İmam Hüseyn (ə) Kərbəlanı özü belə tanıdır
Təbərrük üçün İmam Hüseynin (ə) müsibətinin bir neçə məqamına da diqqət yetirmək yerinə düşər. Seyyid ibni Tavus nəql edir: “Əba Əbdillah (ə) çatanda soruşdu ki, bu yerin adı nədir? Kərbəla adını eşidən zaman buyurdu: “Bu yer bizim yerə endiyimiz və bizim qanımızın yeri və qəbirlərimizin yeridir. Bu xəbəri cəddim Rəsulallah (s) bizə vermişdir. Bura çətinlik və bəla yeridir. Bura miniklərimizi oturtduğumuz bir yerdir. Karvanlarımızın yükünü saldığımız yerdir. Kişilərimizin qətligahı, qanlarının tökülən yeridir. Bura – Kərbəladır. Bura bir yerdir ki, burada Aşura günü bir səhnələr yaşanacaq ki, insan, bəşərriyyət o səhnələri hər zaman dərk edəndə dəhşətə gələcək, heyrətlənəcək”.
Aşuranı dərk etmək üçün dünyada qəbul olunmuş müvəqqəti dəyərlərə söykənən məntiqlər yetərli olmur. Bu dəyərlərlə Aşuranın niyə baş verdiyini anlamaq olmur. Müvəqqəti, ötəri dəyərlərə söykənən nəsnələrlə Əli Əsğərin (r.ə), Əli Əkbərin (r.ə), Həzrət Zeynəbin (s.ə) Aşurada nə kimi rolunun olduğunu anlaya bilmək olmur. Bu dəyərlərlə Əba Əbdillahın (ə) öz ailəsi ilə birlikdə Mədinədən çıxıb Kufəyə yola düşməsini, oradan Kərbəlaya getməsini, burada şəhid olmasını anlamaq olmur. Bu gün dünyanın naqis dəyərlər sistemində bəndəlik, Allahın razılığı anlayışları tükənib. Bəndəlik anlayışı olmayan yerdə Kərbəla, Aşura günü baş verənlər anlaşıla bilməz.
Dostları ilə paylaş: |