HƏDƏFLİ ÖMÜR
Polkovnik-leytenant
Murad Mürsəlovun 65 illiyinə
Ömrün altmış beşinci pilləsinə çıxmısan,
Ordan böyük maraqla boylanırsan geriyə.
Dostları, yaxınları ətrafına yığmısan,
Onlar hesabatını bu gün dinləsin deyə.
Yazıq o kəslərə ki, yetişib yüz yaşına,
Amma dili gödəkdir – deməyə yoxdur sözü.
Səninsə illər boyu çox iş gəlib başına –
Qarışıb bir-birinə ömrün gecə - gündüzü.
Cavanlara gərəkdir çıxışın, hesabatın –
Bir təkrara dönəcək bizlərə nəyi desən,
Gözlərimiz önündə keçib bütün həyatın,
Bilirik illər boyu sən nələr eləmisən.
Daim elin səsinə qatmısan öz səsini,
Onunla bir olmusan ağır gündə, çətində,
Bu şərəfli, mənalı ömrün çox hissəsini,
Keçirmisən millətin, Vətənin xidmətində.
Xeyirxah əməlinin, işinin çoxdur sayı,
Əlin pay verən olub, artıq payı almayıb.
Bəlkə də öz ailəndən, Vətənindən savayı,
Ödənməmiş bir borcun, öhdəliyin qalmayıb.
Olmamısan küləktək gündə bir səmtə əsən,
Deməmisən qoy ömrüm olsun asudə, asan.
Bu altmış beş yaşında yoxdursa səndən küsən,
Deməli, həyatını insantək yaşamısan.
Artır ki azalmayır hörmət eləyən, sevən –
Səni bir dəfə görən özünə doğma sanır.
Adamların önündə bu gün övladın, nəvən,
Adınla fəxr eləyir, adınla qürurlanır.
Bu gün adi gün deyil, bu gün yüz günə dəyər,
Sevincin tükənməyir çoxu çıxsa da şərik.
Qardaş, qalma yolundan, Allah qismət eləyər,
Yetmişinci pilləyə çatanda görüşərik!
Dostları ilə paylaş: |