Yerlərin və göylərin zinəti
Toxunacağımız mübarək cəhətlər İmam Hüseynin (ə) hidayət çırağı və nicat gəmisi olmasıdır. Bəli, Əba Əbdullah (ə) - yolgöstərən bir işıqdır. Bəli, İmam Hüseyn (ə) nicat verən bir gəmidir. Xilasolma vasitəsidir.
İmam Hüseyn (ə) buyurur: «Allahın Peyğəmbərinin (s) yanına getdim. Ubey ibn Kəb onun yanında idi. Allahın Peyğəmbəri (s) mənə dedi: “Xoş gəlmisən, ey Əba Abdullah! Ey göylərin və yerlərin zinəti və bəzəyi!”.
Ubey Peyğəmbərə dedi: «Ey Allahın Peyğəmbəri! Necə ola bilər ki, sizdən başqası göylər və yerlərin zinəti olsun?!».
Peyğəmbər (ə) buyurdu: «Ey Ubey, məni haqq olaraq peyğəmbər göndərənə and olsun ki, Hüseyn ibn Əlinin göylərdəki məqam və dərəcəsi yerdəki məqamından daha üstündür. Allah Təalanın ərşinin sağ tərəfində yazılıb ki: (Hüseyn) hidayət çırağı və nicat gəmisi, yorulmaz, izzətli, fəxr olunmalı, yol göstərən İmam və (qiymətli) azuqədir»”.
Bəli, İmam Hüseyn (ə) mübarək vücudunun bərəkətlərindən ikisi də budur ki, o, “hidayət çırağı” və “nicat gəmisi”dir.
Bütün peyğəmbərlər (ə) hidayət çırağı olublar. Nicat üçün vasitə olublar. İmam Hüseynin (ə) xüsusi məqamı var ki, onun hidayət çırağı olmağı xüsusi vurğulanır. Ümmətin qaranlıq zülmətə büründüyü bir zamanda Əba Əbdillahın (ə) vücudu “hidayət çırağı” kimi tam nuraniyyəti ilə təzahür tapır. Düz Qiyamət gününə qədər bütün bu qaranlıqları, zülmətləri yaran bir hidayət çırağıdır İmam Hüseyn (ə). Bir yolgöstərən işıqdır onun mübarək vücudu. Hədəfə çatdıran ən nurani vasitədir.
Ümmət lənətlik Əməvi fitnələrinin içində boğulan zaman Əba Əbdillahın (ə) mübarək vücudu nicat gəmisi kimi tam xilaskarlığı ilə meydana çıxır. Qiyamətə qədər fitnələr fırtınalarında nicat gəmisidir. Keçmişdə olan fitnələrdən xilas vasitəsi olub, günümüzün ağır fitnələrindən mübarək bir nicatdır və gələcəkdə də – Qiyamətədək olacaq fitnələrdən – xilas vasitəsidir Əba Əbdillah (ə).
Desək ki, məhərrəm-səfər əyyamı hidayəti dərk etmək və hidayət olunmaq əyyamıdır – yanlış deməmişik. Məhərrəm-səfər əyyamı fitnələr fırtınası içində boğulan vücudların, məhv olan vücudların nicat tapması üçün bir gəmidir.
Dostları ilə paylaş: |