20 iyul, 2004
SƏNGƏRDƏ KEÇƏN ANLAR
Ataraq canı alova, oda
Aman vermərik düşmənə, yada.
Hər çətinliyə gərərək sinə,
Hücum edirik biz dönə-dönə.
Qoruyuruq ki, ana torpağı,
Ona izini salmasın yağı.
Baxmırıq hava isti, sazaqdır,
Doğmalarımız bizdən uzaqdır,
Döyüşməliyik – işimiz haqqdır!
Ürəyim mənə “Möhkəm dur!” deyir,
“Vətən naminə vuruş, vur” – deyir.
Savaş yerinə gəldiyim andan
Keçibdir canım yüz imtahandan.
Düşmən bezsə də mənim əlimdən,
Qaça bilirəm hələ ölümdən.
Tez-tez yanıma düşən mərmilər
Hər an yolumu bağlaya bilər.
Ancaq ölüm də qorxutmur məni,
Təki qoruyum ana Vətəni.
Rahat yaşasın qızlar, gəlinlər,
Millət Vətənsiz qalarsa, inlər.
Bu yurd var ikən yursuz qalmayaq,
Biz yanaq, yurdu oda salmayaq.
Üzümə həsrət qalsa da yarım,
Ona həmişə var etibarım;
Ayrı salsa da bizi düşmənim,
Yarım yolumu gözləyir mənim.
Bu saat məni düşünür yəqin
Qəlbində yada nifrət, qəzən, kin.
Barıt qoxusu udsam da hər gün,
Əl uzatmıram siqaret üçün.
Içkilərə də salmıram meyl,
Onlar dərdimin dərmanı deyil.
Ayıq başımla savaşıram mən,
Gah sakit olur, gah daşıram mən.
Komandir ömrün dirijorudur,
Ahəngi, ritmi göstərən odur.
O, nə deyirsə, etməliyik biz,
Yoxsa qarışar çox işlərimiz.
...Odur, yenə də ucaldı səsi,
Qızdırdı bizi odlu nəfəsi.
Deməli, olmaz oturmaq daha,
Sarılmalıyıq odlu silaha.
Növbəti hücum başlanır yenə,
Yeriməliyik düşməliyik üstünə.
Kaş ki, bu döyüş sonuncu olsun,
Düşmən büsbütün yurddan qovulsun.
Zəfərlə dönək öz evimizə,
Başlayaq mülkü işlərimizə.
Orda göstərək hünərimizi,
Əsl peşəmiz gözləyir bizi!.
Dostları ilə paylaş: |