ZƏHƏRLI ADAM
Bir hədəf axtarır özünə hər an,
Buztək parıldayan gözləri ilə.
Gündə zəhərlənir nə qədər insan
Acı kəlmələri, sözləri ilə.
Uşaqlar sevinər tərk etsə evi,
Ev dönər hay-küysüz, sakit qalaya.
Rəhbərlik etdiyi bir kollektivi
Neçə illərdi ki, salıb bəlaya.
Adam var–o çalıb bəlkə yüz kərə,
Qəlbində heç dini-imanı yoxdur.
Bütün zəhərlərə tapılıb çarə,
O vuran yaranın dərmanı yoxdur.
Çəkilmir gözündən yersiz qəzəb-kin,
Bəlkə zəhərlənib ondakı qan da.
Soyuq baxışına tuş gəlsə yəqin,
Heyrətdən bayılar gürzə ilan da.
Bezibdir əlindən yadlar-doğmalar,
Tanıyan çalışır görməsin onu.
Ilan zəhərinin bir son həddi var,
Ondakı zəhərin görünmür sonu.
Nəzərdən qaçırar deyə birini,
Həmişə qapının önündə durur.
Zəhərli heyvanlar seçir dərini,
O isə zərbəsini ürəyə vurur.
Şirin söz çıxmayıb hələ dilindən,
Elə zəhərləyir, elə çalır o!
Usanıb, bezməyir öz əməllindən,
Özgə kədərindən ləzzət alır o!
Tək, yalqız qalanda saralır, solur,
Çalmaq həsrətiylə yanır ağız, dil.
Ilandan zəhəri çıxarmaq olar,
Ondakı zəhəri almaq da müşkül!
Müşküldür yox sağaldıb, islah eləmək,
Bir yol var, qarşısı alınmalıdır!
İnsanla yaşaya bilmirsə, demək,
Insansız məkana salınmalıdır!
22 sentyabr, 2006
Dostları ilə paylaş: |