DURUGÖL ƏFSANƏSİ
Durugöl məskən salıb
Dağların zirvəsində,
Elə bil dörd tərəfdən
Uzanan ağ cığırlar
Ağ saplara çevrilib
Onu əsrlər boyu
Daşların, qayaların
Saxlayır sinəsində.
Gecə axır qoynuna
Göydən qızılı rənglər...
Səhər açılan kimi
Saralıb yoxa çıxır
Bir-bir ulduz çiçəklər,
Çay da ona qoşulur,
Bulaq da ona axır;
Bilmirsən bulağınmı,
Çayınmı anasıdır.
Gündüz günəş, axşam ay
Seyr edir camalını,
Görəsən günəşinmi,
Ayınmı aynasıdı.
Qartal qıy vurub gəlir,
Bilmirsən pələngəmi,
Qartalamı yaxındır...
Əlik su içən kimi
Maral çıxır arxadan,
Əliyəmi söz verib,
Maralamı yaxındır.
Külək toxunan zaman
Yarpaqlar pıçıldaşır,
Sirrini göylərəmi
Açmaq istəyir nədir.
Gələndə yaz ayları
Köksü qabarıb daşır.
Dönüb göy göyərçinə
Uçmaq istəyir, nədir.
Çəkiləndə üstünə
Payızın boz dumanı,
Sıxılıb yatağında
Uyumaq istəyirmi.
Gah ağ köpüklərilə
Ağ çiçəklər bəxş edir,
Gah susub tərpənməyir
İIlər yorğunu kimi.
Bundan iki il qabaq
Bir yay axşamında mən
Bir əfsanə eşitdim
Bir çobanın dilindən.
Bu söhbət zaman-zaman
Düşündürüb hər kəsi.
Yayılıb oba-oba,
Dolanıb oymaq-oymaq
Durugöl əhvalatı,
Durugöl əfsanəsi.
Əzəllər bu diyarda,
Bir kişi yaşayırmış.
Cəmi bir qara qoçu,
Bir ağ qoyunu varmış.
Axır iki, üç oldu,
Üç də dönüb on oldu.
Yeyib dağın otundan,
Içib gölün suyundan,
On qoyun yavaş-yavaş
Artıb yüz qoyun oldu.
Elə bil göydən yerə
Yağış yox, dövlət yağır,
Ağ sürü, qızıl naxır
Sığışmadı örüşə.
Düzə, dərəyə, daşa,
Süzdü başı yuxarı,
Ceyranayaq atları.
Bir baxan bir də baxdı,
Su yerinə süd axdı.
Qara kəl, qızıl öküz,
Bir-birinə qarışdı.
Ala çəpiş, boz erkəc
Dağı, təpəni aşdı.
Var artdı ildən ilə,
Çəməndəki quzular
Hesaba sığışmadı.
Hesaba sığışsa da
Otlar, yarpaqlar belə.
Doğrudan təbiətdə
Qəribə oyun olur.
Elə ki gəlhagəldi
Tikan, gül, qaya camış,
Daş dönüb qoyun olur.
Ay ötdü, il dolandı,
Sellər, sular bulandı,
Elə bil birdən-birə
Üzü döndü rüzgarin.
Qırğın düşdü qoyuna,
Sürüdə hal qalmadı.
İlxılar çıxdı əldən,
Naxırda mal qalmadı.
Çobanlar köks ötürüb
Sakitcə çənəsini
Söykədi çomağına.
Durugöl qəzəbindən
Çağlayıb axşam-sabah
Sığmadı yatağına.
Ala-bula quzular
Çizək kimi saralıb,
Tut kimi töküldülər.
Yağla, pendirlə dolu
Qotazlı alaçıqlar
Boşalıb söküldülər.
Artıq eşidilmədi
Çobanların nəğməsi...
Dan yeri qızarmamış
Ruhları həzin-həzin
Oxşadı tütək səsi.
Kişini qəm çulğadı.
Fikirləşdi: - Nə işdi,
Dövran nə üçün belə
Qərarını dəyişdi.
Günahim nədir – deyə,
Üzünü tutdu göyə.
Göydən cavab gəlmədi.
Loğmandan xəbər aldı,
Loğman çarə bilmədi.
Əldən-ayaqdan düşüb
Günlərin bir günündə
Tapdı Aranbabanı.
Danışdı olduğu tək
Baş verən müsibəti,
Ağla sığmaz qəzanı,
Aranbaba dinləyib
Cavab verdi,- kişi, mən
Əsla halı deyiləm.
Dağların əməlindən.
Düzlərdə ömr etmişəm,
Düzlərdən xəbərim var.
Dağların sirri üçün
Get Dağbabanı axtar.
Kişi qərar tutmadan
Tələsik, tənginəfəs
Qaçdı üzü yuxarı.
Keçdi sərt keçidləri,
Yolları, yoxuşları,
Yarıb çəni, çisəyi
Çatdı qarlı zirvəyə.
- Hardasan, ay Dağbaba,
Harayıma çat, - deyə
Səslədi dönə-dönə,
Yüyürdü sola-sağa.
Qayalar qoynundakı
Dərin bir mağaradan
Saç-saqqalı ağarmış
Dağ cüssəli bir qoca
Bu dəm çıxıb qabağa
Dayandı heykəl kimi.
Gözlər alovla dolu,
Sərv kimi qaməti.
Kişi onun önündə
Əyilərək bir anlıq
Başladı danışmağa
Baş verən müsibəti
Danışdı olanları,
Yıxılan inəkləri,
Qırılan qoyunları.
Durugölün qızışıb
Haray qoparmasından
Dağbaba qaşlarını
Çataraq dedi bu an:
- Sənin varın, dövlətin
Artdıqca gündən-günə,
Bu böyük bir dərd olub
Riyakar rəqibinə.
Düşünüb nələr etsə
Sürü azalan deyil.
Bu boyda cah-cəlalın
Heç vaxt pozulan deyil.
Durugölün dilini
Öyrənərək birtəhər
Yamanca fən işlədib,
O dar gözlü hiyləgər
Qaranlıq bir gecədə
O sürünə-sürünə
Bircə oğurluq qoyun
Buraxıbdır sürünə.
Əbəs yerə bu gölə
Durugöl deyilməyib.
Durugöl ömrü boyu
Haram nədir bilməyib.
Bircə damcı haramla
Bir ümman yoxa çıxar.
Bircə damcı haramla
Asiman yoxa çıxar.
İndi qandınmı nədi
Bu qırğının səbəbi
Durugölün hücumu.
Hardasa çaxdı şimşək,
Qartal qıy vurub keçdi,
Elə bil suların da
Rəngi birdən dəyişdi.
Ürkdü dağ keçiləri,
Dağlar haray qopardı.
Yenə də bir palıdı
Tufan vurub apardı.
Deyib son kəlməsini
Dağbaba gözdən itdi.
Bu səslərin içindən
Kişinin qulaqları
Təkcə bir səs eşitdi:
“Bircə damcı haramla
Bir ümman yoxa çıxar.
Bircə damcı haramla
Asiman yoxa çıxar”.
O vaxtdan nəsil-nəsil
Düşündürüb hər kəsi.
Durugöl əhvalatı,
Durugöl əfsanəsi.
S.S.Axundov
QAN BULAĞI
İyulun isti günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü, eniş-yoxuş yol ilə iki atlı gedirdi. Bunların biri iyirmi yaşında gənc, digəri etmiş sinninə varmış bir qoca idi. Bu iki şəxsin yaşlarında bu qədər böyük fərq olduğu halda, zahirlərində bir o qədər fərq görünməyirdi. Hər birisinin əynində pişmət, çərkəzi çuxa, belində kəmər, xəncər və qılınc, başında dəri papaq, çiynındə qara yapıncı və boynunda ağ başlıq var idi.
Qocanın at üstündə əyləşməsi, əzasının hərəkəti, alıcı quş kimi baxışı gəncdən seçilməyirdi. Lakin qocalıq nişanəsi üzünün qırışından və uzun ağ saqqalından görünürdü. Yol, getdikcə daralırdı. Dağlardan enib, indi qayadöşü bir yol ilə gedirdilər. Onun yuxarı tərəfi divar kimi ucalan sıldırım qayalar, alt tərəfi göz qaraldan uçurum dərələr idi. Bu qorxulu yol ilə səfər etmək qeyrilərə namümkün olduğu halda, Dağıstan əhalisinə və onların atlarına adi bir şeydir.
Vaxt günortaya yaxınlaşmışdı. Susuz-luqdan hər iki süvari yanırdı. Ələlxüsus susuzluq gəncə artıq təsir eləyirdi. Onun gözləri səbirsizlik və iztirab ilə su arayırdı. Bu halda gəncin qulağına su şırıltısı gəldi.
- Baba, muştuluq olsun, irəlidən su gəlir. – deyə cavan atını sürdü.
Qoca təbəssüm ilə ona nəzər salaraq, başını yırğaladı. Gənc bulağa çatdıqda gördü ki, suyun rəngi qırmızıya çalır. Buna baxmayaraq susuzluğunu tezcə dəf etmək üçün bir qurtum su içər-içməz:
- Bu nə cür sudur – deyə ayağa qalxdı. Bu halda qoca gəlib ona çatdı və gülümsəyərək dedi:
-
Susuzluğu dəf etdinmi, oğlum?
- Xeyr baba, bu bulağın suyu içməli deyil, zəfir dadı verir. Rəngi də qana bənzəyir, - deyə cavab verdi.
- Elədir, oğlum, “Bu qan bulağı”dır. Bunun suyu dəmir ilə qarışmış, bu su qansızlara və bəzi naxoşlara dərmandır.
Cavan sordu:
-
Bu qan bulğı adını nədən almış, baba?
- Bir az səbr et oğlum, bulağın hekayəsini sənə soylərəm.
İndi isə ardımca sür, bu yaxında içməli su var, - deyə qoca atını sürdü.
Bir qədər getdikdən sonra gözəl bir bulağa rast gəldilər, atdan endilər. Cavan xur-cundan yemək çıxarıb süfrə salmağa məşğul oldu. Nahardan sonra qoca yapıncısını yerə sərib üstə uzandı. Cavan onun “Qan bulağı barəsində verdiyi vədə müntəzir, qarşısında əyləşmişdi. Qoca gözlərini yumub bir müddət sükuta getdi. Gənc elə fikir etdi ki, qoca vədini unudub yuxuya daldı. Lakin fikri yalnış idi. Bir azdan sonra qoca gözlərini açdı, başlığını büküb dirsəyinin altına qoydu və dərindən bir ah çəkib dedi:
- Ulu Qafqaz, ulu dağlar, hər bir daşın bir tarixdir. Kimlər gəlib sinəndən keçmədi, çaylarını qızıl qana döndərmədi...
- Oğlum, bu dərə bu torpağı iki yerə təqsim edir. Belə rəvayət edirlər ki, qədim zamanda bu dərənin o tərəfində böyük bir qəbilə, başında Misir xan adında bir rəis və bu tərəfində digər bir silsilə Surxay xanın arasında qan davası düşür, bunlar bir-birlərini tələf etməyə başlayırlar. Bir müddət keçmiş, Misir xan və Surxay xan bir də baxıb görürlər ki, cəmi oğlanları və yaxın əqrabaları bu qan davasında qırılıb tələf olmuşlar. Ədavət isə yenə yatmayıb baqi alır. Lakin hər iki rəis yeni övladlarının dünyaya gəlməsinə müntəzir olur ki, onların köməkliyi ilə düşməndən intiqamını alsın. İtti-faqən bunların bir gecədə iki övladı təvəllüd edir. Surxay xanın oğlu, Misir xanın qızı olur. Bu ittifaqdan nə qədər Surxay xan şad olursa, bir o qədər də Misir xan qəmgin və məyus olur. Misir xanın anası oğlunu belə məyus və qəmgin gördükdə deyir:
- Oğlum, qəm etmə, bilirəm səni pərişan edən nədir. Məgər qız tayfası düşməndən intiqam ala bilməz? Onlara da oğlan kimi tərbiyə versən, igidlikdə heç kəsdən geri qalmazlar.
Bunu eşitcək Misir xan yerinden sıçrayıb qalxır və anasını qucaqlayaraq deyir:
- Ana, fikrin çox gözəldır, ancaq de görüm, qızım olmağını kim bilir.
- Məndən və arvadından başqa kimsə bilməyir, - anası cavab verir.
- Çox gözəl, indi mənim qızım olmağını gərək bir adam bilməsin. Sabahdan oğlum olduğunu elan edəcəyəm, sən deyən tərbiyəni də qızıma özüm verəcəyəm, lakin bu sirrin gizli qalması səndən və anasından asılıdır.
- Arxayın ol, oğlum, əmrin yerinə yetər, - deyə anası cavab verdi.
On gündən sonra Misir xan qızına Tey-mur xan namını verir və bu sirr pünhan qalmaq üçün həmin bu müqabilimizdəki qayanın dö-şündə bir köşk bina edib orada sakin olur.
Teymur xan atasının nəzarəti altında tər-biyə alaraq nağıl olunan köşkdə böyüməyə başlayır. Onun oyun şeyləri tüfəng, xəncər, qılınc və yoldaşları bu qayalar sakini laçın, qaraquş, tərlan kimi yırtıcı quşlar olur. Belə tərbiyə nəticəsi olaraq on yaşında Teymur xan at minmədə, tüfəng atmada, qılınc vurmada igid cavanlardan geri qalmır. Bunlardan artıq, insanları heyrətə gətirən Teymur xanın vəsfə gəlməyən gözəlliyi olur.
Bu tərəfdən Surxay xanın oğlu Paşa xan, Teymur xan kimi igidlikdə və gözəllikdə məşhur olur.
Bu iki uşaq böyüyüb on səkkiz yaşına çatır. Bunların igidliyi və gözəlliyi ətraf və əknafa yayılır. Bu vaxta qədər görüşmək bunlara müm-kün olmamışdı. Ittifaqən bu iki cavan digərinə rast gələrsə, bir və bəlkə də hər ikisi də tələf olmaqlarını hiss edirmişlər. Bununla bərabər gö-rüşmək arzusu hər ikisində gündən günə qüv-vətlənir. Oğlum, əcdadımızdan bizə irs qalmış qana qan etmək adətinə qurban olan bu ca-vanlar bir-birləri ilə görüşürlər.
Belə ki, baharın gözəl səhərlərinin birində Teymur xan, ov arxasınca, sərhədləri olan bu dərəni aşıb o tərəfə keçir. O zaman Paşa xan da ova çıxmış olur. Bu iki aslan gördüyün “Qan bulağı”nın başında bir-birlərinə rast gəlir. Bir müddət bir-birlərinin gözəl camalına heyran olub qalırlar. Paşa xan Teymur xanın fövqaladə gö-zəlliyinə heyran olur. Teymur xan isə, on səkkiz ilin ərzində qadınlığa müğayir yırtıcı, qaniçici quş kimi aldığı tərbiyənin onda qadınlıq hissini hələ puç etmədiyini anlayır, eşq odu onun ürəyini yaxıb-yandırır. Hər zaman igidləri xofa salan gözləri indi Paşa xana xumar-xumar baxıb ondan aman gözləyir. Paşa xan heyrətdən ayılıb, Teymur xanın kim olduğunu duyunca da sorur:
- Sən kimsən?
- Sən özün kimsən?
- Mən bu torpağın sahibi Surxay xanın oğlu Paşa xanam.
- Mən də o torpağın sahibi Misir xanın övladı Teymur xanam.
Bu sual-cavablardan sonra hər ikisi bir-birlərinə düşmənçilik nəzərilə baxmağa başlayır. Axırda Paşa xan:
- Camalın çox gözəldir, buna söz yox, görək qılınc vurmağın necədir, – deyə qılıncını çıxarır.
Onun cavabında:
- İndi qılınc vurmağımı da görüb bəyə-nərsən, - deyə Teymur xan da qılıncını çıxarıb Paşa xanın üstünə hücum edir.
Oğlum, necə ki, göy üzündə əvvəl şimşək parlayıb, sonra gurultu sədası gələr, elə də bu iki cavanın qılıncı od parladıb bu qayalara səs salır. Xeyli müddət çırpışırlar, sonra bir-birlərinə zəfər yetirə bilməyirlər. Bu halda günəş dağın dalında tulu edir. Onun zərrələri Teymur xanın gözlərinə ox kimi sancılıb qamaşdırır və bu anda Paşa xan fürsət tapıb qılıncı Teymur xanın sinəsindən vurur. Teymur xan yıxılır. Qan çeş-mə kimi sinəsindən axıb baharın təzə və tər otlarını və çiçəklərini boyayır.
Paşa qılıncını atıb Teymur xanın yarasını bağlamaq qəsdilə sinəsini açır.
- Aman yarəb, sən qadın imişsən – deyə qışqırır və Teymur xanın başını dizi üstə alıb:
- Söylə, söylə, gözəlim. O soluq nəfəsinlə mənə lənətini, nifrətini izhar elə, - deyə fəryad edir.
Teymur xan zəif səs ilə cavabında:
- Paşa xan, sənə eşqimi izhar edirəm. Bu çirkin adətə lənət və nifrət. Ah, təbiət nə gözəldir. Paşa, mən gedirəm, əlvida!
- Toxta, bir az toxta, gözəlim, Paşa da səninlə gedir. Paşa xan xəncərini çıxarıb öz si-nəsinə vurur və Teymur xanı ağuşuna alıb deyir:
- İndi qoy mənim də qanım səninkinə qarışsın.
Oğlum, o vaxt bu dağlarda zəlzələ zühur edir və həmin yerdən dağ aralanıb iki növcavanı ağuşuna alır. Bir müddət keçərək gördüyün qan bulağı qaya arasında cari olur. Rəvayətə görə həmin bulağın suyu Paşa xan ilə Teymur xanın qanından əmələ gəlmişdir.
S.Rəhimov
Dostları ilə paylaş: |