İbn Ziyadın zəlil edilməsi səhnəsi
Digər səhnəyə toxunaq. Yezidin (lən) Kufədə vali qoyduğu lənətlik İbn Ziyadın məmurları ona çatdırırlar ki, Kufədə ab-hava dəyişir. İbn Ziyad da deyir ki, yəqin saraya gəlib, burada bir təmtəraq görəndə sarsılarlar, məğlubiyyətlərini qəbul edərlər. İndi təsəvvür edək, nə qədər cəmiyyət yığılıb, təmtəraq düzənlənib, hamısı da əsirlərə tamaşa edir. Adət üzrə piyada, səhra-biyaban ilə dincəlmədən gələn, bütün yaxınları öldürülmüş insanlar belə vəziyyətdə necə olarlar? Amma Kərbəla əsirlərinin nəinki bu ab-havadan ruhiyyələri dəyişir, onlar burada bir vüqar, izzət səhnəsi yaradırlar və o qədər izzətlə, vüqarla daxil olurlar ki, İbn Ziyad lənətlik bu səhnədən qəzəblənir və istəyir onlara hörmətsizlik etsin, amma cəsarəti çatmır.
İmam Səccadın (ə) burada bir buyuruşu olur. Buyurur: “Ey Ziyadın oğlu! Bu gün qüdrət taxtında oturubsan, Peyğəmbərin (s) övladları isə qarşında durublar. Ey Ziyadın oğlu, belə güman etmə ki, bizim nəzərimizdə qiymətli bir dəyərin vardır”.
İmam (ə) bu cinayətkara çatdırır ki, harada otursan da, dəyərin yoxdur, Peyğəmbərin (s) Əhli-beytindən (ə) heç bir zaman üstün ola bilməzsən və belə bir işlərlə bizim nəzərimizdə qüdrətli görünmək istəyirsənsə, böyük səhvin var. Zəlillik bizdən tamamilə uzaqdır.
O qədər təsir edir ibn Ziyada bu bir neçə kəlmə söz ki, çox narahat olur və hətta əmr verir ki, İmamı (ə) qətlə yetirsinlər. Amma əsirlərin – neçə müddət məhrumiyyətlər içində piyada yol gedən və olmazın məşəqqətlərə məruz qalmaqlarına baxmayaraq, həqiqi izzət və əzəmətin təcəssümü olan bu müqəddəs insanların təsiri o qədər idi ki, Übeydullah ibn Ziyadın başında olanlar belə, bu təsirin altına düşürlər və cinayətkar valini bu qərardan daşındırırlar.
Amma burada bir səhnə də yaşanır ki, yüzillər sonra da bütün azadxah insanların qanını cuşa gətirir. İmam Səccad (ə) buyurur: “Məni öldürməklə qorxudursan?! Öldürülmək – bizim adətimiz, şəhid olmaq isə - kəramətimizdir”.
Bu bir neçə sözlə İmam (ə) bütün məsələlərin nöqtəsini qoyur. Atası Hüseyn (ə) də, babası Əli (ə) İlahi dəyərlər uğrunda canlarını veriblər. Və İmam Səccad (ə) da hər an buna hazırdır. Və o toplumlar ki, şəhid verməyə, amallar uğrunda həyatlarından belə keçməyə hazır olan oğullar yetişdirir - heç zaman zəlil olmaz. Düşmən nə qədər qüdrətli və güclü görünsə də.
Dostları ilə paylaş: |