YORULMAZ VƏTƏNPƏRVƏR
Otuz ildən artıq hərbi xidmətdə olmuş
polkovnik-leytenanat Telman Aslanova
Kəsərsən yolunu saxtakarlığın,
Düzü düz sayarsan, yamanı yaman.
Qəzəbdən titrəyər bütün varlığın
Biri riyakarlıq eyləyən zaman.
Nifrətlə baxarsan ikiüzlüyə,
Yaltağı görəndə gözün od saçar.
Tənqid hədəfinə dönməsin deyə,
Lovğalar həmişə yanından qaçar.
Səndən zərbə alar düz danışmayan;
Əgər olsa belə qardaşın, bacın.
Özülü, əsası, kökü olmayan,
Yersiz təriflərə yox ehtiyacın.
Qatı düşmənindir sözgəzdirənlər –
Özünə bəllidir böhtanın dadı.
Səninçün fərq etməz millətlər, dinlər,
Təki adam olsun Adəm övladı.
Nadanın yolunu kəsərsən hər gün,
Qoymazsan meydanda ağalıq edə.
Necə tələbkarsan başqası üçün,
Elə yanaşarsan öz işinə də.
Öz ürək sözünü gətirib dilə,
Həmişə fikrini açıq deyərsən.
Etdiyin ən kiçik nöqsanı belə
Etiraf eyləyib, üzr istəyərsən.
Nə toydan, nə də ki, yasdan qalarsan,
Başda oturarsan ağsaqqal kimi.
Xoş sözlər söyləyib, könül alarsan,
“Acı dilin” olar şəkər, bal kimi!
Məqsədin aydındır, yolun kəsə, düz,
Canını verərsən düzlük, haqq üçün.
Sən zəhmət çəkərsən hər gecə-gündüz
Vətəndaş adını doğrultmaq üçün.
15 mart, 2012
Dostları ilə paylaş: |