Kərbəla vaqiəsinin müqəddiməsi
Hicrətin 60-cı ilində rəcəb ayının 15-də dövrün və ümumiliklə İslam tarixinin ən böyük zalımlarından olan lənətlik Müaviyyə ölür və onun nadanlıq və əxlaqsızlıqda ad çıxarmış oğlu lənətlik Yezid xilafəti qəsb edərək, atasının yerində oturur. Ölümündən bir az əvvəl Müaviyyə Yezidin hakimiyyətə gəlişini təmin etmək üçün ümmətin sözükeçən insanlarından öncədən beyət - tanıma almağa çalışırdı. Bir neçə nəfər bu mövzuda prinsipiallıq göstərdi ki, bunların arasında ümmətin İmamı, müsəlmanların rəhbəri Həzrət Hüseyn (ə) öncüllük təşkil edirdi. İmam Hüseynin (ə) beyət etmədyini nəzərə alan ağılsız və inadkar Yezid (lən), Mədinə valisinə İmamdan (ə) bu beyəti almağa nail olmaq tələbi ilə bağlı bir məktub göndərir. Rəcəb ayının 28-də həmin məktub Mədinənin valisinə çatır. Məktubda Yezid lənətlik validən tələb edir ki, İmam Hüseyn (ə) onun hakimiyyətini tanımayacağı təqdirdə, o Həzrəti (ə) qətlə yetirsin.
Tarixlərə diqqət yetirək. Hicrətin 60-cı ili. Həzrət Peyğəmbərin (s) dünyasını dəyişməsindən çox az bir müddət - cəmi 49 il keçir. Ümumən İslamın gəlişindən də tarix baxımından az bir müddət keçir - 70 ilə yaxın. Amma proseslərə bax ki, Peyğəmbər dininin daşıyıcısından, ümmətin İmamından (ə) tələb edilir ki, bu dinin əsaslarını sarsıdan, ümmətin idarəolunmasını qəsb edən bir zalıma beyət etsin, onun hakimiyyətini tanısın! Ümmətin süstlüyü, Peyğəmbər (s) prinsiplərindən çəkilməsi bu qədər böyük əyintilərə və sarsıntılara gətirib çıxardı…
Belələiklə, lənətlik Yezidin beyət tələbi ilə bağlı məktubunu alan vali, ertəsi gün - rəcəb ayının 29-da İmam Hüseynin (ə) yanına gələrək, bu tələbi Həzrətə (ə) çatdırır. İmam Hüseyn (ə) valiyə rədd cavabı verir və ölüm təhdidi qarşısında da geri çəkilməyəcəyini bəyan edir. Artıq bir vəziyyət yaranıb ki, Əba Əbdillah (ə) Mədinədə qala bilmir. O Mədinə ki, 60 il öncə Peyğəmbərin (s) buraya hicrəti ilə nurlanmışdı, o Mədinə ki, buradan İslamın bütün Ərəbistana yayılması baş vermişdir, 60 il sonra Peyğəmbər (ə) yadigarını müdafiə etmək iqtidarını itirib. Əba Əbdillahın (ə) mövcudiyyətini təmin edə bilmir Mədinə…
Yezid lənətliyin İslama olan böyük təhlükəsini nəzərə alan və müsəlmanları bu təhlükədən xəbərdar etmək missiyasını daşıyan İmam Hüseyn (ə), Mədinəni tərk etmək qərarına gəlir.
Dostları ilə paylaş: |