Vergilərin ödəyicilər tərəfindən müstəqil ödənilməsi üzrə tələblər. Yuxarıda qeyd edildiyi kimi vergi əməliyyatlarında verginin müstəqil ödənilməsinə yönəldilmiş tələblər olduqca vacibdir. Verginin ödənilməsi vergi ödəyicisi yaxud vergi münasibətlərinin digər iştirakçılarının verginin faktik olaraq büdcəyə ödənilməsi (köçürülməsi) üzrə hərəkətlərinin məcmusudur. Verginin ödənilməsi üsulları vergi məbləğinin büdcəyə köçürülməsi işində texniki hərəkətləri əks etdirir.
Vergi öhdəliklərinin yerinə yetirilməsi məcburi olduğu halda, vergilərin ödənilməsi üsulları iradə əlamətinə görə könüllü və məcburi olmaqla iki qrupa bölünür. Vergilərin könüllü ödənilməsi texniki əməliyyat kimi ödəyicinin müstəqil olaraq büdcəyə köçürməsi və ya verməsidir. Belə ki, müəyyən edilmiş müddətlərdə ödənilməli olan verginin məbləği vergi ödəyicisi və ya qanunla müəyyən edilmiş hallarda digər şəxs tərəfindən ödənilir (köçürülür). Burada məcburilik dedikdə isə vergi orqanlarının tələbi ilə, məsələn yaranmış borcların alınması başa düşülür. Bu zaman nəzərə almaq lazımdır ki, vergi orqanları yalnız borc yarandıqda məcburetmə mexanizmindən istifadə edir.
Vergilər aşağıdakı yerlərdə ödənilir:
– bildirişdə göstərilən yerlərdə;
– verginin hesablanmasına dair bildiriş tələb edilmirsə, Vergi Məcəlləsində müəyyən edilən yerdə;
– Vergi Məcəlləsində verginin ödənildiyi yer müəyyən edilməmişdirsə, vergi ödəyicisi – fiziki şəxsin yaşadığı yer üzrə, yaxud vergi ödəyicisi – hüquqi şəxsin idarə olunduğu yer üzrə Gömrük Məcəlləsinə əsasən (maddə 118) gömrük ödənişləri Azərbaycan Respublikasının gömrük orqanına, beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün isə dövlət rabitə müəssisələrinə ödənilir.
Vergilər büdcəyə bir qayda olaraq ödəmə tapşırığı əsasında nəqdsiz hesablaşma qaydasında ödənilir. Verginin nəqd pul ilə ödənilməsinə də icazə verilir. Verginin ödənilməsi üsullarından biri də aksiz markalarının satın alınmasıdır.
Dostları ilə paylaş: |