Əntiqə Camalqızı



Yüklə 1,4 Mb.
səhifə12/42
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#38458
1   ...   8   9   10   11   12   13   14   15   ...   42
BULAQ ƏFSANƏSI
Deyirlər, bəşərin cocuqluq yaşı

Daima titrəmiş ölümə qarşı...

Ölüm. O matəmin pərişan səsi,

İnsanın ilk dərdi, ilk fəlsəfəsi,

Açarsız, qapısız, dəniz kimi lal,

Üstündə çırpınıb, döyünmüş xəyal.

Onun dəhşətini duyduğu zaman

Şaşırmış cəbhədə bəzən qəhrəman.

Bəzən də yaşamaq həvəsilə tək,

Bir insan ətrafa qılınc çəkərək

Bütün bir ordunu heyrətə salmış,

Xeymələr dağıdıb, çadırlar almış.

Ölüm. O matəmin pərişan səsi,

Bəşərin ilk dərdi, ilk fəlsəfəsi

Düşündürür bizi bu gün və yarın.

Böyük dahilərin, filosofların

Duyub düşündüyü bu qorxunc cahan

Sirrlər yuvası olmuş hər zaman.

Onun qüvvətilə düşür xəzəllər,

Şairin ilhamı – dilbər gözəllər

Onun pəncəsilə torpağa dönür,

Parlayan bir həyat onunla sönür.

Sanma ki, qorxuncdur ölüm daima.

Onda da gizlənir bir canlı məna.

Onsuz bu dünyanın olmazdı sonu,

Səadət və həyat yaratmış onu.

Onsuz açılmazdı şüur və xəyal.

Donardı bir yerdə arzu, ideal.

Onsuz açılmazdı yeni çiçəklər,

Uçmazdı düzlərdə ağ kəpənəklər.

Onsuz dəyişməzdi ulduzlar, aylar,

Göylərin altında məğrur saraylar

Verərdi hökmünü gündə bir qana –

Qılınca, süngüyə, topa, qalxana.

Düşməzdi şahların tacı başından.

Küsərdi hər şeyə könül və insan.

Hər əski ənənə, hər əski adət,

Məhəbbət, iztirab, gülüş, qiyafət,

Məncə bıqdırardı bəşəri hər an,

Eyni dodaqlarla gülən bir cahan...

Ölümlə çırpışır axır kainat;

Ölüm də başqa bir sevdalı həyat.

Onda qərinələr, onda nələr var,

O məchul aləmi çox aramışlar,

Fəqət, sorağını alan olmamış.

Yenə öz yerində hər bahar, hər qış...

Bəşər xəyallara qapanıb hərdən

Təsəlli bulmuşdur əfsanələrdən...

Deyirlər, Şirvanda bir bulaq varmış,

Suyu almaz kimi par-par axarmış.

Gözəlmiş bulağın yar-yaraşığı,

Oynarmış üstündə günün işığı.

Düşərmiş qoynuna zərif kölgələr,

Deyirlər bu sudan Xıdır peyğəmbər,

Gəlib, təsadüfən içmış doyunca.

O gündən ölməmiş tarix boyunca.

İnsan donundakı o qanadlı quş

Əsrlərdən bəri uçub yox olmuş.

Fəqət, deyirlər ki, o yenə sağdır;

İslamın dar günü qayıdacaqdır.

Bu əski əfsanə gülünc olsa da,

Qalmış əsrlərcə qoca dünyada.

Bulağın şöhrəti düşmüş dillərə,

Yayılmış bu xəbər uzaq ellərə...

Aramış elçilər yerini bir-bir,

Almış sorağını İsgəndər kəbir.

Sürüb karvanını gəlmış Şirvana,

Adamlar salaraq o dörd bir yana,

Arayıb axtarıb heç yorulmamış,

Bulaqdan bir əsər, bir iz bulmamış,

Həsrətli gözlərlə bizi tərk etmiş,

Fəqət, karvanını yükləyib getmiş...



S.Vurğun


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin