Elxan Xəzə



Yüklə 0,88 Mb.
səhifə4/4
tarix22.10.2017
ölçüsü0,88 Mb.
#10181
növüYazı
1   2   3   4

ƏZƏMƏT

Son dəfə onu gördüm tədbirlərin birində,

Dayanmışdı kürsüdə – öz halalca yerində.

Durmuşdu qaməti düz, alnıaçıq, üzüağ,

Çoxu qibtə edirdi bu görkəmə baxaraq.

Bir ay əvvəl çatsa da ömrün doxsan ilinə,

“Yorulmuşam” sözünü gətirmirdi dilinə.

Alışmışdı iş görüb, arzulara yetməyə,

Vaxtı yoxdu dincəlib, istirahət etməyə.

Günün çox hissəsini ayaq üstə olardı,

Hərəkətsiz dayansa, saralardı, solardı.

Elə bil əvvəlkitək gənc, cavan yaşda idi;

Bir iş görülən zaman hamıdan başda idi.

İstəyir şaxta ola, yağış yağa, qar düşə –

O vaxtında gələrdi yığıncağa, görüşə.

Tədbirə yubananı görən gözü yox idi,

Sözləri iti qılınc, baxışları ox idi.

Tələbkardı özünə, yaxınlara, yadlara,

Haqq uğrunda özünü o atardı odlara.

Həvəslə danışardı doğma, azad ölkədən,

Məlumatı olardı hər eldən, hər bölgədən.

Çox dinləyər, az dinər, məqamında gülərdi,

Danışanda ağzından inci, dürr tökülərdi.

Söz deyəndə inamla baxaraq zala sarı,

Əzbərdən söyləyərdi rəqəmləri, faktları.

Hərdən vərəqləyərək “yaddaş kitabçası”nı,

Silərdi fikirlərin toz qatını, pasını.

Hamı heyran qalardı möhkəm hafizəsinə,

Mənalı çıxışına, aydın, rəvan səsinə.

O, təkcə söz deməzdi, alışardı, yanardı,

Dərin fikirlərinə adamlar inanardı.

Tənqidi də ürəyə yayılardı bal kimi,

Hamı ona baxardı müdrik ağsaqqal kimi.

Tutduğu nöqsan, qüsur həmişə düz olardı,

“Töhmət” verəndə belə hamı razı qalardı.

Çünki heç vaxt, heç zaman haqsızlıq etməzdi o,

Oğlu da səhv eləsə, güzəştə getməzdi o,

Bax o, belə bir kişi, bax o, belə ər idi.

Onun gözündə hər kəs eyni, bərabər idi.

Doxsan ildə görmüşdü həyatın hər üzünü,

Neçə-neçə sınaqdan keçirmişdi özünü.

Çox düşmüşdü payına, ağrı-əzablı anlar,

Bayram idi onunçün ən çətin imtahanlar.

O görmüşdü davanın alovunu, odunu –

Heç vaxt canını deyil, qorumuşdu adını.

Yollarda yorulanda, qalmayanda taqəti,

Atıb bütün yükünü, tutmuşdu ləyaqəti.
***

İtirərkən davada o, cəsur qardaşını,

Neçə silahdaşını, dostunu, yoldaşını.

Bağlamışdı ömrünü hərbi işə, peşəyə –

Öz xalqına şərəflə xidmət eyləsin deyə.

Ona tapşırmışdılar Vətənin sərhəddini;

Yadlar keçə bilməyə elin belə səddini!

Hər zəhmətə qatlaşıb, düşsə belə çətinə,

Dərindən yiyələnib sərhədçi sənətinə,

Gəlmişdi öhdəsindən tapşırılan işlərin,

Göstərmişdi hamıya bacarığın, hünərin.

Çox hərbi xadimləri o qoyaraq kölgədə,

Mahir sərhədçi kimi tanınmışdı ölkədə.

Bəzən bir əsgər kimi çırmalayıb qolların,

Almışdı qarşısını xoşagəlməz halların.

Təriflər deyilirdi adına, ünvanına,

Tez-tez məsləhət üçün gəlirdilər yanına.

Vurulan zərbələrə hünərlə gərib sinə,

Xidmətdə yüksəlmişdi general rütbəsinə.

Görüb öz sənətinə belə vurğunluğunu,

Rəhbərlər hörmət edir, millət sevirdi onu.

Qəzetə, jurnallara bəzək olurdu adı,

Müxbirlər qeyd edirdi ondakı istedadı.

Xarici düşmənlər də yaxşı tanıyırdılar,

Sayıq olduğu üçün onu qınayırdılar;

Həyata keçməyəndə işləri, əməlləri,

Sönürdü həvəsləri, soyuyurdu əlləri.

O sərhəddə dayanmış bir qalxan, sipər idi,

Cəsur, igid, qəhrəman, yenilməz əsgər idi.

Xidmətdə keçirdiyi hər saatda, hər anda,

Sədaqətli qalırdı içdiyi hərbi anda.

O qədər gəzmişdi ki, sərhəd zolaqlarını,

Bilirdi sahədəki dirəklərin sayını.

Tanıyırdı sahənin dərəsini, düzünü,

Bir baxışla seçərdi doğmayla yad izini.

Verdiyi tapşırığı diqqətdə saxlayırdı,

Bir şeydən şübhələnsə, yüz dəfə yoxlayırdı.

Sanki sərhəd zolağı onun ömür yoluydu,

Zolaq təmiz qalsa da, yol iz ilə doluydu!

Qəfil küləklər əsib, çalanda məftilləri,

Sanırdı tar çalınır, açılırdı əlləri.

Gözündə canlanırdı doğma Dərbənd diyarı,

Uçub ora gedərdi olsaydı ixtiyarı.

Fəqət bir sərhədçitək nə qədər ki sağ idi,

Burda xəyala dalmaq özü də yasaq idi.

Azalsa sərhədçinin sayıqlığı, diqqəti,

Puça çıxar illərlə çəkdiyi əziyyəti.

Bunu bildiyi üçün fikrini cəmləyirdi,

“Təqaüdə çıxanda dincələrəm!” – deyirdi.

Gecələr oyaq qalıb çıxa-çıxa gündüzə,

O gedirdi illəri ömrünə düzə-düzə.

Bu Vətənin yolunda əridərək canını,

Günbəgün artırırdı şöhrətini, şanını.

Əllərdə dolanırdı onun hərbi şəkli,

Adamlar seçirdilər onu millət vəkili.

Oturub məclislərin rəyasət heyətində,

Sözünü söyləyirdi öz məqamı yetəndə.

Həqiqət rəmzi idi onun bütün varlığı,

Sevmirdi yaltaqlığı, işdə saxtakarlığı.

Biri yalan deyəndə sıxılırdı dişləri,

Deyirdi: “Gizlətməyək görülməmiş işləri.

Bu nöqsan, qüsurları üzə çıxartmasaq biz,

Yaxşı getməyəcəkdir sabahkı işlərimiz.

Buraya toplaşmışıq planlar quraq deyə,

Özümüz özümüzü niyə aldadaq, niyə?

Olmazmı bəri başdan işimiz düz qurulsun,

Bulanıq su axaraq bulaq kimi durulsun?!

Burdan işə qayıdaq yeni bir həvəslə biz,

Yaratmaq eşqi ilə döyünsün ürəyimiz!”

Belə yaşayırdı o! – Elin mərd oğlu idi,

Təpədən dırnağadək xalqına bağlı idi.

Onu düşündürürdü millətin qayğıları,

Çalışırdı bir yolla həll eləsin onları.

Başqasının dərdini o, öz dərdi bilirdi,

Çıxarıb yaylığını yad gözünü silirdi.

Ciddi olduğu qədər qayğıkeş insan idi,

Çətin iş görmək belə onunla asan idi.

Baxışları olsa da çox vaxt kəsərli, iti,

Doğmasıtək sevirdi hər əsgəri, zabiti.

Biri narahat olsa, tez könlünü alırdı,

Dərdinə dərman tapıb, qayğısına qalırdı.

Onunçün şəxsi heyət xətrini istəyirdi:

“Belə bir komandirə əvəz yoxdu!” – deyirdi.

***


Sərhəddə keçdi ömrün qırx beş ili beləcə,

Yalnız hərbçi olanlar anlayar nə cür, necə?!

Xidmət vaxtı zabitin olmayır rahatlığı,

Bu peşəni seçənlər seçir narahatlığı.

Başı elə qarışır, unudur ad gününü,

Görmür qohum toyunu, dostların şad gününü.

Özü də əzab çəkir, övladı da, yarı da,

Gündən-günə azalır yaxın tanışları da.

Nə doyunca şənlənir, nə bayram edə bilir,

Nə də ölən qohumun yasına gedə bilir!

Hərbçinin halını başa düşmür bəzisi,

Deyir: “Zabit olandan dostum unudub bizi;

Hay vermir, səsimizə, eşitmir sözümüzü,

Daim həsrətdə qoyub, saraldır gözümüzü!”

Belə deyən düşünmür zabit dostu nə edir,

O yeyib-oynayanda kimsə xidmətə gedir!

Əgər yurd qorunmasa, nə toy olar, nə nişan,

Vətənin sinəsini yağılar alar nişan.

Hərbçilər millətin silah tutan əlidir,

Yurdu qoruyanlara hamı baş əyməlidir.

Daim xoş olsun deyə əhvalımız, halımız,

Qırx beş il xidmət etdi cəsur generalımız.


***

Bir azca dincəlməyə olsa belə niyyəti,

Rahat buraxmadılar bu böyük şəxsiyyəti.

Təqaüdə çıxmamış bir iş tapıldı ona,

İlk sədr seçildi o, Veteran Təşkilatına.

Ölkə veteranlarını toplayaraq başına,

Heç bir məhəl qoymadan altmış altı yaşına.

Gənclik həvəsi ilə başladı yeni işə,

Təşkilat imza atdı çox uğur, yüksəlişə.

Dalbadal həll edərək nə qədər müşkül işi,

Yeni vəzifədə də hörmət qazandı kişi.

Bütün problemləri qaydaya sala-sala,

O döndü öz elində həqiqi ağsaqqala.

Burda da ad çıxardı qayğıkeş insan kimi,

Veteranlar ona baxdı hərbi komandan kimi.

Hər kəs əməl elədi onun göstərişinə,

Qoşulanlar çoxaldı təşkilatın işinə.

İşə düşdü qanunlar, bütün hüquqlar, haqlar

Keçirildi görüşlər, tədbirlər, yığıncaqlar.

Hər kəs gördü gücünü, hər kəs bildi yerini,

Qorumağa başladı veteranlar bir-birini.

Gərgin fəaliyyətini göstərib cəmiyyətə,

İctimai işi də o mindirdi qiymətə.

“Bu yurdu, bu dövləti sevək, qoruyaq!” – dedi.

“Öz dövləti olan kəs görər hüquq, haqq!” – dedi.

Həmişə əziz tutdu şəhidlərin ruhunu,

Yalnız belə məqamda üzgün gördük biz onu.

Parıldayan gözləri göl kimi dalğalandı,

Axmayan göz yaşından kirpikləri sulandı.

Danışanda desə də o, sözün doğrusunu,

Adamlardan gizlədi dərdini, ağrısını.

Ehtiyacı olana çox dəysə də köməyi,

İstəməzdi kimisə narahat eləməyi.

Nə zaman ki, dinmədi, eşitmədik səsini,

Bildik ki, gizlədir o, qəlbinin naləsini.

Dərdə salmamaq üçün ailəsini, elini,

Başqasının yanında heç əymədi belini.

Çox zaman ayaq üstə, şax, “farağat” dayandı,

Kimisi elə bilir sakit, rahat dayandı.

Sinəsini bəzəyən ordenlə medalları,

Çoxları daşısaydı dəyişərdi halları.

Ancaq o əyilmədi, yumaqtək bükülmədi,

Daim irəli getdi, geriyə çəkilmədi.

Son anadək dayandı, durdu general kimi,

O qaldı yaddaşlarda parlayan hilal kimi.
***

Sanki doğulmuşdu o, elə hərbi iş üçün,

Təqaüd dövründə də erkən dururdı hər gün.

Gündəlik plan üzrə görürdi hər işini,

Hətta dəyişməmişdi əsgəri yerişini.

İti addımlarıyla dəstəyə yol açırdı,

Ona çatmaqdan ötrü çox adamlar qaçırdı.

Çinartək uca boyu, sağlam bədəni vardı,

Yanında duranların bəzisi sıxılırdı;

Əzəmətin önündə uşaqtək görünürdü,

Balacaboy böyüklər kölgədə sürünürdü.

Əzik-üzük, ütüsüz paltarlar geymirdi o,

Başını hər kədərə, qüssəyə əymirdi o.

Dayanırdı, dururdu bir vüqarlı dağ kimi,

Yaltaqlıq eləməzdi, susmurdı qorxaq kimi.

Bütövlük, qəhrəmanlıq, məğrurluq rəmzi idi.

Bizlərə Salur Qazan, Babək əvəz idi.

***


Doxsan illik yubileyi indi də yadımdadı,

Hörmətlə səslənirdi dillərdə onun adı.

Doldurmuşdu adamlar o möhtəşəm salonu,

Çoxları ayaq üstə alqışlayırdı onu.

Üzlərdə xoş təbəssüm, əllərdə gül-çiçəklər,

Sanki döyüntüsüylə söz deyirdi ürəklər.

Bu yenilməz insanı təbrik eyləsin deyə,

Dostları, tanışları yazılmışdı növbəyə.

Vardı nümayəndələr xarici ölkələrdən,

Onlar da söz istəyib, çıxış edirdi hərdən.

Natiqlər işıq salıb onun ömür yoluna,

Təşəkkür eyləyərək: “Əhsən!”– deyirdi ona.

Danışırdı qoca da, cavan da, məktəbli də,

Hər kəs istəyirdi ki, onunçün nəsə edə;

Göstərə qəlbindəki hörmət, ehtiramını,

Di gəl ki, danışdırmaq çətin idi hamını.

Bunu hər kəs anlayır, bunu hər kəs bilirdi,

Çox adam sevincini alqışla bildirirdi.

Birdən kəsildi səslər, səhnəyə baxdı hamı,

Uca səslə oxundu Prezident sərəncamı.

Xidmət etdiyi üçün doğma obaya, elə,

O təltif olunurdu “Şöhrət” ordeni ilə.

Hər kəs ayağa durdu, salon alqışla doldu,

Bu xəbər ad gününün əsl bəzəyi oldu.

Çətinliklər önündə əyilməyən bu insan,

Kövrəldi bu diqqətdən, bu hörmətdən, qayğıdan.

Belə gözəl, mənalı, möhtəşəm ad günündə,

O, baş əydi xalqının, dövlətinin önündə.

***

Onun ölüm xəbəri yayılanda ellərə,



Sanki qıfıl vuruldu ağızlara, dillərə.

Kədər, qüssə boğazı yandırdı məşəl kimi,

Hamı quruyub qaldı cansız bir heykəl kimi.

Çoxları əllərilə qapayaraq başını,

Sellər kimi axıtdı gözlərinin yaşını.

Ona rəhmət diləyib Tanrıdan dönə-dönə,

Adamlar axışdılar dəfn mərasiminə.

Örtdü cənazəsini çiçəklər sonsuz qədər,

Fəxri qarovul oldu çoxları – üzdə kədər.

Dayandı generallar, elm, iş adamları,

Bura sonsuz məhəbbət gətirmişdi onları.

Veteranlar da toplayıb gücünü, qüvvəsini,

Qarovulda dayandı çıxartmadan səsini.

Dostları öz sözünü dedi göz yaşı ilə,

Yoldaşlar ayrılırdı yaxın yoldaşı ilə.

Sonsuz kədər içində olsa da qohumları,

Adamların qayğısı ruhlandırdı onları.

Görərək generala olan bu məhəbbəti,

Düzəldi doğmaların, yaxınların qaməti.

Mətanətlə dayandı sadiq həyat yoldaşı,

Çoxdan bəri səksəni artıq ötsə də yaşı.

Qızı silib arabir gözlərinin yaşını,

Dərd, əzaba qatlaşıb dik saxladı başını.

Oğlu da tab gətirdi bu kədərə, itkiyə,

Bir general, qəhrəman, igid oğludur deyə.

Xalqın çiynində getdi general son mənzilə,

Onu dəfn elədilər göz yaşı silə-silə.

Axırıncı ünvanı “Fəxri xiyaban” oldu,

Ancaq tarixə düşüb, o, ölməz insan oldu.

Millət unutmayacaq böyük əməllərini,

O, həmişə tutacaq sırada öz yerini.

***


Cismən itirsək də biz böyük şəxsiyyətləri,

Ruhən yaşayır onlar, bizimlədir hər biri.

Onlardan miras qalan məsləhət, tövsiyələr

Ən çətin məqamlarda xalqa köməyə gələr.

Belə şəxsiyyət idi bizim generalımız,

Ondan qüvvət alırdı fikrimiz, amalımız.

Örnək, nümunə olan həyat yolu, taleyi

Gənclərə, cavanlara bəyan edir çox şeyi.

Mənalı kəlmələri, yol göstərən sözləri.

Olubdur generalın bizə qalan izləri.

O deyirdi: “Zamanın, vaxtın qədrini bilin,

Dəyəri olmalıdır ötüb-keçən hər ilin.

Kim ki, gərəksiz işə sərf eləyir ömrünü,

Ölüm günündən əvvəl o öldürür özünü!”

O deyirdi: “Qoruyun hər an bir-birinizi,

Aldadıb çaşdırmasın cılız fikirlər sizi.

Xalqı yekdil olanın Vətəni parçalanmaz,

Hər kəs alışıb-yansa, ellər oda qalanmaz.”

O deyirdi: “Qorxmayın siz faydalı əməkdən,

Quru çörək dadlıdır, yağlı – haram yeməkdən.

Hərəniz bir daş atın sabahın təməlinə,

Heç zaman göz dikməyin başqasının əlinə.”

O deyirdi: “Ürəkdən sevək elmi, təhsili,

Yadı anlamaq üçün öyrənək neçə dili.

Yurdumuzu tanıyıb, tanıdaq özgələrə;

Qoy onlar dərk eləsinlər biz sahibik nələrə.”

O deyirdi: “Yaşadaq mənəvi sərvətləri,

Xalq onları yaşadır neçə illərdən bəri.

Biz onları itirsək dönüb özgələşərik,

Düşmənlərin toruna, tələsinə düşərik.”

O deyirdi: “Diqqətdə saxlayaq tərbiyəni,

Yol verməyək uşaqlar etsin hər deyiləni.

Varislər barədə biz düşünək dərindən,

Qoruyaq övladları yadların təsirindən.

Əgər bu gün onlara dəyməsə köməyimiz,

Sabah heç olub gedər bu günkü əməyimiz”.

O deyirdi: “Həmişə zamanla ayaqlaşaq,

Hər maneə, sədləri cürətlə vurub aşaq.

Bir cərgədə dayanaq qabaqcıl xalqlar ilə,

Artsın uğurlarımız, çoxalsın ildən-ilə.

Tab gətirə bilməyib yüksək sürətimizə,

Düşmənlər qibtə etsin, həsəd aparsın bizə”.

O deyirdi: “Qoruyun yurdun hər qarışını,

Başqasına verməyək hətta qara daşını.

Yoxsa vətənli millət dönüb didərgin olar,

Vəziyyəti dözülməz, əzablı, gərgin olar.

Özümüz, övladımız şəhid olarsa belə,

Qoymayaq yadellilər sahib olsun bu elə!”

O qədər söz deyib ki, yazmaqla bitən deyil,

Bu sözlər yaddaşlardan silinib, itən deyil.

Ucadan səslənəcək yetişəndə məqamı,

O zaman generalı yada salacaq hamı.

***

Ey müasir oxucu, sanma qəm elə sıxıb,



Qəhrəmanın adını yazmaq yadımdan çıxıb!

Bu ad unudularmı? Xeyr! Tez-tez anıram,

Fəqət, belə üsuldan qəsdən faydalanıram.

“Kimdir o böyük insan?” – Soruşsam, bilirəm sən:

“Mustafa Cəfər oğlu Nəsirov!” – deyəcəksən.

Onunla neçə dəfə qarşılaşmısan deyə,

Bir ehtiyac qalmayır adını söyləməyə.

Bəlkə də sənə yaxın, tanış olub bu insan,

Mənim dediklərimdən daha məlumatlısan.

Bu sətirlər yazılır gələn nəsillər üçün,

Qoy onlar tələsmədən fikirləşsin, düşünsün.

Oxuyub-bitirməmiş yazdığım misraları

Nəzərləri yönəlsin kitab, jurnala sarı.

Arayıb öyrənsinlər tərcümeyi-halını,

Tanıyaraq sevsinlər yurdun generalını.
Sentyabr, 2012
TƏK QALMIŞ ANA
Qaytar onun borcunu,

O borc sənin özünsən,

Özünü qaytar geri!”

Əli Kərimin “Qaytar ana borcunu” şeirindən
Bir ana döşəmədə dolanıb dizi-dizin ,

Gəzir övladlarının nə vaxtsa düşmüş izin.

Ancaq tapa bilməyir arayıb gəzdiyini,

Zaman həm izi silib, həm də qoxu, iyini.

Gör haçandır oğul – qız qapısını açmayır,

Nəvə-nəticələri qabağına qaçmayır.

Yerə ayaq dəyməyir, ətrafa isti nəfəs,

Geniş mənzil olubdur sanki bir zindan, qəfəs,

Ananın qocalıqdan tutulmuş ayaqları

İmkan vermir üz tutub gedə küçəyə sarı,

Yayın istisində də otaqdan çıxa bilmir,

Pəncərədən boylanıb həyətə baxa bilmir.


Birtəhər sürünərək qapının qabağına

Baxır solub-saralmış bağçasına-bağına.

Susuzluqdan çox ağac quruyub, odun olub,

Ilin yaşıl çağında həyət xəzəllə dolub.

Görüb bu mənzərəni qəlbi alışıb yanır,

Sanki zəlzələ olur-ev başına dolanır.

Əgər çölə çıxmağa olsa idi taqəti,

Bəlkə də göz yaşıyla suvarardı həyəti.

Ancaq nə eləsin ki, buna yoxdu imkanı.

Belə hala salmaya Tanrı heç bir insanı.

Əlinə götürsə də adi ağacdan əsa,

Nə toya gedə bilir, nə görüşə, nə yasa!

Dörd divar arasında yaşayır yana-yana.

Hərdənbir qonşular yalnız baş çəkir ona.

Hay salsa, harayını eşidib-duyanlar olmaz,

Çarpayıdan yıxılsa, yerinə qoyan olmaz,

Belə hallarla ana tez-tez üzləşib deyə,

Yorğan - döşəyini də endirib döşəməyə.

Hətta olmasa belə arabir ağır xəstə

O, bütün gecələri yatır döşəmə üstə.

Bilən yoxdur nə yeyir, bilən yoxdur nə içir,

Anları, saatları, günləri necə keçir?!

Qulluğunda dayanan, qayğısına qalan yox.

Salam verən bir yana, salamını alan yox!

Bir zaman beş nəfərə məskən olan ev-eşik,

İndi bir qarı şaxlar, bir də sakit bir pişik.

“Pişik” dedim, bu evdə o adi canlı deyil:

“Sədaqətdə, vəfada bənzəri yoxdur – deyir, –

Həmişə yanımdadır etibarlı dost kimi.

Hərdən başını qoyub dinləyir ürəyimi.

Məni tez başa düşür, hər sözümü anlayır.

Ağrıdan çırpınanda o da hey çavalayır.

Bəzi nankorlar kimi yeyib-içib əkilmir.

Xəstəni darda qoyub bir kənara çəkilmir.

Ac, susuz qalanda da çıxarmayır səsini,

Narahat eyləməyir taqətsiz yiyəsini.

Məndən ayrılır ancaq canım rahat olanda,

Onda da gəlib çıxır səsləyib , çağıranda.

Ona görə adını “Vəfalı” qoymuşam mən,

Son vaxtlar təkcə bu ad çıxır mənim dilimdən.

Başqa bir ad tapmıram çağırıb-səsləməyə,

Bir adam görürəmmi bir kəlmə söz deməyə?!

Unutmuşam bu evin doğmasını, yadını,

Vaxt vardı uşaqların səhv salırdım adını.

Axı onda bir deyil, düz üç nəfərdi onlar,

Bilmirdim necə keçir evdə saatlar, anlar.

Bir tapşırıq alırdım hərəsinin dilindən,

Dinclik tapa bilmirdim işin-gücün əlindən.

Di gəl ki, hər bir işi vaxtında çatdırırdım,

Hamısına can deyib, qulluğunda dururdum.

Bəzən gecələri də mən qalardım yuxusuz–

Övladlarım qalmasın səhər çörəksiz, susuz.

Ac qalsam da uşaqlar doyunca yeyərdilər,

Təzə paltar çıxanda birinci geyərdilər.

Bircə tələb var idi: Oxumaq! Təhsil almaq!

Bu Vətənə, millətə gərəkli övlad olmaq!

Ərim də usanmadan çalışıb – işləyirdi,

“Təki balalarımız xoşbəxt olsun!” – deyirdi.

Diqqətlə yanaşırdı hər arzuya, istəyə,

Uşaqlar təminatlı, rahat yaşasın deyə.

Nə dincliyi var idi, nə də istirahəti,

Günbəgün azalırdı, tükənirdi taqəti.

Bir gün iş yerindəcə o yumdu gözlərini,

Bizlərə çatdırdılar onun son sözlərini:

“Çatdırın uşaqlara, cəfakeş arvadıma

Bir ləkə salmasınlar mənim təmiz adıma.

Möhtac olmamaq üçün heç vaxt özgəyə, yada

Zəhmətlə yetsinlər hər arzuya, murada.!”

O andan mənim işim artıb birə-beş oldu.

Bu həyatda gördüyüm yalnız elə iş oldu.

Min əzaba qatlaşıb, böyütdüm uşaqları,

Beynimlə, bədənimlə mən qorudum onları,

Sonra arxalarınca həsrətlə baxa-baxa,

Bir-bir övladlarımı göndərdim oxumağa.

Mənim istəyimlə onlar təhsil aldılar,

Hərəsi bir şəhərdə lövbər salıb qaldılar.

Hər biri yaradaraq özü üçün ev-eşik,

Başladı mənzilinə sanki çəkməyə keşik.

Unutdular doğulub-böyüdüyü yerləri,

Daha bura gəlmirlər neçə illərdən bəri.

Əvvəllər sonbeşiyim hərdən gəlib-gedərdi,

İşlərimi görməkdə bir az kömək edərdi.

Fəqət o da sonradan sanki bezdi, yoruldu.

Məndən əlini üzüb, öz yarına sarıldı.

Başladı anasını yanına çağırmağa.

Söylədi: - Əlvida de çölə, meşəyə, dağa.

Gəl, sən də bizim kimi şəhərdə rahat yaşa,

Ayaqların dəyməsin ota, torpağa, daşa.

Mənsə razılaşmadım, qəbul etmədim bunu,

Yerinə yetirmədim oğlumun arzusunu.

Dedim: Ata bilmərəm bu kəndi, bu məskəni.

Ən çətin anımda da bu yer yaşadıb məni.

Alışmışam saf suya , təmiz dağ havasına;

Heç bir quş “pisdir” deməz öz doğma yuvasına.

Nə qədər ki mən sağam , bu ocaq sönməyəcək.

Evimiz bir gərəksiz məkana dönməyəcək.

İşıq süzüləcəkdir gecə pəncərəmizdən,

Ərimin ölməz ruhu razı qalacaq bizdən.

Bütün aləm görəcək silinməyib izimiz;

Nə qədər bu ev durur, demək, yaşayırıq biz”!

***

Müqəddəs adlar verib ana övladlarına.



İstəyib ki, oxşaya onlar öz adlarına.

Böyük oğul Əlidir, kiçik oğulsa Həsən!

Ağzında dilin yanar qızın adını desən.

Çaşar, heyrət eyləyər bunu söyləsən kimə;

Ona da bir dəyərli ad verib: Fatimə !

Belə adlar seçənə “əhsən” söyləsək də biz,

Yaranmış mənzərədən sarsılar ürəyimiz.

***


Bir dilçi alim kimi ad çıxarıbdır Əli,

Böyük hörmət qazanıb, hər yerə yetir əli.

Neçə gəncin, cavanın olub elmi rəhbəri.

Maraqla qarşılanır hər yazılan əsəri.

Onunla hesablaşır, məsləhətlər alırlar,

Nitqini dinləyənlər ona heyran qalırlar.

Hara getsə çəkirlər daim yuxarı başa,

Çoxu üçün dönübdür əsl dosta, yoldaşa.

Mühazirə desə də Əli ana dilindən,

Neçə ildir tutmayır anasının əlindən.

Bilmir necə yaşayır, bilmir necə dolanır,

Niyə onun göz yaşı sellər kimi bulanır?!

Kimdən dil öyrənibdir – çıxarıbdır yadından,

Fəqət hər gün danışır anasının adından.

“Ana” sözü işlədir, ananı xatırlamır.

Bir zamanlar halına yananı xatırlamır.

Gözəl avazla deyir, bayatını, laylanı,

Özünə sual etmir: “Bunu yaradan hanı?”

Bir zaman başı üstə layla oxuyan ana,

Bilmir ki, yola baxır həsrət qalaraq ona.

Toylarda sağlıq deyir anaların şəninə,

Amma doğma anası yadına düşmür yenə.

Belə saxta məhəbbət kimə gərəkdir axı?

Xoş söz deyərmi insan varsa belə günahı?

Qəlbindən, ürəyindən əgər qovmasa şəri.

Öz başına gələcək anaya etdikləri.

***

Həsən ali təhsilli tibb işçisi – həkimdir.



Kənddə kimdən soruşsan söyləyəcək o, kimdir.

Həkimlər arasında vardır xüsusi yeri.

Canlardan çıxardıbdır necə xəstəlikləri.

Çoxları ona baxır ümidlə, ehtiramla,

O, görür öz işini intizamla, nizamla.

Hər yerdə söhbət gedir fitri istedadından,

Halallıqla alınmış elmi, fəxri adından.

İmkanı olan kimi çıxaraq ekranlara,

Tibbi fikirlərini çatdırır insanlara.

Birisi xəstələnib düşən kimi çətinə,

Bir-bir əməl eyləyir onun məsləhətinə.

Qayğı, diqqət göstərir qızlara, qadınlara,

Bir qardaşdək növbəsiz xidmət edir onlara.

Indiyədək bir xəstə can verməyib əlində,

Nöqsan tapmaq çətindir işində, əməlində.

Fəqət xəstə anaya baxmaq yadına düşmür,

Öz övladlıq borcundan çıxmaq yadına düşmür.

Atı ildir görməyir onun solğun üzünü,

Eşitməyir dilindən “oğul” , “Həsən”sözünü.

Axı adətimiz var: Ailənin sonbeşiyi

Qalıb qorumalıdır doğma evi-eşiyi.

Niyə bunu etməyir, niyə dönmür geriyə?

Kənddə haray çəkirlər: “Həkim göndərin!” – deyə

Burdan gedən bir oğul qayıtmırsa bu yerə,

Kimlər gəlib baxacaq kənddəki xəstələrə?

Bu yerin hesabına uğur qazanan Həsən

Nə vaxt bu həqiqəti anlayacaq görəsən?

Yoxsa o versə belə başqalarına öyüd,

Burnundan gələcəkdir anadan əmdiyi süd!

***


Fatimə musiqiçi – tanınmış bəstəkardır,

Dildə - ağızda gəzən neçə mahnısı vardır.

Yarışların qalibi olubdur neçə dəfə.

Deyirlər nəğmələri çox vaxt dəyir hədəfə.

“Ana sevgisi” adlı möhtəşəm bir əsəri,

Konsertlərdə oxunur neçə illərdən bəri.

Tanınmış müğənnilər sifariş verir ona,

O da yüksək şəkildə işi yetirir sona.

Həmişə dəvət alır nüfuzlu tədbirlərə,

Vaxtında, vədəsində o yetişir hər yerə.

Yubanıb, gecikəni bəyənməyir, sevməyir:

“İnsan gərək dəvətə ciddi yanaşsın” –deyir.

Amma doğma kəndinə səkkiz ildir gəlməyir.

Tənha qalmış ananın əhvalını bilməyir.

Başından aşsa belə var-dövləti, sərvəti,

Anaya əl tutmağa olmayıbdır niyyəti.

Qadının əməyini unudubdur büsbütün,

Ömür sürür, yaşayır dünyada özü üçün.

Əlli yaşa çatsa da, yoxdur hələ ailəsi,

Kimsəni qızdırmayıb onun nəfəsi, səsi.

Sevgi nəğməsi yazır özü sevməsə belə,

Beləcə “xidmət” edir guya vətənə, elə.

Bir gün üzə çıxacaq onun saxtakarlığı,

Xalq görüb-tanıyacaq bu yalançı varlığı.

Kim ki, xəyanət edir öz doğma anasına

Qoy indidən başlasın matəminə, yasına.

***

Bir ana öz evində söykənərək divara



Baxır qapıya sarı – ürəyində dərd, yara.

Yox! Yox! O gözləməyir daha oğulu – qızı;

Çoxdan sönüb-gedibdir onun ümid ulduzu.

Əgər insaf eyləyib gəlsə övladlar özü,

Çətin onları seçə qarının yaşlı gözü.

O görkəmlər, o üzlər silinib yaddaşlardan –

Mənasız arzuları o çıxarıb başından.

Tabe olub zamanın hökmünə, gərdişinə

Diqqətini ayırıb öz gündəlik işinə.

İndi təkcə pişiyi durub-gözləyir ana,

Ac qalsa da, əlində yemək tutubdur ana,

Bu pişiyin qiyməti üç övladdan yuxarı.

Son anadək birlikdə onlar yaşaya barı.

Birinə bir şey olsa, dözməyəcək o biri;

Birgə olduğu üçün qalıblar sağlam, diri.

Onlara dayaq olan bu ülfət, etibardır.

Görün qoca dünyanın necə işləri vardır!

***


Dostlar, bu hadisədən payımızı götürək,

Özümüzü yaşayan analara yetirək.

Yapışıb əllərindən, saçlarını qoxlayaq.

Son anadək onların hörmətini saxlayaq.

Əlimizdən nə gəlir edək analar üçün,

Ən çətin işə belə gedək analar üçün.

Axı gələn qalmayır, gedən qayıtmır geri.

Heç olmasa bircə gün uzansın ömürləri.

Dayanaq ölənlərin məzarının başında,

Min dəfə rəhmət deyək – əlimiz başdaşında.

Birdəfəlik dərk edib, anlayaq, bilək bunu:

Heç vaxt ödəyə bilməz övlad ana borcunu!


Ordubad rayonu, Vənənd kəndi

Mart, 2013

MÜNDƏRİCAT

Diqqətə layiq əsərlər (prof. Nadir Məmmədli) 3



ƏQİDƏLI ADAMLAR

Ehtiram 8

Dünyanı bəzəyən diyar 9

Фятщ едяк дцнйаны сюзцмцз иля 11

Əqidəli adamlar 12

Ana bulaq 13

Bizim gözəllər 14

Hərarət 15

Qəsəng görünür 16

Tükənməz həvəs 18

Sənsiz yaşamaram 18

İki min on üçüncü il 19

Qurban bayramı 20
OĞULLAR HƏMİŞƏ ƏSGƏRDİ

Vətənə xidmətdə fasilə olmaz 22

Evimiz əsgər verir 23

Səngərdə keçən anlar 24

Əsl xidmət zamanı 26

Oğullar həmişə əsgərdi 28

Ulduzlu gündüz 29
ÜNVANLI MISRALAR

Azadlığı qoruyaq 32

Эярякли он эцн 35

Yarımçıq qalmış kitab 36

Hədəfli ömür 38

Zərif duyğular 39

Sınaq çağı 40

Цряйим 41

Yorulmaz vətənpərvər 42

Гоъалмаьа тялясмя 44

Dövrün qayğıları 45

Vaxt itirmək vaxti deyil 46

Yersiz təlaş 47

“Səxavət” 47

Zəhərli adam 50

Şəxsi məzar 51

Dövrün qayğıları 54

Mənəvi aşınmalar 55

Dünya öz işindədir 56

Acı həqiqət 56

Dolmayan boşluqlar 57

Gəlin bir az düşünək 58


POEMALAR

Səadətin təməli 62

Əzəmət 88

Tək qalmış ana 99



Elxan Xəzər

(Elxan Abbasqulu oğlu Mirzəyev)
Ömrümüzün havası

(şeirlər və poemalar)

Nurlan”, Bakı, 2013



«Nurlan»няшриййатынын директору:

профессор Надир МЯММЯДЛИ
Дизайн: Zahid Məmmədov

Техники редактор: Рювшаня Низамигызы



Mətni yığdı: Leyla Musəvi

Korrektor: Mətanət İsmayılova

Йыьылмаьа верилмиш 14.10.2013

Чапа имзаланмыш 19.11.2013

Шярти чап вяряги 7. Сифариш 578

Каьыз форматы 60х84 1/16. Тираж 1000





Китаб «Нурлан» няшриййат-полиграфийа мцяссисясиндя

щазыр диапозитивлярдян чап олунмушдур.

E-mail: nurlan1959@gmail.com

Тел: 497-16-32; 050-311-41-89

Цнван: Бакы, Ичяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4.






Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin