EPILOQ
Sevgilim, sahilin dəmi var yenə,
Gəl çıxaq dənizin axşam seyrinə.
Dəniz gülümsəyir bir saf üz kimi,
Təbiət şadlanır ömrümüz kimi.
Küləklər dağıdır buludu lay-lay,
Dənizdə parlayır gümüş rəngli ay.
O da göz qoyaraq bizim gəncliyə,
Göyləri seyr edir “azadlıq” – deyə.
Odur bax, yazdığım “Aslan qayası”,
Silinmiş alnından ellərin yası...
Onun sinəsində oxuyur bir quş,
Quş deyil, bir qızdır, adı “Qurtuluş”.
Dilində Vaqifin gözəlləməsi,
Yayılmış ətrafa onun zil səsi,
Bir gənc də baş qoymuş onun çiyninə,
Burda sevgililər zövq alır yenə
Vətən torpağının azadlığından.
İnsan – azadlıqdır, azadlıq – insan!
S.Vurğun
Dostları ilə paylaş: |