15 yanvar, 2005
YERSİZ TƏLAŞ
Deyirlər günəşdə partlayış olub,
Belə güclü yansa tez də sönəcək.
Çoxunun ürəyi təşvişlə dolub:
“Yerdə tempreatur birdən enəçək” !
Sabaha ümüdlə, inamla baxın,
Boş yerə baş vermir dünyada nəsə.
Yanar ocağıdır Günəş Allahın
Heç vaxt sönə bilməz, o söndürməsə!
15 may, 2013
“SƏXAVƏT”
Mətbuatda gedən yazılardan məlum olur ki, Səudiyyə Ərəbistanın şahzadəsi Fəhd əl-Səid diplom alması münasibətilə Parisdə iki günlük ziyafət – əyləncə təşkil etmiş və bunun üçün 15 milyon avro ödəmişdir.
Göstərir öz varını yadlara, ərəb oğlu,
Altmış nəfər qonağı yaxşıca razı saldın.
Sənin səxavətinə çoxları heyran oldu,
Minnətdarlıq, təşəkkür, tərif, alqış aldın.
Tayfanızın bir azda artdı şöhrəti-şanı,
Sənin hər addımını müxbirlər izlədilər.
Şəkillərin bəzədi qəzetləri, ekranı –
Fransız gözəlləri öpüb-əzizlədilər.
Saldın bütün ələmə gur səsinlə səs, səda –
Kasıbın, imkansızın gərildi əsəbləri.
Pul deyəndə ingilis dərhal düşərdi yada,
Bu işinlə irəli çıxartdın ərəbləri.
Yadellilər cəsarət, qocalıq sayıb bunu,
Səndən pul almaq üçün görüşünə tələsdi.
Iki gündə xərclədin on beş milyon avronu,
Nə ürəyin ağrıdı, nə də əllərin əsdi.
Başına toplaşaraq lotular yığın-yığın,
Saxta sədaqət ilə qabağında əyildi.
Niyə əsməli idi sənin əlin ayağın?
Onsuz da gedən pullar sənin pulun deyildi.
Sən xalqın hesabına qazanmısan hörməti,
Fəqət millət heç zaman bunu vurmayıb üzə.
Yüz illərdir ölkənin tükənməyən sərvəti
Fasiləsiz sel kimi axır xəzinənizə.
Siz tez-tez başınıza yığıb özgəni, yadı,
Əyləncələr yaradıb, məclislər qurursunuz.
Sevincə həsrət qalır neçə ərəb övladı,
Siz isə gecə-gündüz yeyib qudurursunuz.
Hər gün qanlar tökülür Fələstin torpağında,
Yaralılar həkimə, dava-dərmana möhtac!
Bir xalq dinsiz, imansız düşmənin qabağında
Din uğrunda vuruşur qalsa belə susuz, ac!
Od tökülür, od yağır indi Əfqanıstana –
Bu ölkədə yaşayan millətin halı gərgin.
Fəryad, haray qoparır uşaq, qız - gəlin, ana,
Öz doğma vətənində onlar olub didərgin.
Sizlər öz əlinizdə cəm olunan sərvəti
Xərcləyib dağıdanda dünyanı gəzə-gəzə,
Müstəqillik qazanmış Azərbaycan dövləti
Bir milyon qaçqın ilə dayanıbdır üz-üzə.
Eyş-işrətə, şənliyə yaman qarışıb başın,
Səni narahat etmir millətin ağrı, dərdi.
Xərclədiyin pullarla sənin neçə soydaşın
Xarici ölkələrdə təhsil ala bilərdi.
Tikilərdi nə qədər teatr, kitabxana,
Yollar təmir edilər, körpülər salınardı.
İllər boyu evlərə həsrətlə baxanlara,
Qalıb-yaşamaq üçün min mənzil alınardı.
Çox yerdə açılardı yeni məktəb, mədrəsə,
Bir milyon vətəndaşın təzə paltar geyərdi.
Uşaq bağçalarında hamı verib səs-səsə,
Adını vəsf eyləyən nəğmələr söyləyərdi.
Vaxtını sərf elədin belə əyləncələrə,
Nəticə çıxartmadın Qəddafinin yasından.
Bir dayan, lənət oxu daha şeytana, şərə
Bəlkə qurtula bildin millətin qisasından.
Günahını dərk edib xalqa baş endir, əyil.
Üzr istəsən, millətin – günahından keçəcək.
Yoxsa Həccə gələnlər daha şeytanı deyil,
Atılan daşlar üçün sizi hədəf seçəcək.
04 iyun, 2013
Dostları ilə paylaş: |