2. Sizi zəfər gözləyir
Siz əsgər paltarını geyinib əyninizə,
Tam yeni bir görkəmdə bu gün çıxırsız üzə.
Ən vacib vəzifəni – xidməti seçirsiniz,
Millətin qarşısında hərbi and içirsiniz.
Unutmayın, hərbi and bir hüququ sənəddir,
Kim ona sadiq qalır,demək, məğrurdur, mərddir.
Xalq önündə gəzəcək alnıaçıq, üzüağ,
Acı sözdən, töhmətdən, kindən, nifrətdən uzaq.
Siz də heç vaxt çıxmayın komandirin sözündən.
Bilin ki, tapşırığı o düşünmür özündən.
Onun səsi minlərin, milyonların səsidir –
Ordu da bu millətin ayrılmaz hissəsidir.
Əsgərsiz qalan xalqın torpağı vətən olmaz;
Yaxşı qorunan elə yadlar meylini salmaz;
Çaşıb azsa yolunu bir daha geri dönməz.
Sahibi olan yurdun odu, çırağı sönməz.
Mərd oğullar qoruyar Vətəni qalxan kimi.
Millət öz ölkəsində yaşayar bəy, xan kimi!
Bilin, hərbi libası geyməklə iş bitməyir.
Sayca çox olmaq belə bəzən kara yetməyir.
Hərbi elmin sirrini bilənlər əsgər olur.
İşinin öhdəsindən gələnlər əsgər olur.
Əsl əsgər odur ki, məğrurdur, vüqarlıdır.
Namus, qeyrət sarıdan sərvətlidir, varlıdır.
O, ən çətin anda da hər işə yarıyacaq,
Köksünü sipər edib yurdunu qoruyacaq.
Lazım gəlsə, canından “uf” demədən keçəcək.
Dünyadan köçəndə də kişi kimi köçəcək,
Buna şübhə edənlər düşünsün Mübarizi,
Bircə günün içində necə tanıtdı bizi!?
İndi millət onunla fəxr eləyir, öyünür.
Sizin də sinənizdə elə ürək döyünür.
Göstərin gücünüzü özgələrə, yadlara.
Yurda göz dikənləri atın sönməz odlara.
Qoy ellər azad olub, asudə nəfəs alsın.
Laçında, Kəlbəcərdə türkün səsi ucalsın.
Qayıdaq Füzuliyə, Cəbrayıla, Ağdama,
Zəngilan, Qubadlıda el sığınsın ağ dama.
Qarabağ torpağını dolaşaq qarış-qarış.
Görərək gücümüzü, düşmən istəsin barış.
Bilin ki, belə ümman hər zaman düşməz ələ,
Tanıdın özünüzü bu obaya, bu elə.
Bəlkə Zəfər, Qələbə yazılıb bəxtinizə
Əsl xidmət vaxtıdır, dostlar, uğurlar sizə!
Dostları ilə paylaş: |