var borcunu dana?!
Hər kəs el işinə yarımalıdır.
Kişi hər yaşında çıxıb meydana,
Vətən torpağını qorumalıdır.
Ürəkdə yurd eşqi tükənən deyil.,
Nə qədər ömür var, o da olacaq.
Xidmət dövrü keçib il yarım, bir il
Oğul bu sənəti öyrənir ancaq.
Hünər göstərməkdə yarışa girir,
Bərkiyə - bərkiyə dönür mətinə.
Əsgərlik edən kəs məktəb bitirir.
Sonradan başlayır öz xidmətinə.
Kişi ömrü boyu xidmətdə olur,
Hərbə hazır durur eldə, Vətəndə.
Oğullar anadan əsgər doğulur,
Bir əsgər aparır köçüb gedəndə.
Dostları ilə paylaş: |