DÖVRÜN
QAYĞILARI
Gec yatıb, tez duran uğur qazanar,
Qəlbimiz yaratmaq eşqilə yansın.
Çox yatsaq gecənin ömrü uzanar,
Tez duraq – gündüzün ömrü uzansın!
VAXT İTİRMƏK VAXTI DEYİL
Şəmsə
Gec yatıb, tez duran uğur qazanar;
Ünvana, mənzilə vaxtında çatar.
Çox yatan özünü çoxbilmiş sanar,
Böyük arzuları başından atar
Qəlbimiz yaratmaq eşqilə yansın –
Həyat yaşamaqçün mübarizədir.
Hay salaq, yatan da qalxıb-oyansın.
Zəhmətsiz həyatın mənası nədir?
Çox yatsaq gecənin ömrü uzanar,
Səhər gözlərini qapıya dikər.
Günəş də özünü gərəksiz bilər,
Onu qarşılayan olmasa əgər.
Tez duraq, – gündüzün ömrü uzansın,
Bitirək yarımçıq işlərimizi.
Dünya bizə baxıb sevinc qazansın,
Bununçün Yaradan yaradıb bizi!
Gec yatıb, tez duran uğur qazanar;
Qəlbimiz yaratmaq eşqilə yansın.
Çox yatsaq gecənin ömrü uzanar,
Tez duraq, – gündüzün ömrü uzansın!
Dostları ilə paylaş: |