Fayl sistemi və onun təşkili Fayl üzərində müəyyən bir əməliyyatın (məsələn, açmaq, saxlamaq, köçürmək, yerini dəyişmək) icra olunması üçün Windows sistemi xüsusi bir vasitədən – fayl sistemindən istifadə edir. Fayl sistemi - əməliyyat sisteminin bir hissəsi olub diskdə fayllara və qovluqlara girişi və onların yerləşməsini idarə edir. Fayl sistemi formatlaşdırma ilə bağlıdır. Diskin formatlaşdırılması prosesində yaradılır. Kompüterlə iş prosesində diskin məzmunu dəyişir. Yəni, yeni fayllar əlavə olunur, lazımsız fayllar silinir, faylların tutumu dəyişir və s. bu əməliyyatları yerinə yetirmək üçün fayllar arasının disk yaddaşının paylanmasına faziləsiz nəzarət olunmalıdır. Bu məsələ faylların yerləşmə cədvəlinin (FAT-File Allocation Table) köməyilə həll olunur. Hər bir fayl üçün FAT-da elementlərin (klasterlərin) zənciri yaradılır. Bunların hər biri sabit uzunluqlu sahəni göstərir ki, diskdə faylın bir hissəsi burada yerləşir. Faylın adı yerləşən kataloqda zəncirin başlanğıc göstəricisi (1-ci klasterin nömrəsi) olur. Faylın silinməsində FAT-ın elementləri və onlara ünvanlanan verilənlər sahəsi boşalır ki, bu sahədən digər fayllar üçün istifadə etmək mümkündür. Bu cür təşkilin əsas üstünlüyü ondadır ki, fayllara birbaşa müraciət mümkün olur. Çatışmayan cəhəti isə faylların silinməsi, yaradılması və tutumunun dəyişdirilməsində diskin fraqmentasiyasıdır (boş sahələrin yaradılması). Fraqmentasiya diskdəki verilənlərə müraciət vaxtının artmasına səbəb olur. Fraqmentasiyanı aradan qaldırmaq üçün DEFRAG proqramından istifadə olunur. Fayl sistemi verilənlər sahəsindən bir və ya bir neçə ardıcıl sektorlar qrupunu ayırır ki, bu da klaster adlanır. Sektorun ölçüsü 512 bayt təşkil edir. Klasterin ölçüsü, yəni sektorların sayı məntiqi diskdən asılı olaraq ƏS tərəfindən təyin olunur. Faylların yerləşmə cədvəlinin elementlərinin uzunluğu 12, 16 və 32 bit olur.