Aşuranın müsibəti Qədir-Xuma qayıdır
Aşura gününün mahiyyətini dərk etmək üçün Qədir-Xum günündə baş verənlərlə müqayisəsinə, bu iki hadisənin müqayisəli paralellərinə nəzər salmaq önəmlidir. Qədir-Xum günündə minlərlə, onminlərlə insan İmam Əlinin (ə) yanına gəlir, beyət edirlər. Sonradan isə, Həzrət Əlinin (ə) padşah olmadığını, sultan olmadığını, ədalətli İlahi rəhbər olduğunu görəndə öz beyətlərini sındırırlar.
Bəli, cahil insanlar elə bilirdilər ki, Peyğəmbər (s) məktəbinin ən layiqli yetirməsi olan Həzrət Əli (ə) padşah ola bilər. Bəli, İmam Əlinin (ə) padşah olacağı ehtimalına inanan bəzi insanlar ona beyət etməyə gəlmişdi. Padşaha əlbəttə ki, beyət etmək üçün gələnlər çox olar. Birinin padşah olmaq ehimalı olanda, çox adam özünü onun yanında görmək istəyər. Sonradan görürlər ki, Əmirəlmöminin (ə) padşahlıqdan kənarda saxlandı, evdə oturur və s. Bunun səbəbi o idi ki, onlar İmam Əlini (ə) gerçək imam kimi, İlahi rəhbər kimi tanımamışdılar. Əgər Həzrət Əlini (ə) İlahi imam kimi tanısaydılar, onminlər üçün Əlinin (ə) taxtda və ya evdə oturmasının bir fərqi olmazdı. Həzrət Əlini (ə) imam kimi tanıyıb ətəyindən yapışsaydılar, İlahi hüccətin zahiri məqamının onlar üçün heç bir fərqi olmazdı.
Qədir-Xumun verdiyi acı dərs budur. Aşuranın müsibəti Qədir-Xuma qayıdır. Aşurada müsibət var. Lakin, bundan heç də kiçik olmayan müsibət – Qədir-Xumun müsibətidir. İmam Əlidən (ə) sonrakı İlahi hüccət – İmam Həsənlə (ə) bağlı da eyni vəziyyət yaşanır. Deyirlər, “İmam Həsən (ə) bir söz deyir, Müaviyə (lən) başqa bir söz deyir. Biri səhv deyir, biri isə düz deyir. Nəhayətdə, biri bir savab qazanır, digəri iki savab qazanır”. Bax belə, İlahi rəhbəri hansısa cani ilə müqayisə edirlər. İmam Həsəni (ə) İlahi hüccət kimi qəbul edən heç zaman belə bir müqayisə etməyə cəsarət etməz. Bunün özü də növbəti böyük bir müsibətdir.
Dostları ilə paylaş: |